Biz qorxmurduq, çünki Yehova bizimlə idi
Nəql etdi Eyiptiya Petridu
1972-ci ildə Kipr adasındakı Şahidlər, uzun müddət Yehovanın Şahidlərinin fəaliyyətinə rəhbərlik edən Neytan Norrun xüsusi məruzəsini dinləmək üçün, Nikosiyada toplaşmışdılar. Özümü təqdim etməyə macal tapmamış o məni dərhal tanıdı və soruşdu: «Misirdə işlər necə gedir?» Mən Norr qardaşla 20 il əvvəl doğma şəhərim İsgəndəriyyədə (Misir) tanış olmuşdum.
MƏN 1914-cü il yanvarın 23-də İsgəndəriyyədə anadan olmuşam. Ailədə dörd uşaq idik və ən böyüyü mən idim. Uşaqlığımız dənizin kənarında keçib. O zaman İsgəndəriyyə memarlığı və tarixi ilə tanınan gözəl çoxmillətli şəhər idi. Avropalılar və ərəblər yan-yana yaşadıqları üçün biz, ana dilimiz olan yunan dilindən savayı, ərəb, ingilis, fransız və italyan dillərində danışmağı öyrəndik.
Məktəbi bitirdikdən sonra fransız moda evində işə düzəldim və kübar cəmiyyətdən olan xanımlar üçün gözəl libaslar fikirləşib tikdiyimlə fəxr edirdim. Çox dindar idim. Müqəddəs Kitabı oxumağı xoşlayırdım, amma çox şeyi başa düşmürdüm.
Həmin ərəfədə, 1930-cu illərin ortalarında, Kipr adasından olan yaxşı bir oğlanla tanış oldum. Teodotos Petrides mahir güləşçi idi, o həmçinin şirniyyat məmulatlarının bişirilməsi sənətinə yiyələnmişdi və məşhur şirniyyat dükanında işləyirdi. Teodotos, mənə — bəstəboy, qarasaçlı qıza aşiq oldu. O, tez-tez pəncərəmin altında romantik yunan mahnıları oxuyurdu. Biz 1940-cı ilin iyun ayının 30-da evləndik. Necə də xoşbəxt günlər idi! Biz anamdan bir mərtəbə aşağıda yaşayırdıq. 1941-ci ildə ilk övladımız Con dünyaya gəldi.
Müqəddəs Kitab həqiqətini öyrənirik
Teodotos dinimizdən narazı olduğu üçün Müqəddəs Kitab haqqında suallar onu düşündürürdü. O məndən xəlvətcə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Günlərin bir günü, körpəmizlə evdə olarkən bir qadın qapımızı döydü və mənə üzərində Müqəddəs Kitab xəbəri yazılmış bir vərəqə verdi. Nəzakət xatirinə götürüb onu oxudum. Sonra o mənə Müqəddəs Kitab ədəbiyyatları təklif etdi. Bu ki Teodotosun evə gətirdiyi kitablardır!
«Bu kitablar məndə var», — deyə cavab verdim, — «Buyurun, içəri girin». Bu Şahidin adı Eleni Nikolau idi. Eleni oturmağa macal tapmamış ona suallar yağdırmağa başladım. O, Müqəddəs Kitabdan istifadə edərək səbrlə onlara cavab verirdi. Bu mənim xoşuma gəldi. Sanki, gözlərim açıldı və mən Müqəddəs Kitabı başa düşməyə başladım. Söhbətimizə bir az ara verəndə Eleni ərimin şəklini görüb ucadan dedi: «Mən onu tanıyıram!» Teodotosun sirrinin üstü açıldı. Sən demə, Teodotos mənsiz, hətta məndən gizlicə Yehovanın Şahidlərinin görüşlərinə gedirmiş! Həmin gün, Teodotos evə qayıdanda, ona dedim: «Keçən bazar getdiyin yerə bu həftə mən də səninlə gedəcəyəm!»
İlk dəfə getdiyim görüşdə on nəfər iştirak edirdi. Onlar Müqəddəs Yazıların «Mikeya» kitabını müzakirə edirdilər. Mən böyük maraqla dinləyib eşitdiklərimi qəbul edirdim. O gündən Corc və Katerini Petraki hər cümə bizimlə evimizdə Müqəddəs Kitab öyrənməsi keçirirdilər. Atam və ailəmizin başqa üzvləri Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyimizə qarşı çıxırdılar, lakin kiçik bacım heç vaxt Şahid olmasa da, etiqadıma hörmətlə yanaşırdı. Anam isə həqiqəti qəbul etdi. 1942-ci ildə anam, Teodotos və mən Yehovaya həsr olunmağımıza əlamət olaraq İsgəndəriyyədə, dənizdə vəftiz olduq.
Həyat çətinləşir
1939-cu ildə başlayan İkinci Dünya müharibəsi günü-gündən şiddətlənirdi. 1940-cı illərin əvvəllərində alman generalı Ervin Rommelin komandanlıq etdiyi tank qoşunu Əl-Əlameynə yaxınlaşdı, İsgəndəriyyə Britaniya əsgərləri ilə doldu. Biz quru ərzaq məhsulları ehtiyatı görməyə başladıq. Sonra Teodotosun müdiri ondan Süveyşin yaxınlığındakı Port-Taufiqdə yerləşən təzə şirniyyat dükanının qeydinə qalmağı xahiş etdi, buna görə də biz ora köçdük. İki yunandilli Şahid bizi axtarmağa başladı. Onlar ünvanımızı bilmirdilər, lakin evdən-evə təbliğ zamanı bizi tapdılar.
Port-Taufikdə Stavros və Yula Kipraosla və onların uşaqları Totos və Yeoria ilə Müqəddəs Kitabı öyrənirdik. Onlar bizim yaxın dostlarımız oldu. Stavros Müqəddəs Kitabı öyrənməyi o qədər xoşlayırdı ki, biz axırıncı qatara gecikək və onlarla daha çox qalaq deyə, evdəki bütün saatları bir saat geriyə çəkirdi. Müzakirələrimiz gecəyarıyadək davam edirdi.
18 aydan sonra, anam xəstələnəndə, İsgəndəriyyəyə döndük. 1947-ci ildə o öldü, amma ömrünün sonunadək Yehovaya sadiq qaldı. Biz bir daha Yehovanın yetkin məsihçilərlə ruhlandırıcı ünsiyyət vasitəsilə bizə necə ürək-dirək verdiyini hiss etdik. Başqa ölkələrə təyinat alan missionerlərin gəmiləri yolüstü İsgəndəriyyədə dayananda onları qonaq almaq imkanımız olurdu.
Sevincli və kədərli anlar
1952-ci ildə ikinci oğlumuz Ceyms dünyaya gəldi. Biz, bir valideyn kimi, uşaqları sağlam ruhani ab-havada böyütməyin vacibliyini dərk edirdik, buna görə də evimizi yığıncaq görüşlərinin keçirilməsi üçün təqdim etdik və tez-tez tammüddətli xidmətçiləri qonaq çağırırdıq. Bunun sayəsində böyük oğlumuz Con Müqəddəs Kitab həqiqətini sevdi və hələ yeniyetmə ikən pioner xidmətinə başladı. Eyni zamanda, orta təhsilini bitirmək üçün gecə məktəbində oxuyurdu.
Bir qədər sonra Teodotosda ciddi ürək xəstəliyi aşkar olundu və həkim ona işini dəyişməyi məsləhət gördü. O vaxt oğlumuz Ceyms dörd yaşında idi. Çarəmiz nə idi? Məgər Yehova vəd etməmişdimi: «Qorxma, çünki Mən səninləyəm»?! (Yeşaya 41:10). 1956-cı ildə Süveyş kanalının yaxınlığındakı İsmailiyyə şəhərində pioner kimi xidmət etməyə dəvət alanda təəccübləndik və sevincimiz yerə-göyə sığmırdı! Növbəti illərdə Misirdə vəziyyət qeyri-sabit idi və məsihçi qardaşlarımızın ürək-dirəyə ehtiyacları vardı.
1960-cı ildə hərəmiz əlində bir çamadanla Misiri tərk etməli olduq. Biz ərimin vətəni olan Kiprə köçdük. Artıq Teodotosun səhhəti pisləşmişdi və o işləyə bilmirdi. Amma bir xeyirxah məsihçi qardaşımız və onun arvadı bizə evlərində yaşamağı təklif etdilər. Əfsuslar olsun ki, iki ildən sonra ərim öldü və mən balaca Ceymslə tək qaldım. Bizimlə birgə Kiprə gələn Con evli idi və öz ailəsinin qayğısını çəkməli idi.
Çətin anlarda qayğı
Sonra Stavros və Dora Kairis bizə öz evlərində yaşamağı təklif etdilər. Mən diz çöküb, Yehovaya yenə də qayğımıza qaldığına görə minnətdarlıq etdim (Məz. 145:16). Stavros və Dora evlərini satıb, birinci mərtəbəsində Padşahlıq Zalı olacaq başqa bir ev tikməyi qərara alanda xeyirxahlıq göstərib mənimlə Ceyms üçün yanında əlavə iki balaca otaq da tikdilər.
Ceyms də böyüyüb ailə qurdu və ilk övladı dünyaya gələnə qədər həyat yoldaşı ilə pioner kimi xidmət edirdi. Sonra onların daha üç övladı oldu. 1974-cü ildə, Neytan Norrun yaddaqalan gəlişindən iki il sonra, Kiprdə siyasi çevriliş baş verdia. Yehovanın Şahidləri də daxil olmaqla, bir çox insanlar evlərindən qaçmalı və hər şeyi yenidən başlamalı oldular. Oğlum Con onlardan biri idi. O, yoldaşı və üç uşağı ilə Kanadaya köçdü. Çoxları Kipri tərk etsə də, təbliğçilərin sayı artmaqda davam edirdi.
Təqaüdə çıxanda xidmətdə daha çox iştirak edə bilirdim. Lakin bir neçə il bundan əvvəl mikroinsult keçirdim və oğlum Ceymsgilə köçməli oldum. Bir qədər sonra, səhhətim daha da pisləşəndə, bir neçə həftə xəstəxanada yatdım, sonra qocalar evinə köçdüm. Həmişə ağrımağıma baxmayaraq, işçilərə, pasientlərə və burada olanlara baş çəkməyə gələn insanlara şəhadətlik edirəm. Mən çox oxuyub-araşdırıram və ruhani qardaşlarımın köməyi ilə yaxınlıqda keçən kitaböyrənməyə gedə bilirəm.
Ahıl yaşlarımda təsəlli
Teodotosla kömək etdiyimiz insanlardan xəbər alanda ürəyim sevinir. Onların uşaqlarının əksəriyyəti və nəvələri tammüddətli xidmətdədirlər: bəziləri Avstraliyada, Kanadada, İngiltərədə, Yunanıstanda və İsveçrədə xidmət edirlər. Oğlum Con arvadı və oğlu ilə Kanadada yaşayır. Onların böyük qızı əri ilə birgə pioner kimi xidmət edirlər. Onların kiçik qızı Linda əri Coşua Sneplə birgə Gilead Məktəbinin 124-cü sinfinə dəvət alıblar.
Oğlum Ceyms arvadı ilə birgə hal-hazırda Almaniyada yaşayır. Onların iki oğlu Bet-Eldə — biri Afinada (Yunanıstan), o birisi isə Zeltersdə (Almaniya) xidmət edir. Onların kiçik oğlu, qızı və onun yoldaşı Almaniyada pioner kimi xidmət edirlər.
Anam və əziz Teodotosum diriləndə onlara danışası çox şeyimiz olacaq. Onlar ailələrinə nə qədər qiymətli miras qoyduqlarını görəndə çox şad olacaqlarb.
[Haşiyələr]
a «Oyanın!» jurnalının 1974-cü il 22 oktyabr sayının 12-15-ci səhifələrinə baxın (ing.).
b Bu məqalə çapa hazırlananda Eyiptiya Petridu bacı öldü. Onun 93 yaşı vardı.
[24-cü səhifədəki çərçivə]
Biz bir daha Yehovanın yetkin məsihçi dostlarımızla ruhlandırıcı ünsiyyət vasitəsilə bizə necə ürək-dirək verdiyini hiss etdik
[24-cü səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
KİPR
NİKOSİYA
ARALIQ DƏNİZİ
MİSİR
QAHİRƏ
İsgəndəriyyə
Əl-Əlameyn
İsmailiyyə
Süveyş
Port-Taufiq
Süveyş kanalı
[İcazə ilə]
Based on NASA/Visible Earth imagery
[23-cü səhifədəki şəkil]
Teodotosla, 1938-ci il
[25-ci səhifədəki şəkil]
Con və həyat yoldaşı
[25-ci səhifədəki şəkil]
Ceyms və həyat yoldaşı