Yehova bizim Ali hökmdarımızdır!
«Xudavənd Rəbbə [«Ali Hökmdar Yehovaya», YD] pənah gətirmişəm» (MƏZ. 73:28).
1. Pavel 1 Korinflilərə 7:31 ayəsində nəyə istinad edir?
«BU DÜNYANIN səhnəsi dəyişir». Bu sözləri həvari Pavel qələmə alıb (1 Kor. 7:31). Burada o, dünyanı səhnəyə bənzədir. Səhnələr bir-birini əvəz etdikcə müsbət və mənfi rollarda çıxış edən aktyorlar yerlərini başqalarına verirlər.
2, 3. a) Yehovanın ali hökmranlığına meydan oxunmasını nə ilə müqayisə etmək olar? b) Biz hansı sualları müzakirə edəcəyik?
2 Hal-hazırda daha möhtəşəm tamaşa gedir və sən də onun iştirakçısısan. Bu tamaşanın əsas süjet xətti Yehova Allahın ali hökmranlığının bəraət qazanmasıdır. Onu bəzi ölkələrdəki vəziyyətlə müqayisə etmək olar. Bir tərəfdə nizam-intizamı qoruyan qanuni hökumət, digər tərəfdə isə fırıldaqçılığa, zorakılığa əl atan və qətl törədən cinayətkar təşkilat. Qeyri-qanuni hökumət qanuni hökumətə meydan oxuyur və bütün vətəndaşların dövlətə sadiqliyini sınağa çəkir.
3 Eyni vəziyyət dünya miqyasında da mövcuddur. ‘Xudavənd Rəbbin [«Ali Hökmdar Yehovanın», YD]’ qanuni hökuməti təsis olunub (Məz. 71:5). Bununla belə, dünyanı «Şəririn» başçılıq etdiyi cinayətkar təşkilat idarə edir və bunun ucbatından bütün bəşəriyyət təhlükə altındadır (1 Yəh. 5:19). Bu təşkilat Allahın qanuni hökumətinə qarşı çıxır və bütün insanların Allahın ali hökmranlığına sadiqliyini sınağa çəkir. Vəziyyət bu yerə necə gəlib çıxdı? Allah nəyə görə buna yol verir? Şəxsən hər birimiz bu vəziyyətdə nə edə bilərik?
Tamaşanın süjet xətti
4. Dünya miqyasında gedən tamaşanın süjet xəttinə bir-birilə bağlı olan hansı iki məsələ daxildir?
4 Dünya miqyasında gedən bu tamaşanın süjet xəttinə bir-birilə bağlı olan iki məsələ — Yehovanın ali hökmranlığı və insanların nöqsansızlığı daxildir. Müqəddəs Yazıların orijinal mətnində Yehova tez-tez «Ali Hökmdar» adlanır. Misal üçün, Allaha tam etibar edən məzmurçu oxuyurdu: «Xudavənd Rəbbə [«Ali Hökmdar Yehovaya», YD] pənah gətirmişəm» (Məz. 73:28). Bizim Yehova Allaha Haqq-Taala və Ali Hökmdar kimi baxmağa tam əsasımız var (Dan. 7:22).
5. Nəyə görə biz Yehovanın ali hökmranlığına sadiq qalmalıyıq?
5 Yehova Yaradan olduğu üçün həm Yer kürəsinin, həm də bütün Kainatın Ali Hökmdarıdır. (Vəhy 4:11 ayəsini oxu.) Üstəlik, O, Hakim, qanun qoyan və Padşahdır, bu səbəbdən ümumdünya hökumətin məhkəmə, qanunverici və icraedici hakimiyyəti Ona məxsusdur (Yeşaya 33:22). Biz Allahı Ali Hökmdarımız kimi qəbul etməliyik, çünki həyatımıza görə Ona borcluyuq və Ondan asılıyıq. Müqəddəs Kitabda deyilir: «Yehova taxtını göylərdə bərqərar edib, O, hər şeyin üzərində hökmranlıq edir». Bunu həmişə yadda saxlasaq, Onun ali hökmranlığına sadiq qalacağıq (Məz. 103:19; Həv. iş. 4:24).
6. Nöqsansızlıq nədir?
6 Yehovanın ali hökmranlığına sadiq qalmaq üçün biz nöqsansızlığımızı qorumalıyıq. «Nöqsansızlıq» özünə əxlaqi bütövlüyü daxil edir. Nöqsansız insan həm də qüsursuz və salehdir. Əyyub peyğəmbər məhz belə insan olub (Əyy. 1:1).
Tamaşa başlayır
7, 8. Şeytan Yehovanın ali hökmranlığının qanuniliyini necə şübhə altına aldı?
7 Təxminən 6 000 il bundan əvvəl ruhani varlıqlardan biri Yehovanın ali hökmranlığının qanuniliyini şübhə altına aldı. Bu üsyankar hamının ona ibadət etməsini istəyirdi. Onun sözləri və əməlləri arxasında məhz bu xudbin istək dururdu. O, ilk insanları — Adəmlə Həvvanı yoldan çıxararaq onların Allahın ali hökmranlığına arxa çevirməsinə nail oldu və Allahın yalançı olduğunu iddia edərək adına ləkə yaxmağa çalışdı. (Yaradılış 3:1—5 ayələrini oxu.) Nəticədə, bu üsyankar Allahın baş düşməni, Şeytan (Düşmən), İblis (Böhtançı), ilan (yalançı) və əjdaha (udan) oldu (Vəhy 12:9).
8 Şeytan Allaha müxalif çıxdı. Ali Hökmdar Yehova onun iddialarına necə cavab verəcəkdi? Hər üç üsyankarı — Şeytanı, Adəmi və Həvvanı dərhal məhv edəcəkdimi? Şübhəsiz, bunu etməyə Onun həm gücü, həm də səlahiyyəti vardı. Və bununla kimin ali hökmdar olduğu məlum olacaqdı. Həmçinin bu sübut edəcəkdi ki, Yehova ilk insanlara qanununu pozacaqları təqdirdə cəzalandıracağını deyərkən həqiqəti söyləyirdi. Bəs nəyə görə Yehova bunu etmədi?
9. Şeytan nəyi şübhə altına aldı?
9 Şeytan Adəmlə Həvvaya yalan danışmaqla və onları Yehovadan uzaqlaşdırmaqla Onun insanlardan itaətkarlıq tələb etmək hüququnu, eləcə də bütün şüurlu varlıqların sadiqliyini şübhə altına aldı. Yehovanın ali hökmranlığına sadiq qalan Əyyubun hadisəsindən gördüyümüz kimi, o, bütün insanları Allahdan döndərməyə qadir olduğunu iddia etdi (Əyy. 2:1—5).
10. Yehova bəşəriyyət üzərində ali hökmranlığını təsis etməyi təxirə salmaqla nəyə imkan verdi?
10 Yehova bəşəriyyət üzərində ali hökmranlığını təsis etməyi təxirə salmaqla iddialarının əsaslı olduğunu sübut etmək üçün Şeytana vaxt verdi. Həmçinin O, insanlara imkan verdi ki, Onun ali hökmranlığını dəstəklədiklərini göstərsinlər. Əsrlər boyu nə baş verdi? Şeytan tədricən güclü cinayətkar təşkilat yaratdı. Sonda Yehova bu təşkilatı və İblisi məhv edəcək və bununla ali hökmranlığının qanuniliyini tam sübuta yetirəcək. Yehova Allah buna o qədər əmin idi ki, bu haqda hələ Eden bağında üsyan baş verərkən peyğəmbərlik söyləmişdi (Yar. 3:15).
11. Bir çox insanlar Yehovanın ali hökmranlığını necə dəstəkləmişlər?
11 Bir çox insanlar iman təzahür etdirərək və nöqsansızlıqlarını qoruyub saxlayaraq Yehovanın ali hökmranlığını dəstəkləmiş və Onun adını müqəddəs tutmuşlar. Bu siyahıya Habil, Xanok, Nuh, İbrahim, Sara, Musa, Rut, Davud, İsa Məsih və onun erkən şagirdləri, eləcə də bizim günlərdə Yehovaya sadiqliklərini qoruyan milyonlarla insanlar daxildir. Bildiyimiz kimi, Şeytan özündən razı şəkildə bütün bəşəriyyəti Allahdan uzaqlaşdıracağını iddia etmişdi. Yehovanın ali hökmranlığını dəstəkləyən insanlar Şeytanın yalançı olduğunun sübuta yetirilməsində və Yehovanın adının təmizə çıxarılmasında iştirak edirlər (Sül. məs. 27:11).
Tamaşanın sonu indidən bəllidir
12. Haradan bilirik ki, Allah pisliyə əbədiyyən dözməyəcək?
12 Biz əminik ki, tezliklə Yehova ali hökmranlığını təsis edəcək. O, pisliyə əbədiyyən dözmək fikrində deyil. Üstəlik, axır günlərdə yaşadığımızı da bilirik. Yehova Daşqın zamanı pisləri yer üzündən sildi; Sodom və Homorra şəhərini, eləcə də fironu və onun ordusunu məhv etdi. Sisra, Sanxeriv və onların orduları Haqq-Taala qarşısında aciz qaldılar (Yar. 7:1, 23; 19:24, 25; Çıx. 14:30, 31; Hak. 4:15, 16; 2 Pad. 19:35, 36). Buna görə də biz əmin ola bilərik ki, Yehova Allah Onun adına göstərilən hörmətsizliyə və Şahidlərinə edilən pisliklərə əbədiyyən dözmək niyyətində deyil. Bundan əlavə, İsanın iştirakına və bu pis dünyanın sonuna işarə edən əlamət göz qabağındadır (Mat. 24:3).
13. Yehovanın düşmənlərinin aqibətinə düçar olmamaq üçün bizdən nə tələb olunur?
13 Yehovanın düşmənlərinin aqibətinə düçar olmamaq üçün biz Onun ali hökmranlığına sadiq qalmalıyıq. Bunu necə edə bilərik? Şeytanın cinayətkar hakimiyyətindən uzaq durmaqla və onun əlaltılarından qorxmamaqla (Yeşaya 52:11; Yəh. 17:16; Həv. iş. 5:29). Yalnız belə olan halda biz səmavi Atamız Yehovanın ali hökmranlığını dəstəkləyə bilərik. Üstəlik, O, Öz adını rüsvayçılıqdan təmizləyib Kainatın Ali Hökmdarı olduğunu sübut etdiyi zaman sağ qalmağa ümidimiz olacaq.
14. Müqəddəs Kitabın müxtəlif hissələrində nələr açıqlanır?
14 Bu tamaşanın təfsilatları barədə yalnız «Yaradılış»dan yox, Müqəddəs Yazılara daxil olan bütün kitablardan oxumaq olar. Müqəddəs Kitabın ilk üç fəslində yaradılışdan və insanların günaha batmasından, son üç fəslində isə bəşəriyyətin kamilliyə qovuşmasından bəhs olunur. Qalan səhifələrdə isə Ali Hökmdar Yehovanın bəşəriyyətə, yerə və Kainata dair niyyətini necə həyata keçirdiyi təfsilatları ilə izah olunur. «Yaradılış» kitabında Şeytanın peyda olmasından və pisliyin dünyaya necə girməsindən söhbət getdiyi halda, «Vəhy» kitabının sonuncu fəsillərində pisliyin aradan qaldırılmasından, İblisin məhv edilməsindən və göydə olduğu kimi, yerdə də Allahın iradəsinin bərqərar olmasından söz açılır. Bəli, Allahın Kəlamında günahın və ölümün səbəbləri açıqlanır və onların dünya səhnəsindən necə kənarlaşdırılacağından və nöqsansız insanlar üçün tükənməz sevinclə və əbədi həyatla necə əvəz olunacağından danışılır.
15. Əsas mövzusu ali hökmranlıq olan tamaşanın sonu çatanda bir çox xeyir-duaları dadmaq üçün biz nə etməliyik?
15 Tezliklə bu dünyanın səhnəsi tamamilə dəyişiləcək. Neçə əsrlərdir ki, davam edən bu tamaşa tezliklə sona yetəcək və pərdə salınacaq. Şeytan səhnədən çıxarılacaq və əbədiyyən unudulacaq; Allahın iradəsi isə bütün dünyada yerinə yetəcək. Lakin bu hadisələrin şahidi olmaq və Allahın Kəlamında qabaqcadan deyilən saysız-hesabsız xeyir-duaları dadmaq istəyiriksə, artıq indidən Yehovanın ali hökmranlığını dəstəkləməliyik. Bu məsələdə bitərəf mövqe tutmaq qeyri-mümkündür. «Rəbb mənimlədir» deməyə tam əsasımız olsun deyə biz Onun tərəfində olmalıyıq (Məz. 118:6, 7).
Nöqsansızlığımızı qorumaq mümkündür!
16. Allaha sadiq qalmağın mümkün olduğunu haradan bilirik?
16 Biz Yehovanın ali hökmranlığına sadiq qala və nöqsansızlığımızı qoruya bilərik. Bunun mümkün olduğunu həvari Pavelin sözlərindən görmək olar. O yazmışdı: «Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir. Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Kor. 10:13). Pavel hansı sınaqları nəzərdə tuturdu və Allah bizə çıxış yolunu necə göstərir?
17-19. a) İsraillilər səhrada hansı sınaqla qarşılaşdılar? b) Nəyə görə Yehovanın qarşısında nöqsansızlığımızı qoruya bilərik?
17 Səhrada dolaşan israillilərin nümunəsindən göründüyü kimi, yaranan vəziyyət ‘sınağa’ çevrilə, bu isə, öz növbəsində, insanı Allahın qanunu pozmağa təhrik edə bilər. (1 Korinflilərə 10:6—10 ayələrini oxu.) İsraillilər istəsəydilər, sınağa uymaya bilərdilər, lakin onlar əksinə davrandılar: Yehova onları bir aya bəs edən bildirçinlə təmin edəndə «zərərli şeyləri» arzuladılar. Bir müddət yeməyə ətləri olmasa da, Allah onlara kifayət qədər manna yetirirdi. Bununla belə, Allah onlara bildirçin göndərəndə israillilər acgözlüklə onların üstünə cumdular (Say. 11:19, 20, 31—35).
18 Bundan bir qədər əvvəl, Musaya Sina dağında Qanun verilərkən israillilər danaya ibadət etməklə və cismani arzularına uymaqla bütpərəstlik etdilər. Onlar rəhbərləri olan Musanın yoxluğunu görüb hədlərini aşdılar (Çıx. 32:1, 6). Vəd edilmiş diyarın astanasında olanda minlərlə israilli Moav qadınları tərəfindən başdan çıxarılaraq onlarla əxlaqsızlıq etdilər. Bu günaha görə minlərlə israilli ölümlə cəzalandırıldı (Say. 25:1, 9). Bəzən İsrail xalqı giley-güzar edərək üsyan qaldırırdı; bir dəfə isə nəinki Musaya, Allaha qarşı da deyindilər! (Say. 21:5). İsraillilər hətta Qorahın, Datanın, Aviramın və onların tərəfdarlarının ölümündən sonra da yanlış olaraq üsyankarların məhvinin ədalətsiz olduğunu düşünərək gileyləndilər. Nəticədə, 14 700 nəfər Allahın göndərdiyi bəladan öldü (Say. 16:41, 49).
19 Bu sınaqların heç biri israillilərin tab gətirə bilməyəcəyi qədər çətin deyildi. Xalq imanını itirdiyindən, eləcə də Yehovanı, Onun məhəbbət dolu qayğısını və saleh yollarını unutduğundan bu sınaqlara boyun əydi. İsraillilərin qarşılaşdığı sınaqlar kimi, bizim də qarşılaşdığımız sınaqlarda qeyri-adi bir şey yoxdur. Əgər var gücümüzlə onlara müqavimət göstərsək və Yehovanın köməyinə bel bağlasaq, nöqsansızlığımızı qoruya biləcəyik. Biz buna zərrə qədər də şübhə etməməliyik, çünki Yehova «vəfalı Allahdır», O qoymaz ki, biz ‘gücümüz çatmayan sınaqlara məruz qalaq’. Yehova Onun iradəsini icra etməyimizi qeyri-mümkün edən sınaqlarla üzləşməyimizə heç vaxt yol verməyəcək (Məz. 94:14).
20, 21. Sınaqlarla üzləşərkən Allah bizə ‘çıxış yolunu’ necə göstərir?
20 Yehova sınaqlara tab gətirməyimiz üçün bizi möhkəmləndirməklə ‘çıxış yolu göstərir’. Məsələn, təqibçilər bizi imandan döndərmək üçün zor tətbiq edə bilərlər. Bizi döyməsinlər, işgəncə verməsinlər, yaxud öldürməsinlər deyə onlardan qorxub dediklərini edə bilərik. Amma həvari Pavelin Allahdan ilham alaraq 1 Korinflilərə 10:13 ayəsində yazdığı sözlər bizi əmin edir ki, üzləşdiyimiz sınaqlar müvəqqətidir. Yehova heç vaxt yol verməyəcək ki, sınaq elə həddə gəlib çatsın ki, biz Yehovaya sadiq qala bilməyək. Allah imanımızı möhkəmləndirə və nöqsansızlığımızı qorumağımız üçün bizə lazımi güc verə bilər.
21 Yehova müqəddəs ruhu vasitəsilə bizə kömək edir. Bu ruh həmçinin sınaqlara dözməyimiz üçün Müqəddəs Kitabdan lazımi fikirləri yadımıza salır (Yəh. 14:26). Buna görə də biz aldanıb yanlış yolla getməyəcəyik. Misal üçün, biz Yehovanın ali hökmranlığı və insan nöqsansızlığı kimi vacib məsələlərdən agahıq. Bunu bilən bir çox insanlar Allahın köməyilə ölümədək sadiqliklərini qorumuşlar. Lakin sınaqlardan çıxış yolu onlar üçün ölüm yox, Yehovanın verdiyi kömək oldu. Yehova sınaqlara sonadək tab gətirməyimiz üçün bizə də bu cür kömək edə bilər. Həmçinin O, «xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən» sadiq mələklərindən istifadə edərək bizə kömək edir (İbr. 1:14). Növbəti məqalədən görəcəyimiz kimi, Allahın ali hökmranlığını əbədiyyən dəstəkləmək şərəfinə yalnız nöqsansızlıqlarını qoruyan insanlar layiq görüləcəklər. Əgər Ali Hökmdarımız kimi Yehovanın əlindən bərk-bərk tutsaq, biz də belə insanların sırasında olacağıq!
Necə cavab verərdiniz?
• Nəyə görə Yehovanı Ali Hökmdarımız kimi qəbul etməliyik?
• Allah qarşısında nöqsansızlığı qorumaq nə deməkdir?
• Haradan bilirik ki, Yehova tezliklə ali hökmranlığını təsis edəcək?
• 1 Korinflilərə 10:13 ayəsinə əsasən, nəyə görə demək olar ki, nöqsansızlığı qorumaq mümkündür?
[24-cü səhifədəki şəkil]
Şeytan Adəmlə Həvvanı Yehovanın əmrini pozmağa təhrik etdi
[26-cı səhifədəki şəkil]
Yehovanın ali hökmranlığının tərəfini tutmağa qəti qərarlı ol!