«Gözəl nəzarətçi və yaxşı dost»
YEHOVANIN Şahidlərinin Rəhbərlik Şurasında xidmət edən Con Barr qardaş 2010-cu ilin dekabrın 4-ü şənbə günü səhər yerüzü həyatına yekun vurdu. Onun 97 yaşı var idi. Barr qardaşı «gözəl nəzarətçi və yaxşı dost» kimi tanıyırdılar.
O, Şotlandiyanın Aberdin şəhərində dünyaya göz açmışdı və ailənin sonbeşiyi idi. Onun bir qardaşı və bir bacısı vardı. Valideynlərinin hər ikisi də məsh olunmuş məsihçi idi. Barr qardaş uşaqlıq illərini həmişə xoş xatirələrlə yad edərdi. O, sevimli valideynlərinin gözəl nümunəsini yüksək qiymətləndirirdi.
Con Barr yeniyetməlik illərinə təzə-təzə qədəm qoyanda tanımadığı insanlarla söhbət etməyə utanırdı. Bu problemin öhdəsindən gəlmək üçün o, çox çalışdı. Günlərin bir günü, 1927-ci ildə 14 yaşı olanda Barr qardaş atasına yaxınlaşıb onu evdən-evə xidmətdə müşayiət etməyə artıq hazır olduğunu bildirdi. Bu, hər şeyin başlanğıcı idi. O gündən ta ölümünə qədər Barr qardaş xoş xəbəri yorulmadan və səylə təbliğ edirdi.
Anasının həyatına az qala son qoyan bir bədbəxt hadisə onu həyatın mənası barədə ciddi düşünməyə vadar etmişdi və 1929-cu ildə o, özünü Yehovaya həsr etdi. 1934-cü ildə isə, imkan yaranan kimi vəftiz oldu. 1939-cu ildə Barr qardaş İngiltərənin paytaxtı London şəhərində yerləşən Bet-Eldə xidmət etməyə dəvət aldı. Beləliklə o, 71 il davam edən tammüddətli xidmətə başladı.
1960-cı ilin oktyabrın 29-da Barr qardaş, özünün dediyi kimi, «xüsusi və qiymətli münasibətlərə» başladı; o, uzun illər səylə pioner və missioner kimi xidmət edən Mildred Uillett adlı bacı ilə ailə qurdu. Hamı onları nümunəvi və bir-birinə sadiq olan ər-arvad kimi tanıyırdı. Mildred bacı 2004-cü ilin oktyabr ayında yerüzü həyatını başa vuranadək onlar hər gün Müqəddəs Kitabı birgə oxuyurdular.
Con Barr qardaşı tanıyan hər kəs onu Müqəddəs Kitaba əsaslanan müdrik və səmimi məsləhətlər verən insan kimi xatırlayır. O, çalışqan işçi, diqqətli və qayğıkeş ağsaqqal, həmçinin sadiq dost idi. Onun verdiyi şərhlər, söylədiyi nitqlər və duaları həqiqətin onun üçün nə qədər qiymətli və Yehova ilə münasibətlərinin nə qədər sıx olduğunu göstərirdi.
Əziz Barr qardaşımız üçün çox darıxsaq da, həsrətində olduğu və haqqında tez-tez danışdığı ölməzlik ənamını aldığı üçün onunla birgə sevinirik (1 Kor. 15:53, 54)a.
[Haşiyə]
a Con Barrın həyat hekayəsi «Gözətçi Qülləsi»nin 1987-ci il 1 iyul sayının 26—31-ci səhifələrində (ing.) dərc olunub.