Hər şeyi bilmək həvəsindən düzgün istifadə edin
«İnsan suallar verən məxluqdur. Dünyaya göz açan gündən suallar veririk... Demək olar ki, bəşər tarixi biz insanların verdiyi suallar və cavablar tarixidir». Oktavio Pas, Meksika şairi.
AŞPAZI yeni yeməklər hazırlamağa nə təşviq edir? Tədqiqatçını uzaq yerlərə səyahət etməyə nə ilhamlandırır? Uşaqları çoxlu suallar verməyə nə vadar edir? Adətən, hər şeyi bilmək həvəsi.
Bəs sizin haqqınızda nə demək olar? Yeni fikirlər sizi cəlb edirmi? Sizi narahat edən suallara cavab axtarmağa çalışırsınızmı? Məsələn, həyat necə yaranıb? Biz nə üçün buradayıq? Allah mövcuddurmu? Bir çoxlarımız hər şeyi bilmək həvəsindən irəli gələrək uşaqlıqdan bu cür suallar verir və onlara cavab tapmağa çalışırıq. Bir şey bizi çox maraqlandıranda bu haqda hər şeyi öyrənməyə can atırıq. Hər şeyi bilmək həvəsi heyranedici nəticələr versə də, bəzən problemlərə, hətta bədbəxtliklərə də səbəb ola bilər.
Ehtiyatlı və tarazlı olmağın vacibliyi
Bir çoxları bilirlər ki, yersiz maraq problemlərə səbəb olur. Məsələn, uşaq qızmar sobaya əl vurarsa, yana bilər. Digər tərəfdən, hər şeyi bilmək həvəsi biliyimizi artırmağa və suallarımıza cavab axtarmağa təşviq edə bilər. Bəs lazım oldu-olmadı hər şeylə maraqlanmaq nə dərəcədə müdriklikdir?
Aydındır ki, müəyyən şeylər haqqında məlumat almaq zərər gətirir. Pornoqrafiyaya, mistikaya, təriqətlərin təlimlərinə və ya ekstremist qrupların ideyalarına maraq göstərmək bizim rifahımıza xələl yetirə bilər. Bir məzmurçunun duasında dediklərini bu və başqa sahələrdə təqlid etməyimiz yaxşı olardı: «Qoyma gözlərim fani şeylərə baxsın» (Məzmur 119:37).
Elə bilik var ki, öz-özlüyündə təhlükəli deyil, amma heç bir faydası da yoxdur. Məsələn, kino ulduzlarının və digər məşhur adamların şəxsi həyatları və ya texniki yeniliklər, avtomobillərin son modelləri haqda bilməyin, yaxud hər idman komandası və ya idmançı barədə statistik məlumatları izləməyin bir faydası varmı? Bu sahələrdə «mütəxəssis» olmaq bir çox insanlara heç bir fayda gətirməmişdir.
Təşviqedici nümunə
Əlbəttə, nəyəsə maraq göstərməyin müsbət tərəfi də var. Gəlin 19-cu əsrdə yaşamış alman təbiətşünası və tədqiqatçısı Aleksandr fon Humboldtun nümunəsinə nəzər salaq. Cənubi Amerikanın qərb sahilində aşkar etdiyi axın onun adını daşıyır.
Humboldt bir dəfə demişdi: «Cavanlığımdan bəri, avropalıların nadir hallarda ayaq basdıqları uzaq yerlərə səyahət etmək istəyim olub». Onun sözlərinə görə, bu istək, «bilik almaq həvəsi [onun] ağlına hakim kəsildiyi andan» yaranmışdı. O, 29 yaşında olanda Mərkəzi və Cənubi Amerikaya beşillik ekspedisiyaya yollandı. Səyahəti zamanı topladığı məlumatları 30 cildlik ensiklopediyada cəmləşdirmişdi.
Humboldtun diqqətini hər şey — okean suyunun hərarəti, orada üzən balıqlar, gördüyü hər bitki cəlb edirdi. O, dağlara dırmaşır, çayları tədqiq edir və okeanları gəzib-dolaşırdı. Humboldtun tədqiqatları müasir elmin bir sıra sahələrinin əsasını qoyub. Bütün bunlar onun hər şeyi öyrənmək həvəsindən başladı, bu sönməz arzu isə onu heç vaxt tərk etməmişdi. Amerikalı oçerk yazan Ralf Valdo Emerson yazmışdı: «Humboldt, sanki, insan zəkasının gücünü və imkanlarını göstərmək üçün yüz ildə bir dəfə dünyaya gələn... gözəl insanlardan biridir».
Bunu tədqiq etməyə dəyər
Əlbəttə, hamımızın Humboldt kimi tədqiqatçı olmaq, yaxud elmi açılışlar etmək imkanı yoxdur. Lakin elə bir sahə mövcuddur ki, biz onda öz əqli imkanlarımızdan istifadə edə və istənilən biliyin gətirdiyi mükafatdan daha böyük mükafat ala bilərik. İsa Məsih səmavi Atasına etdiyi duada bu bilik haqda xatırlatdı: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).
İsmi Yehova olan həqiqi Allah və Oğlu İsa Məsih haqqında bilik, hər şeyi bilmək həvəsimizi sözün əsl mənasında təmin edə bilər. Məqalənin əvvəlində həyat haqqında verilən sualları xatırlayın. Bu siyahıya növbəti sualları da əlavə etmək olar: nə üçün dünyada bu qədər əzab-əziyyət var? İnsanlar Yer kürəsini məhv edəcəklərmi? Nəyə görə əmin ola bilərik ki, Allah buna yol verməyəcək? Bu suallara cavab tapmaqla yalnız hər şeyi bilmək həvəsimizi təmin etməyəcəyik. İsanın sözlərinə əsasən, bunun sayəsində biz «əbədi həyat»ı alacağıq. Nəyə görə buna əmin ola bilərik?
Müqəddəs Kitab Allahın ilhamlanmış Kəlamıdır. Bu barədə həvari Pavel yazmışdır: «Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Timoteyə 3:16, 17).
Bir fikirləşin, həvari Pavelin sözlərinə görə, Müqəddəs Kitab biliyi bizi hər cür xeyirli iş üçün təchiz edir. Bu bizə hər şeyə Allahın gözü ilə baxmağa kömək edir. Və biz bilirik ki, Allah misilsiz bilik və hikmətə sahibdir. Peyğəmbər Yeşaya məhz bu haqda yazır: «“Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil” Rəbb belə bəyan edir. “Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir”» (Yeşaya 55:8, 9).
Siz Allahın yüksək yolları və fikirləri haqqında öyrənmək istərdinizmi? Allahın Kəlamı olan Müqəddəs Kitabda bu haqda deyilənləri bilmək sizə maraqlıdırmı? Allahın iztirablara necə son qoyacağını və itaətkar insanlara hansı xeyir-duaları verəcəyini öyrənmək istərdinizmi? Müqəddəs Kitab sizi dəvət edir: «Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər!» (Məzmur 34:8).
Gözləri açılan insana işıq necə təsir göstərirsə, Allahın Kəlamındakı həqiqət də səmimi insanlara elə təsir göstərir. Həvari Pavel nida etdi: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» (Romalılara 11:33). Doğrudur ki, Allahın bilik və hikmətinin zənginliyini dərk etmək üçün əbədiyyət belə bəs etməz! Buna görə də əbədi həyat darıxdırıcı olmayacaq, hər zaman yeni-yeni şeylər öyrənəcəyik.
Qoy biliyə olan həvəsiniz sönməsin!
Düzdür, əksəriyyətimiz heç zaman məşhur tədqiqatçı və ya ixtiraçı olmayacaq. Bəlkə də, qısa həyatımız ərzində öyrənmək istədiyimiz hər şeyi öyrənə bilməyəcəyik. Buna baxmayaraq, Allahın bəxş etdiyi biliyə həvəsinizin sönməsinə yol verməyin, daima onu qoruyub saxlayın.
Bu gözəl ənamdan düzgün istifadə edin və Allahın ilhamlanmış Kəlamı olan Müqəddəs Kitabı düzgün başa düşməyə can atın. Əgər belə etsəniz, bu sizə sevinc gətirəcək və həyatınız indi və əbədiyyən mənalı olacaq. Müqəddəs Kitab deyir: «Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11).
[21-ci səhifədəki çərçivə/şəkillər]
Bilirsinizmi ki...
• Kolumb və Magellan Yerin yastı yox, kürə formasında olduğunu aşkar edəndən əsrlər öncə bunun belə olduğu artıq Müqəddəs Kitabda deyilmişdi? (Yeşaya 40:22, KM).
• kosmonavtlar Yer kürəsini kosmosdan görməzdən min illər öncə Müqəddəs Kitab onun heçliyin üstündən asıldığını demişdi? (Əyyub 26:7).
• ingilis həkimi Uilyam Harvinin insan bədənində qan-damar sistemini təsvir etməsindən ən azı 2 500 il öncə Müqəddəs Kitabda artıq yazılmışdı ki, ürək insanın həyat çeşməsi, yəni həyat mənbəyidir? (Süleymanın məsəlləri 4:23).
• təxminən 3 000 il bundan əvvəl Müqəddəs Kitab həyat üçün vacib olan təbiətdə su dövranını sadə sözlərlə təsvir etmişdi? (Vaiz 1:7).
Məgər heyrətamiz deyilmi ki, bu elmi faktlar onların açılışından əsrlər öncə Müqəddəs Kitabda xatırlanıb? Doğrudan da, Müqəddəs Kitab həyat üçün vacib olan bilik dəryasıdır. Bunun belə olduğunu siz də görə bilərsiniz.
[19-cu səhifədəki şəkil]
Aleksandr fon Humboldt