Hər şeyin öz vaxtı var
Müqəddəs Kitabda deyilir: «Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var». Bu sözləri yazan qədimdə yaşamış müdrik padşah Süleyman sözünə davam edərək demişdi ki, doğulmağın, ölməyin, qurmağın, yıxmağın, sevməyin, nifrət etməyin öz vaxtı var. Sonda o qeyd etmişdi: «İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?» (Vaiz 3:1-9).
BU SÖZLƏRİ oxuyanda bəzi insanlar belə nəticəyə gəlirlər ki, Müqəddəs Kitab doğrudan da hər şey üçün vaxt təyin edildiyini öyrədir, başqa sözlə, onlar düşünürlər ki, Müqəddəs Kitab tale ehkamının doğruluğunu təsdiq edir. Bu, həqiqətən də belədirmi? Müqəddəs Kitab həyatda hər şeyin qabaqcadan müəyyən edildiyini təsdiqləyirmi? ‘Hər Müqəddəs Yazı Allahdan ilham aldığı’ üçün onun bir hissəsində oxuduğumuz digər hissəsində yazılanlara uyğun gəlməlidir. Buna görə də gəlin görək Allahın Kəlamı olan Müqəddəs Kitabın digər hissələrində bu məsələ ilə bağlı nə deyilir (2 Timoteyə 3:16).
Vaxt və təsadüf
Vaiz kitabında Süleyman daha sonra yazır: «Dönüb günəş altında gördüm ki, yarışı həmişə bərk qaçanlar udmur, müharibədə həmişə igidlər qalib gəlmir, çörək həmişə müdriklərə, var-dövlət həmişə başa düşən adamlara nəsib olmur, iltifat biliklilərə göstərilmir». Nə üçün? «Çünki vaxt və təsadüfdür ki, hər kəsin qabağına çıxır» (Vaiz 9:11, YD).
Süleyman həyatda hər şeyi taleyin müəyyən etdiyini demirdi, əksinə, o göstərirdi ki, insanlar etdikləri işin nəticəsinin necə olacağını dəqiqliklə deyə bilməzlər, «çünki vaxt və təsadüfdür ki, hər kəsin qabağına çıxır». Çox vaxt insan sadəcə namünasib vaxtda namünasib yerdə olduğu üçün başı bəlaya düşür.
Məsələn, götürək bu fikri: «Yarışı həmişə bərk qaçanlar udmur». Bəlkə də, 1984-cü ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən Olimpiya oyunları zamanı qadınlar arasında 3 000 metrlik qaçış üzrə yarışda baş vermiş məşhur, eyni zamanda qəribə bir hadisəni xatırlayırsınız, yaxud, ola bilsin, bu haqda oxumusunuz. Biri Britaniyanı, digəri isə Birləşmiş Ştatları təmsil edən qaçışçıların hər ikisi qızıl medal almağa ümid edirdilər. Ancaq yarışın ortasında onlar bir-birinə dəydilər. Biri yıxıldı və yarışdan çıxdı, digəri isə elə ruhdan düşdü ki, finişə ancaq yeddinci gələ bildi.
Hadisələrin belə cərəyan etməsi taleyinmi oyunu idi? Bəziləri belə düşünə bilər. Ancaq aydındır ki, hər ikisinin yarışda uduzmasına səbəb bir-birlərinə dəymələri oldu, bunun baş verəcəyini isə heç kim bilə bilməzdi. Onların bir-birinə dəyməsi qabaqcadan müəyyən edilmişdimi? Yenə də bəziləri bunun belə olduğunu deyə bilər. Ancaq şərhçilər hadisənin səbəbini bir-birinə yaxın qaçaraq, bir-birini ötməyə çalışan iki güclü atlet arasındakı gərgin rəqabətdə görmüşdülər. Müqəddəs Kitabın dediyi kimi, «vaxt və təsadüfdür ki, hər kəsin qabağına çıxır». İnsanın nə qədər yaxşı hazırlaşmasından asılı olmayaraq, həmişə işin nəticəsinə təsir edən gözlənilməz hadisələr baş verə bilər ki, bunun da tale ilə heç bir əlaqəsi yoxdur.
Bəs onda Müqəddəs Kitabda deyilən «hər şeyin öz vaxtı var» sözlərinin mənası nədir? Həyatımızın necə olacağına — taleyimizə təsir edə biləcək nə isə edə bilərikmi?
Hər işin öz vaxtı
Allahdan ilham alan Müqəddəs Kitab yazıçısı ayrı-ayrı insanların taleyindən, yaxud həyatının necə olacağından yox, Allahın niyyətindən və onun bəşəriyyətə necə təsir edəcəyindən danışırdı. Bunu haradan bilirik? Əsas etibarilə kontekstdən. «Öz vaxtı» olan bir çox şeyi sadaladıqdan sonra, Süleyman yazır: «Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. Allah hər şeyi öz vaxtında gözəl yaratdı» (Vaiz 3:10, 11).
Allah insanlara bir çox məşğuliyyətlər və ya işlər vermişdir ki, bunlardan da bəzilərini Süleyman sadalamışdı. Allah, həmçinin etmək istədiyimiz şeyi seçmək üçün bizə iradə azadlığı da vermişdir. Ancaq yaxşı nəticə versin deyə, hər işi görməyin öz münasib vaxtı var. Məsələn, götürək Süleymanın Vaiz 3:2 ayəsində yazılan «əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı» sözlərini. Əkinçi bilir ki, hər bitkini əkməyin öz vaxtı var. Bəs əgər əkinçi bu sadə fakta əhəmiyyət verməyərək, bitkini yanlış vaxtda və ya fəsildə əkərsə, onda nə olar? Çox əlləşib-vuruşmasına baxmayaraq, yaxşı məhsul götürməsə, bunda taleyi günahlandıra bilərmi? Sözsüz ki yox! O, sadəcə olaraq bitkini münasib vaxtda əkməmişdi. Yaradanın müəyyən etdiyi təbiət qanunlarına uyğun hərəkət etsəydi, əkinçi uğur qazanardı.
Beləliklə, Allah ayrı-ayrı insanların taleyini, yaxud bütün hadisələrin nəticəsini yox, insanların fəaliyyətini Öz məqsədinə uyğun olaraq idarə edən prinsiplər müəyyən etmişdir. Gördükləri işin bəhrəsindən zövq almaq üçün insanlar Allahın niyyətini və Onun müəyyən etdiyi vaxtı başa düşməli və ona uyğun davranmalıdırlar. Qabaqcadan müəyyən edilən və dəyişilməz olan insanların taleyi yox, Allahın niyyət etdiyi şeylərdir. Yeşaya peyğəmbər vasitəsilə Yehova bəyan etmişdi: «Ağzımdan çıxan kəlmə... boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11).
Bəs Allahın yerə və insanların gələcəyinə dair dediyi və ‘həyata keçəcək’ «kəlmə», başqa sözlə, bəyan etdiyi niyyət nədən ibarətdir?
Allahın müəyyən etdiyi vaxtı başa düşməliyik
Süleyman bunu başa düşməkdə bizə kömək edir. «Allah hər şeyi öz vaxtında gözəl yaratdı» dedikdən sonra, o davam edir: «Əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11).
Bu ayədə çox şey yazılıb, ancaq sadə fakt odur ki, ürəyimizin dərinliyində hər birimizi həyatın mənası və öz taleyimiz narahat edir. Bəşər tarixi boyunca insanlar həyatın sadəcə zəruri şeylərə görə əlləşib-vuruşmaqdan, axırda da ölməkdən ibarət olması ilə barışa bilməmişlər. Biz insanlar yeganə varlıqlarıq ki, yalnız indiki həyatımız yox, həm də ömrümüzün axırı və sonra nə olacağı haqda düşünürük. Ürəyimiz hətta əbədi yaşamaq istəyi ilə də döyünür. Axı niyə? Çünki Müqəddəs Yazılarda izah edildiyi kimi, Allah ‘əbədiyyəti insanların ürəyinə qoyub’.
Bu istəyi təmin etmək arzusu ilə insanlar ölümdən sonra yaşayacaqları fikrinə sarılıblar. Bəziləri belə qənaətə gəlir ki, insan öləndən sonra ondan nə isə yaşamağa davam edir. Başqaları isə əbədiyyət boyunca ölüb yenidən diriləcəklərinə inanırlar. Bir başqaları düşünür ki, həyatda baş verən hər şeyi Allah alınlarına yazıb və onu dəyişmək üçün heç nə edə bilməzlər. Təəssüf ki, bu fikirlərdən heç biri tam qaneedici deyil. Çünki Müqəddəs Kitabda deyilir ki, öz gücünə «insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz».
Bilmək arzusu ilə cavab tapmaq qarşısındakı acizlik arasında gedən bu uzun və gərgin mübarizə əsrlər boyunca mütəfəkkir və filosofları narahat etmişdir. Ancaq bu istəyi ürəyimizə Allah qoyduğundan, məntiqə uyğun deyilmi ki, bu istəyin təmin edilməsini də Ondan gözləyək? Hər şeydən savayı, Müqəddəs Kitab Yehova haqqında deyir: «Əlini açırsan, bütün canlıları doyunca yedirirsən» (Məzmur 145:16). Allahın Kəlamı olan Müqəddəs Kitabı araşdırmaqla həyatın, ölümün və Allahın yerə və bəşər ailəsinə dair əbədi niyyətinin qənaətbəxş izahını tapa biləcəyik (Efeslilərə 3:11).
[5-ci səhifədəki yazı]
«Yarışı həmişə bərk qaçanlar udmur» (Vaiz 9:11)
[6-cı səhifədəki yazı]
Əkinçi bitkini vaxtında əkməsə, az məhsul götürdüyünə görə taleyi günahlandıra bilərmi?
[7-ci səhifədəki yazı]
‘Allah əbədiyyəti insanların ürəyinə qoyduğu’ üçün biz həyat və ölüm haqqında düşünürük