‘Düzgün münasibəti olanlar’ hay verirlər
«Əbədi həyata təyin olunanların [«düzgün münasibəti olanların», YD] hamısı iman etdilər». HƏV. İŞ. 13:48
1, 2. Erkən məsihçilər İsanın Padşahlıq haqqında xoş xəbərin bütün dünyada təbliğ olunacağı peyğəmbərliyinə necə hay vermişdilər?
«HƏVARİLƏRİN İŞLƏRİ» kitabında, İsanın Padşahlıq haqqında xoş xəbərin bütün dünyada təbliğ olunacağı peyğəmbərliyinə erkən məsihçilərin necə hay verdikləri barədə maraqlı məlumatlar var (Mat. 24:14). Bu səyli təbliğçilər onlardan sonra gələn bütün təbliğçilərə nümunə qoydular. İsanın Yerusəlimdəki şagirdlərinin səylə etdikləri təbliğ nəticəsində, «kahinlərdən bir çoxu da» daxil olmaqla, minlərlə insan birinci əsrin yığıncağına qoşuldu (Həv. iş. 2:41; 4:4; 6:7).
2 Erkən missionerlər çoxlarına məsihçi olmağa kömək etmişdilər. Məsələn, Filip Samariyada təbliğ edəndə xalq ona diqqətlə qulaq asırdı (Həv. iş. 8:5-8). Pavel müxtəlif əməkdaşları ilə xoş xəbəri Kiprdə, Kiçik Asiyanın bəzi yerlərində, Makedoniyada, Yunanıstanda və İtaliyada təbliğ etmişdi. Pavelin xidmət etdiyi şəhərlərdə bir çox yəhudilər və yunanlar məsihçi olurdular (Həv. iş. 14:1; 16:5; 17:4). Titus Kritdə təbliğ edirdi (Tit. 1:5). Peter isə Babildə xidmət edirdi və təxminən eramızın 62-64-cü illərində birinci məktubunu yazanda məsihçilərin fəaliyyəti artıq Pontus, Qalatiya, Kapadokiya, Asiya əyaləti və Bitiniyada yaxşı tanınırdı (1 Pet. 1:1; 5:13). Həmin illər necə də gözəl idi! Birinci əsrdəki məsihçilər elə səylə təbliğ edirdilər ki, düşmənləri onların «dünyanı alt-üst» etdiklərini iddia edirdilər (Həv. iş. 17:6; 28:22).
3. Bu gün Padşahlığın təbliğində hansı nailiyyətlər əldə edilib və bu səndə hansı hissləri oyadır?
3 Bizim günlərdə də məsihçi yığıncağı görünməmiş miqyasda artmaqla xeyir-dualanıb. Məgər Yehovanın Şahidlərinin ümumdünya hesabatını oxuyanda və bütün dünyada əldə olunan nailiyyətləri görəndə ruhlanmırsanmı? Padşahlığın təbliğçilərinin 2007-ci xidmət ili ərzində altı milyondan artıq Müqəddəs Kitab öyrənməsi keçirdiklərini bilmək səni sevindirmirmi? Bundan əlavə, keçən il İsa Məsihin ölümünün Xatirə Gecəsinə gələnlərdən təxminən on milyonu Yehovanın Şahidi olmayan insanlar idi, onlar xoş xəbərə kifayət qədər maraq göstərib bu mərasimdə iştirak etməyi vacib saymışlar. Bu isə, hələ görüləsi işlərin çox olduğunu göstərir.
4. Padşahlıq haqqında xoş xəbərə kimlər hay verir?
4 Birinci əsrdə olduğu kimi, bu gün də ‘əbədi həyata düzgün münasibəti olanların hamısı’ həqiqət xəbərinə hay verir (Həv. iş. 13:48, YD). Yehova belə insanları Öz təşkilatına gətirir. (Haqqay 2:7 ayəsini oxu.) Bu biçin işində tam iştirak etmək üçün məsihçi xidmətinə hansı münasibəti qoruyub saxlamalıyıq?
Ayrı-seçkilik etmədən təbliğ et
5. Yehova hansı insanlara lütf göstərir?
5 Birinci əsrdəki məsihçilər dərk edirdilər ki, «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həv. iş. 10:34, 35). İnsanın Yehova ilə yaxşı münasibətdə olub-olmaması onun İsanın fidiyə qurbanlığına iman etməsindən asılıdır (Yəh. 3:16, 36). Yehovanın iradəsi odur ki, «bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Tim. 2:3, 4).
6. Padşahlığın təbliğçiləri nəyə yol verməməlidirlər və nə üçün?
6 Xoş xəbərin təbliğçilərinin insanın irqinə, sosial vəziyyətinə, görkəminə, dininə və ya başqa şeylərə görə ayrı-seçkilik etməsi heç də düzgün olmazdı. Bir anlığa düşün: səninlə birinci dəfə Müqəddəs Kitab həqiqətləri haqqında danışan insanın sənə münasibətində ayrı-seçkilik etmədiyinə görə minnətdar deyilsənmi? Belə isə, nəyə görə sən də xilas gətirən xəbəri ona qulaq asmaq istəyən hər bir insana çatdırmayasan? (Matta 7:12 ayəsini oxu.)
7. Nəyə görə təbliğ etdiyimiz insanları mühakimə etməməliyik?
7 Yehova İsanı Hakim təyin edib və buna görə də bizim heç kimi mühakimə etməyə ixtiyarımız çatmır. Burada qəribə bir şey yoxdur, çünki biz, fikirləri və ürəyin düşüncələrini görən İsadan fərqli olaraq, yalnız ‘gözlərimizin gördüyünə’ və ya ‘qulağımızın eşitdiyinə görə’ qərar çıxara bilirik (Yeşaya 11:1-5; 2 Tim. 4:1).
8, 9. a) Şaul məsihçi olmazdan əvvəl necə insan idi? b) Həvari Pavelin nümunəsindən nə öyrənə bilərik?
8 Yehovanın xidmətçiləri müxtəlif mənşəli insanlardır. Sonralar Pavel kimi tanınan tarsuslu Şaul buna ən bariz nümunələrdən biridir. Vaxtilə fərisey olan Şaul, məsihçiləri qəddarcasına təqib edirdi. O özlüyündə əmin idi ki, məsihçilər Yehovanın həqiqi xidmətçiləri deyil və buna görə də onların yığıncağını təqib edirdi (Qalat. 1:13). İnsan nöqteyi-nəzərinə görə, Şaul kimi bir insan İsanın davamçısı ola bilməzdi. Amma İsa onun ürəyində nə isə yaxşı bir şey görüb, onu xüsusi bir tapşırıq üçün seçdi. Nəticədə, Şaul birinci əsrin ən fəal və səyli məsihçilərindən biri oldu.
9 Həvari Pavelin nümunəsindən nə öyrənə bilərik? Ola bilsin, ərazimizdə yaşayan bəzi insanlar xoş xəbərə ədavətlə yanaşırlar. Biz belə insanlardan kiminsə məsihçi olacağına şübhə etsək də, onlarla Müqəddəs Kitab əsasında söhbətimizi davam etdirməyə çalışmalıyıq. Hərdən həqiqəti məhz belə insanlar qəbul edir. Buna görə də biz hamıya təbliğ etməkdən ‘vaz keçməməliyik’. (Həvarilərin işləri 5:42 ayəsini oxu.)
Təbliğ etməkdən ‘vaz keçməyənlər’ üçün xeyir-dualar
10. Xarici görünüşündən təhlükəli görünən insanlara təbliğ etməkdən nəyə görə çəkinməməliyik? Nümunə çəkin.
10 Xarici görünüş aldadıcı ola bilər. Misal üçün, İqnasyoa Cənubi Amerika ölkələrindən birində həbsxanada olarkən Yehovanın Şahidlərindən biri ona Müqəddəs Kitab həqiqətlərini öyrətməyə başladı. İqnasyo özündən tez çıxan və dalaşqan olduğu üçün hamı ondan qorxurdu. Onunla eyni həbsxanada olanların bəziləri əşyalar düzəldib satırdılar və borclarını gec qaytaran müştərilərə hədə-qorxu gəlmək üçün İqnasyodan istifadə edirdilər. Amma o, Müqəddəs Kitab həqiqətlərini öyrəndikcə və öyrəndiklərini tətbiq etdikcə qəddar insandan mülayim insana çevrildi. İndi heç kim borclarını almaq üçün ondan istifadə etmirdi. İqnasyo çox şaddır ki, Müqəddəs Kitab həqiqətləri və Allahın ruhu ona xasiyyətini dəyişməyə kömək etdi. O, onunla öyrənmə keçirən təbliğçilərin ayrı-seçkilik etmədiklərinə görə də minnətdardır.
11. Biz nəyə görə insanların yanına dönə-dönə gəlirik?
11 Xoş xəbəri çatdırdığımız insanların yanına dönə-dönə gəlməyimizin səbəblərindən biri odur ki, vaxt keçdikcə onların şəraiti və əhval-ruhiyyəsi dəyişə bilər və dəyişir də. Bəziləri ciddi xəstəliyə tutula, işini itirə və ya onların əzizlərindən biri ölə bilər. (Vaiz 9:11 ayəsini oxu.) Dünyada baş verən hadisələr adamları öz gələcəkləri haqda ciddi düşünməyə vadar edə bilər. Çox vaxt bu dəyişikliklər, əvvəllər xoş xəbərə laqeyd, hətta ədavətlə yanaşanların bu xəbərə hay verməsinə səbəb olur. Buna görə də, hər bir fürsətdən istifadə edərək insanlarla xoş xəbəri bölüşməliyik.
12. Təbliğ etdiyimiz insanlara necə yanaşmalıyıq və nə üçün?
12 İnsana insanları qruplara ayırmaq, həmçinin gördükləri və eşitdikləri əsasında başqaları barədə rəy söyləmək xasdır. Yehova isə hər insana fərdi yanaşır. O, hər bir adamın daxilində olan yaxşı xüsusiyyətləri görür. (1 Şamuel 16:7 ayəsini oxu.) Biz də xidmətimizdə belə davranmağa çalışmalıyıq. Təbliğ etdiyimiz insanlara müsbət yanaşmağımızın yaxşı nəticələr gətirdiyini göstərən bir çox nümunələr var.
13, 14. a) Bir pioner xidmətdə rast gəldiyi qadın haqqında nəyə görə yanlış nəticəyə gəlmişdi? b) Bu hadisədən nə öyrənə bilərik?
13 Pioner kimi xidmət edən Sandra Karib adalarından birində evdən-evə təbliğ edərkən Rut adlı bir qadına rast gəlmişdi. Rut karnaval şənliklərində iştirak etməyi çox xoşlayırdı və hətta iki dəfə karnavalın şahzadəsi seçilmişdi. O, Sandranın dediklərinə qeyri-adi maraqla qulaq asdı və Müqəddəs Kitabı öyrənməyə razı oldu. Sandra xatırlayır: «Onun evinə girəndə divarda karnaval libasında çəkdirdiyi böyük şəklini və qazandığı mükafatları gördüm. Mən fikirləşdim ki, bu qədər məşhur və özünü karnavala həsr etmiş bir insan həqiqətə ciddi maraq göstərməz. Buna görə də daha onun yanına getmədim».
14 Bir qədər sonra Rut Padşahlıq Zalına gəldi və görüşün sonunda Sandraya yaxınlaşıb soruşdu: «Nəyə görə mənimlə öyrənmə keçirməyə gəlmirsiniz?» Sandra üzrxahlıq edib, onunla öyrənməni davam etdirəcəyinə söz verdi. Rut qısa vaxt ərzində ruhən inkişaf etdi, evindəki karnaval şəkillərini yığışdırdı, yığıncaq görüşlərində və təbliğ xidmətində iştirak etməyə başladı və həyatını Yehovaya həsr etdi. Təbii ki, Sandra ilk təəssüratının yanlış olduğunu anladı.
15, 16. a) Bir məsihçinin qohumuna təbliğ etməsi nə ilə nəticələndi? b) Nəyə görə hansısa qohuma sürdüyü həyat tərzinə görə təbliğ etməkdən çəkinməməliyik?
15 Sanki heç bir nəticəsi olmayacaq kimi görünən vəziyyətlərdə belə, bəzi məsihçilər imanlarına şərik olmayan qohumlarına təbliğ edərək yaxşı nailiyyətlər əldə etmişlər. Buna Birləşmiş Ştatlarda yaşayan Coys adlı bacımızın nümunəsini misal çəkmək olar. Onun bacısının əri yeniyetmə yaşlarından bir neçə dəfə həbsdə olmuşdu. Coys xatırlayır: «İnsanlar deyirdilər ki, onun həyatı puç olub, çünki o, narkotik satır, oğurluq edir və bir çox pisliklər törədirdi. Bütün bu çətinliklərə baxmayaraq, mən 37 il ərzində həqiqəti onunla bölüşmüşəm». Coysun öz qohumuna kömək etmək üçün göstərdiyi səyi və səbri bol-bol mükafatlandırıldı: onun yeznəsi Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı və həyatında köklü dəyişikliklər etdi. Bu yaxınlarda isə, 50 yaşında olan bu qohumu Kaliforniyada (ABŞ) keçirilən vilayət konqresində vəftiz olundu. Coys deyir: «Sevincimdən ağladım. Mən çox şadam ki, heç vaxt ondan ümidimi üzmədim!»
16 Ola bilsin, hansısa qohumuna sürdüyü həyat tərzinə görə Müqəddəs Kitab həqiqətlərini danışmağa tərəddüd edirsən. Amma Coys yeznəsinə təbliğ etməkdən çəkinmədi. Məgər biz insanın ürəyində olanları görə bilirikmi? Bəlkə də kimsə səmimi-qəlbdən həqiqəti axtarır. Buna görə, gəlin onu həqiqəti tapmaq imkanından məhrum etməyək. (Süleymanın məsəlləri 3:27 ayəsini oxu.)
Müqəddəs Kitabı öyrənmək üçün gözəl vəsait
17, 18. a) «Müqəddəs Kitab əslində nə öyrədir?» vəsaitinin dəyəri haqqında dünyanın müxtəlif guşəsindən gələn məlumatlarda nə deyilir? b) Bu kitabdan istifadə edərkən baş verən maraqlı hadisə danışın.
17 Dünyanın müxtəlif guşəsindən gələn məlumatlara görə, «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı bir çox səmimi insanların xoşuna gəlir. Birləşmiş Ştatlarda yaşayan Peni adlı pioner bacımız bu kitab vasitəsilə bir neçə Müqəddəs Kitab öyrənməsi başlamışdır. Onlardan ikisi mənsub olduqları kilsənin mömin üzvləri olmuş yaşlı adamlar idi. Peni «Müqəddəs Kitab öyrədir» vəsaitindəki həqiqətlərə onların necə münasibət göstərəcəklərini bilmirdi. O yazır: «Bu kitabdakı məlumat o qədər aydın, məntiqi və yığcam şəkildə yazılıb ki, onlar öyrəndikləri həqiqətləri mübahisə etmədən və heç bir sarsıntı keçirmədən asanlıqla qəbul etdilər».
18 Britaniyada xidmət edən Pat adlı bacımız Asiya ölkələrinin birindən olan bir qaçqın qadınla Müqəddəs Kitab öyrənməsi başladı. Bu qadın, üsyançı əsgərlər ərini və oğullarını apardıqdan sonra öz ölkəsindən qaçmaq məcburiyyətində qalmış və bir daha ailə üzvlərini görməmişdi. Onun həyatı təhlükə altında idi, ev-eşiyi yandırılmış, özü isə bir qrup kişi tərəfindən zorlanmışdı. Başına gələn fəlakətlər onu həyatının mənasız olduğunu düşünməyə vadar etmiş və o, bir neçə dəfə intihar etməyə çalışmışdı. Lakin Müqəddəs Kitab öyrənməsi ona ümid verdi. Pat yazır: «“Müqəddəs Kitab öyrədir” vəsaitində fikirlərin sadə izahatı və gözəl əyani nümunələr ona güclü təsir bağışladı». Həmin qadın qısa vaxt ərzində ruhən inkişaf etdi, lazımi dəyişikliklər edib vəftiz olunmamış təbliğçi oldu və indi o, yaxın vaxtlarda olacaq konqresdə vəftiz olunmağa hazırlaşır. Bu cür səmimi insanlara Müqəddəs Kitabın verdiyi ümid haqqında öyrənməyə və onu qiymətləndirməyə kömək etmək həqiqətən də sevindiricidir!
«Yaxşılıq edərkən ruhdan düşməyək»
19. Nəyə görə təbliğ işi bu qədər təxirəsalınmazdır?
19 Təbliğ etmək və şagird hazırlamaq tapşırığı gündən-günə daha təxirəsalınmaz olur. Hər il, Allah haqqında öyrənmək istəyən minlərlə insan xoş xəbərə hay verir. Yehovanın «möhtəşəm günü yaxınlaşır», bu isə o deməkdir ki, ruhani zülmətdən çıxmayanlar «qırğın təhlükəsi altında»dırlar (Sef. 1:14; Sül. məs. 24:11).
20. Hər birimiz nə etməyə qəti qərarlı olmalıyıq?
20 Biz bu cür insanlara hələ də kömək edə bilərik. Amma bunu etmək üçün, ‘İsanın Məsih olduğunu müjdələməkdən vaz keçməyən’ erkən məsihçiləri təqlid etməliyik (Həv. iş. 5:42). Gəlin, müqavimətlərə tab gətirərək, ‘öyrətmək bacarığımıza’ diqqət yetirərək və ayrı-seçkilik etmədən təbliğ edərək onların nümunəsini təqlid edək! «Yaxşılıq edərkən ruhdan düşməyək», çünki sonadək tab gətirsək, bol xeyir-dualar alacaq və Allahın lütfünü görəcəyik. (2 Tim. 4:2; Qalatiyalılara 6:9 ayəsini oxu.)
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
Necə cavab verərdiniz?
• Xoş xəbərə kimlər hay verir?
• Nə üçün təbliğ edərkən ayrı-seçkilik etməməliyik?
• «Müqəddəs Kitab əslində nə öyrədir?» nəşri sayəsində hansı nailiyyətlər əldə edilib?
[13-cü səhifədəki şəkillər]
Minlərlə səmimi insanlar xoş xəbərə hay verirlər
[15-ci səhifədəki şəkil]
Həvari Pavelin hadisəsi bizə nə öyrədir?
[16-cı səhifədəki şəkil]
Xoş xəbərin təbliğçiləri ayrı-seçkilik etmir