Bütün dünyada səslənən xahiş
TƏSƏVVÜR edin ki, yüz milyonlarla, hətta milyardlarla insan eyni şeyi xahiş edir. Onlar kainatda ən ali hakimiyyətə malik olan şəxsdən xüsusi bir xahişi yerinə yetirməyi rica edirlər. Ancaq onların arasında nə haqda xahiş etdiyini bilənlər çox azdır. Belə şey mümkündürmü? Əslində, bu hər gün baş verir. Bu insanların hamısı nə haqda xahiş edir? Allahın Padşahlığının gəlməsi haqda!
Bir hesablamaya görə, İsa Məsihi rəhbər adlandıran və özlərinin məsihçi olduğunu iddia edən təqribən 37 000 din mövcuddur. Bu dinlərin 2 milyarddan artıq tərəfdarı var. Onların çoxu Matta 6:9-13 ayələrində yazılan duanı təkrarlayırlar. Siz bu duanı eşitmisinizmi? İsanın şagirdlərinə öyrətdiyi kimi, bu dua belə başlanır: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun».
Əsrlər boyunca Allaha inanan insanlar həmin sözləri kilsələrdə ehtiramla təkrar etmiş, yaxşı və pis günlərində ailəlikcə ya da şəxsən səmimi-qəlbdən, hərarətlə əzbərdən söyləmişlər. Bir çoxları onları əzbərləyib, mənasına varmadan müntəzəm olaraq təkrarlayırlar. Allahın Padşahlığının gələcəyinə ümid edən və bu haqda dua edən təkcə Xristian dünyasının üzvləri deyil.
Dini hüdudları aşan xahiş
Yəhudi dinində geniş yayılmış dua matəm duası olan kaddişdir. Onun ölümlə və kədərlə birbaşa əlaqəsi olmasa da, adətən ağır itki üz verən zaman söylənilir. Dua edən xahiş edir: «Qoy Allah Öz Padşahlığını sən sağ ikən [...], hətta daha tez qursun»a. Sinaqoqda oxunan başqa qədim duada Davudun evindən olan Məsihin Padşahlığına ümid haqqında danışılır.
Allahın Padşahlığının gəlməsini başqa dinlərin tərəfdarları da arzu edirlər. Bir qəzetdə Hinduizm, Xristian və İslam dinləri arasında ümumi bir şey tapmağa çalışan, Hindistanın XIX əsrdə yaşamış görkəmli din rəhbərinin sözləri gətirilir: «Nə qədər ki, şərqlə qərb birləşməyib, Allahın həqiqi Padşahlığının qurulması mümkün deyil» («The Times of India»). Avstraliyanın Stratfild şəhərindəki İslam kollecinin direktoru bu yaxınlarda bir qəzetə yazmışdır: «Bütün müsəlmanlar kimi mən də inanıram ki, İsa qayıdacaq və Allahın həqiqi Padşahlığını quracaq».
Şübhəsiz, Allahın Padşahlığının gələcəyinə ümid edib, onun üçün dua edən insanların sayı milyardlarladır. Ancaq bir maraqlı vəziyyətə nəzər salaq.
Yəqin bilirsiniz ki, bu jurnalı nəşr edən bizlər, Yehovanın Şahidləri, sizin ərazinizdə evdən-evə təbliğ edərək insanlarla Müqəddəs Kitab haqqında söhbət edirik. Biz bu işi hal-hazırda bütün dünyada, 236 ölkə və ərazidə, o cümlədən, 400-dən artıq dildə həyata keçiririk. Təbliğimizin əsas mövzusu Allahın Padşahlığıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bu jurnal tam olaraq «Gözətçi Qülləsi Yehovanın Padşahlığını elan edir» adlanır. Biz tez-tez insanlardan həmin Padşahlıq haqqında dua edib-etmədiklərini soruşuruq. Əksəriyyəti müsbət cavab verir. Amma onlardan həmin Padşahlığın nə olduğunu soruşanda, çoxları «bilmirəm» deyə cavab verir. Yaxud onların cavabları qeyri-müəyyən və anlaşılmaz olur.
Nə üçün bu qədər çox insan başa düşmədiyi şey haqqında dua edir? Bəlkə Allahın Padşahlığı mürəkkəb və çətin qavranılan anlayış olduğu üçün? Xeyr. Müqəddəs Kitab Padşahlığın nə olduğunu aydın və hərtərəfli izah edir. Bundan əlavə, Müqəddəs Kitabın Padşahlıq haqqında dedikləri bu təlatümlü zəmanədə sizə həqiqi ümid verə bilər. Növbəti məqalədə həmin ümidin nədən ibarət olduğunu Müqəddəs Kitab əsasında öyrənəcəyik. Sonra İsanın Padşahlığın gəlməsi barədə duasına nə vaxt cavab veriləcəyini öyrənəcəyik.
[Haşiyə]
a İsanın verdiyi nümunəvi duada olduğu kimi, kaddiş duasında da Allahın adının müqəddəs tutulması xahiş edilir. Bəziləri kaddişin tarixinin Məsihin günlərinə və ya daha əvvələ gedib çıxması barədə mübahisə etsələr də, bu iki dua arasındakı oxşarlıqlar bizi təəccübləndirməməlidir. İsanın duasında heç bir yenilik və ya qeyri-adilik yox idi. Oradakı hər bir xahiş o vaxt bütün yəhudilərin əllərində olan Müqəddəs Yazılara əsaslanmışdı. İsa onları hər zaman haqqında dua etməli olduqları şeylər barədə dua etməyə təşviq edirdi.