Ər-arvadlar üçün müdrik nəsihətlər
«Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Ərlər, arvadlarınızı sevin» (EFESLİLƏRƏ 5:22, 25).
1. Nikaha dair düzgün nöqteyi-nəzər nədən ibarətdir?
İSA demişdir ki, nikah Allahın kişi ilə qadını «bir bədən» kimi birləşdirdiyi quruluşdur (Matta 19:5, 6). Ailə quranlar müxtəlif xarakterli iki şəxsdir. Onlar ümumi maraqlara yiyələnib, eyni məqsədlərə nail olmaq üçün birgə çalışırlar. Nikah, pozulması asan olan müvəqqəti saziş deyil, ömürlük ittifaqdır. Bir sıra ölkələrdə boşanmaq çətin olmasa da, məsihçilərin gözündə nikah telləri müqəddəsdir. Bu tellərin qırılması üçün ciddi səbəb olmalıdır (Matta 19:9).
2. a) Ərlə arvad hansı köməkdən yararlana bilərlər? b) Nikahın müvəffəqiyyətli olmasına can atmaq nəyə görə vacibdir?
2 Nikah məsələlərinə dair bir məsləhətçi deyir: «Müvəffəqiyyətli nikahda ərlə arvad yeni məsələləri həll edərkən, yaranan çətinliklərin öhdəsindən gələrkən və həyatın müxtəlif məqamlarında əlləri çatdıqları imkanlardan istifadə edərkən onların münasibətləri də daima inkişaf edir». Məsihçi ər-arvadın istifadə edə biləcəyi imkanlara Müqəddəs Kitabın müdrik nəsihətləri, həmimanlıların dəstək olmaları və duanın sayəsində Yehova ilə yaxın münasibətlər daxildir. Əgər nikah telləri möhkəmdirsə, onda ailə dağılmır və illərlə həm ərə, həm də arvada sevinc və xoşbəxtlik gətirməyə davam edir. Ən vacibi isə odur ki, belə nikah ailənin Banisi olan Yehova Allaha izzət gətirir (Yaradılış 2:18, 21-24; 1 Korinflilərə 10:31; Efeslilərə 3:14; 1 Saloniklilərə 5:17).
Məsihi və onun yığıncağını təqlid edin
3. a) Pavelin nikahda olan məsihçilərə verdiyi nəsihətin məğzi nədən ibarətdir? b) Məsih hansı gözəl nümunəni verdi?
3 İki min il bundan əvvəl həvari Pavel nikahda olan məsihçilərə müdrik nəsihət vermişdir: «Cəmiyyət Məsihə tabe olduğu kimi, arvadlar da hər şeydə öz ərlərinə tabe olsunlar. Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efeslilərə 5:24, 25). Bu necə də yaxşı müqayisədir! Öz ərlərinə təvazökarlıqla tabe olan məsihçi qadınlar başçılıq prinsipini qəbul edib, ona riayət etməklə yığıncağı təqlid edirlər. Həm xoş, həm də çətin anlarda arvadlarını sevməyə davam edən imanlı ərlər isə, yığıncağı sevən və onun qayğısına qalan Məsihi təqlid etdiklərini göstərirlər.
4. Ərlər İsanın nümunəsini necə təqlid edə bilərlər?
4 Ər ailənin başçısıdır, amma onun da başçısı var: bu İsadır (1 Korinflilərə 11:3). Məsih yığıncağın qayğısına qaldığı kimi, ərlər də böyük qurbanlar verməli olsalar belə, ailələrinin ruhani və fiziki tələbatlarının qayğısına qalırlar. Onlar üçün ailənin əmin-amanlığı şəxsi istək və üstün tutduqları şeylərdən də vacibdir. İsa dedi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Matta 7:12). Bu prinsip ailə həyatında xüsusi mə’na kəsb edir. Pavel vurğulayırdı: «Ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. ...Heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin... onu yedirir və bəsləyir» (Efeslilərə 5:28, 29). Kişi özünü yedirib bəslədiyi kimi, arvadını da eyni məhəbbətlə yedirib bəsləməlidir.
5. Ərli qadınlar məsihçi yığıncağını necə təqlid edə bilərlər?
5 Allah qorxusuna malik qadınlar üçün məsihçi yığıncağı nümunədir. İsa yer üzündə olarkən onun şagirdləri əvvəlki məşğuliyyətlərindən könüllü surətdə imtina edib, onun dalınca gedirdilər. Onlar İsanın ölümündən sonra da ona tabe olmaqda idilər və budur, artıq 2 000 ildir ki, məsihçi yığıncağı Məsihin tabeçiliyində qalır və hər şeydə onun rəhbərliyinə riayət edir. Bunun kimi məsihçi qadınlar da öz ərlərinə hörmət edir və nikahda Müqəddəs Kitaba əsaslanan başçılıq prinsipinin əhəmiyyətini azaltmırlar. Əksinə, onlar ərlərinə kömək edir, onlara dəstək olur və bununla da itaətkarlıq göstərirlər. Əgər ər də, arvad da bir-birlərinə olan məhəbbəti bu yolla təzahür etdirirlərsə, onların nikahı müvəffəqiyyətli olub hər ikisinə sevinc gətirəcəkdir.
«Onlara hörmət göstərin»
6. Peter ərlərə hansı nəsihəti verdi və bu nəyə görə vacibdir?
6 Həvari Peterin də məktubunda ər-arvadlar üçün nəsihətlər var. O, birbaşa ərlərə müraciət edərək deyirdi: «Ey ərlər, həmçinin siz də [«biliyə əsaslanaraq», YD] arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins və həyat ən’amının həmvarisləri olduqlarından onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin» (1 Peter 3:7). Ayənin son sözlərini nəzərə alsaq, bu nəsihət ciddi diqqətə layiqdir. Əgər ər arvadına hörmət göstərməsə, bu, Yehova ilə olan münasibətinə tə’sir edəcək və onun duaları eşidilməyəcək.
7. Ərlər arvadlarına necə hörmət göstərə bilərlər?
7 Belə isə, ərlər arvadlarına necə hörmət göstərə bilərlər? Arvada hörmət göstərmək onunla mülayim davranmaq və onun ləyaqətinə hörmət etmək deməkdir. Çoxları üçün arvadı ilə mehriban davranış, ola bilsin ki, bir yenilik idi. Bir Müqəddəs Kitab alimi yazırdı: «Roma qanunvericiliyinə görə qadın heç bir hüquqa malik deyildi. Qanun çərçivəsində qadının hüququ uşağın hüququndan heç də artıq deyildi. ...O, ərinin tam tabeçiliyi altında idi və əri onunla ürəyi istədiyi kimi davrana bilərdi». Bu, məsihçi yığıncağında verilən tə’limlərdən necə də fərqlənirdi! Məsihçi ər öz arvadına hörmət göstərirdi. O, arvadı ilə istədiyi kimi yox, məsihçi prinsiplərinə əsasən davranırdı. O, arvadının «zəif cins» olduğunu nəzərə alaraq, ona «biliyə əsasən» diqqət göstərirdi.
«Zəif cins» nə deməkdir?
8, 9. Qadınlar hansı sahələrdə kişilərlə eyni səviyyədədirlər?
8 Qadının «zəif cins» olduğunu deyərkən, Peter heç də qadının kişidən əqli və ya ruhani cəhətdən zəif olduğunu nəzərdə tutmurdu. Düzdür, yığıncaqda bə’zi vəzifələri ancaq kişilər icra edirlər və ailədə qadınlar ərlərinə tabe olurlar (1 Korinflilərə 14:35; 1 Timoteyə 2:12). Bununla belə, kişilər də, qadınlar da eyni dərəcədə iman və təhəmmül göstərməli, həmçinin yüksək əxlaq normalarına müvafiq həyat sürməlidirlər. Peterin dediyi kimi, həm ər, həm də arvad «həyat ən’amının həmvarisləri»dirlər. O ki qaldı xilasa, Yehova Allah qadınla kişi arasında heç bir fərq qoymur (Qalatiyalılara 3:28). Peter bu məktubu birinci əsrdə yaşamış məsh edilmiş məsihçilərə yazmışdır. Deməli, onun sözləri həm məsihçi ərlərə, həm də onların arvadlarına Məsihin həmvarisləri kimi eyni səmavi ümidə malik olduqlarını xatırladırdı (Romalılara 8:17). Elə bir gün gələcək ki, onlar Allahın səmavi Padşahlığında padşah və kahinlər kimi xidmət edəcəklər (Vəhy 5:10).
9 Yehovanın gözündə məsh edilmiş məsihçi qadınlar özlərinin məsh edilmiş ərlərindən qətiyyən aşağı səviyyədə deyillər. Prinsip e’tibarilə, eyni şeyi yer ümidinə malik olan insanlar haqqında da demək olar. ‘Böyük izdihamdan’ olan kişi və qadınlar «libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar». Həm kişilər, həm də qadınlar bütün yer üzündə «gecə–gündüz» Yehovaya həmd edirlər (Vəhy 7:9, 10, 14, 15). Kişilər də, qadınlar da «Allahın övladlarının izzətli azadlığına» qovuşacaqları və «həqiqi həyat»dan ləzzət alacaqları dövrü sevinclə gözləyirlər (Romalılara 8:21; 1 Timoteyə 6:19, İ–93). İsanın bütün davamçıları istər məsh edilmişlər, istərsə də «başqa qoyunlar» «tək Çoban»ın rəhbərliyi altında «tək sürü» kimi Yehovaya birlikdə xidmət edirlər (Yəhya 10:16). Həqiqətən də, məsihçi ailələrində ərlə arvadın bir-birlərinə hörmət göstərmələri üçün əsaslı səbəblər var.
10. Qadınlar hansı mə’nada ‘zəif cinsdirlər’?
10 Bəs onda qadınlar hansı mə’nada ‘zəif cinsdirlər’? Ola bilər ki, Peter qadınların kişilərdən daha zərif və fiziki cəhətdən zəif olduqlarını nəzərdə tuturdu. Bundan əlavə, qeyri-kamilliyin ucbatından uşaq doğmaq kimi gözəl qabiliyyət qadının səhhətinə əhəmiyyətli dərəcədə öz tə’sirini göstərir. Uşaq doğmaq yaşında olan qadınlar vaxtaşırı özlərini narahat hiss edə bilərlər. Bu ərəfədə, həmçinin hamiləlik və doğuş dövründə qadınlar xüsusi qayğı və anlayışa ehtiyac duyurlar. Ər arvadının mə’nəvi köməyə ehtiyac duyduğunu anlayaraq ona hörmət göstərirsə, belə ailə müvəffəqiyyətli olacaqdır.
Dini cəhətdən ayrılmış ailə
11. Əgər ərlə arvad müxtəlif dinə mənsubdurlarsa, nikah müvəffəqiyyətli ola bilərmi?
11 Artıq nikaha daxil olduqdan sonra birinin Müqəddəs Kitab həqiqətini qəbul edib, o birinin etmədiyi üçün ərlə arvad müxtəlif dini nöqteyi-nəzərə malik olarlarsa, onda necə? Bu cür ailə müvəffəqiyyətli ola bilərmi? Bir çox ər və arvadın təcrübəsi göstərir ki, bu mümkündür. Hətta ərlə arvad müxtəlif dinə mənsub olsalar da, nikahları davamlı və xoşbəxt ola bilər. Bundan başqa, onlar Yehovanın gözündə ər-arvad olaraq, «bir bədən» kimi qalırlar. Əgər imanlarına şərik olmayan həyat yoldaşları birlikdə yaşamağa razıdırlarsa, onda belə məsihçilərə ayrılmamaq tövsiyə olunur. Uşaqlar üçün də ata və analarının məsihçi imanı xeyir-dua olacaqdır (1 Korinflilərə 7:12-14).
12, 13. Peterin nəsihətinə riayət edərək, məsihçi qadınlar imanlarına şərik olmayan ərlərinə necə kömək edə bilərlər?
12 Dini cəhətdən ayrılmış ailələrdə yaşayan məsihçi qadınlara Peter məhəbbət dolu nəsihət vermişdir. Yeri gəlmişkən, onun nəsihəti eyni vəziyyətdə olan məsihçi ərlərə də aiddir. Peter yazırdı: «Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Peter 3:1, 2).
13 Arvad ərinə öz e’tiqadını nəzakətli surətdə izah etsə yaxşı olar. Bəs əgər ər onu dinləmək istəmirsə, onda necə? Unutmaq olmaz ki, bu, ərin öz seçimidir. Lakin ümidsizliyə qapılmaq lazım deyil, çünki məsihçi qadının davranışı ərinə sözlərdən də güclü tə’sir bağışlaya bilər. Əvvəllər arvadlarının imanı ilə maraqlanmayan və hətta müqavimət göstərən ərlərin bir çoxu arvadlarının yaxşı davranışını müşahidə edərək, «əbədi həyata meylli olanlar» sırasına daxil olmuşlar (Həvarilərin işləri 13:48, YD). Ər Müqəddəs Kitab həqiqətini qəbul etməsə də, arvadının davranışı ona gözəl təəsürat bağışlaya bilər, bu isə nikah tellərini möhkəmləndirir. Arvadı Yehovanın Şahidi olan bir ər e’tiraf etmişdir ki, heç vaxt Şahidlərin yüksək əxlaq normalarına müvafiq ola bilməz. Bununla belə o, bir qəzetin redaksiyasına yazdığı məktubunda özünü «gözəl qadının xoşbəxt əri» adlandırmış, arvadını və onun həmimanlılarını səmimi qəlbdən tə’rifləmişdir.
14. Ərlər imanlarına şərik olmayan arvadlarına necə kömək edə bilərlər?
14 Məsihçi ərlər də, Peterin nəsihətini tətbiq edərək, arvadlarını öz davranışları ilə ‘fəth ediblər’. Ərlərinin imanına şərik olamayan qadınlar onların daha məs’uliyyətli olduqlarını, həmçinin siqaretə, alkoqola və qumar oyunlarına pul sərf etmədiklərini və nalayiq sözlər istifadə etmədiklərini görüblər. Bu qadınlardan bə’ziləri məsihçi yığıncağının digər üzvləri ilə tanış olmuşlar. Onlara məsihçi qardaşlığının məhəbbəti xoş təəsürat bağışlamış və yığıncaqda müşahidə etdikləri onları Yehova ilə yaxınlaşdırmışdır (Yəhya 13:34, 35).
«Gizli olan daxili varlıq»
15, 16. Ərini fəth etmək üçün məsihçi qadın necə davranmalıdır?
15 Ərini fəth etmək üçün məsihçi qadın necə davranmalıdır? Əsl məsihçi qadına xas olan tərzdə. Peter deyirdi: «Qoy sizin bəzəyiniz, saç hörmə, qızıl taxma və təmtaraqla geyinmə kimi zahiri şeylərdən ibarət olmasın. Gizli olan daxili varlığınız, həlim və sakit ruhun faniləşməz gözəlliyi ilə sizin bəzəyiniz olsun. Bu, Allahın qarşısında çox qiymətlidir. Çünki qədim zamanlarda Allaha ümid bəsləyən müqəddəs qadınlar da öz ərlərinə tabe olaraq, özlərini bu cür bəzəyirdilər. Məsələn, Sara İbrahimi ağa adlandıraraq, ona itaət etdi. Siz də yaxşılıq edib, heç bir dəhşətə qapılmayaraq, Saranın övladları oldunuz» (1 Peter 3:3-6).
16 Peter məsihçi qadınlara diqqətlərini zahiri görünüşlərinə yönəltməməyi tövsiyə edirdi. Qoy ər Müqəddəs Kitab tə’limlərinin arvadının daxili varlığına necə tə’sir etdiyini və onun «yeni mənliyi»ni görsün. Belə olduqda, ər arvadının «köhnə mənliyi» ilə «yeni mənliyi» arasındakı fərqi görə bilər (Efeslilərə 4:22-24). Ər üçün arvadının «həlim və sakit ruhu» xoş və cazibədar görünəcəkdir. Bu ruh yalnız ərin deyil, «Allahın qarşısında [da] çox qiymətlidir» (Koloslulara 3:12).
17. Ərli məsihçi qadınlar üçün Sara hansı sahədə yaxşı nümunədir?
17 Bu sahədə Sara qadınlar üçün nümunə ola bilər. Ərləri onların imanlarına şərik olub-olmasa da, məsihçi qadınlar Saranın nümunəsini təqlid edə bilərlər. Sara İbrahimin başçılığını sözsüz-söhbətsiz qəbul edirdi. Hətta ürəyində onu «ağa» adlandırırdı (Yaradılış 18:12). Bu onun ləyaqətini heç cür alçaltmırdı. Sara ruhən möhkəm qadın idi və Yehovaya güclü imanı vardı. O, «böyük şahidlər buluduna» aiddir və onun imanının nümunəsi bizi «qarşımıza qoyulan yarışda mətanətlə» qaçmağa təşviq etməlidir (İbranilərə 11:11; 12:1). Beləliklə, məsihçi qadının Saradan nümunə götürməsində alçaldıcı bir şey yoxdur.
18. Ərlə arvadın fərqli dinlərə mənsub olduğu ailədə hansı prinsipləri yadda saxlamaq lazımdır?
18 Ailədə ərlə arvad fərqli dinlərə mənsub olsalar da, ailənin başçısı yenə də ərdir. Əgər o məsihçidirsə, həqiqətdə olmayan arvadının e’tiqadına hörmət bəsləyəcək, amma güzəştə getməyəcəkdir. Əgər arvad məsihçidirsə, o da eynilə imanına aid məsələlərdə güzəştə getməyəcəkdir (Həvarilərin işləri 5:29). Bununla bərabər, ərinin başçılığına itaət edəcək və ona hörmət edərək «izdivac qanunu» altında qalacaqdır (Romalılara 7:2).
Müqəddəs Kitabın müdrik nəsihətləri
19. Nəyə görə nikahın möhkəmliyini qorumaq asan deyil, amma bu sahədə nə kömək ola bilər?
19 Bugünkü dünyada nikah tellərini qoruyub saxlamaq asan deyil. Bə’zi kişilər ailədə olan məs’uliyyətlərini yerinə yetirmirlər. Bə’zi qadınlar isə ərlərinin başçılığını qəbul etməkdən boyun qaçırırlar. Bir çox insanlar ailələrdə kobud davranışa mə’ruz qalırlar. İqtisadi çətinliklər, insani qeyri-kamillik, həmçinin əxlaqsız və yanlış dəyərləri olan dünyanın ruhu məsihçinin sadiqliyini sınağa çəkə bilər. Buna baxmayaraq, hər bir şəraitdə Müqəddəs Kitab prinsiplərinə riayət edən məsihçi kişi və qadınlar Yehovanın xeyir-duasını alırlar. Heç kimin Müqəddəs Kitab prinsiplərinə riayət etməməsindənsə, ər və ya arvaddan birinin buna riayət etməsi daha yaxşıdır. Ən başlıcası isə odur ki, Yehova, hətta ən çətin anlarda belə həyat yoldaşına verdiyi və’də sadiq qalan xidmətçilərini sevir və onlara dəstək olur. Yehova onların sədaqətini unutmur (Məzmur 18:25; İbranilərə 6:10; 1 Peter 3:12).
20. Peter bütün məsihçilərə hansı nəsihəti vermişdir?
20 Həvari Peter nikahda olan məsihçilərə nəsihət verdikdən sonra, sözünə yekun vuraraq deyir: «Nəhayət, hamınız həmfikir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, mehriban, təvazökar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin, çünki bilirsiniz ki, xeyir-bərəkətə varis olamaq üçün də’vət olundunuz» (1 Peter 3:8, 9). Doğrudan da, bu hamımız, xüsusən də ər-arvadlar üçün necə də müdrik nəsihətdir!
Xatırlayırsınızmı?
• Məsihçi ərlər İsanı nədə təqlid edirlər?
• Ərli qadınlar məsihçi yığıncağını nədə təqlid edirlər?
• Ərlər arvadlarına necə hörmət göstərə bilərlər?
• Ərləri məsihçi olmayan qadınlar necə davranmalıdırlar?
[24-cü səhifədəki şəkil]
Məsihçi ər arvadını sevir və onun qayğısına qalır.
Məsihçi qadın ərinə dərin hörmət bəsləyir.
[25-ci səhifədəki şəkil]
Roma qanunlarından fərqli olaraq, məsihçi tə’limləri ərin arvadına hörmət göstərməsini tələb edirdi.
[26-cı səhifədəki şəkil]
Böyük izdihamdan olan kişi və qadınlar Cənnətdəki əbədi həyatı səbirsizliklə gözləyirlər.
[28-ci səhifədəki şəkil]
Sara İbrahimi ağası hesab edirdi.