Yüksək And dağlarında xoş xəbəri təbliğ edirik
BİZ, 18 nəfər torpağın üstündə uzanmışdıq. Yataq torbasının içində titrəyə-titrəyə, sel kimi yağan yağışın başımızın üstündəki dəmir damı döyəclədiyinə qulaq asırdıq. Bu kiçik daxmanın vəziyyətinə baxıb, fikirləşirdik ki, görəsən, burada bizdən əvvəl yaşayan olub.
Bura gəlməyimizin səbəbi nə idi? İsanın «dünyanın ən uzaq yerlərinə qədər» xoş xəbəri təbliğ etmək əmrini yerinə yetirmək arzumuz (Həv. iş. 1:8; Mat. 24:14). Biz Boliviyanın And dağlarının ucqar yerlərində təbliğ etmək üçün gəlmişdik.
Yoldakı çətinliklər
İlk çətinliyimiz elə ora gedib çatmaq idi. Məlum oldu ki, belə uzaq yerlərə nəqliyyat dəqiq qrafik üzrə işləmir. Avtobusumuz gözlədiyimizdən balaca idi, buna görə bəzilərimiz ayaq üstə getməli olduq. Bütün bunlara baxmayaraq, həmin yerə gəlib çatdıq.
Məqsədimiz Boliviyanın yüksək And dağlarındakı kəndlərdə təbliğ etmək idi. Avtobusdan düşəndən sonra hər kəs öz yükünü götürüb dik cığırla bir-birinin ardınca ehtiyatla qalxırdı.
Kəndlər balaca görünsələr də, evlər bir-birindən çox aralı idi, buna görə də bir kənddə təbliğ etmək üçün çox vaxt sərf etməli olurduq. Nə qədər çox gedirdiksə-gedək, uzaqda yenə də ev görünürdü. Çox vaxt tarlalardan keçən dolanbac yollarda çaşıb qalırdıq.
«İndiyə kimi harada idiniz?»
Belə uzaqdan gəlməyimiz bir qadına elə güclü təsir bağışladı ki, o öz mətbəxində yemək bişirməyimizə icazə verdi, bunun üçün bizə hətta odun da verdi. Müqəddəs Kitabın ölülər haqqında öyrətdiklərini biləndə bir kişi soruşdu: «İndiyə kimi harada idiniz?» O, elə maraq göstərdi ki, biz kənddən çıxanda, o da bizimlə gəldi və yolboyu çoxlu suallar verdi. Yehovanın Şahidləri haqqında heç vaxt eşitməyən başqa bir kişi ədəbiyyatımıza böyük maraq göstərdi. Gəldiyimizə görə bizə çox böyük minnətdarlıq etdi və damın açarını bizə verdi ki, orada gecələyək.
Bir gecə elə qaranlıq idi ki, bilmədən çadırımızı böyük qara qarışqaların yuvasının üstündə qurduq. Qarışqalar üstümüzə daraşıb, bizi dişləməyə başladılar. O qədər yorğun idik ki, başqa yerə getməyə halımız olmadı, xoşbəxtlikdən onlar da çox keçməmiş bizdən əl çəkdilər.
Torpağın üstündə yatdığımız üçün, əvvəlcə kürəyimiz, qabırğalarımız ağrıyırdı, ancaq gecəyarısı artıq buna alışdıq. Səhər oyananda insan əli dəyməmiş vadiləri, onların üstündə yavaş-yavaş süzən buludları, başıqarlı əzəmətli dağları uzaqdan görəndə, bütün ağrılarımız yaddan çıxdı. Sakitliyi təkcə suların şırıltısı və quşların nəğməsi pozurdu.
Çayda yuyunduqdan sonra, gündəlik ayəni araşdırdıq, səhər yeməyini yedik və yavaş-yavaş başqa uzaq kəndlərə üz tutduq. Bu kəndlərə qalxmağa dəyərdi. Yolda qoca bir qadına rast gəldik, Allahın adının Yehova olduğunu Müqəddəs Kitabdan ona göstərəndə, hisslərini cilovlaya bilməyib ağladı. İndi o, dualarında Allaha adı ilə müraciət edə bilər!
Yaşlı bir kişi Allahın onu yada saldığını deyib, birdən mahnı oxumağa başladı. Mahnıda deyilirdi ki, bizi onun yanına mələklər göndərib. Ağır xəstəlik ucbatından evdən çıxa bilməyən başqa bir kişi kənddən heç kimin ona baş çəkmədiyini dedi. Bizim isə La-Pasdan bu qədər yolu gəldiyimizə heyrətləndi. Başqa bir nəfərə, Yehovanın Şahidlərinin insanlara öz evlərində baş çəkməsi dərin təsir bağışladı, çünki başqa dinlər insanları ibadətə sadəcə kilsə zəngi ilə çağırır.
Həmin ərazidə evlərin heç birində elektrik olmadığından adamlar hava qaralanda yatmağa gedir, gün çıxanda isə dururlar. Buna görə də onları evdə tapmaq üçün səhər saat altıdan təbliğ etməyə başlamalı olurduq, yoxsa sonra çoxları tarlada işləməyə gedirdi. Artıq işləməyə başlayanlardan bəziləri isə əlini işdən saxlayıb Allahın Kəlamından çatdırdığımız xəbərə həvəslə qulaq asırdı, bu arada öküzləri də istirahət edirdi. Evdə tapdığımız adamların çoxu bizə üstündə oturmağa qoyun dərisi verir və ailənin bütün üzvlərini qulaq asmağa çağırırdılar. Bəzi əkinçilər verdiyimiz Müqəddəs Kitab ədəbiyyatına görə minnətdarlıqdan irəli gələrək bizə böyük zənbillərlə qarğıdalı verirdilər.
«Məni yaddan çıxarmadınız»
Əlbəttə, insanların Müqəddəs Kitabı yaxşı başa düşmələri üçün onların yanına bir dəfə gəlmək kifayət etmir. Çoxları xahiş edirdilər ki, yenidən qayıdaq və Müqəddəs Kitabı onlara öyrədək. Buna görə də Boliviyanın bu ərazisinə bir neçə dəfə gəldik.
Qoca bir qadın qayıtmağımıza sevinib dedi: «Siz mənim balamsınız. Məni yaddan çıxarmadınız». Bir kişi gördüyümüz işə görə minnətdarlığını bildirdi və təklif etdi ki, gələn dəfə gələndə onun evində qalaq. Çəkdiyimiz əməyin ən böyük mükafatı əvvəlki gəlişimizdə baş çəkdiyimiz bir qadının şəhərə köçdüyünü və indi orada xoş xəbəri təbliğ etdiyini eşitmək idi.
İlk səyahətimizin axırıncı günündə piltəmizin nefti qurtarmış, özümüzlə gətirdiyimiz ərzaq ehtiyatı isə lap az qalmışdı. Ocaq qalamaq üçün çır-çırpı yığıb, axırıncı yeməyimizi bişirdik və geriyə yola düşdük. Avtobusa minəcəyimiz şəhərdən çox uzaqda idik. Nəhayət, qaranlıqda gəlib ora çatdıq.
Evə qayıdırıq
Evə qayıtmaq da asan olmadı, yolda avtobusumuz xarab oldu. Bir qədər sonra adamlarla dolu yük maşınına minə bildik. Bu bizə nə üçün burada olmağımızla maraqlanan yol yoldaşlarımıza təbliğ etmək imkanı yaratdı. Təbiətcə utancaq olmalarına baxmayaraq, əslində bu adamlar səmimi və mehribandırlar.
Doqquz saat yük maşınının arxasında yol gedəndən sonra islanmış və sümüklərimizə qədər donmuş vəziyyətdə evə çatdıq. Ancaq səyahətimiz boşuna olmadı. Yolda, şəhərdə yaşayan bir qadın Müqəddəs Kitabı öyrənməyə razılıq verdi.
Belə ucqar yerlərdə yaşayan adamlara xoş xəbəri çatdırmaq, doğrudan da, çox gözəl imkandır. Biz dörd böyük, eləcə də çoxlu balaca kəndlərdə təbliğ etdik. İstər-istəməz bu sözlər yadımıza düşürdü: «Sülh xəbəri gətirən, dağları aşıb-gələn müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, qurtuluş xəbəri verir» (Yeşaya 52:7; Rom. 10:15).
[17-ci səhifədəki şəkil]
Xoş xəbəri bölüşməyə hazırıq