Allaha itaət et və onun and içərək verdiyi vədlərindən yararlan
«Allah... Özündən böyük bir kimsə mövcud olmadığı üçün Öz varlığına and [içdi]» (İBR. 6:13).
NÖVBƏTİ SUALLARIN CAVABINI TAP
Nəyə görə biz əmin ola bilərik ki, Allahın iradəsi hökmən yerinə yetəcək?
Adəmlə Həvva günah işlədəndən sonra Allah nə vəd etdi?
Allahın and içərək İbrahimə verdiyi vəd bizə hansı xeyir-duaları gətirir?
1. Allahın vədləri ilə insanların vədləri arasında hansı fərq var?
YEHOVA «həqiqət Allahı»dır (Məz. 31:5, «Kitabı Mukaddes»). Bəzən vədlərini pozan günahlı insanlardan fərqli olaraq, «Allahın yalan danışması» qətiyyən mümkün deyil (İbr. 6:18; Saylar 23:19 ayəsini oxu). O, bəşəriyyətin xeyri üçün verdiyi vədlərini, yəni niyyətlərini hər zaman həyata keçirir. Məsələn, Allah yaradılış günlərinin, başqa sözlə, dövrlərin başlanğıcında nə niyyət etmişdisə, hər şey «belə də oldu». Altıncı yaradılış gününün sonunda «Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yar. 1:6, 7, 30, 31).
2. Allahın dinclik günü nədir və nəyə görə Allah «onu təqdis etdi»?
2 Əl işlərinə nəzər saldıqdan sonra Yehova Allah yeddinci günün başlandığını elan etdi. Həmin gün 24 saat yox, uzun müddət davam edir və bu müddət ərzində Allah yer üzündəki yaradıcılıq işlərindən istirahət edir (Yar. 2:2). Allahın dinclik günü hələ başa çatmayıb (İbr. 4:9, 10). Müqəddəs Kitabda bu günün nə vaxt başladığı dəqiq deyilmir. Çox güman ki, bu, təxminən 6000 il bundan əvvəl, Adəmin arvadı Həvvanın yaradıldığı gündən bir müddət sonra başlamışdı. Qarşıda bizi İsa Məsihin Minillik Hökmranlığı gözləyir və əlbəttə ki, bu zaman Allahın Yer kürəsinin kamil insanların əbədi yaşayacağı Cənnətə çevrilməsi niyyəti yerinə yetəcək (Yar. 1:27, 28; Vəhy 20:6). Bizi belə xoşbəxt gələcəyin gözlədiyinə əmin ola bilərikmi? Əlbəttə! Çünki «Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi». Gələcəkdə gözlənilmədən bir problem yaransa da, bu sözlər yeddinci günün sonunda Allahın niyyətinin hökmən həyata keçəcəyinə bir zəmanətdir (Yar. 2:3).
3. a) Allahın dinclik gününün başlamasından sonra hansı üsyan baş verdi? b) Yehova üsyanı yatırmaq niyyətini necə açıqladı?
3 Ancaq Allahın dinclik gününün başlamasından sonra fəlakət baş verdi. Sonradan Şeytan adlanan mələklərdən biri Allaha müxalif çıxaraq başqalarının ona ibadət etməsini istədi. O, ilk yalanı söylədi: Həvvanı Yehovaya qarşı itaətsizliyə təhrik etmək üçün onu aldatdı (1 Tim. 2:14). Həvva isə ərini bu üsyanda ona qoşulmağa sövq etdi (Yar. 3:1—6). Bununla Şeytan Yehovanın dürüstlüyünü şübhə altına aldı. Hətta kainatda baş verən bu ən dəhşətli hadisə zamanı Allah and içməklə niyyətinin yerinə yetəcəyini təsdiqləməyə ehtiyac görmədi. Əksinə, mənası təyin etdiyi vaxtda açıqlanacaq sözlərlə Allah sadəcə olaraq üsyankarların necə məhv ediləcəyini bildirdi: «Mən səninlə [Şeytan] qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad [vəd olunmuş Övlad] sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yar. 3:15; Vəhy 12:9).
AND — HÜQUQİ ZƏMANƏT
4, 5. İbrahim vaxtaşırı olaraq hansı hüquqi zəmanətdən istifadə etmişdi?
4 Çətin ki, bəşər tarixinin ilk çağlarında Allahın Adəmlə Həvvaya verdiyi söz ehtiyatının tərkibində məsələnin doğruluğunu təsdiqləyən «and içmək» ifadəsi olsun. Çünki Allahı sevən və Onu təqlid edən kamil varlıqların and içməsinə heç bir ehtiyac yoxdur: onlar hər zaman bir-birlərinə həqiqəti söyləyir və tam etibar edirlər. Lakin dünyaya günah və qeyri-kamillik daxil olanda hər şey dəyişdi: yalan insanlar arasında adi hala çevrildi və buna görə də vacib məsələlərin doğruluğunu təsdiq etmək üçün and içməyə ehtiyac yarandı.
5 İbrahim peyğəmbər ən azı üç dəfə hüquqi zəmanət kimi anddan istifadə etmişdi (Yar. 21:22—24; 24:2—4, 9). Məsələn, bir dəfə bu, Elam padşahını və onun müttəfiqlərini məğlub edəndən sonra baş vermişdi. Salem və Sodom padşahları İbrahimi qarşılamağa çıxdılar. Salem padşahı olan Melxisedek həm də «Allah-Taalanın kahini» idi. O, İbrahimə xeyir-dua verdi və düşmənləri üzərində ona qələbə bəxş etdiyi üçün Yehovanı mədh etdi (Yar. 14:17—20). Sonra Sodom padşahı İbrahimi adamlarını işğalçıların əlindən xilas etdiyi üçün mükafatlandırmaq istəyəndə İbrahim and içərək dedi: «Əllərimi göy və yerin sahibi Allah-Taala Rəbbin dərgahına qaldırıram ki, sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım» (Yar. 14:21—23).
YEHOVANIN AND İÇƏRƏK İBRAHİMƏ VERDİYİ VƏD
6. a) İbrahim bizim üçün hansı nümunəni qoyub? b) İbrahimin itaətkarlığı bizə hansı xeyir-duaları gətirəcək?
6 Günahlı bəşəriyyət vədlərinə etibar etsin deyə Yehova da and içirdi. Bunun üçün O: «Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun”», — kimi sözlər işlədirdi (Yez. 17:16). Müqəddəs Kitabda Yehovanın and içdiyi 40-dan çox müxtəlif vəziyyətlər qeyd olunub. Yəqin ki, bunlardan ən çox tanınanı Allahın İbrahimlə olan sövdələşməsidir. Uzun illər ərzində Yehova İbrahimlə bağladığı əhdlə əlaqədar bir neçə vəd vermişdi. Bunlar vəd olunmuş Övladın İbrahimin oğlu İshaqın nəslindən gələcəyinə dəlalət edirdi (Yar. 12:1—3, 7; 13:14—17; 15:5, 18; 21:12). Sonra Yehova İbrahimdən sevimli oğlunu qurban gətirməyi tələb etməklə onu ağır sınağa çəkdi. İbrahim tərəddüd etmədən Allahın buyruğunu yerinə yetirdi. O, oğlunu qurban verən məqamda Allah mələk vasitəsilə onu dayandırdı. Sonra Yehova and içdi: «Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yar. 22:1—3, 9—12, 15—18).
7, 8. a) Allah nəyə görə İbrahimə and içdi? b) İsanın başqa qoyunları Allahın and içərək verdiyi vədlərindən necə yararlanacaqlar?
7 Nəyə görə Yehova İbrahimə and içdi ki, vədləri yerinə yetəcək? O, bunu ona görə etdi ki, vəd olunmuş Övladın ikinci dərəcəli hissəsini təşkil edəcək və Məsihin hakimiyyət şərikləri olacaq məsh olunmuş məsihçilərin imanını möhkəmləndirsin. (İbranilərə 6:13—18 ayələrini oxu; Qalat. 3:29.) Həvari Pavelin izah etdiyi kimi, Allah «Öz niyyətinin dəyişməzliyini daha tutarlı sübutla nümayiş etdirmək qərarına gələrək and içdi. Beləcə, Allahın yalan danışması mümkün olmayan bu iki dəyişməz şey [Onun vədi və andı] sayəsində... ürəklənib qarşımızdakı ümiddən bərk-bərk yapışa bilərik».
8 Allahın and içərək İbrahimə verdiyi vədlərdən yararlananlar təkcə məsh olunmuş məsihçilər deyil. Yehova and içmişdi ki, İbrahimin nəsli vasitəsilə «dünyanın bütün millətlər»i xeyir-dua alacaq (Yar. 22:18). Bunlar yer üzündə bərpa ediləcək Cənnətdə yaşamaq ümidinə malik olan Məsihin başqa qoyunlarıdır (Yəh. 10:16). Göydə və ya yerdə yaşamaq ümidinin olmasından asılı olmayaraq, Allaha itaət etməyə davam etməklə bu ümiddən bərk-bərk yapış. (İbranilərə 6:11, 12 ayələrini oxu.)
İBRAHİMƏ VERDİYİ VƏDLƏ ƏLAQƏDAR ALLAHIN DİGƏR ANDLARI
9. İbrahimin nəsli Misirdə köləlikdə olarkən Allah and içərək nə vəd etdi?
9 Yüzilliklər sonra Allah Musanı Misirdə əsarətdə olan İbrahimin nəslini azad etməyə göndərəndə yuxarıda müzakirə etdiyimiz vədlərlə əlaqədar yeni andlar içmişdi (Çıx. 6:6—8). Həmin hadisəyə istinad edərək Allah demişdi: «O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim,.. onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam» (Yez. 20:5, 6).
10. Yehova israilliləri Misirdən azad edəndən sonra nə vəd etdi?
10 İsraillilər Misir köləliyindən azad olanda Yehova and içərək növbəti vədini verdi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız» (Çıx. 19:5, 6). Allah bu xalqa necə də şərəfli vəzifə təklif etmişdi! Bu o demək idi ki, israillilər Allahın sözünə qulaq asdıqları təqdirdə, bu xalqın nümayəndələri Allahın bütün bəşəriyyəti xeyir-dualandırmaq üçün istifadə edəcəyi kahinlər padşahlığına daxil ola biləcəkdilər. Sonradan Yehova o vaxt israillilər üçün etdiyini təsvir edərək demişdi: «Mən... and edib səninlə əhd bağladım» (Yez. 16:8).
11. İsrail xalqı Allahın Onunla əhd kəsmək və Onun seçilmiş xalqı olmaq təklifinə necə hay verdi?
11 Yehova İsrail xalqını Ona itaətkar olacağına and içməyə və xüsusi təklifini qəbul etməyə məcbur etməmişdi. Onlar: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik», — sözlərini könül xoşluğu ilə demişdilər (Çıx. 19:8). Üç gündən sonra Yehova Allah seçdiyi İsrail xalqının qarşısına qoyduğu tələbləri bildirdi. Birincisi, onlar On əmri eşitdilər, sonra isə Musa «Çıxış» kitabının 20-ci fəslinin 22-ci ayəsindən 23-cü fəslin 33-cü ayəsinədək yazılan əmrləri sadaladı. İsraillilərin cavabı nə oldu? «Bütün xalq bir səslə cavab verib dedi: “Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik”» (Çıx. 24:3). Sonra Musa qanunları əhd kitabına yazıb onları ucadan oxudu ki, bütün xalq bu qanunları bir daha eşitsin. Bundan sonra xalq üçüncü dəfə: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» — deyə and içdi (Çıx. 24:4, 7, 8).
12. Yehova İsrail xalqı ilə əhd bağladıqdan sonra nə etdi? Bəs israillilər Allahın onlarla bağladığı əhdə necə yanaşdılar?
12 Allah xalqla əhd kəsəndən dərhal sonra öhdəsinə düşən vəzifəni icra etməyə başladı: günahlı insanlar Ona yaxınlaşa bilsinlər deyə Allah Hüzur çadırında ibadət üçün qaydalar təsis etdi və kahinlər təyin etdi. İsraillilər isə tez bir zamanda Allaha həsr olunduqlarını unutdular, hətta «İsrailin Müqəddəsinin xətrinə dəydilər» (Məz. 78:41). Məsələn, Musaya Sina dağında əlavə göstərişlər verilərkən israillilər səbirsiz davrandılar və Allaha olan imanlarını itirdilər, çünki Musanın onları tərk etdiyini düşünürdülər. Onlar qızıl dana düzəldib xalqa dedilər: «Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahınız!» (Çıx. 32:1, 4, KM). Sonra onlar «Rəbb naminə bayram» keçirdilər və bütün qarşısında səcdə edib ona qurbanlar gətirirdilər. Bunu görən Yehova Musaya dedi: «Mən onlara əmr etdiyim yoldan yaman tez [döndülər]» (Çıx. 32:5, 6, 8). Əfsuslar olsun ki, bununla iş bitmədi, tarix boyu onlar dəfələrlə verdiyi andı pozmuşdular (Say. 30:2).
DAHA İKİ AND
13. Allah and içərək Davud padşaha hansı iki vədi verdi və bu, vəd olunmuş Övladla necə bağlı idi?
13 Davud padşahlıq etdiyi zaman Yehova and içərək Ona itaət edənlərin hamısına fayda gətirəcək daha iki vəd verdi. Birincisi, Yehova and içdi ki, Davudun taxtı hüzurunda əbədiyyən duracaq (Məz. 89:35, 36; 132:11, 12). Bu o demək idi ki, vəd olunmuş Övlad «Davud oğlu» adlanacaqdı (Mat. 1:1; 21:9). Davud təvazökarlıqla onun nəslindən gələcək bu şəxsə Ağa deyə müraciət edirdi, çünki Məsihin vəzifəsi onunkundan daha yüksək olacaqdı (Mat. 22:42—44).
14. Yehova vəd olunmuş Övladla əlaqədar and içərək nə vəd etdi və bu, bizə hansı xeyir-duaları gətirir?
14 İkincisi, Davud Yehovadan ilham alaraq peyğəmbərlik etdi ki, bu qeyri-adi Padşah bəşəriyyət üçün Baş kahin kimi xidmət edəcək. Qədim İsraildə padşah və kahin vəzifələrini ayrı-ayrı adamlar icra edirdi. Kahinlər Levi, padşahlar isə Yəhuda qəbiləsindən idilər. Lakin bu qeyri-adi padşah barədə Davud peyğəmbərlik etmişdi: «Rəbb mənim Ağama dedi: “Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur”... Rəbb and içdi, qərarını dəyişməz: “Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən”» (Məz. 110:1, 4). Bu peyğəmbərlik yerinə yetib: vəd olunmuş Övlad olan İsa Məsih hal-hazırda göydən padşahlıq edir. Üstəlik, o, bəşəriyyətin Baş kahini kimi xidmət edir və tövbə edən insanlara Allahla münasibət qurmağa kömək edir. (İbranilərə 7:21, 25, 26 ayələrini oxu.)
ALLAHIN YENİ İSRAİLİ
15, 16. a) Müqəddəs Kitabda hansı iki İsrail xalqından söhbət gedir və bu xalqlardan hansına Yehova bu gün xeyir-dua verir? b) İsa and içməklə bağlı davamçılarına hansı göstərişi verib?
15 İsrail xalqı İsa Məsihi rədd etdiyi üçün Allah qarşısında imtiyazlı vəzifədən və gələcəkdə «kahinlər padşahlığı» olmaq şərəfindən məhrum oldu. İsa yəhudi rəhbərlərinə demişdi: «Allahın padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək» (Mat. 21:43). Bu yeni xalq eramızın 33-cü ilinin Əllinci gün bayramında, Allahın ruhu Yerusəlimdə toplaşan İsanın təxminən 120 şagirdinin üzərinə tökülən zaman peyda oldu. Allahın İsraili kimi tanınan bu xalqın sayı tezliklə bir neçə minə çatdı və onun üzvləri o vaxt mövcud olan hər xalqdan seçilmişdi (Qalat. 6:16).
16 İsrail xalqından fərqli olaraq, ruhani İsrail hər zaman Allaha itaət etdiyi üçün yaxşı bəhrələr gətirirdi. Bu xalqın əməl etdiyi qanunlardan biri andlarla bağlıdır. İsa yer üzündə yaşayanda insanlar yalandan və ya əhəmiyyətsiz səbəbdən and içirdilər (Mat. 23:16—22). İsa davamçılarına öyrədirdi: «Ümumiyyətlə, and içməyin... Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şərirdəndir» (Mat. 5:34, 37).
17. Növbəti məqalədə hansı suallar müzakirə olunacaq?
17 Bu o deməkdirmi ki, and içmək qətiyyən düzgün deyil? Ən vacibi isə «“bəli”niz bəli olsun» deyilərkən nə nəzərdə tutulur? Bu suallar növbəti məqalədə müzakirə olunacaq. Gəlin Allahın Kəlamı üzərində dərindən düşünək və bunun bizi Allaha hər zaman itaət etməyə təşviq etməsinə yol verək. Onda Allah, and içərək vəd etdiyi kimi, bizə əbədiyyət boyu xeyir-dua verəcək.
[26–cı səhifədəki yazı]
Yehovanın vədləri hər zaman yerinə yetir
[24–cü səhifədəki şəkil]
Tezliklə İbrahim Yehovanın vədlərinin necə yerinə yetəcəyini öz gözləri ilə görəcək