Əbədi yaşamaq mümkündür
DİNDARLARIN əksəriyyəti əbədi yaşamağa ümid bəsləyirlər. Müxtəlif dinlər bu tə’limi müxtəlif cür izah etsə də, ümumilikdə götürəndə, dindarların çoxu kamil şəraitdə ölmədən xoşbəxt yaşamağa ümid edirlər. Məgər siz də əbədi yaşamaq istəməzdiniznmi? Bu tə’limin bütün dünyada belə geniş yayılmasını nə ilə izah etmək olar? Doğrudanmı əbədi yaşamaq nə vaxtsa mümkün olacaq?
Müqəddəs Yazılar göstərir ki, Yaradanımız lap əvvəldə — hələ ilk insan cütünü yaradanda, əbədi yaşamaq istəyini insanın şüurunda həkk etmişdir. Müqəddəs Kitabda deyilir: ‘Allah əbədiyyəti insanların ürəyinə qoydu’ (Vaiz 3:11).
Xeyirlə şər normalarını müəyyən etməyə yalnız Allahın hüququ var. Əbədi yaşamaq üçün ilk kişi ilə qadın bu faktı qəbul etməli idilər. Əgər ilk insanlar bunu etsəydilər, Yehova onları Eden bağında ‘əbədi yaşamağa’ layiq görərdi (Yaradılış 2:8; 3:22).
Əbədi həyat itirildi
Müqəddəs Kitabda deyilir ki, Allah Eden bağında «xeyirlə şəri bilmə ağacını bitirdi». Allah Adəmlə Həvvaya bu ağacın meyvələrindən yeməyi qadağan etdi. Meyvədən yedikləri təqdirdə, onlar ölümlə cəzalanacaqdılar (Yaradılış 2:9, 17). Adəmlə Həvva meyvəni yeməsəydilər, Allahın xeyirlə şəri müəyyən etmək hüququnu qəbul etdiklərini göstərərdilər. Ağacın meyvələrindən yemələri isə, əksinə, göstərərdi ki, onlar Allahın bu hüququnu rədd edirlər. Adəmlə Həvva Allahın göstərişlərinə əməl etməyərək Şeytanın tərəfinə keçdilər. Şeytan Allahın hökmranlıq hüququna qarşı üsyan qaldırmış ruhani şəxsiyyətdir. Nəticədə Allah, ilk kişi ilə qadını düzgün olaraq əbədi yaşamağa layiq görmədi (Yaradılış 3:1-6).
Allah ilk insan cütünə həyatı və ölümü, yə’ni mövcudluğu və ya yoxluğu təklif etdi. Onların itaətsizliyinin nəticəsi ölüm oldu, başqa sözlə, onların mövcudluğuna son qoyuldu. Adəmlə Həvva və ya onların nəsilləri sehrli içki vasitəsilə ömürlərini uzada, yaxud da ölməz ruh şəklində yaşamağa davam edə bilməzdiləra.
Adəmin üsyanı ucbatından biz, onun övladları əziyyət çəkirik. Həvari Pavel bu üsyanın özü ilə gətirdiyi nəticələri izah edir: «Günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Romalılara 5:12).
Əbədi həyat qaytarıldı
Həvari Pavel Adəmin övladlarının vəziyyətini birinci əsrdəki qullarının vəziyyətinə bənzətmişdi. Adəmlə Həvvanın uşaqları valideynlərindən irsən aldıqları günaha görə istər-istəməz «günahın qulları» kimi doğularaq ölümə məhkum edilirdilər (Romalılara 5:12; 6:16, 17). Yehova Allah belə qulların azadlığını satın almaq üçün qanuni qüvvəyə malik bir tədbir görməsəydi, vəziyyət elə çıxılmaz olaraq qalacaqdı. Pavel izah edir: «Bir nəfərin [Adəmin] təqsiri üzündən bütün insanlar necə məhkumiyyətə uğradılarsa, eləcə də, tək bir Nəfərin salehliyi sayəsində bütün insanlara yaşamaq üçün bəraət verildi». İnsanların bəraət qazanması üçün İsa Məsih öz kamil insan həyatını «hamı üçün fidiyə verdi». Yehova Allah insanları ‘məhkumiyyətdən’ azad edən fidiyənin qanuni qüvvəsini qəbul etdi (Romalılara 5:16, 18, 19; 1 Timoteyə 2:5, 6).
Elə bu səbəbdən də alimlər insanın gen kodlarını öyrənməklə əbədi həyata heç vaxt yol aça bilməyəcəklər. Əbədi həyatın sirrini başqa yerdə axtarmaq lazımdır. Müqəddəs Kitabda deyilir ki, insan ölümünün səbəbi bioloji yox, əxlaqi və hüquqi amillərə əsaslanır. Əbədi həyatı bərpa etmək üçün İsanın ödədiyi fidiyə qurbanlığı qanuni qüvvəyə malikdir. Fidiyə qurbanlığı həm də Allahın salehliyi və sevgi dolu xeyirxahlığını gözəl təzahür etdirir. Elə isə fidiyə qurbanlığı kimə fayda gətirəcək və kim əbədi həyata layiq görüləcək?
Ölməzlik ən’amı
Yehova «əzəldən axıradək» var olan Allahdır. O ölməzdir (Məzmur 90:2). O, ölməzlik ən’amını ilk dəfə İsa Məsihə bəxş edib. Həvari Pavel izah edir: «Məsih ölülərdən dirilmiş olduğundan artıq ölməyəcək, ölüm artıq Onun üzərində hökm sürməyəcəkdir» (Romalılara 6:9). Pavel həm də yazırdı ki, dünya hakimləri arasında yalnız dirilmiş İsa Məsih ölməzdir. O ‘əbədidir’. Onun həyatı ‘məhvedilməzdir’ (İbranilərə 7:15-17, 23-25, YD; 1 Timoteyə 6:15, 16).
Ölməzlik ən’amını başqaları da alır. Göylərdə padşahlıq edəcək, ruhla məsh edilmiş məsihçilər də İsa kimi dirilirlər (Romalılara 6:5). Həvari Yəhya yazırdı ki, bu böyük şərəfə yalnız 144 000 adam layiq görüləcək (Vəhy 14:1). Onlar da ölməzlik alırlar. Pavel onların dirilməsi barəsində görün nə deyir: «Ət və qan Allahın Səltənətini [Padşahlığını] miras ala bilməz... şeypur çalınacaq və ölülər qeyri-fani şəkildə diriləcəklər, biz isə dəyişiləcəyik. Çünki bu fani varlığımız qeyri-faniliyi geyməli, bu ölümlü varlığımız ölməzliyi geyməlidir». Belə dirilənlərin üzərində ölüm gücsüzdür (1 Korinflilərə 15:50-53; Vəhy 20:6).
Bu fikirdə çox dərin mə’na var. Mələklər ruhani şəxsiyyət olmalarına baxmayaraq, ölməz deyillər. Bunu haradan bilirik? Müqəddəs Kitabda, Allaha qarşı baş verən üsyanda Şeytanın tərəfini tutan ruhani varlıqların məhv ediləcəyi deyilir (Matta 25:41). İsanın Padşahlıq şərikləri isə ölməzlik ən’amını alırlar. Bu göstərir ki, Yehova onların sadiqliyinə zərrə qədər də şübhə etmir.
Onda elə çıxır ki, yer üzündə yaşamış milyardlarla adamdan yalnız 144 000 nəfəri əbədi həyata layiq görüləcək? Xeyr. Niyə?
Yer üzündəki Cənnətdə əbədi həyat
Müqəddəs Yazıların bir hissəsi olan «Vəhy» kitabında gözəl bir səhnə təsvir edilir. Sayı-hesabı bilinməyən böyük xalqa yer üzündəki Cənnətdə yaşamaq nəsib olur. Onların arasında ölüb, amma sonradan dirilənlər də var. Bu adamların can sağlığı və cavanlığı yenidən özlərinə qayıdır (Vəhy 7:9; 20:12, 13; 21:3, 4). Onlar ‘Allahın taxtından çıxan büllur kimi parlaq bir həyat suyu axan çaya’ tərəf gedirlər. Çayın sahilində «həyat ağacı» var. «Onun yarpaqları xalqların şəfası üçündür». Yehova Allah xeyirxahlıqla də’vət edir: «Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün» (Vəhy 22:1, 2, 17).
«Ağac» və «çay» kimyagərlər və tədqiqatçıların əsrlər boyu tapmaq arzusunda olduqları dirilik suyunu və cavanlıq çeşməsini bildirmir. Onlar bəşəriyyəti yenidən kamil hala gətirmək üçün Allahın İsa Məsih vasitəsilə həyata keçirdiyi tədbirləri təmsil edir.
Allahın niyyəti dəyişməyib. O istəyir ki, itaətkar bəşəriyyət yer üzündə əbədi yaşasın. Allahın niyyəti mütləq yerinə yetəcək, çünki O, sözünə sadiq Allahdır. Məzmur 37:29 ayəsində deyilir: «Salehlər ölkəni [«yer üzünü», YD] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq». Bu və’ddən sonra göylərdə ölməzlik alanlarla birlikdə səs-səsə verib necə oxumayasan: «Ey Küll-İxtiyar Rəbb Allah! Sənin əməllərin böyük və xariqul’adədir. Ey millətlərin Hökmdarı [«Əbədilik Padşahı», YD]! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən» (Vəhy 15:3, 4).
Siz də qiymətli əbədi həyat ən’amını almaq istəyirsinizmi? Elə isə ‘Əbədilik Padşahına’ sadiq və itaətkar olmalı, Yehova Allah və əbədi həyata yol açan İsa Məsih haqqında bilik almalısınız. Allahın xeyir və şərlə bağlı normalarını qəbul etməyə hazır olanların hamısı «əbədi həyat» ən’amını alacaq (Yəhya 17:3).
[Haşiyə]
a Ölməz can və ya ruh tə’limini daha ətraflı araşdırmaq üçün, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 6-cı fəslinə baxın.
[5-ci səhifədəki çərçivə/şəkillər]
Əbədi həyat darıxdırıcı olacaq?
Bə’ziləri deyir ki, əbədi həyat çox darıxdırıcı olacaq. Hər gün eyni şeylər baş verəcək, insanların da işi-peşəsi boş-boşuna vaxt keçirməkdən ibarət olacaq. Ola bilsin, belə insanlar düşünürlər ki, həyat indiki kimi öz axarı ilə gedəcək, şərait dəyişməyəcək. Ona görə də onlar üçün əbədi həyat boş və mə’nasız görünür. Amma Allah və’d edir ki, bərpa edəcəyi Cənnətdə insanlar ‘əmin-amanlığın bolluğundan zövq tapacaqlar’ (Məzmur 37:11). Bu cür şəraitdə insanlar Yehovanın yaratdığı varlıqları öyrənəcək, bacarıq və qabiliyyətlərini mükəmməlləşdirəcək, bu gün arzulamağa belə cür’ət etmədikləri tədqiqatlar və başqa maraqlı şeylərlə məşğul olacaqlar.
Həyatın uzadılamasına həsr edilmiş tədqiqat üzərində işləyən Kembric universitetinin genetik-alimi Doktor Obri de Qrey öz müşahidələri ilə bölüşür: «Təhsilli və peşəkar adamlar heç vaxt həyatdan bezmirlər. Onlar daima yeni şeylər öyrənmək arzusundadırlar». Bununla belə, Allahın Kəlamında deyilir ki, «insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11).
[6-cı səhifədəki çərçivə/şəkil]
Ölməz istək
Mesopotamiyada eramızdan əvvəl təxminən ikinci minillikdə yaranmış Gilqameş haqqındakı dastanda əbədi cavanlıq axtarışlarından bəhs edilir. Qədim misirlilər ruhların bir gün yenidən öz bədənlərinə qayıdacağına inandıqları üçün ölüləri mumiyalayırdılar. Buna görə də onlar bə’zi sərdabələri müxtəlif əşyalarla doldururdular ki, ölülər onlardan «axirət dünyasında» istifadə edə bilsinlər.
Artıq eramızdan əvvəl səkkizinci əsrdə çinli kimyagərlər arasında bədənin ölməzliyi təsəvvürü geniş yayılmışdı. Eramızdan əvvəl dördüncü əsrdə isə onlar ölməzliyə nail olmaq üçün sehrli içkilərin kömək etdiyinə inanmağa başladılar. Orta əsr Avropa və ərəb kimyagərləri də dirilik suyunu tapmağa çalışır, bə’ziləri hətta özlərindən belə içkilər uydururdular. Onların hazırladıqları bə’zi dərmanların tərkibində arsen, civə və kükürd kimi kimyəvi maddələr vardı. Kim bilir, bu maddələrdən nə qədər adam zəhərlənmişdir!
Həmçinin bir vaxtlar gənclik çeşməsi haqqında əfsanələr gəzirdi. İnsanlar bu çeşmədən içib cavanlıq qüvvəsini bərpa edəcəklərinə inanırdılar.