Allaha izzət verənlər xeyir-dua alır
“Önündə səcdə qılacaqlar, ya Rəbb; və isminə izzət verəcəklər” (MƏZMUR 86:9).
1. Nəyə görə biz Allahı, cansız varlıqların edə bilmədikləri kimi izzətləndirməyə qadirik?
YEHOVA, bütün yaratdığı varlıqların Ona izzət verməsinə layiqdir. Allaha səssiz olaraq izzət verən cansız varlıqlardan fərqli olaraq, biz insanlar düşünmək, qavramaq, qiymətləndirmək və ibadət etmək qabiliyyətinə malikik. Bizə, yer üzünün sakinlərinə, məzmurçunun bu sözləri ünvanlanıb: “Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin, şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!” (Məzmur 66:1, 2, MKŞ).
2. Allahın isminə izzət gətirmək çağırışına kimlər hay verir və nəyə görə?
2 İnsanların əksəriyyəti Allahın mövcudluğunu e’tiraf etməkdən və ya Ona izzət verməkdən imtina edirlər. Buna baxmayaraq, dünyanın 235 ölkəsində altı milyondan artıq Yehovanın Şahidləri Allahın “gözlə görülməz xüsusiyyətləri”ni Onun yaratdıqları vasitəsilə gördüklərini və yaradılan varlıqların səssiz şahidliklərini eşitdiklərini göstərirlər (Romalılara 1:20; Məzmur 19:2, 3). Müqəddəs Kitabı öyrənərək, onlar Yehovanı tanımağa və sevməyə başlamışlar. Məzmur 86:9, 10 ayələrində qabaqcadan deyilmişdir: “Bütün yaratdığın millətlər gələcəklər və önündə səcdə qılacaqlar, ya Rəbb; və isminə izzət verəcəklər. Çünki böyüksən və valehedici işlər edən sənsən; yalnız Allah sənsən”.
3. “Böyük... izdiham” hansı mə’nada Allaha müqəddəs xidməti “gecə-gündüz” icra edir?
3 Buna bənzər təsviri Vəhy 7:9, 15 ayələrində, Allaha izzət verən “böyük... izdiham”ın “Onun mə’bədində gecə-gündüz” xidmət etməsi haqqındakı sözlərdə də tapırıq. Burada Allahın Öz xidmətçilərindən Onu fasiləsiz olaraq izzətləndirmələrini tələb etməsi nəzərdə tutulmur. Lakin onlar ümumdünya təşkilatında birləşiblər və bə’zi ölkələrdə gecə olanda, Yer kürəsinin digər tərəfində gündüzdür və Allahın xidmətçiləri şahidlik etməklə məşğuldurlar. Buna görə də demək olar ki, Yehovanı izzətləndirənlər üçün günəş heç vaxt batmır. Tezliklə bütün “canlı varlıqlar” Yehovaya həmd səsini ucaldacaqlar (Məzmur 150:6, MKŞ). Bəs bu arada Allaha izzət vermək üçün bizlərdən hər birimiz nə edə bilərik? Bizim qarşımızda hansı çətinliklər dura bilər? Və Allaha izzət verənləri hansı xeyir-dualar gözləyir? Cavab timsalında gəlin, Qad qəbiləsindən olan israillilər haqqında Müqəddəs Kitabın söylədiklərini nəzərdən keçirək.
Qədimdə baş verən çətinlik
4. Qad qəbiləsindən olan israilliləri hansı çətinliklər gözləyirdi?
4 Bütün xalq Və’d edilmiş diyara daxil olmazdan əvvəl, Qad qəbiləsindən olan israillilər İordan çayından şərq tərəfdə — sürülər üçün yararlı yerdə məskən salmağa icazə istədilər (Saylar 32:1-5). Bu yerdə yaşamaq ciddi çətinliklərlə bağlı idi. Qərb sahildəki qəbilələr İordan vadisinin müdafiəsi altında idi — həmin vadi hərbi basqınlar üçün təbii maneə kimi xidmət edirdi (Yeşu 3:13-17). Lakin İordandan şərqdə yerləşən torpaqlarla vəziyyət başqa cür idi. Corc Adam Smitin “Müqəddəs torpağın tarixi coğrafiyası” kitabında bu torpaqlar haqqında deyilir: “[Onlar] demək olar ki, heç bir sədd olmadan böyük Ərəbistan yaylasına qədər uzanmaqdadır. Bu səbəbdən həmin torpaqlar bütün əsrlər boyu ac köçərilərin basqınına mə’ruz qalırdı, bə’zi köçəri dəstələri isə, otlaqlardan ötrü hər il bu bölgələrə hücum edirdilər” (“The Historical Geography of the Holy Land”).
5. Yaqub Qadın nəsillərinə hücumlara cavab verməyi necə tapşırır?
5 Qad qəbiləsi bu cür daimi təzyiqin öhdəsindən necə gələcək? Bir neçə əsr əvvəl onların ulu atası Yaqub ölüm yatağında demişdir: “Gad [Qad] talançılar basqınına uğrayacaq, lakin onları topuğundan vuracaq” (Yaradılış 49:19, MKŞ). İlk baxışdan bu sözlər sıxıcı görünür. Əslində isə, bu sözlərlə Qadın nəsillərinə cavab zərbələri endirmək tapşırılır. Yaqub onları əmin etmişdir ki, əgər onlar bu cür davransalar, talançılar rüsvayçılıqla geri çəkiləcəklər, onlar isə düşməni tə’qib edəcəklər.
Bu gün ibadətimizdə qarşılaşdığımız çətinliklər
6, 7. Bugünkü məsihçilərin vəziyyəti Qad qəbiləsindən olan israillilərin vəziyyətinə nədə oxşardır?
6 Qad qəbiləsindən olan israillilər kimi, bu gün məsihçilər də Şeytanın sistemindəki həyatla bağlı çətinliklərdən fövqəltəbii şəkildə müdafiə olunmurlar və onlar gərgin surətdə mübarizə aparmalı olurlar (Eyub 1:10-12). Bizlərdən çoxumuzun qarşısında məktəbdə oxumaqla, dolanmaq üçün çörək pulu qazanmaqla və uşaqları tərbiyə etməklə bağlı problemlər durur. Şəxsi və ya mə’nəvi xarakterli çətinlikləri də xatırlamamaq olmaz. Kim isə bədənində fiziki çatışmazlıq və ya ciddi xəstəlik timsalında olan “neştərə” tab gətirir (2 Korinflilərə 12:7-10). Başqaları isə özlərini dəyərsiz hiss etdikləri üçün narahatçılıq keçirirlər. Qocalığın “pis günləri” yaşlı məsihçilərə Yehovaya əvvəllər olduğu kimi fəal xidmət etməyə mane ola bilər (Vaiz 12:1).
7 Bundan əlavə, həvari Pavelin xatırlatdığı kimi, “mübarizəmiz... səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:12). Biz daima Şeytanın və onun cinlərinin yaydığı “dünyanın ruhunun” — qiyam və əxlaqi pozğunluq ruhunun tə’sirinə mə’ruz qalırıq (1 Korinflilərə 2:12; Efeslilərə 2:2, 3). Allahdan qorxan Lut kimi, bizi də, ətrafımızdakı insanların əxlaqsız davranışları və nitqləri əldən sala bilər (2 Peter 2:7). Biz Şeytanın birbaşa hücumlarından da mühafizə olunmamışıq. Şeytan, “Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan” məsh edilmiş qalıqla müharibə edir (Vəhy 12:17). İsanın “başqa qoyunları” da, Şeytanın qadağalar və tə’qiblər timsalında hücumlarına mə’ruz qalırlar (Yəhya 10:16).
Təslim olmaq, yoxsa dəf etmək?
8. Şeytanın hücumlarına necə cavab verməliyik və nəyə görə?
8 Biz Şeytanın hücumlarına necə cavab verməliyik? Qad qəbiləsindən olan qədim israillilər kimi, biz ruhən qüvvətli olmalı və Allahın göstərişlərinə müvafiq davranaraq, hücumları dəf etməliyik. Əfsuslar olsun ki, bə’ziləri öz ruhani məs’uliyyətlərinə e’tinasız yanaşaraq, həyati gərginliklərin qarşısında geri çəkilirlər (Matta 13:20-22). Bir Şahid, onun yığıncağında görüşə gələnlərin sayının aşağı düşməsinin səbəbi haqqında danışarkən dedi: “Qardaşlar olduqca yorulublar. Onlar taqətdən düşüblər”. Həqiqətən də, bu gün insanların yorğunluq hiss etmələrinə çox səbəblər var. Bu səbəbdən Allaha edilən xidmətə ağır məs’uliyyət, növbəti yük kimi baxmaq asandır. Lakin bu düzgünmü nöqteyi-nəzərdir?
9. Məsihin boyunduruğunu üzərimizə götürməklə necə rahatlıq tapmaq olar?
9 İsanın öz dövrünün həyat qayğılarından eyni cür əziyyət çəkən adamlarına nə dediyini nəzərdən keçirək: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm”. İsa, Allaha xidməti ixtisara salmaqla rahatlıq tapmağın mümkün olduğunumu nəzərdə tuturdu? Əksinə, İsa demişdir: “Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız”. Boyunduruq insana və ya heyvana ağır yük daşımaq imkanı verən ağac və ya metal çərçivədir. Kim öz üzərinə bu cür yük götürmək istəyər? Məgər biz yüklənmiş deyilkmi? Bəli, elədir, lakin yunan mətni belə bir mə’na da verə bilər: “Boyunduruğumun altında mənimlə birgə durun”. Yalnız düşün: İsa bizə, yükümüzü daşımaq üçün kömək təklif edir! Bizə bunu yalnız öz qüvvəmizlə etmək lazım deyil (Matta 9:36; 11:28, 29; 2 Korinflilərə 4:7).
10. Allahı izzətləndirməkdə göstərdiyimiz sə’ylər hansı nəticəni verir?
10 Biz şagirdlik boyunduruğu daşımaqla, Şeytana qarşı mübarizə aparırıq. Müqəddəs Kitab Yaqub 4:7 ayəsində və’d edir: “İblisə... qarşı durun və o, sizdən qaçacaqdır”. Heç kim bunu etməyin asan olduğunu söyləmir. Allaha xidmət çox böyük sə’y tələb edir (Luka 13:24). Lakin Müqəddəs Kitabda, Məzmur 126:5 ayəsində belə bir və’d var: “Göz yaşları ilə əkənlər sevinclə biçəcəklər”. Bəli, biz yaxşılıq bilən Allaha xidmət edirik. Allah, “Onu axtaranlara mükafat verir” və Ona izzət verənlərə xeyir-dua verir (İbranilərə 11:6).
Padşahlığı təbliğ etməklə Allahı izzətləndiririk
11. Təbliğ xidməti Şeytanın hücumlarından necə müdafiə edir?
11 İsa əmr etmişdir: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin”. Təbliğ işi, Allaha “həmd qurbanını” təqdim etməyin əsas üsuludur (Matta 28:19; İbranilərə 13:15). Bundan əlavə, ayaqlarımıza geydiyimiz “sülh Müjdəsini təbliğ etmək hazırlığı”, Şeytanın hücumlarından müdafiəmizin — “Allahın bütün zirehlərinin” əvəzolunmaz hissəsidir (Efeslilərə 6:11-15). Allahı təbliğ xidmətində izzətləndirmək — imanımızı bəsləmək üçün gözəl üsuldur (2 Korinflilərə 4:13). Bu bizə, əqlimizi mənfi fikirlərdən təmizləməyə kömək edir (Filipililərə 4:8). Təbliğdə iştirak etmək həm də bizə həmimanlılarımızla inkişafetdirici söhbətlər etməyə imkan verir.
12, 13. Təbliğ xidmətində müntəzəm iştirak etmək ailələrə hansı faydanı gətirə bilər? Nümunə gətirin.
12 Təbliğ işi bütün ailə üçün səmərəli fəaliyyət ola bilər. Şübhəsiz ki, uşaqlara lazımi dərəcədə istirahət etmək və əylənmək lazımdır. Lakin ailəvi təbliğ xidməti üzücü iş olmamalıdır. Valideynlər uşaqlarına xoş xəbərin təbliğində daha da yaxşılaşmaqda kömək edərək həmin vaxtı daha xoş edə bilərlər. Məgər uşaqlar daha yaxşı bacardıqları işi məmnuniyyətlə yerinə yetirmirlərmi? Təmkinlilik göstərərək və uşaqlardan mümkün olmayan şeyi tələb etməyərək, valideynlər uşaqlarının xidmətdə sevinc tapmalarına kömək edə bilərlər (Təkvin 33:13, 14).
13 Bundan əlavə, ailənin üzvləri Allahı birlikdə izzətləndirəndə, onlar bir-biri ilə yaxınlaşırlar. Həqiqətdə olmayan əri tərəfindən atılan, beş uşağı ilə qalan bir bacımızın hadisəsini nəzərdən keçirək. O, iş tapmaq və uşaqları maddi cəhətdən tə’min etmək çətinliyi ilə üzləşdi. Problemləri ucbatından bacımız uşaqlarının ruhani tələbatlarına e’tinasız yanaşmağa başladımı? Bacı xatırlayır: “Mən Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri çalışqanlıqla oxuyur və oxuduqlarımı tətbiq etməyə çalışırdım. Müntəzəm olaraq uşaqları yığıncağa və evdən-evə xidmətə götürürdüm. Sə’ylərim necə mükafatlandırıldı? Uşaqlarımın beşi də vəftiz olundu”. Xidmətdə tam dərəcədə iştirak etmək sənə də uşaqlarını “Rəbbin tərbiyə və nəsihəti ilə” böyütməkdə kömək edə bilər (Efeslilərə 6:4).
14. a) Uşaqlar məktəbdə Allaha necə izzət verə bilərlər? b) Gənclərə ‘Müjdədən utanmamağa’ nə kömək edə bilər?
14 Uşaqlar, əgər yaşadığınız ölkədə qanunlar yol verirsə, siz məktəbdə şahidlik edərək Allaha izzət verirsinizmi, yoxsa insanlar qarşısında qorxu ucbatından çəkinirsiniz? (Süleymanın məsəlləri 29:25). Puerto–Rikodan 13 yaşlı bacımız yazır: “Mən məktəbdə təbliğ etməyə heç vaxt utanmıram, çünki bunun həqiqət olduğunu bilirəm. Dərslərdə həmişə əlimi qaldırır və Müqəddəs Kitabdan nə öyrəndiyimi söyləyirəm. Boş vaxtım olanda kitabxanaya gedir və “Gənclərin sualları” kitabını oxuyuram”a. Yehova onun sə’ylərinə xeyir-dua verdimi? Qız cavab verir: “Bə’zən sinif yoldaşlarım suallar verir və hətta onlara bu kitabdan gətirməyimi xahiş edirlər”. Əgər sənə məktəbdə təbliğ etməyə başlamaq çətindirsə, bəlkə çalışqanlıqla şəxsi öyrənmə vasitəsilə “Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu” özünə sübut etmək lazımdır (Romalılara 12:2). Əgər sən öyrəndiyinin həqiqət olduğuna əminsənsə, sən heç zaman ‘Müjdədən utanmayacaqsan’ (Romalılara 1:16).
Xidməti genişləndirmək imkanları
15, 16. Bə’zi məsihçilər xidməti genişləndirməyin hansı imkanlarından istifadə etmiş və bu hansı xeyir-duaları gətirmişdir?
15 Həvari Pavel yazırdı ki, onun qarşısında “böyük və fəaliyyət üçün geniş qapı açılmışdır” (1 Korinflilərə 16:9). Bəlkə sənin də şəraitlərin xidmətini genişləndirməyə imkan verir? Pionerlər və köməkçi pionerlər, misal üçün, hər ay təbliğ işinə 70 və ya 50 saat vaxt sərf edirlər. Təbiidir ki, həmimanlıları sədaqətli xidmətlərinə görə pionerləri qiymətləndirirlər. Pionerlər düşünmürlər ki, əgər xidmətə daha çox vaxt ayırırlarsa, deməli, onlar nədəsə başqalarından üstündürlər. Bunun əksinə, onlar İsanın təşviq etdiyi əhval-ruhiyyəni inkişaf etdirirlər: “Biz heç bir qiyməti olmayan qullarıq, çünki icra etməli olduğumuzu etdik” (Luka 17:10).
16 Pioner xidməti özünütərbiyə, mütəşəkkillik və qurban vermək hazırlığı tələb edir. Lakin xeyir-dualar hər bir narahatçılığı kölgədə qoyur. Gənc pioner bacı Tamika deyir: “Allahın həqiqət Kəlamını düzgün çatdırmağı bacarmaq əsl xeyir-duadır. Pioner kimi xidmət edəndə Müqəddəs Kitabdan tez-tez istifadə edirsən. İndi qapıdan-qapıya təbliğ edərkən, mən hər bir insana müvafiq Müqəddəs Kitab ayəsi seçə bilirəm” (2 Timoteyə 2:15). Mika adlı pioner bacı deyir: “Həqiqətin insanların həyatına necə tə’sir göstərdiyini görmək daha bir mö’cüzəli xeyir-duadır”. Metyu adlı bir gənc razılaşır ki, “kiminsə həqiqətə gəldiyini görmək” sevindiricidir. “Başqa heç bir şey bu sevinci əvəz edə bilməz”.
17. Pioner xidmətinə qarşı olan mənfi hisslərini bir məsihçi bacı necə dəf etdi?
17 Sən pioner olmaq barəsində düşünürsənmi? Ehtimal ki, sən pioner olmaq istəyərdin, lakin bunun baş tutmayacağını düşünürsən. Keniate adlı gənc bir bacı e’tiraf edir: “Mən pioner xidmətinə dair mənfi fikirdə idim. Düşünürdüm ki, bunun üçün yararlı deyiləm. Təqdimə hazırlamağı və ya Müqəddəs Yazıların əsasında mülahizə yürütməyi bacarmırdım”. Buna baxmayaraq, ağsaqqallar təcrübəli bir pioner bacını ona əməkdaş tə’yin etdilər. Keniate xatırlayır: “Onunla təbliğ etmək olduqca gözəl idi. Bu, məndə pioner kimi xidmət etmək arzusu oyatdı”. Bir az ruhlandırıldıqdan və tə’lim aldıqdan sonra, ehtimal ki, sənin də pioner kimi xidmət etmək arzun yaranacaq.
18. Missioner xidməti hansı xeyir-duaları gətirə bilər?
18 Pioner xidməti sayəsində sənin qarşında xidmətini genişləndirmək üçün daha çox imkanlar yarana bilər. Məsələn, bə’zi ər-arvadlar missioner xidməti üçün yararlı olub, müvafiq tə’lim aldıqdan sonra, başqa ölkəyə təbliğ etməyə yollana bilərlər. Missionerlər yeni ölkədəki həyata, ehtimal ki, yeni dilə, yeni mədəniyyətə və yeni qidaya alışmalıdırlar. Lakin hər bir narahatçılıq, alınan xeyir-dualarla müqayisədə heçdir. Meksikada xidmət edən, missioner xidmətində təcrübəsi olan Mildred adlı bacı deyir: “Missioner kimi xidmət etmək qərarıma görə heç zaman peşman olmamışam. Bu hələ ilk uşaqlıq çağlarından mənim arzum olub”. O, hansı xeyir-duaları alır? “Vətənimdə Müqəddəs Kitab öyrənmələri tapmaq çətin idi. Burada isə elə olur ki, Müqəddəs Kitabı öyrənməyə kömək etdiyim adamlardan dördü bir vaxtda təbliğçi olur!”
19, 20. Beyt-El xidməti, beynəlxalq proqramda iştirak etmək və Xidməti Təkmilləşdirmə Məktəbində tə’lim almaq bir çoxlarına necə xeyir-dualar gətirmişdir?
19 Yehovanın Şahidlərinin filiallarında, Beyt-El xidmətində olanlar da bol xeyir-dualar alırlar. Almaniyada xidmət edən gənc qardaş Sven Beyt-Eldəki xidməti barəsində danışır: “Uzunmüddətli dəyəri olan işlə məşğul olduğumu hiss edirəm. Mən öz bacarıqlarımı dünyada istifadə edə bilərdim. Lakin bu, iflasa uğramaqda olan banka pul qoymağa bərabər olardı”. Doğrudur ki, məvacibi olmayan könüllü kimi xidmət etmək fədakarlıqdır. Lakin Sven deyir: “İşdən evə qayıdanda bilirsən ki, bu gün məşğul olduğun hər bir iş Yehova üçün idi. Bu çox gözəl hisslər bəxş edir”.
20 Bə’ziləri beynəlxalq proqramda iştirak edərək xarici ölkələrdə filialların tikintisində işləməkdən xeyir-dua əldə edirlər. Səkkiz ölkədə xidmət edən bir ər-arvad yazmışdı: “Buradakı qardaşlar çox gözəldirlər. Onlardan ayrılmaq kədərli olacaq və bu kədəri biz artıq səkkizinci dəfədir ki, yaşayırıq. Lakin hər şey necə də gözəl idi!” Həmçinin Xidməti Təkmilləşdirmə Məktəbi də var. Bu məktəbdə, bacarıqlı subay qardaşlar tə’lim alırlar. Bir mə’zun yazmışdır: “Heç bilmirəm ki, bu cür gözəl Məktəbə görə sizə necə minnətdarlığımı bildirim. Tə’lim vermək üçün başqa hansı bir təşkilat bu qədər qüvvə sərf edir?!”
21. Bütün məsihçilərin qarşısında hansı tapşırıq durur?
21 Gördüyümüz kimi, xidmətimizi genişləndirmək imkanları çoxdur. E’tiraf etməliyik ki, bizlərdən hamımız Beyt-Eldə və ya xaricdə xidmət edə bilmərik. İsanın özü e’tiraf edirdi ki, məsihçilər şəraitlərindən asılı olaraq müxtəlif miqdarda “səmərə” gətirəcəklər (Matta 13:23). Lakin məsihçi kimi bizim vəzifəmiz öz şəraitlərimizdən çox faydalanmaq, yə’ni şəraitlərimizin yol verdiyi qədər Yehovaya xidmətdə tam iştirak etməkdir. Bu cür davranaraq biz Yehovaya izzət gətiririk və əmin ola bilərik ki, O bizdən razıdır. Məsələn, qocalar evində yaşayan yaşlı bacımız Eteli götürək. O, müntəzəm olaraq başqa sakinlərə şahidlik edir, həmçinin telefonla da təbliğ edir. İmkanlarının məhdud olmasına baxmayaraq, o, Yehovaya bütün ürəyi ilə xidmət edir (Matta 22:37).
22. a) Allaha izzət gətirməyin daha hansı üsulları var? b) Bizi hansı gözəl zəmanə gözləyir?
22 Yadda saxla ki, təbliğ, Yehovaya izzət gətirmək üsullarından yalnız biridir. İşdə, məktəbdə, həmçinin evdə nümunəvi davranışımız və xarici görünüşümüz Yehovanın ürəyini sevindirir (Süleymanın məsəlləri 27:11). Süleymanın məsəlləri 28:20 (MKŞ) ayəsində belə bir və’d yazılıb: “E’tibarlı insanın bərəkəti boldur”. Buna görə də çox xeyir-dualar biçəcəyimizi bilərək, Allaha xidmətimizdə ‘çox əkməliyik’ (2 Korinflilərə 9:6). Belə olan halda biz, “bütün canlı varlıqların” Yehovaya layiq olduğu izzəti verdikləri gözəl zəmanədə yaşaya biləcəyik! (Məzmur 150:6, MKŞ).
[Haşiyə]
a “Gənclərin sualları. Praktiki məsləhətlər” kitabı Yehovanın Şahidləri tərəfindən dərc olunur.
Xatırlayırsınızmı?
• Allahın xalqı hansı mə’nada “gecə-gündüz” Yehovaya xidmət edir?
• Qad qəbiləsindən olan israillilər hansı çətin vəziyyətə düşmüşdülər və bu, bu gün yaşayan məsihçiləri nəyə öyrədir?
• Təbliğ xidməti hansı mə’nada Şeytanın hücumlarından müdafiə edir?
• Bə’ziləri xidməti genişləndirməyin hansı imkanlarından istifadə etmişlər və bu onlara hansı xeyir-duaları gətirmişdir?
[25-ci səhifədəki şəkil]
Qad qəbiləsindən olan israillilər talançıların hücumunu dəf etdikləri kimi, məsihçilər də Şeytanın hücumlarını dəf etməlidirlər.
[26-cı səhifədəki şəkillər]
Pioner xidməti, aşağıdakılar da daxil olmaqla, xidmətin xüsusi növlərinə:
1) beynəlxalq proqramda iştirak etməyə,
2) Beyt-El xidmətinə,
3) missioner xidmətinə qapı aça bilər.
[27-ci səhifədəki şəkil]
Xidmət zamanı bir-birimizlə inkişafetdirici ünsiyyətə malikik.