Həyat sularının qaynaqlarına aparılmağa layiq görülmüşlər
«Quzu onlara çoban olacaq və həyat sularının qaynaqlarına aparacaq». VƏHY 7:17
1. Allahın Kəlamı məsh olunmuş məsihçiləri necə adlandırır və İsa onların üzərinə hansı məsuliyyəti qoydu?
ALLAHIN KƏLAMI məsh olunmuş məsihçiləri Məsihin yer üzündəki malikanəsinin qeydinə qalan «sadiq və ağıllı qul» adlandırır. 1918-ci ildə Məsih ‘qulu’ yoxlayanda məsh olunmuşları ‘vaxtlı-vaxtında onlara yemək verən’ tapdı. Buna görə Ağa olan İsa ‘bütün malikanəsini’ onlara tapşırdı. (Matta 24:45-47 ayələrini oxu.) Beləliklə, nə qədər ki, məsh olunmuşlar səmavi miraslarını almayıblar, onlar yer üzündə digər həmimanlılarına xidmət edirlər.
2. İsanın malikanəsini təsvir et.
2 Ağanın öz malikanəsi üzərində səlahiyyəti var və ondan istədiyi kimi istifadə edə bilər. Yehovanın taxta çıxardığı Padşah İsa Məsihin malikanəsinə yer üzündə Padşahlığa aid olan hər şey daxildir. Həvari Yəhyanın vəhydə gördüyü ‘böyük izdiham’ da bura daxildir. Yəhya böyük izdihamı belə təsvir edir: «Hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham ağ libas geyib, əllərində palma budağı, taxtın və Quzunun qarşısında durublar» (Vəhy 7:9).
3, 4. Böyük izdihamın üzvləri hansı şərəfə layiq görülüblər?
3 Böyük izdihamın üzvləri İsanın ‘başqa qoyunlar’ adlandırdığı qrupa daxildir (Yəh. 10:16). Onların yerüzü Cənnətdə əbədi yaşamağa ümidləri var. Böyük izdihamın üzvləri əmindirlər ki, İsa onları «həyat sularının qaynaqlarına aparacaq və Allah onların gözlərindən hər yaşı siləcəkdir». Buna görə də «libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar» (Vəhy 7:14, 17). İsanın fidiyə qurbanlığına iman gətirdikləri üçün, onların libasları Allahın gözündə ‘ağardılıb’. Onlar İbrahim kimi Allahın dostları simasında saleh elan olunublar.
4 Başqa qoyunların getdikcə artan izdihamı Allahın gözündə saleh sayıldığı üçün, bu dünya ‘böyük məşəqqətdə’ məhv olunan zaman xilas olmağa ümid edə bilər (Yaq. 2:23-26). Onlar Yehovaya yaxınlaşa bilir və bir qrup kimi Har-Megidondan sağ çıxmağa ümid edirlər (Yaq. 4:8; Vəhy 7:15). Onlar müstəqil qrup kimi fəaliyyət göstərmirlər, könüllü olaraq səmavi Padşahın və onun yerdəki məsh olunmuş qardaşlarının rəhbərliyi altında xidmət edirlər.
5. Böyük izdihamın üzvləri Məsihin məsh olunmuş qardaşlarına necə kömək edirlər?
5 Məsh edilmiş məsihçilər indiyədək Şeytan dünyasının şiddətli təqiblərinə məruz qalmışlar; təqiblər bundan sonra da davam edəcək. Buna baxmayaraq, onlar böyük izdihamdan olan həmkarlarının köməyinə arxayın ola bilərlər. İndi məsh olunmuşların sayı az olsa da, böyük izdihamın sayı hər il yüz minlərlə artır. Məsh olunmuşlar bütün dünyada olan təxminən 100 000 məsihçi yığıncağının hər birinə şəxsən nəzarət edə bilməzlər. Beləliklə, başqa qoyunların məsh olunmuşlara kömək etdiyi sahələrdən biri, böyük izdihamdan tələblərə müvafiq olan kişilərin yığıncaq ağsaqqalları kimi xidmət etməsidir. Onlar milyonlarla məsihçinin qayğısına qalmaqda ‘sadiq və ağıllı qula’ kömək edirlər.
6. Başqa qoyunlardan olan həmkarlarının məsh olunmuşlara göstərdiyi kömək necə peyğəmbərlik edilmişdi?
6 Başqa qoyunların məsh olunmuşlara könüllü olaraq yardım etməsi peyğəmbər Yeşaya tərəfindən qabaqcadan deyilmişdi. O yazırdı: «Rəbb belə deyir: “Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək”» (Yeşaya 45:14). Bu gün yer üzündə yaşamağa ümid edən məsihçilər məsh olunmuş qul sinfinin və onun Rəhbərlik Şurasının rəhbərliyini qəbul edərək, məcazi mənada onların ardınca gedir. Başqa qoyunlar ‘qul’ kimi öz güclərini və maddi vəsaitlərini həvəslə və səmimi qəlbdən Məsihin yer üzündəki məsh olunmuş davamçılarına tapşırdığı ümumdünya təbliğ işini dəstəkləməyə sərf edirlər (Həv. iş. 1:8; Vəhy 12:17).
7. Böyük izdiham hansı təlimi alır?
7 Böyük izdihamın üzvləri məsh olunmuş qardaşlarına kömək etməklə Har-Megidondan sonra yaşayacaq yeni insan cəmiyyətinin təməli olmaq üçün təlim alırlar. Bu təməl sabit və möhkəm olmalı, onun üzvləri isə Ağanın göstərişlərini yerinə yetirməyi bacarmalı və bunu həvəslə etməlidirlər. Hər məsihçiyə Padşah İsa Məsih üçün faydalı ola biləcəyini göstərməyə imkan verilir. Məsihçi indi iman gətirməklə və sadiq qalmaqla, göstərir ki, yeni dünyada Padşahın verdiyi göstərişlərə həvəslə tabe olacaq.
Böyük izdiham imanını sübut edir
8, 9. Böyük izdihamın üzvləri imanlarını necə sübut edirlər?
8 Məsh olunmuşların həmkarları olan başqa qoyunlar imanlarını müxtəlif yollarla sübut edirlər. Birincisi, onlar Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğ olunmasında məsh olunmuşlara kömək edirlər (Mat. 24:14; 28:19, 20). İkincisi, Rəhbərlik Şurasından aldıqları rəhbərliyə həvəslə tabe olurlar (İbr. 13:17; oxu: Zəkəriyyə 8:23).
9 Üçüncüsü, böyük izdihamın üzvləri Yehovanın saleh normalarına uyğun yaşayaraq məsh olunmuş qardaşlarını dəstəkləyirlər. Onlar özlərində «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi keyfiyyətləri inkişaf etdirməyə çalışırlar (Qalat. 5:22, 23). Bu gün insanlar belə keyfiyyətlərdən çox, ‘cismani təbiətin əməllərini’ təzahür etdirməyə meyllidirlər. Buna baxmayaraq, böyük izdihamın üzvləri ‘zina, cinsi əxlaqsızlıq, murdarlıq, səfahət, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, həsəd, qəzəb, ehtiraslılıq, nifaq, təfriqələr, paxıllıq, qatillik, sərxoşluq, eyş-işrətlər və buna bənzər şeylərdən’ uzaq durmağa qəti qərarlıdırlar (Qalat. 5:19-21).
10. Böyük izdihamın üzvləri nəyi etməyə qərarlıdırlar?
10 Qeyri-kamil olduğumuzdan məsihçi keyfiyyətləri təzahür etdirmək, cismani təbiətin əməllərindən qaçmaq və Şeytan dünyasının təzyiqlərinə müqavimət göstərmək asan olmaya bilər. Buna baxmayaraq, şəxsi zəifliklərimizin, müvəqqəti uğursuzluqların və ya zəif səhhətimizin bizi ruhdan salaraq imanımızı zəiflətməsinə və ya Yehovaya məhəbbətimizin azalmasına yol verməmək əzmindəyik. Biz bilirik ki, Yehova Öz vədini yerinə yetirəcək: böyük izdihamı böyük məşəqqətdə xilas edəcək.
11. Məsihçilərin imanını zəiflətmək üçün Şeytan hansı vasitələrə əl atır?
11 Ancaq biz sayıqlığımızı itirmirik, çünki bilirik ki, əsl düşmənimiz Şeytandır və o, asanlıqla təslim olmayacaq. (1 Peter 5:8 ayəsini oxu.) O, dönüklərin və başqalarının vasitəsilə bizi inandırmağa çalışır ki, riayət etdiyimiz təlimlər yalandır. Ancaq onun bu fəndi adətən uğursuz olur. Elə təqiblər də hərdən təbliğ işini ləngitsə də, çox vaxt təqib olunanların imanını möhkəmləndirir. Bununla belə, Şeytan imanımızı zəiflədə biləcəyini düşündüyü vasitələrə getdikcə daha çox əl atır. O öz məqsədinə çatmaq üçün məyusluq hissindən istifadə edir. Birinci əsrin məsihçilərinə bu təhlükə barədə xəbərdarlıq edilmişdi: «Günahkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə tab gətirən Şəxsi [Məsihi] fikirləşin». Nə üçün? «Canınız yorulub, taqətdən düşməyəsiniz» (İbr. 12:3).
12. Müqəddəs Kitabın məsləhəti ruh düşkünlüyünə qapılanları necə möhkəmləndirir?
12 Elə vaxt olubmu ki, artıq gücünün qalmadığını düşünəsən? Hərdən özünü uğursuz adam kimi hiss edirsənmi? Əgər belədirsə, Şeytana yol vermə ki, bu hisslərdən istifadə edərək Yehovaya xidmətinə mane olsun. Müqəddəs Kitabı dərindən araşdırmaq, ürəkdən dua etmək, görüşlərə müntəzəm gəlmək və həmimanlılarla ünsiyyətdə olmaq səni möhkəmləndirəcək və ‘taqətdən düşməyə’ qoymayacaq. Yehova Ona xidmət edənlərə yeni qüvvət verməyi vəd edib və O bu vədinə mütləq əməl edəcək. (Yeşaya 40:30, 31 ayələrini oxu.) Diqqətini xidmətə cəmləşdir. Vaxt aparan işlərdən uzaq dur və başqalarına kömək etməyə çalış. O zaman ruh düşkünlüyünə baxmayaraq, tab gətirmək üçün güc tapacaqsan (Qalat. 6:1, 2).
Böyük məşəqqətdən çıxıb yeni dünyaya qədəm qoyanlar
13. Har-Megidondan sağ çıxanlara hansı tapşırıq veriləcək?
13 Har-Megidondan sonra çoxlu sayda qeyri-saleh insanlara Yehovanın yollarını öyrətmək lazım gələcək (Həv. iş. 24:15). Onlar İsanın fidiyə qurbanlığı haqqında öyrənməlidirlər; bundan başqa fidiyədən faydalanmaq üçün ona necə iman gətirməli olduqlarını bilməlidirlər. Əvvəlki yalan dini etiqadlarından imtina edib, keçmiş həyat tərzlərindən əl çəkməlidirlər. Onlar həqiqi məsihçiləri xarakterizə edən yeni mənliyi geyinməyi öyrənməlidirlər (Efes. 4:22-24; Kolos. 3:9, 10). Har-Megidondan sağ çıxanların işi çox olacaq. İndiki pis dünyanın təzyiqləri və maneələri olmadan Yehovaya bu cür xidmət etmək necə də böyük sevinc gətirəcək!
14, 15. Böyük məşəqqətdən sağ çıxanlarla dirilən saleh insanlar bir-biriləri ilə nəyi bölüşəcəklər?
14 İsa yer üzündə xidmət etməzdən qabaq ölən Yehovanın sadiq xidmətçiləri də çox şeyi öyrənməli olacaqlar. Onlar yolunu gözlədikləri, amma görmədikləri vəd olunmuş Məsih haqqında öyrənəcəklər. Bu xidmətçilər artıq əvvəlki həyatlarında Yehovanın təlimlərini həvəslə qəbul etdiklərini göstərmişlər. Təsəvvür edin: onlara kömək etmək, məsələn, Danielə özünün yazdığı, amma başa düşmədiyi peyğəmbərliklərin yerinə yetməsini izah etmək necə sevindirici və şərəfli iş olacaq! (Dan. 12:8, 9).
15 Düzdür, dirilənlər bizdən çox şey öyrənəcəklər, amma bizim də onlara çoxlu suallarımız olacaq. Onlar bizə Müqəddəs Kitabda xatırlanan, lakin bütün təfərrüatı ilə təsvir olunmayan hadisələri xırdalığına kimi danışa bilərlər. İsanın həyatı haqqında qohumu Vəftizçi Yəhyadan öyrənmək necə də maraqlı olacaq! Belə sadiq şahidlərdən öyrəndiklərimiz sayəsində Allahın Kəlamını indikindən daha yaxşı başa düşəcəyik. Yehovanın ölüm yuxusuna getmiş sadiq xidmətçiləri, o cümlədən, son günlər ərzində ölən böyük izdihamın üzvləri «daha yaxşı dirilməyə» nail olacaqlar. Onlar Yehovaya xidmət etməyə Şeytanın idarə etdiyi dünyada başlamışlar. Yeni dünyada, daha yaxşı şəraitdə xidmətlərini davam etdirmək onlar üçün necə də sevindirici olacaq! (İbr. 11:35, İ–93; 1 Yəh. 5:19).
16. Peyğəmbərliyə əsasən, Hökm günündə nələr olacaq?
16 Hökm gününün müəyyən bir vaxtında tumarlar açılacaq. Müqəddəs Kitabın və tumarların əsasında insanların əbədi həyatı almağa layiq olub-olmadıqlarına hökm veriləcək. (Vəhy 20:12, 13 ayələrini oxu.) Hökm gününün sonlarına yaxın hər kəsə Allahın hökmranlıq hüququ məsələsində öz mövqeyini göstərmək imkanı veriləcək. İnsan Allahın Padşahlığına tabe olaraq, Quzunun onu «həyat sularının qaynaqlarına» aparmasına yol verəcəkmi? Yoxsa müqavimət göstərərək Allahın Padşahlığına tabe olmaqdan imtina edəcək? (Vəhy 7:17; Yeşaya 65:20). Bundan sonra yer üzündə yaşayan insanların hamısının miras aldıqları günahın və pis mühitin təsiri olmadan şəxsi qərar qəbul etmək imkanı olacaq. Artıq heç kəs Yehovanın son hökmünün ədalətli olduğunu şübhə altına ala bilməyəcək. Yalnız pislər əbədilik məhv olunacaqlar (Vəhy 20:14, 15).
17, 18. Məsh olunmuş məsihçilər və başqa qoyunlar Hökm gününü necə gözləyirlər?
17 Padşahlığı almağa layiq görülmüş məsh olunmuş məsihçilər Hökm günündə idarə etməyi səbirsizliklə gözləyirlər. Bu onlar üçün necə də böyük şərəfdir! Bu ümid onları həvari Peterin birinci əsrdə yaşayan qardaşlarına verdiyi məsləhətə əməl etməyə təşviq edir: «Sizə verilən dəvəti və intixab olunmanızı möhkəmlətməyə daha çox çalışın. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. Çünki bu yolla, Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Səltənətinə girmək haqqı sizə bol-bol ehsan ediləcəkdir» (2 Pet. 1:10, 11).
18 Başqa qoyunlar məsh olunmuş qardaşlarının sevincinə şərikdirlər və onları dəstəkləməyə tam qərarlıdırlar. Allahın dostları kimi, onlar bu gün xidmətdə əllərindən gələni etməyə hazırdırlar. Hökm günündə İsa onları həyat sularının qaynaqlarına aparan zaman onlar Allahın quruluşunu ürəkdən dəstəkləməyə şad olacaqlar. Sonra onlar nəhayət ki, Yehovaya əbədiyyən xidmət etməyə layiq görüləcəklər! (Rom. 8:20, 21; Vəhy 21:1-7).
Xatırlayırsınızmı?
• İsanın malikanəsinə nə daxildir?
• Böyük izdihamın üzvləri məsh olunmuş qardaşlarına necə kömək edirlər?
• Böyük izdihamının üzvləri hansı şərəfə layiq görülüblər və onlar nəyə ümid edirlər?
• Sizin üçün Hökm günü nə deməkdir?
[25-ci səhifədəki şəkil]
Böyük izdihamın üzvləri libaslarını yuyub, onları Quzunun qanı ilə ağardıblar
[27-ci səhifədəki şəkil]
Dirilmiş saleh insanlardan nəyi öyrənmək istəyərdin?