«Məhz indi iltifat vaxtıdır!»
«Məhz indi iltifat vaxtıdır! İndi xilas günüdür!» (2 KOR. 6:2).
1. Nəyə görə biz hansı işin ən vacib olduğunu dərk etməliyik?
«HƏR ŞEYİN öz vaxtı var, göylər altında hər işin öz vaxtı var» (Vaiz 3:1). Süleymanın sözlərinə görə, əkin-biçinlə məşğul olmağımızdan, səyahətə çıxmağımızdan, alış-veriş etməyimizdən, hər hansı münasibətlər qurmağımızdan asılı olmayaraq, hər bir xeyirli işin öz vaxtı olduğunu dərk etmək vacibdir. Bununla belə, biz istənilən vaxt hansı işin ən vacib olduğunu da sezməliyik. Başqa sözlə, həyatımızda nəyi birinci yerə qoyduğumuza diqqət yetirməliyik.
2. Haradan məlumdur ki, İsa təbliğ edərkən hansı vaxtda yaşadığını yaxşı başa düşürdü?
2 İsa Məsih yer üzündə olarkən hansı vaxtda yaşadığını və nə etməli olduğunu yaxşı başa düşürdü. O, həyatda hansı işin daha vacib olduğunu yadda saxlayırdı və bilirdi ki, çoxdan gözlənilən bu vaxt — Məsih barədə bir çox peyğəmbərliklərin yerinə yetmək vaxtı artıq gəlib çatıb (1 Pet. 1:11; Vəhy 19:10). Özünün vəd olunmuş Məsih olduğunu sübut etmək üçün İsa bəzi işləri həyata keçirməli idi. Onun qarşısında Padşahlıq haqqında xoş xəbər barədə ətraflı şahidlik vermək və gələcəkdə onun Padşahlıq şərikləri olacaq insanları yığmaq işi dururdu. Bundan əlavə, o, yerin ucqarlarınadək xoş xəbəri təbliğ edəcək və şagird hazırlayacaq məsihçi yığıncağının əsasını qoymalı idi (Mark 1:15).
3. Hansı vaxtda yaşadığını dərk etməsi İsanın həyat tərzinə necə təsir göstərirdi?
3 Hansı vaxtda yaşadığını dərk etməsi İsanın həyatına müsbət təsir göstərir və Atasının iradəsini canla-başla yerinə yetirməyə təşviq edirdi. O, şagirdlərinə demişdi: «Doğrudan da, məhsul boldur, amma biçinçilər azdır. Buna görə də biçinin Sahibindən diləyin ki, məhsulu yığmağa biçinçi göndərsin» (Luka 10:2; Mal. 4:5, 6). İsa şagirdləri arasından əvvəlcə 12, sonra isə 70 nəfər seçdi və onlara konkret göstərişlər verib: «Səmavi padşahlıq yaxınlaşıb», — deyə sevindirici xəbəri təbliğ etməyə göndərdi. İsaya gəldikdə isə, onun barəsində Müqəddəs Kitabdan oxuyuruq: «[O,] on iki şagirdinə göstəriş verib onlardan ayrıldı, təbliğ etmək və Allahın sözünü öyrətmək üçün başqa şəhərlərə getdi» (Mat. 10:5—7; 11:1; Luka 10:1).
4. Pavel İsanı nədə təqlid edirdi?
4 İsa sadiq olmaqda və həqiqi ibadətin qeyrətini çəkməkdə bütün davamçıları üçün ən yaxşı nümunə qoyub. Həvari Pavel həmimanlılarına növbəti sözləri yazarkən məhz bunu nəzərdə tuturdu: «Mən Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün» (1 Kor. 11:1). Pavel Məsihi nədə təqlid edirdi? Əsas etibarilə, xoş xəbəri var gücü ilə təbliğ etməkdə. Onun yığıncaqlara yazdığı məktublarda «işinizdə ləng olmayın», «Yehovaya canla-başla xidmət edin», «Rəbbin işində daima çox çalışın» və «hər nə edirsinizsə, canla-başla edin, sanki... Yehova üçün edirsiniz» kimi ifadələrə rast gəlmək olar (Rom. 12:11; 1 Kor. 15:58; Kolos. 3:23). Pavel Dəməşqə gedərkən Ağamız İsa Məsihlə rastlaşdığını və onun şagird Hananya vasitəsilə dediyi sözləri heç vaxt unutmurdu: «Bu adam adımı millətlərə, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir» (Həv. iş. 9:15; Rom. 1:1, 5; Qalat. 1:16).
«Məhz indi iltifat vaxtıdır!»
5. Paveli canla-başla təbliğ etməyə nə təşviq edirdi?
5 «Həvarilərin işləri» kitabını oxuyarkən Pavelin canla-başla və cəsarətlə təbliğ etdiyini görməmək qeyri-mümkündür (Həv. iş. 13:9, 10; 17:16, 17; 18:5). O, mühüm dövrdə yaşadığını dərk edirdi. Pavel demişdi: «Məhz indi iltifat vaxtıdır! İndi xilas günüdür!» (2 Kor. 6:2). Babildə sürgündə olan yəhudilərə məhz eramızdan əvvəl 537-ci il evlərinə qayıtmaq üçün münasib vaxt idi (Yeşaya 49:8, 9). Bəs Pavel burada nəyi nəzərdə tuturdu? Bu suala cavab tapmaq üçün kontekstə nəzər salaq.
6, 7. Müasir dövrdə yaşayan məsh olunmuşlara hansı şərəfli iş həvalə olunub və onlara kimlər kömək edir?
6 Həmin məktubun 5-ci fəslində Pavel ona və digər məsh olunmuşlara həvalə olunan böyük şərəf barədə yazmışdı. (2 Korinflilərə 5:18—20 ayələrini oxu.) O izah etmişdi ki, Allah onları xüsusi bir məqsəd üçün çağırıb: onlar «barışıq xidmətini» icra etməli, ‘Allahla barışmaları’ üçün insanlara yalvarmalı idilər. Bu, Allahla dostluq münasibətlərini bərpa etmək və Onunla sülhdə olmaq demək idi.
7 Eden bağında qaldırılan üsyandan sonra bütün bəşəriyyət Yehovadan uzaqlaşdı (Rom. 3:10, 23). Bəşəriyyət əzab-əziyyət və ölüm gətirən ruhani zülmətə qərq oldu. Pavel yazmışdı: «Biz bilirik ki, bütün xilqət indiyə kimi inildəyib əzab çəkir» (Rom. 8:22). Lakin Allah insanları geri qayıtmağa və ya Onunla barışmağa təşviq etmək, daha doğrusu, ‘yalvarmaq’ üçün tədbirlər görüb. Bu, o vaxtlar həvari Pavelə və digər məsh olunmuş məsihçilərə həvalə olunan xidmət idi. Bu ‘iltifat vaxtı’ İsaya iman gətirənlər üçün ‘xilas günü’ ola bilərdi. Bu gün də bütün məsh olunmuş məsihçilər əməkdaşları olan ‘başqa qoyunlarla’ birgə çiyin-çiyinə çalışaraq insanları bu ‘iltifat vaxtından’ faydalanmağa dəvət edirlər (Yəh. 10:16).
8. Allahla barışmaq çağırışını qeyri-adi edən nədir?
8 Eden bağındakı üsyanın nəticəsində insanlarla Allah arasında uçurumun yaranmasının səbəbkarı yalnız və yalnız insanlar olsa da, bu münasibətləri bərpa etmək üçün ilk addımı Yehova atıb. Yehovanın Onunla barışmaq çağırışını qeyri-adi edən də məhz bu amildir (1 Yəh. 4:10, 19). O, hansı tədbiri gördü? Bu sualın cavabını Pavelin yazdığı məktubdan oxuyuruq: «Allah bəşəriyyətin günahlarını üzə vurmadan Məsih vasitəsilə dünyanı Özü ilə barışdırdı. Bu barışıq sözünü də bizə həvalə etdi» (2 Kor. 5:19; Yeşaya 55:6).
9. Pavel Allahın mərhəmətinə görə minnətdarlığını necə göstərmişdi?
9 Fidyə qurbanlığını təqdim etməklə Yehova bu qurbanlığa iman edənlərin günahlarının bağışlanmasını, Onunla dostluq münasibətlərini bərpa etməyi və Onunla sülhdə olmağı mümkün etdi. Bundan əlavə, Yehova Öz elçilərini dünyanın hər bir guşəsinə göndərir ki, insanlar, nə qədər gec deyil, Onunla barışsınlar. (1 Timoteyə 2:3—6 ayələrini oxu.) Allahın iradəsinin nədən ibarət olduğunu başa düşən və hansı dövrdə yaşadığını dərk edən Pavel yorulmadan «barışıq xidmətini» icra edirdi. Yehovanın iradəsi dəyişməyib. O, bu gün də insanlara barışıq əlini uzadır. Pavelin «məhz indi iltifat vaxtıdır» və «indi xilas günüdür» sözləri hələ də qüvvədədir. Yehova necə də mərhəmətli və şəfqətli Allahdır! (Çıx. 34:6, 7).
«Bu lütf hədər getməsin»
10. ‘Xilas günü’ keçmişdə yaşayan məsh olunmuş məsihçilər üçün hansı mənanı kəsb edirdi və bu, bizim günlərdə yaşayan məsh olunmuşlar üçün hansı mənanı kəsb edir?
10 ‘Məsihlə vəhdətdə’ olanlar Allahın lütfündən faydalanan ilk insanlar idi (2 Kor. 5:17, 18). Onlar üçün ‘xilas günü’ eramızın 33-cü ilinin Əllinci gün bayramında başlamışdı. O vaxtdan etibarən onlara «barışıq sözünü» bəyan etmək tapşırığı həvalə olunmuşdu. Bu gün də yer üzündə yaşayan məsh olunmuş məsihçilər «barışıq xidmətini» icra edirlər. Onlar başa düşürlər ki, həvari Yəhyanın peyğəmbərlik görüntüsündəki dörd mələk ‘yerin dörd küləyini tutub saxlayır ki, yerin üzərinə heç bir külək əsməsin’. Bu səbəbdən indi də ‘xilas günü’ və «iltifat vaxtıdır» (Vəhy 7:1—3). Buna görə də məsh olunmuşların yer üzündə olan hissəsi XX əsrin əvvəlindən ta bizim günlərə qədər yerin ucqarlarınadək «barışıq xidmətini» var gücləri ilə icra edirlər.
11, 12. XX əsrin əvvəlində yaşayan məsh olunmuş məsihçilər hansı vaxtda yaşadıqlarını dərk etdiklərini necə göstərirdilər? (15-ci səhifədəki şəklə baxın.)
11 Məsələn, «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabında (rus.) qeyd olunur ki, XX əsrin astanasında Çarlz Teyz Rassel və onun əməkdaşları tam əmin idilər ki, biçin dövründə yaşayırlar və bütün insanlar azadlıq bəxş edən həqiqəti eşitməlidirlər. Bəs bunun üçün onlar nə edirdilər? Bu qardaşlar biçin vaxtında, yəni ‘iltifat vaxtında’ yaşadıqlarını dərk edərək insanları təkcə ibadət mərasimlərinə dəvət etmirdilər. Xristian aləminin ruhaniləri uzun müddət yalnız belə davranırdılar. Onlardan fərqli olaraq, məsh olunmuş məsihçilər xoş xəbəri yaymağın yeni praktiki üsullarını axtarırdılar. Üstəlik, onlar işlərinin irəliləməsi üçün ən son texnoloji vasitələrdən istifadə edirdilər.
12 Çox çalışqan insanlardan ibarət olan bu kiçik qrup Padşahlıq haqqında xoş xəbəri yaymaq üçün traktat, broşüra, jurnal və kitablardan istifadə edirdi. Onlar həmçinin minlərlə qəzetlərə moizə və məqalələr göndərirdilər. Milli və beynəlxalq radio vasitəsilə Müqəddəs Yazılara əsaslanan nitqlər yayımlayırdılar. Kino sənayesi geniş kütlə üçün səsli filmlər buraxmağa başlamazdan öncə, onlar səslə eyni vaxtda nümayiş etdirilən hərəkətli şəkillər istehsal və istifadə edirdilər. Onların durmadan canla-başla çalışmalarının bəhrəsi nə oldu? Bu gün «Allahla barışın» çağırışına yeddi milyondan çox insan hay verib və onlar başqalarını da bunu etməyə dəvət edirlər. Həqiqətən də, Yehovanın o dövrdəki xidmətçiləri, sayca az və təcrübəsiz olmalarına baxmayaraq, həqiqi ibadətin qeyrətini çəkməkdə gözəl nümunə qoyublar.
13. Biz Allahın hansı məqsədini nəzərdən qaçırmamalıyıq?
13 Pavelin «məhz indi iltifat vaxtıdır» sözləri hələ də qüvvədədir. Yehovanın lütfünü dadan bizlərə barışıq xəbərini eşidib onu qəbul etmək imkanı verildiyi üçün Ona ürəkdən minnətdarıq. Qürurlanmaq əvəzinə, biz Pavelin növbəti sözlərinə ciddi riayət etməliyik: «Biz... həm də sizə yalvarırıq: Allahın lütfünü alandan sonra elə yaşayın ki, bu lütf hədər getməsin». Başqa sözlə desək, Allahın bizə lütf göstərməsinin məqsədini nəzərdən qaçırmamalıyıq (2 Kor. 6:1). Allahın lütf göstərməsinin məqsədi isə ‘Məsih vasitəsilə dünyanı Özü ilə barışdırmaqdır’ (2 Kor. 5:19).
14. Bir çox ölkə və ərazilərdə hansı müsbət dəyişiklik baş verir?
14 Əksər insanlar Şeytan tərəfindən kor edildikləri üçün hələ də Allahdan uzaqdırlar və Onun nəyə görə bizə lütf göstərməsindən bixəbərdirlər (2 Kor. 4:3, 4; 1 Yəh. 5:19). Dünyanın vəziyyətinin get-gedə pisləşməsi insanların gözü qabağındadır. Buna biganə olmayan adamlara bəşəriyyətin üzləşdiyi bədbəxtliklərin və əzab-əziyyətlərin kökündə insanların Allahdan uzaqlaşması durduğunu göstərəndə çoxları xoş xəbərə hay verir. Hətta insanların xoş xəbərə laqeyd yanaşdığı ölkə və ərazilərdə belə bir çoxları həqiqəti qəbul edir və Allahla barışmaq üçün lazımi addımlar atırlar. Bütün bunları nəzərə alaraq, «Allahla barışın» çağırışını daha səylə bəyan etməyin indi əsil vaxtı olduğunu dərk edirikmi?
15. İnsanların Allaha döndükləri təqdirdə rahatlıq hiss edəcəklərini təbliğ etmək əvəzinə, biz bütün insanların nəyi bilmələrini istəyirik?
15 Bizim işimiz sadəcə olaraq insanlara Allaha döndükləri təqdirdə bütün problemlərinin həll olunacağını və onların rahatlıq hiss edəcəklərini deməkdən ibarət deyil. Əksər insanlar kilsə və digər ibadət yerlərinə məhz bu məqsədlə üz tuturlar. Din xadimləri də dəridən-qabıqdan çıxırlar ki, onların bu arzuları «ürəklərində qalmasın». (2 Timoteyə 4:3, 4 ayələrini oxu.) Biz bu məqsədlə xidmət etmirik. Biz Yehovanın məhəbbətdən irəli gələrək İsa Məsih vasitəsilə günahları bağışlamağa hazır olduğu barədə təbliğ edirik. Beləliklə, insanlar Yehovaya yaxınlaşa və Onunla barışa bilərlər (Rom. 5:10; 8:32). Lakin ‘iltifat vaxtı’ tezliklə sona çatacaq.
«Allahın ruhu ilə coşun»
16. Pavel nəyin sayəsində mətanətlə və cəsarətlə təbliğ edirdi?
16 Həqiqi ibadət üçün qeyrət necə inkişaf etdirə və qoruyub saxlaya bilərik? Bəziləri təbiətcə utancaq və ya azdanışandırlar və onlar üçün hisslərini açıq büruzə vermək, yaxud insanlarla ünsiyyət qurmaq çətin ola bilər. Lakin yadda saxlamalıyıq ki, qeyrət nə emosiyaların, yaxud sevincin zahiri təzahürüdür, nə də ki insanın xasiyyətindən asılıdır. Pavel həmimanlılarını: «Allahın ruhu ilə coşun», — deyə təşviq edərkən bu xüsusiyyəti inkişaf etdirmək və onu qoruyub saxlamaq üçün nə tələb olunduğunu göstərdi (Rom. 12:11). Həvari Pavelin cəsarətlə və mətanətlə təbliğ etməsində Yehovanın müqəddəs ruhunun böyük rolu var idi. İsanın Paveli çağırmasından onun ikinci dəfə Romada zindana atılıb işgəncə ilə öldürülməsinədək 30 ildən çox vaxt keçməsinə baxmayaraq, onun göstərdiyi qeyrət az da olsa zəifləməmişdi. Pavel həmişə ruhu vasitəsilə ona lazımi qüvvə verən Allaha ümid bağlayırdı. O demişdi: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13). Həqiqətən də, Pavel bizə çox gözəl nümunə qoyub!
17. ‘Allahın ruhu ilə coşmaq’ üçün nə etməliyik?
17 «Coşmaq» kimi tərcümə olunan sözün hərfi mənası «qaynamaq» deməkdir («Padşahlığın Sətiraltı Tərcüməsi», ing.). Çaydandakı su qaynar qalsın deyə onun altı həmişə yanmalıdır. Eynilə, ‘Allahın ruhu ilə coşmaq’ üçün bu ruh daima üzərimizdə olmalıdır. Ona görə də Yehovanın bizi ruhən möhkəmləndirmək üçün təqdim etdiyi hər şeydən istifadə etməliyik. Başqa sözlə, ailəvi ibadətə və yığıncaq görüşlərinə ciddi yanaşmalıyıq, yəni müntəzəm olaraq ailəvi və şəxsi öyrənmə keçirməli, dua etməli və görüşlərdə iştirak etməliyik. Onda bizim daima «qaynar» qalmağımız üçün «odumuz» olacaq, bunun sayəsində də biz həmişə ‘Allahın ruhu ilə coşacağıq’. (Həvarilərin işləri 4:20; 18:25 ayələrini oxu.)
18. Allaha həsr olunmuş məsihçilər olan bizlərin bütün diqqəti hansı işdə olmalıdır?
18 Özünü hansısa işə həsr edən insanın bütün diqqəti həmin işdə olur. Belə insanı məqsədindən yayındırmaq və ya bu işə olan həvəsini öldürmək asan deyil. Yehovaya həsr olunmuş məsihçilər olan bizlərin məqsədi, İsa kimi, Yehovanın istədiyi hər bir işi yerinə yetirməkdir (İbr. 10:7). Hal-hazırda Yehovanın iradəsi mümkün qədər çox insanın Onunla barışmasından ibarətdir. Buna görə də gəlin İsanı və Paveli təqlid edərək bu vacib və təcili işi canla-başla yerinə yetirək.
Yadınızdadırmı?
• Həvari Pavelə və digər məsh olunmuşlara həvalə olunan ‘barışıq xidməti’ nədən ibarət idi?
• Məsh olunmuşların yer üzündə olan hissəsi ‘iltifat vaxtından’ necə faydalanır?
• Məsihçilər ‘Allahın ruhu ilə coşmaq’ üçün nə etməlidirlər?
[12-ci səhifədəki şəkil]
Pavel Ağamız İsa Məsihlə görüşünü heç vaxt unutmurdu