Sən Allahın izzətini əks etdirəcəksənmi?
«Biz... Yehovanın izzətini güzgü kimi əks etdiririk» (2 KORİNFLİLƏRƏ 3:18, YD).
1. Musa nə gördü və bundan sonra nə baş verdi?
BU, İNSANA verilən görüntülərdən ən möhtəşəmi idi. Musa Sina dağında tək olarkən, onun qeyri-adi bir istəyi yerinə yetirildi. Ona heç bir insanın görə bilmədiyi mənzərənin şahidi olmaq nəsib oldu. O, Yehovanın izzətini gördü. Əlbəttə, Musa Yehovanın Özünü görmədi. Allahın görkəmi o qədər valehedicidir ki, heç bir insan Onu görüb sağ qala bilməz. Buna görə Yehova Musanın yanından keçənədək onu «əli» ilə örtdü. Görünür, O burada mələkdən istifadə etmişdir. Sonra Yehova Allah icazə verdi ki, Musa Onun ilahi izzətinin şö’ləsini görsün. Yehova, həmçinin, Musa ilə mələk vasitəsilə də danışırdı. Müqəddəs Kitabda bundan sonra nələrin baş verdiyi barədə yazılıb: «Musa... Sina dağından enəndə... Rəblə [Yehova ilə] danışdığına görə üzü nur saçır[dı]» (Çıxış 33:18–34:7, 29).
2. Həvari Pavel məsihçilərin əks etdirdikləri izzət haqqında nə yazırdı?
2 Təsəvvür et ki, sən də Musa ilə o dağın üstündəsən. Küll-İxtiyar Allahın gözqamaşdıran cəlalını görsəydin, səsini eşitsəydin məgər həyəcanlanmazdınmı? Səncə Qanun əhdinin vasitəçisi olan Musa ilə bərabər Sina dağından enmək böyük üstünlük deyilmi? Bəs məsihçilərin Allahın izzətini Musadan daha üstün şəkildə əks etdirdiklərini bilirsənmi? Bu gözəl fikir həvari Pavelin məktublarının birində qələmə alınıb. Orada Pavel, məsh edilmiş məsihçilərin «Yehovanın izzətini güzgü kimi» əks etdirdikləri barədə yazırdı (2 Korinflilərə 3:7, 8, 18, YD). Yer üzündə yaşamaq ümidinə malik olan məsihçilər də müəyyən mə’nada Allahın izzətini əks etdirirlər.
Məsihçilər Allahın izzətini necə əks etdirirlər?
3. Musadan fərqli olaraq, biz Yehova haqqında biliklərə necə yiyələnmişik?
3 Bəs Allahın izzətini biz necə əks etdirə bilərik? Musadan fərqli olaraq, biz Yehova Allahı nə görmüşük, nə də Onun səsini eşitmişik. Buna baxmayaraq, biz Yehova haqqında Musadan da çox biliyə malikik. Məsələn, İsa, Musa öləndən 1 500 il sonra yer üzünə Məsih kimi gəldi. Deməli, Qanunun İsanın üzərində yerinə yetəcəyi və onun bəşəriyyəti günahın və ölümün zülmkar əsarətindən xilas edəcəyi barəsində Musa heç bir şey bilə bilməzdi (Romalılara 5:20, 21; Qalatiyalılara 3:19). Bundan başqa, Musa Yehovanın niyyətinin böyüklüyü — Xilaskar Padşahlıq və onun yer üzünə gətirəcəyi Cənnət haqqında çox məhdud biliyə malik idi. Biz isə Yehovanın izzətini fiziki gözlərimizlə deyil, Müqəddəs Kitab tə’limlərinə əsaslanan imanımızın gözü ilə görürük. Biz Yehovanın səsini mələk vasitəsilə deyil, Müqəddəs Kitab, xüsusən də Müjdələr vasitəsilə eşidirik. Bu Müjdələr İsanın tə’limlərini və xidmətini çox gözəl şəkildə təsvir edir.
4. a) Məsh edilmiş məsihçilər Allahın izzətini necə əks etdirirlər? b) Yer ümidinə malik olanlar Allahın izzətini necə əks etdirə bilərlər?
4 Düzdür, Yehovanın izzətini əks etdirərkən məsihçilərin üzü nur saçmır, amma başqaları ilə Onun gözəl şəxsiyyəti və niyyətləri barəsində danışanda üzləri sanki parlayır. Yeşaya peyğəmbər bizim günlərimiz haqqında peyğəmbərlik edərkən demişdir ki, Allahın xalqı Yehovanın ‘əzəmətini millətlər arasında bəyan edəcək’ (Yeşaya 66:19). Həmçinin, 2 Korinflilərə 4:1, 2 ayələrində oxuyuruq: «Bu cür xidmətə malik olduğumuz üçün... gizli, eyibli üsulları rədd etdik. Hiyləgərlik ilə hərəkət etmirik, Allahın kəlamını təhrif etmirik, amma həqiqəti açıq e’lan edərək özümüzü Allah qarşısında hər insanın vicdanına təqdim edirik». Pavel burada «Əhdi-Cədidin», yə’ni yeni əhdin «xidmətkarları» olan məsh edilmişlərə istinad edirdi (2 Korinflilərə 3:6). Onların xidmətləri sayəsində saysız-hesabsız insanlar yer üzündə əbədi yaşamaq ümidini əldə etmişlər. Həm məsh edilmişlər, həm də yer ümidinə malik olanlar öz xidmətləri vasitəsilə Yehovanın izzətini yalnız tə’lim verməklə deyil, həmçinin həyat tərzləri ilə əks etdirirlər. Haqq-Taala Allahın izzətini əks etdirmək bizim üçün məs’uliyyət və dəyərli üstünlükdür!
5. Ruhani firavanlığımız nəyin sübutudur?
5 İsanın peyğəmbərlik etdiyi kimi, Allahın Padşahlığı haqqındakı xoş xəbər bu gün bütün dünyada təbliğ edilir (Matta 24:14). Hər millətdən, xalqdan, qəbilədən və dildən olan insanlar xoş xəbərə həvəslə hay verir və Allahın iradəsini yerinə yetirmək üçün həyatlarında dəyişikliklər edirlər (Romalılara 12:2; Vəhy 7:9). Erkən məsihçilər kimi, onlar da gördükləri və eşitdikləri şeylər haqqında danışmaya bilmirlər (Həvarilərin işləri 4:20). Bu gün Allahın izzətini altı milyondan artıq insan əks etdirir. Bu, Allahın xidmətçilərinin tarixdə olan ən böyük sayıdır. Sən də bu insanların sırasındasanmı? Allahın xalqının ruhani firavanlıq içərisində yaşaması məgər Yehovanın xeyir-duasının və müdafiəsinin sübutu deyilmi? Güclü qüvvələrin bizə qarşı yönəlməsini də nəzərə alsaq, Yehovanın ruhunun üzərimizdə olduğunu aydın görmək olar. Gəlin görək biz nə üçün bunu əminliklə deyə bilərik.
Allahın xalqı susdurulmayacaq
6. Yehovanın tərəfində durmaq üçün nəyə görə bizdən iman və cəsarət tələb olunur?
6 Təsəvvür et ki, səni məhkəməyə çağırırlar. Orada sən amansız bir cinayətkara qarşı şahidlik etməlisən. Bildiyinə görə, bu cinayətkarın arxasında nüfuzlu bir təşkilat durur və cinayətkar ifşa edilməsin deyə sənə mane olmaq üçün hər bir şeyə hazırdır. Bu cür cinayətkara qarşı çıxış etmək üçün səndən böyük cəsarət tələb olunur, həmçinin, sən əmin olmalısan ki, hökumət sənin arxanda duracaq. Demək olar ki, biz də bu cür vəziyyətdəyik. Yehova və Onun niyyətləri haqqında şahidlik etməklə biz Şeytan İblisə qarşı şəhadət edir, onun qatil və bütün dünyanı aldadan yalançı olduğunu ifşa edirik (Yəhya 8:44; Vəhy 12:9). Yehovanın tərəfində durmaq və Şeytana qarşı çıxmaq üçün bizdən iman və cəsarət tələb olunur.
7. Şeytan nə dərəcədə güclüdür və nə etməyə çalışır?
7 Yehova Haqq-Taala Allahdır və Şeytandan hədsiz dərəcədə güclüdür. Biz bir şeyə əmin ola bilərik: nə qədər ki, Yehovaya sədaqətlə xidmət edirik, O bizi qorumağa həm qadirdir, həm də bunu ürəkdən edəcək (2 Salnamələr 16:9). Bununla belə, Şeytan cinlərin və Allahdan təcrid edilmiş bəşəriyyətin hökmdarıdır (Matta 12:24, 26; Yəhya 14:30). Yer üzünə atılan və «böyük qəzəblə» dolan Şeytan Yehovanın xidmətçilərinə qarşı amansız surətdə çıxış edir və hakimiyyəti altında olan dünyadan istifadə edərək xoş xəbəri yayanların hamısını susdurmağa çalışır (Vəhy 12:7-9, 12, 17). O bunu necə edir? Ən azı üç yolla.
8, 9. Şeytan insanların nələri sevməsini istəyir və nəyə görə dost seçərkən ehtiyatlı olmalıyıq?
8 Birincisi, fikrimizi ruhani işlərdən yayındırmaq üçün Şeytan həyatın qayğılarından istifadə edir. Bu son günlərdə insanlar Allahı deyil, pulu, özlərini və zövqü sevirlər (2 Timoteyə 3:1-4). Onların əksəriyyətinin başı gündəlik həyat qayğılarına o qədər qarışıb ki, gətirdiyimiz xoş xəbərə qulaq asmaq belə istəmirlər. Müqəddəs Kitab həqiqətləri onları heç maraqlandırmır (Matta 24:37-39). Bu cür əhval-ruhiyyə bizə də tə’sir edərək, ruhani cəhətdən süst vəziyyətə sala bilər. Əgər maddi şeylərə malik olmaq və həyatdan ləzzət almaq istəyinin ürəyimizdə kök salmasına yol veririksə, onda Allaha olan məhəbbətimiz get-gedə soyuyacaq (Matta 24:12).
9 Bunları nəzərə alaraq, məsihçilər dost seçərkən ehtiyatla davranırlar. Süleyman padşah yazırdı: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). Gəlin biz də Allahın izzətini əks etdirən insanlarla ‘oturub-duraq’. Bu cür ünsiyyət necə də xoşdur! Yığıncaq görüşlərimizdə və yaxud da başqa vaxt ruhani bacı-qardaşlarımızla bir yerə yığışanda onların göstərdikləri məhəbbət, iman, sevinc və müdriklik bizi ruhlandırır. Bu cür sağlam ünsiyyət bizi xidmətimizə davam etməyə təşviq edəcək.
10. Allahın izzətini əks etdirənlərə qarşı Şeytan istehzadan necə istifadə edir?
10 Yehova Allahın izzətini əks etdirməyimizə mane olmaq üçün Şeytanın istifadə etdiyi ikinci üsul istehzadır. Şeytanın bu üsula əl atması bizi təəccübləndirmir. İsa Məsih də yer üzündə xidmət edərkən istehza ilə qarşılaşmışdı. Ona gülür, ələ salır, lağa qoyurdular və hətta bir dəfə üzünə tüpürmüşdülər! (Mark 5:40; Luka 16:14; 18:32). Erkən məsihçiləri də lağa qoyurdular (Həvarilərin işləri 2:13; 17:32). Yehovanın müasir xidmətçiləri də eyni cür münasibətlə qarşılaşırlar. Həvari Peterin sözlərinə görə, onları hətta yalançı peyğəmbərlər adlandıracaqdılar. O yazırdı: «Axır günlərdə öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər istehza edərək gələcək və deyəcəklər: “Bəs Onun və’d edilmiş zühuru hanı?.. hər şey ilk yaranan zaman olduğu kimi qalır”» (2 Peter 3:3, 4). Allahın xalqına istehza edib deyirlər ki, onları geridə qalmış adlandırırlar. Müqəddəs Kitabın əxlaq normaları da bu dünyanın nəzərincə artıq dəbdən düşüb. Təbliğ etdiyimiz xoş xəbər isə çoxları üçün boş sözlərdən başqa bir şey deyil (1 Korinflilərə 1:18, 19). Bir məsihçi kimi, biz də məktəbdə, işdə və yaxud da ailədə istehza ilə qarşılaşa bilərik. İsa kimi, Allahın Kəlamının həqiqət olduğunu bildiyimiz üçün, heç nəyə baxmayaraq, xidmətimizə davam ediriksə Allahın izzətini əks etdirmiş oluruq (Yəhya 17:17).
11. Məsihçiləri susdurmaq üçün Şeytan tə’qiblərdən necə istifadə edir?
11 İblisin bizi susdurmaq üçün istifadə etdiyi üçüncü üsul tə’qiblər və ya müqavimətlərdir. İsa öz davamçılarına deyirdi: «O zaman sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək» (Matta 24:9). Doğrudan da, Yehovanın Şahidləri olduğumuz üçün dünyanın bir çox ölkələrində bizi amansızcasına tə’qib edirlər. Yehova hələ qədim dövrlərdən Ona xidmət edənlərlə Şeytan İblisin tərəfdarları arasında ədavətin olacağı barədə peyğəmbərlik etmişdi (Yaradılış 3:15). Biz onu da bilirik ki, sınaqlarla üzləşəndə nöqsansızlığımızı qoruyuruqsa, Yehovanın hökmranlıq hüququna dair şahidlik etmiş oluruq. Bunu yadımızda saxlasaq, hətta ən ağır şəraitlərdə belə möhkəm qalacağıq. Əgər Yehovanın izzətini əks etdirməyi qəti surətdə qərara almışıqsa, onda heç bir tə’qib bizi susdura bilməyəcək.
12. Müqavimətlərlə üzləşəndə Allaha sadiq qalırıqsa, nə üçün sevinməliyik?
12 Bu dünyanın cazibəsinə müqavimət göstərirsənmi? İstehza və müqavimətlərlə üzləşəndə sadiqliyini qoruyub saxlayırsanmı? Əgər bu belədirsə, onda sevinməyə əsasın var. İsa onun ardınca gələnlərə belə deyirdi: «Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür; çünki sizdən qabaq peyğəmbərləri də belə tə’qib etmişlər» (Matta 5:11, 12). Sənin təhəmmül etməyin sübut edir ki, Yehovanın qüvvətli müqəddəs ruhu sənin üzərindədir və Onun izzətini əks etdirməyin üçün səni qüvvətləndirir (2 Korinflilərə 12:9).
Təhəmmülü Yehova verir
13. Məsihçi xidmətində təhəmmül etməyimizin başlıca səbəbi nədir?
13 Bizi xidmətdə sona qədər təhəmmül etməyimizin başlıca səbəbi Yehovanı sevməyimiz və Onun izzətini əks etdirmək istəyimizdir. İnsanlar adətən sevdikləri və hörmət etdikləri adamlara bənzəməyə çalışırlar. Lakin Yehova Allah qədər təqlid edilməyə layiq şəxsiyyət yoxdur. Allah böyük məhəbbətdən irəli gələrək Oğlunu həqiqətə şəhadətlik etmək və itaətkar bəşəriyyəti xilas etmək üçün yer üzünə göndərdi (Yəhya 3:16; 18:37). Allah kimi, biz də hər cür insanların tövbə edib xilas olmasını istəyirik və elə bu səbəbdən də onlara təbliğ edirik (2 Peter 3:9). Bu arzumuz, o cümlədən Allaha bənzəmək qətiyyətimiz bizi təşviq edir ki, xidmətimizdə Onun izzətini əks etdirməyə davam edək.
14. Xidmətimizdə təhəmmül etmək üçün Yehova bizi necə möhkəmləndirir?
14 Məsihçi xidmətində təhəmmül etmək üçün Yehova bizə güc verir. Öz ruhu, təşkilatı və Kəlamı olan Müqəddəs Kitab vasitəsilə bizi dəstəkləyir və möhkəmləndirir. Yehova Onun izzətini əks etdirmək istəyənlərə ‘təhəmmül verir’. O, bizim dualarımızı dinləyir və sınaqların öhdəsindən gəlmək üçün bizə müdriklik verir (Romalılara 15:5; Yaqub 1:5). Daha vacibi isə odur ki, Yehova tab gətirə bildiyimizdən artıq sınaqlara yol vermir. Əgər Yehovaya güvəniriksə, əmin ola bilərik ki, Onun izzətini əks etdirməyə davam etməyimiz üçün O, bizi mütləq qurtuluşla tə’min edəcək (1 Korinflilərə 10:13).
15. Təhəmmül etməkdə bizə nə kömək edir?
15 Xidmətdə təhəmmül etməyimiz Allahın ruhunun üzərimizdə olduğunu göstərir. Misal üçün, təsəvvür et ki, kimsə səndən evdən-evə pulsuz-parasız çörək paylamağı xahiş edib. Sən bu işlə şəxsi vaxtının və vəsaitinin hesabına məşğul olmalısan. Bir qədər vaxtdan sonra aydın olur ki, sənin çörəyini almaq istəyən çox azdır, bə’ziləri bu işdə sənə, hətta, mane də ola bilərlər. Bəs sən bu cür tapşırığı aydan-aya, ildən-ilə yerinə yetirərdinmi? Güman ki, yox. Ola bilər, sən də şəxsi vaxtının və vəsaitinin hesabına illərlə, bəlkə də onillərlə xoş xəbəri təbliğ edirsən. Nəyə görə? Məgər bunu etməyə səni Yehovaya olan məhəbbətin təşviq etmirmi? Məgər sənin sə’ylərinə Öz ruhu vasitəsilə xeyir-dua verən və xidmətdə təhəmmül etməyinə kömək edən Yehova deyilmi? Şübhəsiz ki, bu belədir!
Gördüyümüz işlər unudulmayacaq
16. Xidmətdə təhəmmül etmək bizim üçün və bizi dinləyənlər üçün nə deməkdir?
16 Yeni Əhdin xidmət üçün açdığı imkanlar misilsiz bir ən’amdır (2 Korinflilərə 4:7). Eynilə, bütün ölkələrdə Allahın müasir xidmətçilərinin yerinə yetirdiyi məsihçi xidməti də olduqca qiymətlidir. Sən də xidmətində təhəmmül etsən, Pavelin Timoteyə yazdığı kimi, «həm özünü, həm də sənə qulaq asanları xilas edərsən» (1 Timoteyə 4:16). Bu barədə bir daha fikirləş. Təbliğ etdiyin xoş xəbər sayəsində insanlar əbədi yaşamaq imkanına malik ola bilərlər. Ruhani cəhətdən kömək etdiyin insanlarla möhkəm dost da ola bilərsən. Təsəvvürünə gətir, Allah haqqında biliyə yiyələnməkdə kömək etdiyin insanlarla Cənnətdə əbədi yaşamaq nə qədər sevinc gətirəcək! Sözsüz, həmin adamlar onlara kömək etmək üçün göstərdiyin sə’yi heç vaxt unutmayacaqlar. Bu, doğrudan da əsl məmnunluq gətirəcək.
17. Nəyə görə yaşadığımız dövr bəşər tarixində misilsiz bir dövrdür?
17 Sən bəşər tarixinin misilsiz bir dövründə yaşayırsan. Xoş xəbər, Allahdan təcrid olunmuş bəşəriyyət arasında bir daha təbliğ olunmayacaq. Vaxt vardı Nuh da bu cür insanların arasında yaşayırdı və onların məhvinin canlı şahidi oldu. Özünün və ailəsinin xilas olması üçün gəmi tikməklə Allahın iradəsini sədaqətlə yerinə yetirdiyini bilmək, gərək ki, onu çox sevindirirdi (İbranilərə 11:7). Sən də bu cür sevinc hissini duya bilərsən. Əgər indi Padşahlıq işi üçün əlindən gələni edirsənsə, onda, artıq yeni dünyada olarkən arxaya dönüb bu son günlər ərzində etdiyin işlərə baxanda duyacağın sevinc barədə düşün.
18. Yehova xidmətçilərini nəyə əmin edir və necə ruhlandırır?
18 Gəlin Yehova Allahın izzətini əks etdirməyə tam qətiyyətli olaq. Biz bunu əbədi olaraq unutmayacağıq. Gördüyümüz işləri Yehova da unutmur. Müqəddəs Kitab bizi ruhlandırır: «Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun. Lakin arzu edirik ki, hər biriniz, ümidin verdiyi tam e’timada nail olmaq üçün sona qədər eyni sə’yi göstərsin ki, Siz tənbəl olmayasınız, amma və’d olunanları iman və səbirliliklə miras alanlardan nümunə götürəsiniz» (İbranilərə 6:10-12).
İzah edə bilərsinizmi?
• Məsihçilər Allahın izzətini necə əks etdirirlər?
• Allahın xalqını susdurmaq üçün Şeytan hansı üsullara əl atır?
• Allahın ruhunun üzərimizdə olduğunu nə sübut edir?
[9-cu səhifədəki şəkil]
Musanın üzü Allahın izzətini əks etdirirdi.
[10 və 11-ci səhifələrdəki şəkillər]
Biz Yehova Allahın izzətini xidmətimizdə əks etdiririk.