Gənclik illərimin ümidsizliyinə çarə
Evsebiyo Marsiyo danışdı
Mən 1993-cü ilin sentyabr ayında ciddi rejimli həbsxanaya getdim. Orada bir dustağı, kiçik bacım Marivini vəftiz etməli idim. Vəftiz zamanı bəzi dustaqlar və həbsxana işçiləri bizi hörmətlə müşahidə edirdilər. Orada olmağımızın səbəbini izah etməzdən əvvəl, icazə verin, əvvəlki həyatımız barədə danışım.
MƏN 1954-cü ilin may ayının 5-də İspaniyada dünyaya gəlmişəm. Ailəmizin səkkiz övladından ilki idim. Marivi isə evin üçüncü uşağı idi. Nənəmiz bizi mömin katolik kimi tərbiyə edirdi. Uşaqlığın xoş xatirələri hələ də yaddaşımdan silinməyib. Nənəmlə olan vaxtlarda özümü Allaha yaxın hiss edirdim. Ancaq valideynlərimin evindəki ab-hava dindarlıqdan çox uzaq idi. Atam həmişə anamı və bizi döyürdü. Həyatımız qorxu içində keçirdi, bir tərəfdən də anamın əziyyət çəkdiyini görmək mənim üçün çox ağır idi.
Məktəbə gedəndə məyusluğum daha da artdı. Müəllimlərdən biri, keşiş, suala səhv cavab verəndə başımızı divara vururdu. Başqa bir keşiş şagirdlərlə ev tapşırıqlarına baxarkən onları zorlamışdı. Bundan əlavə, odlu cəhənnəm kimi katolik təlimləri məni çaşdırır və qorxudurdu. Tezliklə mən Allahdan uzaqlaşmağa başladım.
Mənasız həyatın çəngində
Mənə Allahın yolunu göstərən olmadığından, vaxtımı gecə klublarında əxlaqsız və zorakı insanlarla keçirməyə başladım. Orada tez-tez dava olur, bıçaqlar, zəncirlər, stəkanlar və stullar işə düşürdü. Adətən bu davalara qarışmasam da, bir dəfə məni elə vurmuşdular ki, huşumu itirmişdim.
Axırda bu cür mühitdən bezib, sakit diskotekalar axtarmağa başladım. Hətta belə yerlərdə də narkotiklərdən istifadə etmək adi hal idi. Ancaq narkotiklərdən həzz və daxili rahatlıq tapmaq əvəzinə, məni qara basır və təşviş bürüyürdü.
Bu cür yaşamaq xoşuma gəlməsə də, kiçik qardaşım Hose Lüizi və yaxın dostum Migeli də eyni həyat tərzinə sürükləmişdim. Həmin vaxt bir çox ispan gəncləri kimi, biz də pozğun dünyanın tələsinə düşmüşdük. Narkotik almağa pul tapmaq üçün, demək olar ki, hər şeyə əl atırdım. Artıq bütün ləyaqətimi itirmişdim.
Yehova dadıma çatır
Bu müddət ərzində dostlarımla bir neçə dəfə Allahın mövcudluğu və həyatın mənası haqqında söhbət etmişdim. Mən ürəyimi boşaltmaq üçün Allahı axtarmağa başladım. Fikir vermişdim ki, iş yoldaşım Fransisko başqalarından fərqlənir. O, xoşbəxt, xeyirxah və düz adama oxşayırdı, buna görə ürəyimi ona açmaq qərarına gəldim. Yehovanın Şahidi olan Fransisko mənə narkotiklərə aid məqalələri olan «Gözətçi Qülləsi» jurnalı verdi.
Məqalələri oxuduqdan sonra, Allaha dua edib kömək istədim: «Allahım, bilirəm ki, sən varsan. Səni tanıyıb iradəni yerinə yetirmək istəyirəm. Xahiş edirəm, mənə kömək et!» Fransisko, eləcə də başqa Şahidlər Müqəddəs Kitabın vasitəsilə məni ruhlandırır və Müqəddəs Kitaba əsaslanan ədəbiyyat verirdilər. Anladım ki, Allah duama cavab olaraq onların vasitəsilə mənə kömək edir. Tezliklə öyrəndiklərimi dostlarıma və Hose Lüizə danışmağa başladım.
Bir gün dostlarımla rok konsertindən çıxanda, aralanıb kənardan onlara tamaşa etdim. Sanki birdən gözlərim açıldı, narkotiklərin təsiri altında hərəkətlərimizin nə dərəcədə iyrənc olduğunu gördüm. Həmin an belə həyat tərzindən əl çəkib Yehovanın Şahidi olmaq qərarına gəldim.
Fransiskodan Müqəddəs Kitab istədim, o da mənə Müqəddəs Kitabla birlikdə «Əbədi həyata aparan həqiqət» kitabını verdia. Allahın insanların gözlərindən bütün yaşları siləcəyini, hətta ölümü aradan qaldıracağını oxuyanda, insanları azadlığa çıxaran həqiqəti tapdığıma şübhəm qalmadı (Yəhya 8:32; Vəhy 21:4). Sonralar Yehovanın Şahidlərinin Padşahlıq Zalında keçirilən görüşə getdim. Orada gördüyüm mehribanlıq və səmimiyyət mənə çox güclü təsir bağışladı.
Padşahlıq Zalında gördüklərimi başqaları ilə bölüşməyi elə çox istəyirdim ki, dərhal Hose Lüizi və dostlarımı bir yerə toplayıb hər şeyi onlara danışdım. Bir neçə gündən sonra hamımız yığıncaq görüşünə getdik. Qarşıdakı sırada oturan bir qız çevrilib bizə ötəri baxdı. Bir qrup uzunsaçlı hippini görəndə əməlli-başlı qorxdu və çalışdı ki, bir də geri dönüb baxmasın. Yəqin o biri həftə bizi Padşahlıq Zalında görəndə o çox təəccüblənmişdi, çünki bu dəfə biz kostyumda və qalstukda gəlmişdik.
Çox keçməmiş Migel və mən Yehovanın Şahidlərinin rayon konqresinə getdik. Biz əvvəllər heç vaxt belə bir şey görməmişdik — bütün yaşlardan olan insanlar arasında həqiqi qardaşlıq mövcud idi. Qəribəsi də o idi ki, konqres bizim axırıncı dəfə rok konsertinə getdiyimiz teatrda keçirilirdi. Ancaq bu dəfə ab-hava və səslənən musiqi bizi ruhlandırdı.
Yoldaşlarımın hamısı Müqəddəs Kitabı öyrənməyə başladı. Təxminən səkkiz ay sonra, 1974-cü ilin iyul ayının 26-da Migel və mən vəftiz olduq. İkimizin də iyirmi yaşı vardı. Yoldaşlarımızdan dördü bir neçə ay sonra vəftiz oldu. Müqəddəs Kitabdan aldığım təlim məni təşviq etdi ki, çox səbirli anama ev işlərində kömək edim və yeni imanım haqqında ona danışım. Bizim münasibətlərimiz möhkəmləndi. Mən həmçinin kiçik bacı-qardaşlarıma daha çox kömək etməyə başladım.
Sonralar, qardaşımın birindən başqa, bütün bacı-qardaşlarım və anam Müqəddəs Kitab həqiqətlərini öyrəndilər və Yehovanın Şahidi kimi vəftiz olundular. 1977-ci ildə mən Soledadla evləndim. Soledad bizi birinci dəfə Padşahlıq Zalında görüb heyrətə gələn həmin gənc qız idi. Bir neçə ayın içində hər ikimiz pioner xidmətinə başladıq (Yehovanın Şahidləri xoş xəbərin tammüddətli təbliğçilərini belə adlandırırlar).
Sevimli bacımın xilas olması
Kiçik bacım Marivini uşaqlıqda zorlamışdılar və bu dəhşətli hadisə onun həyatına çox pis təsir göstərmişdi. Yeniyetmə yaşlarında o, pozğun həyat tərzi sürürdü: narkotik qəbul edir, oğurluqla və fahişəliklə məşğul olurdu. 23 yaşı olanda həbsxanaya düşdü və həmin həyat tərzini sürməyə davam etdi.
O vaxt mən Yehovanın Şahidlərinin rayon nəzarətçisi kimi xidmət edirdim. 1989-cu ildə Soledadla mən Marivinin yatdığı həbsxananın yerləşdiyi əraziyə təyin olunduq. Həmin ərəfədə hakimiyyət orqanları onun oğlunu əlindən almışdı, buna görə də o, elə məyus olmuşdu ki, artıq yaşamaq istəmirdi. Günlərin birində ona baş çəkdim və birlikdə Müqəddəs Kitabı öyrənməyi təklif etdim, o da təklifimi qəbul etdi. Bir ay öyrəndikdən sonra, Marivi narkotikdən və siqaretdən əl çəkdi. Həyatında bu cür dəyişikliklər etməsi üçün Yehovanın ona güc verdiyini görmək, məni sevindirirdi (İbranilərə 4:12).
Öyrənməyə başlayandan az sonra Marivi artıq Müqəddəs Kitab həqiqətlərini dustaqlarla və həbsxana işçiləri ilə bölüşürdü. Onu bir həbsxanadan başqasına köçürsələr də, təbliğini dayandırmırdı. Həbsxanaların birində o, hətta kameradan kameraya təbliğ edirdi. İllər ərzində Marivi müxtəlif həbsxanalarda bir çox dustaqlarla Müqəddəs Kitabı öyrənməyə başlamışdı.
Bir gün Marivi həyatını Yehovaya həsr etmək və vəftiz olunmaq istədiyini bildirdi. Ancaq nə onun həbsxananı tərk etməsinə, nə də kiminsə həbsxanaya daxil olub onu vəftiz etməsinə icazə verilirdi. O, həmin həbsxananın pozğun mühitinə daha dörd il tab gətirməli oldu. İmanını qorumağa ona nə kömək etdi? Həmin ərazidə yığıncaq görüşləri keçirildiyi vaxt, o, həbsxana kamerasında oturub eyni proqramı araşdırırdı. Marivi həm də müntəzəm şəxsi öyrənmə keçirir və dua edirdi.
Sonralar Marivini ciddi rejimli həbsxanaya keçirdilər. Orada hovuz olduğundan, o, fikirləşdi ki, vəftiz olmağa imkanı yaranıb. Belə də oldu, nəhayət Marivinin vəftiz olunmasına icazə verildi. Bunun sayəsində mən ora vəftiz üçün məruzə ilə çıxış etməyə gəldim. Həyatının ən vacib anında bacımın yanında oldum.
Keçirdiyi həyat tərzinin nəticəsində Marivi QİÇS-ə tutulmuşdu. Ancaq yaxşı davranışı sayəsində, o, həbsxanadan vaxtından əvvəl, 1994-cü ilin mart ayında azad edildi. O, anamın yanına köçdü və ölənə qədər, iki il ərzində fəal məsihçi kimi xidmət etdi.
Mənfi hisslərin öhdəsindən gəlirəm
Mən də keçmiş həyatımın nəticələrindən tamamilə azad ola bilməmişəm. Atamın pis rəftarı, eləcə də yeniyetmə ikən sürdüyüm həyat tərzi şəxsiyyətimdə öz izini buraxmışdır. Yetkin yaşlarıma qədəm qoyandan məni tez-tez pis hisslər çulğayır, özümü günahkar və dəyərsiz hiss edirəm. Hərdən tamamilə ümidsizliyə qapılıram. Bununla belə, narahatçılıq doğuran bu hisslərlə mübarizə aparmaqda Allahın Kəlamının mənə misilsiz köməyi dəyib. Uzun illər ərzində hər dəfə bu hisslər baş qaldıranda Yeşaya 1:18 və Məzmur 103:8-13 kimi ayələrin üzərində dərindən düşünmək mənə onların məngənəsindən qurtarmağa kömək edib.
Özümü yararsız hiss edən vaxtlarda duanın da mənə çox böyük köməyi olur. Çox vaxt göz yaşları içində Yehovaya dua etmişəm. Bununla belə, 1 Yəhya 3:19, 20 ayələrindəki sözlər məni möhkəmləndirir: «Biz həqiqətə aid olduğumuzu bundan bilirik və ürəyimiz nə xüsusda bizi məhkum edirsə, ürəyimizi Allahın qarşısında sakitləşdiririk. Çünki Allah ürəyimizdən üstündür və hər şeyi bilir».
Allaha «sınan və peşman olan» ürəklə müraciət etdiyim üçün başa düşürəm ki, bir zamanlar fikirləşdiyim kimi bir o qədər də pis adam deyiləm. Müqəddəs Kitab Yehovanı axtaranların hamısını əmin edir ki, Allah keçmiş hərəkətlərinə görə peşman olan və Onun iradəsini yerinə yetirmək üçün pis əməllərindən dönən adama xor baxmır (Məzmur 51:17).
Özünə inamsızlıq hissinə qapılanda ağlımı Filipililərə 4:8 ayəsindəki kimi ruhani fikirlərlə doldururam. 23-cü məzmuru və Dağüstü təbliği əzbərləmişəm. Ağlıma mənfi fikirlər gələndə bu Müqəddəs Kitab parçalarını öz-özümə təkrarlayıram. Əqlimi bu cür mənfi fikirlərdən təmizləmək xüsusilə yuxusuz gecələrdə faydalı olur.
Həyat yoldaşımın və digər yetkin məsihçilərin tərif sözləri də mənə kömək edir. Əvvəllər onların ruhlandırıcı sözlərini qəbul etmək mənə çətin olsa da, Müqəddəs Kitab mənə məhəbbətin ‘hər şeyə inandığını’ başa düşməyə kömək edib (1 Korinflilərə 13:7). Həm də mən getdikcə zəif cəhətlərimi təvazökarlıqla qəbul etməyi öyrəndim.
Mənfi hisslərlə mübarizə aparmağımın faydası o oldu ki, başqalarının halına acıyan səyyar nəzarətçi oldum. Arvadımla mən, hər birimiz 30 ilə yaxın xoş xəbərin tammüddətli təbliğçisi kimi xidmət etmişik. Başqalarına xidmət etməkdən duyduğum sevinc mənfi hissləri və xoşagəlməz xatirələri özümdən uzaqlaşdırmağa kömək edir.
İndi geriyə boylanıb Yehovanın verdiyi xeyir-dualar üzərində düşünəndə, mən də məzmurçu kimi deməyə təşviq olunuram: «Rəbbə alqış et [...] Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan» (Məzmur 103:1-4).
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən nəşr olunub, artıq nəşr edilmir.
[27-ci səhifədəki şəkillər]
Qardaşım Hose Lüiz və dostum Migel mənim həm pis, həm də yaxşı nümunəmi izləyirdilər
[28-ci səhifədəki şəkil]
Marsiyolar ailəsi, 1973-cü il
[29-cu səhifədəki şəkil]
Marivi həbsxanada
[30-cu səhifədəki şəkil/çərçivə]
Həyat yoldaşım Soledadla
Məni tez-tez pis hisslər çulğayır, özümü günahkar və dəyərsiz hiss edirəm. Bununla belə, narahatçılıq doğuran bu hisslərlə mübarizə aparmaqda Allahın Kəlamının mənə misilsiz köməyi dəyib