İsa Məsih təvazökarlıq nümunəsi qoydu
«Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (YƏH. 13:15).
NECƏ CAVAB VERƏRDİNİZ?
Yer üzünə gəlməzdən öncə Allahın Oğlu təvazökar olduğunu necə göstərdi?
Yer üzündə yaşayarkən İsa təvazökar olduğunu necə göstərdi?
İsanın təvazökarlığı bizə hansı faydaları gətirəcək?
1, 2. Yerüzü həyatının son gecəsində İsa həvarilərinə hansı əyani ibrət dərsini verdi?
İSANIN yerüzü həyatının son gecəsidir. O, bu axşamı Yerusəlimdə bir evin yuxarı mərtəbəsindəki otaqda həvariləri ilə birgə keçirir. Şam yeməyi vaxtı İsa əbasını soyunub kənara qoyur, dəsmal götürüb belinə bağlayır. Bir ləyənə su tökür və şagirdlərinin ayaqlarını yuyub belindəki dəsmalla qurulamağa başlayır. Sonra o, əbasını geyinir. Nəyə görə İsa bu cür təvazökarlıq göstərdi? (Yəh. 13:3—5).
2 O, özü izah etdi: «Sizin üçün nə etdiyimi başa düşürsünüz?.. Əgər mən, Ağa və Müəllim ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (Yəh. 13:12—15). İsa aşağı səviyyəli işi canla-başla yerinə yetirməklə həvarilərinin zehnində möhkəm həkk olunacaq və gələcəkdə onları təvazökarlıqla davranmağa təşviq edəcək əyani bir ibrət dərsi verdi.
3. a) Araşdırdığımız hər iki hadisədə İsa təvazökarlığın vacibliyini necə vurğuladı? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?
3 İsanın həvarilərinin ayaqlarını yuması təvazökarlığın vacibliyini göstərən birinci hadisə deyildi. Bundan əvvəl baş vermiş bir hadisədə həvarilərdən bəziləri rəqabət ruhu təzahür etdirərkən İsa balaca bir uşağı götürüb yanına qoyaraq demişdi: «Bu balaca uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir; məni qəbul edən isə məni göndərəni də qəbul edir. Aranızda ən təvazökar kimdirsə, böyük odur» (Luka 9:46—48). Sonralar İsa özlərini hamıdan üstün tutan fəriseylərlə söhbət edərkən belə sözlər demişdi: «Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 14:11). Aydın məsələdir ki, o, həvarilərinin təvazökar, yəni təkəbbür və lovğalıqdan uzaq olmalarını istəyirdi. İsanı təqlid etmək üçün gəlin onun təvazökarlıq nümunəsini araşdıraq. Biz həmçinin bu xüsusiyyətin təkcə onu təzahür etdirən insana yox, eləcə də başqalarına necə fayda gətirdiyini görəcəyik.
«MƏN QARŞI DURMADIM, GERİ ÇƏKİLMƏDİM»
4. İsa yer üzünə gəlməzdən öncə, necə təvazökarlıq göstərirdi?
4 Hətta yer üzünə gəlməzdən öncə də, Allahın yeganə Oğlu təvazökarlıq göstərirdi. Göydə yaşadığı müddətdə o, saysız-hesabsız minilliklər ərzində səmavi Atası ilə çiyin-çiyinə çalışırdı. Müqəddəs Yazıların «Yeşaya» kitabında Ata ilə Oğul arasındakı sıx münasibət barədə belə sözlər yazılıb: «Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim» (Yeşaya 50:4, 5). İsa təvazökarlıq göstərir və Atasının öyrətdiklərinə diqqətlə qulaq asırdı. O, sidq-ürəkdən həqiqi Allahdan öyrənməyə hazır idi. Görünür, İsa Yehovanın günahlı bəşəriyyətə həlimliklə mərhəmət göstərdiyini diqqətlə müşahidə edirdi.
5. İsa Şeytanla mübahisə edəndə həlimlik və təvazökarlıqla bağlı necə nümunə qoydu?
5 Göydəki bütün varlıqlar İsa kimi təvazökar davranmadılar. Sonradan Şeytan İblis olan bir mələk Yehovadan öyrənmək əvəzinə, təvazökarlıq xüsusiyyətinə zidd gedərək məğrur və təkəbbürlü oldu, eləcə də Yehovaya qarşı üsyan qaldırdı. Amma İsa nə mövqeyindən narazı idi, nə də səlahiyyətindən xudbin məqsədlər üçün istifadə etməyə meyilli. Hətta Baş mələk Mikayıl kimi, «Musanın cəsədi üçün İblislə mübahisə edəndə» İsa səlahiyyətindən sui-istifadə etmədi. Əksinə, Allahın Oğlu həlimlik və təvazökarlıq göstərdi. O, Kainatın Ali Hakimi Yehovanın məsələni öz vaxtında və lazımi tərzdə həll edəcəyini gözləməkdən məmnunluq duyurdu. (Yəhuda 9 ayəsini oxu.)
6. Məsih kimi xidmət etmək təyinatını qəbul etməklə İsa təvazökar olduğunu necə göstərdi?
6 Şübhəsiz ki, İsa yer üzünə gəlməzdən öncə, Məsih kimi fəaliyyətilə bağlı bütün peyğəmbərliklərin təfsilatlarından xəbərdar idi. Buna görə də onu xoşagəlməz vəziyyətlərin gözlədiyini çox ehtimal ki, İsa əvvəlcədən bilirdi. Ancaq İsa yer üzündə yaşamaq və vəd olunmuş Məsih kimi ölmək təyinatını qəbul etdi. Allahın yeganə Oğlunun təvazökarlıq xüsusiyyətini vurğulayaraq həvari Pavel yazmışdı: «O, Allahın simasında olsa da, Onun mövqeyinə göz dikməyi, yəni Allaha bərabər olmağı fikrinə belə gətirmədi. Əksinə, o özünü hər şeydən məhrum etdi və qul surətini qəbul edib insan oldu» (Filip. 2:6, 7).
YER ÜZÜNƏ GƏLMƏKLƏ O, «ÖZÜNÜ ALÇALTDI»
7, 8. İsa uşaq olanda və xidməti zamanı təvazökar olduğunu necə göstərdi?
7 Pavel yazır: «O, [İsa] insan kimi mövcud olanda özünü alçaltdı və ölümədək — işgəncə dirəyi üzərində ölənədək itaətkar qaldı» (Filip. 2:8). İsa uşaq yaşlarından bizim üçün təvazökarlıq nümunəsi qoyub. Valideynlərinin — Yusiflə Məryəmin qeyri-kamil olmalarına baxmayaraq, onların sözündən çıxmamaqla təvazökarlıq göstərirdi (Luka 2:51). Bu, gənclər üçün gözəl nümunədir. Valideynlərinə canla-başla itaət etdiklərinə görə Yehova onları xeyir-dualandıracaq!
8 Böyüyəndən sonra da İsa Yehovanın iradəsini özünkündən üstün tutaraq təvazökarlıq göstərirdi (Yəh. 4:34). Xidmət etdiyi illərdə İsa Məsih Allahın şəxsi adından istifadə edir, səmimi insanlara Yehovanın xüsusiyyətləri və bəşəriyyətə dair vədləri barədə dəqiq bilik əldə etmələrinə kömək edirdi. O həmçinin öyrətdiklərinə uyğun yaşayırdı. Misal üçün, nümunəvi duasında İsa, ilk növbədə, Allahın adını xatırlatmışdı: «Səmavi Atamız, qoy adın müqəddəs tutulsun» (Mat. 6:9). Bununla İsa şagirdlərinə göstərdi ki, onların ən vacib məqsədi Allahın adını izzətləndirmək olmalıdır. Elə onun özünün də ən ümdə məqsədi bu idi. Yer üzü xidmətinin sonunda İsa Yehovaya duasında belə deyə bilmişdi: «Sənin adını onlara açdım və yenə açacağam» (Yəh. 17:26). Üstəlik, o, xidməti boyunca ona həvalə olunan işləri yerinə yetirərkən Yehovaya arxalanırdı (Yəh. 5:19).
9. Zəkəriyyə Məsih haqqında nəyi peyğəmbərlik etmişdi və bu peyğəmbərlik İsanın üzərində necə yerinə yetdi?
9 Zəkəriyyə Məsihlə bağlı növbəti peyğəmbərlik sözlərini demişdi: «Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, itaəkardır və bir eşşəyə — eşşəyin balası olan sıpaya minib gəlir» (Zək. 9:9). Eramızın 33-cü ilinin Pasxa bayramı ərəfəsində İsa Yerusəlimə daxil olarkən bu peyğəmbərlik yerinə yetdi. Camaat öz əbalarını yerə sərir, həmçinin ağac budaqlarını kəsib yola düzürdülər. Bütün şəhər sevincdən haray salırdı. Xalq İsanı padşaha layiq tərzdə alqışlasa da, o, təvazökar qalmağa davam edirdi (Mat. 21:4—11).
10. Son nəfəsinədək Allaha canla-başla itaət etməklə İsa nəyi sübut etdi?
10 İsa Məsihin yer üzündə təvazökarlıq və itaətkarlıq göstərməsinin ən zirvə nöqtəsi işgəncə dirəyində ölməsi idi. Bununla o sübut etdi ki, insan ən ağır sınaqlarla üzləşəndə belə, Allaha sadiq qala bilər. O həmçinin insanın Yehovaya xudbin məqsədlərdən irəli gələrək xidmət etdiyini iddia edən Şeytanın yalanını üzə çıxartdı (Əyy. 1:9—11; 2:4). Məsih mükəmməl nöqsansızlıq göstərməklə Yehovanın Ali hökmranlığının qanuniliyini və ədalətliliyini dəstəklədiyini göstərdi. Sözsüz ki, təvazökar Oğlunun sarsılmaz sadiqliyini görmək Yehovanı çox sevindirirdi. (Süleymanın məsəlləri 27:11 ayəsini oxu.)
11. İsa Məsihin fidyə qurbanlığı itaətkar bəşəriyyət üçün hansı imkanı açdı?
11 İşgəncə dirəyində ölməklə İsa bəşəriyyət üçün öz canını fidyə olaraq qurban verdi (Mat. 20:28). Fidyə sayəsində günahlı bəşəriyyət üçün salehliyin hökm sürəcəyi yeni dünyada əbədi yaşamaq imkanı açıldı və bu, ədalət tələblərinə uyğun olaraq həyata keçirildi. Pavel yazmışdı: «Bir saleh əməlin nəticəsində hər cür insan yaşamaq üçün saleh elan edilir» (Rom. 5:18). İsanın ölümü məsh olunmuş məsihçilərə göylərdə ölməz həyat çələngini almağa, başqa qoyunlara isə yer üzündə əbədiyyən yaşamağa fürsət yaratdı (Yəh. 10:16; Rom. 8:16, 17).
MƏN «QƏLBƏN TƏVAZÖKARAM»
12. İsa qeyri-kamil bəşəriyyətlə davranışında təvazökarlığı və həlimliyi necə təzahür etdirirdi?
12 İsa bütün zəhmətkeşləri və yükü ağır olanları yanına gəlməyə dəvət edirdi. O demişdi: «Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mat. 11:28, 29). Təvazökarlıq və həlimlik hissi İsanı qeyri-kamil bəşəriyyətə xeyirxah və qərəzsiz yanaşmağa təşviq edirdi. O, şagirdlərinə qarşı həddən artıq tələbkar deyildi, onları tərifləyir və ruhlandırırdı. İsa onları özlərini qabiliyyətsiz və ya lazımsız olduqlarını düşünməyə vadar etmirdi. O, onlarla kobud və ya zalımcasına davranmırdı. Əksinə, onları əmin edirdi ki, ona yaxınlaşsalar və təlimlərinə riayət etsələr, təravət duyacaqlar, çünki onun boyunduruğu asan və yükü yüngüldür. Yaşından, eləcə də kişi və ya qadın olmasından asılı olmayaraq, onlar özlərini İsanın yanında rahat hiss edirdilər (Mat. 11:30).
13. İsa sadə xalqa yazığı gəldiyini necə göstərdi?
13 Sadə insanlar sıxışdırıldıqları üçün İsanın onlara yazığı gəlirdi və o, onlara kömək etmək üçün əlindən gələni edirdi. Yerixo şəhəri yaxınlığında İsa iki kor dilənçi ilə qarşılaşdı. Onlardan birinin adı Bartimey idi, digərinin adı isə məlum deyil. Onlar israrla İsanın onlara kömək etməsini istəyirdilər, ancaq izdiham təpinərək onları susdurmağa çalışırdı. Bu dilənçiləri görməməzlikdən gəlmək necə də asan olardı! Amma İsa onları yanına çağırdı və onlara yazığı gəldiyi üçün gözlərini açdı. Bəli, o, günahlı bəşəriyyətə qarşı təvazökarlıq və mərhəmət təzahür etdirməklə Atası Yehovanı təqlid etdi (Mat. 20:29—34; Mark 10:46—52).
ÖZÜNÜ ALÇALDAN YÜKSƏLDİLƏCƏK
14. İsanın təvazökarlığı bizə hansı faydaları gətirəcək?
14 İsa Məsihin göstərdiyi təvazökarlıq bir çoxlarına böyük fayda və sevinc gətirir. Sevimli Oğlunun Ona məqbul itaətkarlıq göstərməsi Yehovanı sevindirirdi. İsanın həlim və qəlbən təvazökar olması həvarilərinə və şagirdlərinə təravət gətirirdi. Onun nümunəsi, təlimləri və səmimi tərifləri onların ruhani cəhətdən inkişaf etmələrinə stimul verirdi. İsanın təvazökarlığı sadə insanlara fayda gətirirdi, çünki onlar onun köməyini, təlimlərini və ruhlandırıcı sözlərini qəbul edirdilər. Həqiqətən də, satın alınmış bütün bəşəriyyət İsanın fidyə qurbanlığından əbədi xeyir-dualar biçəcək.
15. İsanın təvazökarlığı ona hansı faydanı gətirmişdi?
15 Bəs İsa peyğəmbər barədə nə demək olar? Təvazökarlıq onun özünə fayda gətirmişdimi? Əlbəttə, gətirmişdi. Çünki o, şagirdlərinə demişdi: «Özünü alçaldan isə yüksəldiləcək» (Mat. 23:12). Onun nümunəsi bu sözlərin həqiqiliyini sübut edir. Pavel izah edir: «Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adı qarşısında diz çöksün, hər ağız İsa Məsihi Ağa kimi tanısın və Atamız Allaha tərif ucaltsın». İsanın yer üzündə yaşadığı müddətdə göstərdiyi təvazökarlıq və sadiqlik sayəsində Yehova Allah Oğlunu ucaldaraq göydə və yerdə yaradılan hər şey üzərində ona hakimiyyət verdi (Filip. 2:9—11).
İSA HƏQİQƏT VƏ TƏVAZÖKARLIQ NAMİNƏ ATINA MİNDİ
16. Allahın Oğlunun gələcəkdə də təvazökarlıq təzahür etdirəcəyini nə göstərir?
16 Allahın Oğlu İsa gələcəkdə də təvazökarlıq təzahür etdirəcək. Məzmurçu İsanın göydən düşmənləri ilə necə vuruşacağı barədə peyğəmbərlik edərək oxuyurdu: «Həqiqət, təvazökarlıq, salehlik naminə atına min» (Məz. 45:4, Yeni Dünya tərcüməsi). İsa Məsih Har-Magedonda təvazökar, saleh olan, eləcə də həqiqəti sevən insanlar uğrunda at belində döyüşəcək. Minillik Hökmranlığın sonunda, Padşah Məsih «hakimiyyətləri və iqtidarı» yox edəndən sonra nə baş verəcək? O, təvazökarlıq göstərəcək? İsa «padşahlığı öz Atası Allaha təhvil verəcək». (1 Korinflilərə 15:24—28 ayələrini oxu.)
17, 18. a) Yehovanın xidmətçilərinin İsanın təvazökarlıq nümunəsini təqlid etmələri nəyə görə vacibdir? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
17 Bəs bizim barəmizdə nə demək olar? İsanı təqlid edərək təvazökarlıq təzahür etdirəcəyikmi? Padşah İsa Məsih Har-Magedonda hökm vermək üçün zühur edəndə bizim aqibətimiz necə olacaq? İsanın at belinə çıxmaqda məqsədi yalnız təvazökar və itaətkar insanları xilas etməkdir. Buna görə də təvazökarlıq inkişaf etdirmək xilasımız üçün olduqca vacibdir. Üstəlik, İsa kimi, bizim də təvazökarlıq təzahür etdirməyimiz həm özümüzə, həm də başqalarına fayda gətirəcək.
18 İsanın təvazökarlıq nümunəsini təqlid etməkdə bizə nə kömək edəcək? Çətin olsa da, təvazökarlıq göstərmək üçün nə edə bilərik? Biz bu sualları növbəti məqalədə müzakirə edəcəyik.
[12–ci səhifədəki şəkillər]
İsanın təvazökarlıq nümunəsindən nə öyrənə bilərik?
[13–cü səhifədəki şəkil]
İsa şəfqət göstərməyə dair nümunə idi