Yehovanın Kəlamı canlıdır
«Vəhy» kitabından diqqətəlayiq fikirlər — I hissə
YAŞA DOLMŞ həvari Yəhya Patmos adasında sürgündə olarkən 16 görüntü alır. Həmin görüntülərdə o, Yehova Allahın və İsa Məsihin Rəbbin günündə, yəni 1914-cü ildə Allahın Padşahlığının təsis edilməsindən Məsihin Minillik Hökmranlığının sonunadək nə edəcəklərini görür. Eramızın təxminən 96-cı ilində Yəhyanın yazdığı «Vəhy» kitabı həmin görüntülərin parlaq təsviridir.
Gəlin indi Yəhyanın Vəhy 1:1–12:17 ayələrində yazılan ilk yeddi görüntüsündəki diqqətəlayiq fikirləri nəzərdən keçirək. Bu görüntülər bizim üçün mühüm əhəmiyyət kəsb edir, ona görə ki, onlar dünya səhnəsində hal-hazırda baş verən hadisələrə aiddir və Yehovanın yaxın gələcəkdə nələr edəcəyini göstərir. Bu görüntüləri imanla oxuyanlar təsəlli alır və ruhlanırlar (İbr. 4:12).
«QUZU» YEDDİ MÖHÜRDƏN ALTISINI AÇIR
İlk növbədə, Yəhya izzətlənmiş İsa Məsihi görür və ‘kitaba yazıb yeddi cəmiyyətə göndərməli’ olduğu bir sıra məlumatlar alır (Vəhy 1:10, 11). Sonra o, göydə qurulmuş bir taxt görür. Taxtda oturanın sağ əlində yeddi möhürlə möhürlənmiş bir tumar var. ‘Tumarı açmağa layiq’ görülən məhz «Yəhuda qəbiləsindən olan Aslan» və ya ‘yeddi buynuzu və yeddi gözü olan Quzudur’ (Vəhy 4:2; 5:1, 2, 5, 6).
Üçüncü görüntüdə «Quzu» ilk altı möhürü bir-birinin ardınca açanda baş verən hadisələr təsvir olunur. Altıncı möhür açılanda böyük bir zəlzələ baş verir və böyük qəzəb günü gəlir (Vəhy 6:1, 12, 17). Növbəti görüntüdə o, 144 000-nin möhürlənməsinin başa çatıncaya qədər ‘dünyanın dörd küləyini tutan dörd mələyi görür’. Yəhya möhürlənməmiş ‘böyük bir izdihamın’ ‘taxtın və Quzunun qarşısında durduğunu’ görür (Vəhy 7:1, 9).
Müqəddəs Kitab suallarına cavablar:
1:4; 3:1; 4:5; 5:6 — ‘Yeddi ruh’ ifadəsi nəyə işarə edir? Yeddi rəqəmi Allahın nöqteyi-nəzərincə tamlığı bildirir. Buna görə də, «yeddi cəmiyyətə» ünvanlanan məktub nəticə etibarilə bütün dünyada 100 000-dən artıq yığıncaqdan ibarət olan Allahın xalqına aiddir (Vəhy 1:11, 20). Yehova Öz müqəddəs ruhunu həyata keçirmək istədiyi niyyətinə uyğun verdiyi üçün ‘yeddi ruh’ ifadəsi bu peyğəmbərliyə diqqət yetirənlərə dərin anlayış və xeyir-dualar verməkdə Allahın qüvvəsinin tam fəaliyyət göstərdiyinə işarə edir. «Vəhy» kitabı boyunca yeddi rəqəminə tez-tez rast gəlinir. Burada yeddi rəqəmi tamlıq rəmzidir və kitab Allahın müqəddəs ‘sirrinin tamamlanmasından’ bəhs edir (Vəhy 10:7).
1:8, 17 — «Alfa və Omeqa», həmçinin «Birinci, Axırıncı» titulları kimə aiddir? «Alfa və Omeqa» titulu Yehovaya aid olub, Ondan əvvəl və sonra Külli-İxtiyar Allahın olmayacağını göstərir. O, ‘Başlanğıc və Sondur’ (Vəhy 21:6; 22:13). Yehova Vəhy 22:13 ayəsində Özündən əvvəl və sonra Allah olmadığını bildirən ‘Birinci və Axırıncı’ titulu ilə təsvir olunsa da, «Vəhy» kitabının birinci fəslinin konteksti göstərir ki, buradakı ‘Birinci və Axırıncı’ titulu İsa Məsihə aiddir. O, ölməz ruhani varlıq kimi Yehova tərəfindən dirildilən ilk və son insandır (Kolos. 1:18).
2:7 — ‘Allahın cənnəti’ nədir? Bu sözlər məsh olunmuşlara ünvanlandığı üçün bu ayədəki cənnət sözü cənnətəbənzər səmavi aləmə — Yehovanın olduğu yerə aiddir. Sadiq məsh olunmuşlara «həyat ağacından» yemək mükafatı veriləcək. Onlar ölməzliyi alacaqlar (1 Kor. 15:53).
3:7 — İsa ‘Davudun açarını’ (KM) nə zaman aldı və ondan necə istifadə edir? İsa eramızın 29-cu ilində vəftiz olunanda Davudun sülaləsindən gələn və Allah tərəfindən təyin olunmuş Padşah oldu. Lakin o, Davudun açarını eramızın 33-cü ilində göyə ucaldılıb Allahın sağında oturanda aldı. Orada o, Davudun Padşahlığının bütün hüquqlarını miras aldı. İsa o vaxtdan etibarən Padşahlıqla bağlı imkanları açaraq bu açardan istifadə edir. İsa 1919-cu ildə qul sinfini ‘bütün malikanəsi’ üzərinə təyin etməklə «Davud nəslinin açarını» ‘sadiq və ağıllı qula’ həvalə etdi (Yeşaya 22:22; Mat. 24:45, 47).
3:12 — İsanın ‘yeni adı’ nədir? Bu ad İsanın yeni vəzifəsi və səlahiyyətləri ilə bağlıdır (Filip. 2:9-11). Bu ad İsadan başqa heç kimə məlum olmasa da, İsa onu göydə sadiq qardaşlarının üzərinə yazır və bunun sayəsində İsa ilə onların arasında yaxın münasibətlər yaranır (Vəhy 19:12). O, hətta Yehovanın ona verdiyi nadir səlahiyyətləri onlarla bölüşür!
Bizim üçün ibrət dərsləri:
1:3. Şeytanın dünyası üzərində Allahın Öz hökmlərini icra etmək üçün təyin olunan ‘vaxt yaxınlaşdığı’ üçün «Vəhy» kitabındakı xəbəri başa düşmək və ona əsasən davranmaq olduqca vacibdir.
3:17, 18. Ruhən zəngin olmağımız üçün İsadan «odla təmizlənmiş qızıl» almalıyıq, yəni ‘yaxşı işlərlə varlı olmalıyıq’ (1 Tim. 6:17-19). Biz həmçinin Məsihin davamçıları olduğumuzu aydın göstərən ‘ağ paltar’ geyinməliyik və ruhani anlayışımız olsun deyə «göz dərmanı» sürtməliyik, yəni «Gözətçi Qülləsi» jurnalındakı məsləhətlərə əməl etməliyik (Vəhy 19:8).
7:13, 14. Yalnız padşah kimi yox, həm də kahin kimi də xidmət edən, səmavi izzətə qovuşmuş 24 ağsaqqal 144 000-ni təmsil edir. Onlar qədim İsraildə Davudun 24 qrupa ayırdığı kahinlərlə təmsil olunurdular. Ağsaqqallardan biri Yəhyaya böyük izdihamın kim olduğunu açıqlayır. Buna görə də təxmin etmək olar ki, məsh olunmuş məsihçilərin dirilməsi 1935-ci ilə qədər başlamalı idi. Nəyə görə? Çünki həmin il Allahın yer üzündəki məsh olunmuşlarına böyük izdihamın dəqiq kim olduğu açıqlandı (Luka 22:28-30; Vəhy 4:4; 7:9).
YEDDİNCİ MÖHÜRÜN AÇILMASI YEDDİ ŞEYPURUN ÇALINMASINA SƏBƏB OLUR
Quzu yeddinci möhürü açır. Yeddi mələyə yeddi şeypur verilir. Mələklərin altısı bəşəriyyətin ‘üçdə birinə — Xristian dünyasına hökm xəbərlərini bəyan edərək şeypurlarını çalır (Vəhy 8:1, 2, 7-12; 9:15, 18). Yəhya bunu beşinci görüntüdə görür. Növbəti görüntüdə iştirak edərək Yəhya kiçik tumarı yeyir və məbədi ölçür. Yeddinci şeypur çalınandan sonra yüksək səslər bəyan edir: «Dünya səltənəti Rəbbimizin və Onun Məsihinin səltənəti oldu» (Vəhy 10:10; 11:1, 15).
Yeddinci görüntü Vəhy 11:15, 17 ayələrində yazılanlara aydınlıq gətirir. Göydə böyük bir əlamət görünür. Səmavi qadın bir oğlan uşağı doğur. İblis göydən qovulur. O, səmavi qadına qəzəblənərək onun ‘nəslindən olanlarla vuruşmağa’ gedir (Vəhy 12:1, 5, 9, 17).
Müqəddəs Kitab suallarına cavablar:
8:1-5 — Nəyə görə asimana sükut çökdü və sonra yerə nə atıldı? Yer üzündəki ‘müqəddəslərin duaları’ eşidilsin deyə asimana simvolik sükut çökmüşdü. Bu, Birinci Dünya müharibəsinin sonunda baş vermişdi. Məsh olunmuş məsihçilər, onlardan bir çoxlarının ümid etdikləri kimi, digər xalqların vaxtı bitəndə göyə qalxmamışdılar. Müharibə zamanı onların çox çətinlikləri olmuşdu. Buna görə də onlar rəhbərlik üçün səylə dua edirdilər. Onların dualarına cavab olaraq, mələk yer üzünə məsh olunmuş məsihçiləri ruhən alovlandıran simvolik od atır. Onlar sayca az olsalar da, Allahın Padşahlığını qızğın məsələyə çevirən, bununla da Xristian dünyasına od vuran ümumdünya təbliğ işinə başladılar. Müqəddəs Kitabdan göy gurultuları tək xəbərdarlıqlar səslənməyə başlandı, Yehovanın Kəlamından çıxan həqiqət işıqları şimşək kimi parıldadı və güclü zəlzələdən sarsılan binalar kimi, yalan din təməlindən sarsıldı.
8:6-12; 9:1, 13; 11:15 — Yeddi mələk şeypurlarını çalmağa nə zaman hazırlaşdı və şeypur səsləri nə zaman və necə səsləndi? Yeddi şeypurun çalınması üçün görülən hazırlıq yeni qüvvə verilmiş Yəhya sinfinin yer üzündəki üzvlərinə 1919-cu ildən 1922-ci ilədək rəhbərlik verilməsini özünə daxil edirdi. Bunun nəticəsində həmin məsihçilər təbliğ xidmətini yenidən təşkil etmək və tipoqrafiyalar tikməklə məşğul oldular (Vəhy 12:13, 14). Şeypurların çalınması Allahın xalqının mələklərlə əməkdaşlıq edərək Şeytan dünyasına qarşı Yehovanın hökmlərini mərdcəsinə bəyan etməsini təmsil edir. Qeyd etmək lazımdır ki, bu, 1922-ci ildə Sidar-Pointdə (Ohayo ştatı) keçirilən konqreslə başladı və böyük məşəqqətə qədər davam edəcək.
8:13; 9:12; 11:14 — Son üç şeypurun səsinin gətirdiyi «vay» və ya «müsibət» nədir? İlk dörd şeypur səsi Xristian dünyasının ruhən ölü vəziyyətini bəyan etdiyi halda, son üç şeypurun səsi «vay» gətirir, çünki konkret hadisələrə işarə edir. Beşinci şeypurun səsi Allahın xalqının 1919-cu ildə ‘dibsiz dərinliklərdən’, yəni fəaliyyətsizlikdən azad olması və onların Xristian dünyası üçün əzabverici bəlaya çevrilən sürəkli şahidlik işləri ilə bağlıdır (Vəhy 9:1). Altıncısı tarixdə ən böyük süvari hücumu və 1922-ci ildə başlanan ümumdünya təbliğ kampaniyası haqqındadır. Sonuncu şeypur səsi Padşahlığın doğulması ilə əlaqəlidir.
Bizim üçün ibrət dərsləri:
9:10, 19. ‘Sadiq və ağıllı qulun’ Müqəddəs Kitaba əsaslanan etibarlı nəşrlərində insanları «sancan» xəbər var (Mat. 24:45). Bu xəbər ‘əqrəb neştərinə’ bənzəyən çəyirtkə quyruqlarına və «ilana bənzər quyruqları» olan döyüş atlarına müvafiqdir. Nəyə görə? Ona görə ki, bu nəşrlər ‘Allahın qisas günü’ haqqında xəbərdarlıq edir (Yeşaya 61:2). Gəlin onları paylamaqda cəsarətli və səyli olaq.
9:20, 21. Qeyri-xristian xalqlar arasında yaşayan bir çox həlim insanlar bəyan etdiyimiz xəbərə yaxşı hay verirlər. Lakin biz gözləmirik ki, «digər insanlar» kimi istinad edilən və Xristian dünyasına mənsub olmayanlar gətirdiyimiz xəbəri kütləvi şəkildə qəbul edəcək. Buna baxmayaraq, biz səylə xidmət etməyə davam edirik.
12:15, 16. «Yer» — Şeytanın sisteminə daxil olan ayrı-ayrı elementlər, yəni müxtəlif ölkələrin hakimiyyət dairələri dini etiqad azadlığını dəstəklədilər. 1940-cı illərdən etibarən, bu hakim dairələr «ağzını açıb, əjdahanın ağzından püskürdüyü çayı [təqibləri] uddu». Həqiqətən də, Yehova bunu etmək qərarına gələndə hökumət dairələrinin Onun iradəsini yerinə yetirmələrinə təsir edə bilər. Buna görə də Süleymanın məsəlləri 21:1 ayəsindəki sözlər çox yerindədir: «Padşahın ürəyi Rəbbin əlindədir, onu su arxı kimi istədiyi səmtə döndərər». Bu, Allaha olan imanımızı möhkəmləndirməlidir.