‘Atanız mərhəmətlidir’
«Atanız necə mərhəmətli isə, siz də elə mərhəmətli olun» (LUKA 6:36).
1, 2. İsanın din alimlərinə, fəriseylərə və öz davamçılarına dediyi sözlər mərhəmətin dəyərli keyfiyyət olduğunu necə göstərir?
MUSA vasitəsi ilə İsrail xalqına verilən Qanun təxminən 600 tələb və qaydadan ibarət idi. Musanın Qanununa əməl etmək vacib olsa da, mərhəmət göstərməyin də böyük əhəmiyyəti vardı. İsanın başqalarına mərhəmətsiz yanaşan fəriseylərə dediyi sözlərə nəzər salaq. O, fəriseylərin diqqətini Allahın sözlərinə yönəldərək onları iki dəfə məzəmmət edib dedi: «Mən qurban yox, mərhəmət istəyirəm» (Matta 9:10-13; 12:1-7; Huşə 6:6). Yer üzündəki xidmətinin sonuna yaxın İsa demişdi: «Vay halınıza, din alimləri və fəriseylər, ikiüzlülər! Çünki nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız» (Matta 23:23).
2 Şübhəsiz ki, İsa mərhəməti yüksək qiymətləndirirdi. O, davamçılarına demişdi: «Atanız necə mərhəmətli isə, siz də elə mərhəmətli olun» (Luka 6:36). Bu sahədə ‘Allahı təqlid etmək’ üçün biz həqiqi mərhəmətin nə olduğunu bilməliyik (Efeslilərə 5:1). Mərhəmətli olmağın hansı faydanı gətirdiyini anlamağımız isə, bu keyfiyyəti həyatımızda daha dolğun şəkildə təzahür etdirməyə təşviq edəcək.
Ehtiyacı olanlara mərhəmət
3. Həqiqi mərhəmətin nə olduğunu nəyə görə Yehovadan öyrənməliyik?
3 Məzmurçu oxuyurdu: «Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər» (Məzmur 145:8, 9). Yehova «mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır» (2 Korinflilərə 1:3). Mərhəmətli şəxs digərlərinin dərdinə şərik olaraq onlarla şəfqətlə davranır. Mərhəmət Allahın səciyyəvi xüsusiyyətlərindən biridir. Onun nümunəsindən və bizə verdiyi öyüd-nəsihətdən həqiqi mərhəmətin nə olduğunu öyrənə bilərik.
4. Yeşaya 49:15 ayəsindən mərhəmət haqqında nə öyrənirik?
4 Yeşaya 49:15 ayəsində Yehovanın bu sözlərini oxuyuruq: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi?» Yehovanı mərhəmətli olmağa təşviq edən hisslər, adətən, ananın südəmər körpəsinə bəslədiyi zərif hissləri ilə müqayisə edilir. Ola bilsin, körpə acdır, yaxud onun başqa bir şeyə ehtiyacı var. Ana şəfqət hissindən irəli gələrək uşağının qayğısını çəkir. Yehova da mərhəmət göstərdiyi insanlara eyni zərif hissləri bəsləyir.
5. Yehova israillilərə qarşı mərhəmətinin bol olduğunu necə göstərdi?
5 Ehtiyacı olanın halına acımaq ilə onun xeyrinə hərəkət etmək fərqli şeylərdir. Gəlin görək təxminən 3 500 il bundan əvvəl xalqı Misir köləliyində olanda Yehova buna necə münasibət göstərmişdi. O, Musaya dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, ne’mətli bir diyara, süd və bal axan torpağa... aparım» (Çıxış 3:7, 8). İsraillilər Misirdən azad edildikdən təxminən 500 il sonra Yehova onlara xatırlatdı: «İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün səltənətlərin əlindən sizi Mən azad etdim» (1 Şamuel 10:18). Allahın ədalətli qanunlarını pozduqları üçün israillilər tez-tez dara düşürdülər. Lakin Yehova israillilərin halına acıyırdı və dəfələrlə onların dadına çatırdı (Hakimlər 2:11-16; 2 Salnamələr 36:15). Bu nümunə məhəbbətli Yehovanın ehtiyac duyan, təhlükə ilə üzləşən və dara düşənlərin qayğısına necə qaldığını göstərir. Yehova «mərhəməti bol olan» Allahdır (Efeslilərə 2:4).
6. İsa Məsih mərhəmət təzahür etdirməkdə Atasını necə təqlid etmişdi?
6 İsa yer üzündə olanda mərhəmət göstərməkdə Atasını mükəmməl surətdə təqlid etmişdi. İki kor adam İsaya: «Ya Rəbb, ey Davud Oğlu! Bizə mərhəmət eylə!» — deyə yalvaranda o, necə davrandı? Bu iki nəfər İsadan xahiş edirdi ki, mö’cüzəli şəkildə onların gözünə şəfa versin. İsa onların xahişini yerinə yetirdi, lakin bunu soyuqqanlı şəkildə etmədi. Müqəddəs Kitabda oxuyuruq: «İsa onlara acıyıb gözlərinə toxundu; o anda gözləri açıldı» (Matta 20:30-34). Şəfqət hissi İsanı korlara, cinlərə tutulmuş adamlara, cüzamlılara və uşaqları xəstə olan valideynlərə rahatlıq gətirən çoxsaylı mö’cüzələr göstərməyə təşviq etmişdi (Matta 9:27; 15:22; 17:15; Mark 5:18, 19; Luka 17:12, 13).
7. Yehova Allahın və İsa Məsihin nümunəsindən mərhəmət haqqında nə öyrənirik?
7 Yehova Allahın və İsa Məsihin nümunəsindən mərhəmətin iki cəhəti olduğunu görürük: birincisi, dara düşənlərə şəfqət göstərmək, onların dərdinə şərik olmaq və ya halına acımaq; ikincisi, dara düşənlərə yardım etmək. Mərhəmətli olmaq üçün bunun hər ikisinin olması gərəkdir. Müqəddəs Yazılarda mərhəmət sözü ehtiyacı olanlara xeyirxahlıqla kömək etmək mə’nasını daşıyır. Bəs hökm çıxarılması tələb olunan hallarda mərhəmət necə göstərilir? Belə hallarda mərhəmət göstərmək cəzanın verilməməsi və ya passivlik kimi qiymətləndirilə bilərmi?
Günah işlədənlərə mərhəmət
8, 9. Bat-Şeva ilə günah işlədən Davuda mərhəmət necə göstərildi?
8 Gəlin Natan peyğəmbərin qədim İsrailin padşahı Davudu Bat-Şeva ilə etdiyi əxlaqsızlığa görə ifşa etdikdən sonra baş verənlərə nəzər salaq. Tövbə etmiş Davud dua edirdi: «Məhəbbətin naminə, ey Allah, mənə lütf et, bol mərhəmətinə görə asiliklərimi sil. Mənim bütün təqsirlərimi yu, günahımdan təmizlə. Çünki asiliklərimi bilirəm, günahım daim gözümün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm» (Məzmur 51:1-4).
9 Davud dərin peşmançılıq keçirmişdi. Yehova Davudun günahını bağışladı, ona və Bat-Şevaya layiq olduqları cəzanı verməsə də, cəzasız qoymadı. Musanın Qanununa görə, həm Davud, həm də Bat-Şeva öldürülməli idi (Qanunun təkrarı 22:22). Yehova onlara yaşamağa icazə versə də, onlar etdikləri günahın acı nəticələrinin hamısından qaça bilmədilər (2 Şamuel 12:13). Allah mərhəmətindən irəli gələrək səhvi bağışlayır, lakin günahkarları cəzasız qoymur.
10. Yehova bizə qarşı hökm çıxaranda mərhəmətli olsa da, nəyə görə Onun mərhəmətindən sui-istifadə etməməliyik?
10 ‘Günah tək bir adam [Adəm] vasitəsilə dünyaya girdiyi’ və «günahın əvəzi ölüm» olduğu üçün bütün insanlar ölümə layiqdir (Romalılara 5:12; 6:23). Bizə qarşı hökm çıxaranda mərhəmət göstərdiyi üçün Yehovaya necə də minnətdar olmalıyıq! Lakin Allahın mərhəmətindən sui-istifadə etməməliyik. Qanunun təkrarı 32:4 ayəsində Yehovanın ‘bütün yollarının haqq’ olduğu deyilir. O kiməsə mərhəmət göstərməyi qərara alanda Özünün mükəmməl ədalət normalarını unutmur.
11. Yehova Davudun Bat-Şeva ilə etdiyi günahı araşdırarkən, ədalət prinsipinə lazımi hörməti necə göstərdi?
11 Davud və Bat-Şevanın hadisəsində ölüm cəzasını yüngülləşdirməzdən öncə, onların günahlarını bağışlamaq tələb olunurdu. İsrailin hakimlərinə belə səlahiyyət həvalə olunmamışdı. Əgər Davudla Bat-Şevanın işinə onlar baxmalı olsaydılar, ölüm hökmü çıxarmaqdan başqa bir şey edə bilməzdilər. Qanun belə tələb edirdi. Yehova Davudla əhd bağladığı üçün, onun günahını bağışlamağa əsas olub-olmadığını müəyyən etmək istədi (2 Şamuel 7:12-16). Beləliklə, ‘ürəyi sınayan’ «bütün dünyanın Hakimi» Yehova Allah bu məsələyə Özü baxmaq qərarına gəldi (Yaradılış 18:25; 1 Salnamələr 29:17). Yehova Davudun ürəyində olan hər şeyi görməyə, tövbəsinin nə dərəcədə səmimi olduğunu müəyyən etməyə və onu bağışlamağa qadir idi.
12. Günahlı insanlar Allahın onlara mərhəmət göstərməsini istəyirlərsə, nə etməlidirlər?
12 Miras aldığımız günahın pəncəsindən qurtulaq deyə, bizə göstərdiyi mərhəmət Yehovanın ədalətinə zidd deyil. Ədalət prinsiplərini pozmamaq şərtilə, günahlarımızın bağışlanması üçün Yehova Oğlu İsa Məsihin fidiyə qurbanlığını təqdim etdi. Bu isə Allahın mərhəmətinin ən böyük təzahürü idi (Matta 20:28; Romalılara 6:22, 23). Miras aldığımız günahın cəzasından yaxa qurtarmaq üçün bizə Yehovanın mərhəməti lazımdır. Buna, Onun ‘Oğluna iman etməklə’ nail ola bilərik (Yəhya 3:16, 36).
Mərhəmətli və ədalətli Allah
13, 14. Allahın mərhəməti Onun ədalətini yumşaldırmı? İzah edin.
13 Beləliklə, Yehovanın mərhəməti Onun ədalət prinsiplərinə zidd deyil. Bəs onda demək olarmı ki, mərhəmət necəsə ədalətə tə’sir edir? Mərhəmət Allahın ədalətini yumşaldırmı? Xeyr.
14 Yehova Huşə peyğəmbərin vasitəsilə israillilərə demişdi: «Səni əbədi olaraq Özümə nişanlayacağam, doğruluq, ədalət, məhəbbət və mərhəmətlə səni özümə nişanlayacağam» (Huşə 2:19). Bu sözlər aydın göstərir ki, Yehovanın mərhəmətinin təzahürü, ədalət də daxil olmaqla, digər keyfiyyətləri ilə həmahəngdir. Yehova ‘rəhmli və lütfkar, cəzanı, asiliyi və günahı bağışlayan, lakin cəzasız qoymayan’ Allahdır (Çıxış 34:6, 7). Yehova mərhəmətli və ədalətli Allahdır. Müqəddəs Kitabda Onun haqqında deyilir: «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır» (Qanunun təkrarı 32:4). Yehovanın ədaləti mərhəməti kimi mükəmməldir. Bu iki xüsusiyyət nə bir-birindən üstündür, nə də bir-birini yumşaldır. Əksinə, hər ikisi bir-biri ilə tamamilə həmahəngdir.
15, 16. a) Yehovanın ədalətinin sərt olmadığını nə göstərir? b) Yehova bu pis dünyaya çıxardığı hökmü icra edəndə Onun xidmətçiləri nəyə əmin ola bilərlər?
15 Yehovanın ədaləti sərt deyil. Ədalət, bir qayda olaraq, həmişə işin hüquqi tərəfi ilə bağlıdır və ədalət məhkəməsi tələb edir ki, cinayətkara onun layiq olduğu cəza verilsin. Amma Allah ədalətindən irəli gələrək layiq olanların xilasını da tə’min edir. Məsələn, Sodom və Homorra şəhərlərinin pis sakinləri məhv ediləndə qəbilə başçısı Lut və onun iki qızı xilas edildi (Yaradılış 19:12-26).
16 Biz əmin ola bilərik ki, Yehova bu pis dünyaya çıxardığı hökmü icra edəndə ‘libaslarını yuyub, onları Quzunun qanı ilə ağardan’ və Allahın həqiqi xidmətçilərini təşkil edən ‘böyük izdiham’ xilas olunacaq. Onlar ‘böyük məşəqqətdən çıxacaqlar’ (Vəhy 7:9-14).
Biz nə üçün mərhəmətli olmalıyıq?
17. Mərhəmətli olmağımızın vacib səbəbi nədir?
17 Yehovanın və İsa Məsihin nümunəsi bizə həqiqi mərhəmətin nə olduğunu öyrədir. Mərhəmətli olmağımızın vacibliyini göstərən digər səbəb Süleymanın məsəlləri 19:17 ayəsində yazılıb: «Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr». Bir-birimizlə mərhəmətlə davranaraq Yehovanı və Oğlunu təqlid edəndə, bu Onun xoşuna gəlir (1 Korinflilərə 11:1). Bizim bu cür davranmağımız digərlərini mərhəmətli olmağa təşviq edir, çünki mərhəmət mərhəmət doğurur (Luka 6:38).
18. Biz nə üçün mərhəmətli olmağa çalışmalıyıq?
18 Mərhəmət bir çox yaxşı xüsusiyyətləri, məsələn, lütfkarlığı, məhəbbəti, xeyirxahlığı və yaxşılığı özündə birləşdirir. Zərif şəfqət hissi mərhəmət göstərməyə təşviq edir. Yehovanın mərhəməti Onun ədalətini yumşaltmasa da, O qəzəblənməyə tələsmir və günahkarların tövbə etmələrinə kifayət qədər vaxt verir (2 Peter 3:9, 10). Deməli, mərhəmət özünə səbir keyfiyyətini daxil edir. Allahın ruhunun səmərəsi də daxil olmaqla, bir çox gözəl keyfiyyətləri özündə birləşdirən mərhəmət, bu keyfiyyətləri özümüzdə yetişdirməyə kömək edir (Qalatiyalılara 5:22, 23). Mərhəmətli olmağa sə’y göstərməyimiz necə də vacibdir!
«Mərhəmətli olanlar... bəxtiyardırlar»
19, 20. Mərhəmət hansı mə’nada hökmə qalib gəlir?
19 Biz nə üçün başqaları ilə həmişə mərhəmətlə davranmalıyıq? Bunun səbəbini şagird Yaqub açıqlayır: «Mərhəmət hökmə qalib gəlir» (Yaqub 2:13b). Yaqub Yehovanın xidmətçilərinin bir-birlərinə göstərdiyi mərhəmətdən danışırdı. Mərhəmət hansı mə’nada hökmə qalib gəlir? Hər bir insanın ‘özü üçün Allaha hesabat verməsinin’ vaxtı gələndə Yehova onun başqaları ilə mərhəmətli davranışını nəzərə alacaq və Oğlunun fidiyə qurbanlığının sayəsində onu bağışlayacaq (Romalılara 14:12). Davud Bat-Şeva ilə günah işlədəndə ona mərhəmət göstərilməsinin səbəblərindən biri, şübhə yoxdur ki, Davudun özünün mərhəmətli insan olması idi (1 Şamuel 24:4-7). Lakin «mərhəmət göstərməyənə hökm mərhəmətsizdir» (Yaqub 2:13a). Təəccüblü deyil ki, ‘mərhəmətsizlər’ Allahın ‘ölümə layiq’ saydığı insanlar sırasında durur! (Romalılara 1:31, 32).
20 Dağüstü təbliğində İsa demişdi: «Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir» (Matta 5:7). Bu sözlər necə də aydın göstərir ki, Yehovadan mərhəmət gözləyənlər özləri mərhəmətli olmalıdırlar! Növbəti məqalədə gündəlik həyatımızda mərhəməti necə təzahür etdirə biləcəyimiz müzakirə olunacaq.
Siz nə öyrəndiniz?
• Mərhəmət nədir?
• Mərhəmət necə təzahür etdirilir?
• Hansı mə’nada Yehova Allah həm mərhəmətli, həm də ədalətlidir?
• Biz nə üçün mərhəmətli olmalıyıq?
[7-ci səhifədəki şəkil]
Yehovanın ehtiyacı olanlara bəslədiyi zərif hisslər ananın öz körpəsinə bəslədiyi hisslərə oxşayır.
[8-ci səhifədəki şəkil]
Davuda mərhəmət göstərməklə Yehova Öz ədalətinə göz yumdumu?