«Müvəqqəti sakin»lər həqiqi ibadətdə birləşiblər
«Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək. Sizsə Rəbbin kahinləri... adlanacaqsınız» (YEŞAYA 61:5, 6).
NECƏ CAVAB VERƏRDİN?
Bəziləri əcnəbilərə necə yanaşır, bəs Müqəddəs Kitabda hansı fərqli nöqteyi-nəzər əks olunur?
Bu gün bütün millətlərdən olan insanlar nəyə dəvət olunur?
Hansı mənada Yehovanın Şahidləri arasında əcnəbilər yoxdur?
1. Bəziləri əcnəbilərə necə yanaşır, bəs bu nəyə görə düzgün deyil?
ƏVVƏLKİ məqalədən gördüyümüz kimi, insanlar «əcnəbi» sözünü kimisə alçaltmaq, hörmətsizlik göstərmək, hətta nifrətlərini büruzə vermək məqsədilə istifadə edirlər. Özümüzü ölkəmizdə yaşayan başqa millətlərdən üstün tutmaq onlara qarşı hörmətsizlik sayılır. Üstəlik, bu cür düşüncə tərzi bizim bəzi faktlardan xəbərsiz olduğumuzu göstərir. Bir nəşrdə belə fikir qeyd olunur: «Müqəddəs Kitabda irqlər haqqında deyilir ki, onların hamısı qardaşdırlar» («The Races of Mankind»). Çox vaxt qardaşlar bir-birlərindən tamamilə fərqlənirlər, ancaq onlar yenə də qardaşdırlar.
2, 3. Yehova əcnəbilərə necə yanaşır?
2 Düzdür, harada yaşamağımızdan asılı olmayaraq, ətrafımızda əcnəbilər var. Bunu Yehova Allahla Qanun əhdi bağlayaraq Onunla xüsusi münasibəti olan qədim İsrail xalqının hadisəsindən də görmək olar. Bu qanuna əsasən, qeyri-israillilərin hüquqları müəyyən mənada məhdud olsa da, israillilər onlarla hörmətcil tərzdə və ədalətlə davranmalı idilər. Bu, bizim üçün necə də gözəl nümunədir! Həqiqi məsihçilərin arasında ayrı-seçkiliyə və ya nifrətə yer yoxdur. Nəyə görə? Həvari Peter demişdi: «Doğrudan da, görürəm ki, Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həv. iş. 10:34, 35).
3 Qədim İsraildəki əcnəbilər israillilərlə sıx ünsiyyətdən fayda əldə edirdilər. İllər sonra Pavelin Yehova barəsində verdiyi sual Onun bu məsələyə dair nə düşündüyünü əks etdirir: «Məgər Allah yalnız yəhudilərin Allahıdır? Məgər O, digər millətlərin də Allahı deyil? Bəli, digər millətlərin də Allahıdır» (Rom. 3:29; Yoel 2:32).
4. Hansı mənada Allahın İsraili arasında əcnəbilər yox idi?
4 Yehovanın məsh olunmuşların yığıncağı ilə bağladığı yeni əhd Onunla xüsusi münasibəti olan İsrail xalqı ilə bağladığı əhdi əvəz etdi. Buna görə də bu yeni xalq Allahın İsraili adlandı (Qalat. 6:16). Pavelin qeyd etdiyi kimi, bu xalqın arasında «yunan və ya yəhudi, sünnətli və ya sünnətsiz, əcnəbi, skif, qul, azad yoxdur. Yalnız Məsih var. O, hər şeydir və hamısındadır» (Kolos. 3:11). Bu mənada həmin vaxt məsihçi yığıncağında əcnəbilər yox idi.
5, 6. a) Yeşaya 61:5, 6 ayələrinə əsasən hansı sual yaranır? b) Yeşayanın haqqında danışdığı «Rəbbin kahinləri» və «əcnəbilər» kimlərdir? c) Bu iki qrup birgə hansı işlə məşğul olur?
5 Məsihçi yığıncağı üzərində yerinə yetən «Yeşaya» kitabının 61-ci fəslindəki peyğəmbərlik bəzilərində çaşqınlıq yarada bilər. Çünki bu fəslin 6-cı ayəsində «Rəbbin kahinləri» olacaq kəslərdən, 5-ci ayəsində isə kahinlərlə birgə əməkdaşlıq edəcək əcnəbilərdən danışılır. Bu fikri necə başa düşə bilərik?
6 Biz başa düşürük ki, «Rəbbin kahinləri» «birinci dirilmədə» iştirak edən, eləcə də «Allahın və Məsihin qarşısında kahin kimi xidmət edəcək və min il ərzində Məsihlə birlikdə hakimiyyət sürəcək» məsh olunmuş məsihçilərdir (Vəhy 20:6). Bundan əlavə, yerüzü Cənnətdə yaşamaq ümidinə malik olan bir çox sadiq məsihçilər də var. Məcazi dildə desək, onlar göydə xidmət edəcək məsh olunmuşlarla əməkdaşlıq edən və sıx ünsiyyətdə olan əcnəbilərdir. Bu əcnəbilər böyük məmnuniyyətlə «Rəbbin kahinləri»nə «əkinçilik və bağbanlıq» edərək onları dəstəkləyirlər. Bəli, onlar Allaha izzət gətirən təbliğ və təlim işində iştirak etməklə məsh olunmuşlara kömək edirlər. Həm başqa qoyunlar, həm də məsh olunmuşlar insanlara həqiqəti öyrədir və məhəbbətlə həqiqətə uyğun yaşamalarına kömək edirlər (Yəh. 10:16).
İBRAHİM KİMİ «MÜVƏQQƏTİ SAKİNLƏR»
7. Qədimdə yaşamış İbrahim və digər sadiq insanlarla həqiqi məsihçilər arasında hansı oxşarlıq var?
7 Əvvəlki məqalədən öyrəndik ki, həqiqi məsihçilər Şeytanın idarə etdiyi dünyada əcnəbi və ya müvəqqəti sakindirlər. Onlar da, qədimdə yaşamış İbrahim və digər sadiq insanlar kimi, Şeytan dünyasının bir hissə olmaq istəmir və yaşadıqları ərazidə qərib və müvəqqəti sakin olduqlarını göstərirlər (İbr. 11:13). Yerüzü Cənnətdə və ya göydə yaşamaq ümidinə malik olmağımızdan asılı olmayaraq, İbrahim kimi, bizim də Allahla yaxın münasibətlər qurmaq üstünlüyümüz var. İsanın şagirdi Yaqub qeyd edir: «“İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı” sözləri yerinə yetdi və ona “Yehovanın dostu” deyildi» (Yaq. 2:23).
8. İbrahimə hansı vəd verilmişdi və o, bu vədin yerinə yetməsinə necə yanaşırdı?
8 Allah söz vermişdi ki, İbrahim və onun nəsli vasitəsilə yalnız bir millət yox, yer üzündə bütün ailələr xeyir-dua alacaq. (Yaradılış 22:15—18 ayələrini oxu.) Allahın verdiyi vədin uzaq gələcəkdə yerinə yetəcəyinə baxmayaraq, İbrahim bu vədin həyata keçəcəyinə əmin idi. O, ailəsi ilə birlikdə ömrünün çox hissəsini diyarbadiyar dolaşmağa sərf etdi. Bununla belə, İbrahim Yehova ilə dostluq münasibətlərini qoruyub saxladı.
9, 10. a) İbrahimin nümunəsini necə təqlid edə bilərik? b) Bu gün biz insanları nəyə dəvət edirik?
9 Bu vədin yerinə yetməsi üçün nə qədər gözləməli olacağını bilməsə də, İbrahimin Yehova Allaha olan məhəbbəti və sadiqliyi heç vaxt sarsılmadı. O, heç vaxt müvəqqəti sakin olduğunu unutmur və müəyyən bir ərazidə daimi məskən salmırdı (İbr. 11:14, 15). İbrahimin nümunəsini izləyərək sadə həyat sürüb mal-mülk sahibi olmağın və cəmiyyətdə ad-san qazanmağın, eləcə də karyera qurmağın vacib olmadığını düşünmək necə də müdriklik olardı. Axı bu fani dünyada «normal» həyat sürmək və müvəqqəti şeylərə həddən artıq bağlanmaq nəyimizə gərək? İbrahim kimi, biz də daha yaxşı şeylərə can atmalı və səbir edərək ümidimizin gerçəkləşməsini gözləməliyik. (Romalılara 8:25 ayəsini oxu.)
10 Yehova bu gün də bütün xalqlardan olan insanları İbrahimin nəsli vasitəsilə xeyir-dua almağa dəvət edir. «Rəbbin kahinləri», yəni məsh olunmuşlar, eləcə də başqa qoyunlardan olan «əcnəbilər» bütün dünyada 600-dən çox dildə insanları bu xeyir-dualar barədə bilik əldə etməyə dəvət edir.
SƏRHƏDLƏRİ AŞIN
11. Süleyman bütün xalqlardan olan insanlar barədə nəyi vurğuladı?
11 Bizim eradan əvvəl 1026-cı ildə məbədin həsr olunması mərasimində Yehovanın İbrahimlə bağladığı əhdə uyğun olaraq Süleyman vurğuladı ki, bütün xalqlardan olan insanlar Yehovaya həmd etmək üçün məbədə gələcəklər. O, səmimi-qəlbdən dua edərək dedi: «Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, o vaxt Sən göydə — Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar» (1 Pad. 8:41—43).
12. Nəyə görə bəzi insanlar Yehovanın Şahidlərə qəribə, yəni «əcnəbi» kimi baxırlar?
12 Əcnəbi dedikdə başqa bir ölkəyə səyahət edən və ya orada yaşayan insan nəzərdə tutulur. Yehovanın Şahidləri də məhz belə əcnəbilərə bənzəyirlər. Onlar dünyanın bir çox ölkələrində yaşayırlar, amma yalnız Allahın səmavi Padşahlığını və onun Padşahı İsa Məsihi dəstəkləyirlər. Müasir dövrdə Yehovanın Şahidlərinin siyasi məsələlərdə bitərəf mövqe tutmaları başqalarına qəribə gəlsə də, onlar öz mövqelərindən əl çəkmirlər.
13. a) Hər hansı insana əcnəbi kimi yanaşmamağı necə öyrənə bilərik? b) Yehovanın əzəli niyyətinə əsasən, bütün insanlar bir-birlərinə necə yanaşmalıdırlar? İzah edin.
13 Çox vaxt kiminsə əcnəbi olduğunu onun danışdığı dildən, riayət etdiyi adət-ənənələrdən, fiziki əlamətlərindən, hətta həyat tərzi və ya xarici görünüşündən tanıyırlar. Ancaq milliyyətindən asılı olmayaraq, bütün insanlara arasındakı ümumi cəhətlər yuxarıda sadalanan fərqləndirici cəhətlərdən daha vacibdir. Beləliklə, insanın bizdən fərqli olan cəhətlərinə diqqət yetirməməyi öyrənsək, qarşımızdakı insana əcnəbi kimi yanaşmayacağıq. Bütün dünyada bir hakimiyyət və ya bir ölkə olarsa, heç kimə əcnəbi deyilməz. Elə Yehovanın da əzəli niyyəti o olub ki, bütün insanlar bir hakimiyyət altında — Onun hakimiyyəti altında bir ailə kimi birləşsinlər. Bəs hal-hazırda bütün xalqlardan olan insanların bir-birlərinə əcnəbi kimi yanaşmamaları mümkündürmü?
14, 15. Yehovanın Şahidləri nəyə nail olublar?
14 Biz eqoist və öz millətlərini digər millətlərdən üstün tutan insanların arasında yaşayırıq. Ancaq çox xoşdur ki, yer üzündə hələ də bütün millətləri sevən insanlar var! Bu cür yanlış düşüncə tərzinin öhdəsindən gəlmək çətin ola bilər. CNN şəbəkəsinin təməlini qoyan, müxtəlif millətlərdən olan istedadlı insanlarla işləyən Ted Törner deyir: «Bu insanlarla bir yerdə işləmək əsil zövq verirdi. Başqa ölkələrdən olan insanları tanıdıqca onlara “əcnəbilər” kimi yox, planetimizin vətəndaşları kimi yanaşmağı öyrəndim. “Əcnəbi” sözü mənim üçün alçaldıcı məna daşımağa başladı və CNN-də bu sözün həm efirdə, həm də ofisdə işlənməsinə qadağa qoydum. Əvəzində “beynəlxalq” sözünü istifadə etmək olardı».
15 Bütün dünyada yalnız Yehovanın Şahidləri Allahın nöqteyi-nəzərini əks etdirirlər. Onlar insanlara, eynilə Yehova kimi yanaşmağı öyrəniblər və nəticədə, başqa millətlərdən olan insanlar haqqında düşüncə və hisslərini dəyişiblər. Onlar digər xalqlardan olan insanlara etibar etməmək, şübhələnmək və ya nifrət etmək əvəzinə, bu insanların müxtəlif xüsusiyyətlərini və qabiliyyətlərini gözəl bir şey kimi dəyərləndirirlər. Heç onların bunu necə etdikləri barədə düşünmüsənmi? Bəs bu, sənin başqaları ilə münasibətinə necə təsir edib?
YENİ DÜNYADA ƏCNƏBİ OLMAYACAQ
16, 17. Vəhy 16:16 və Daniel 2:44 ayələrinin yerinə yetməsi şəxsən sənin üçün hansı mənanı kəsb edir?
16 Tezliklə bütün millətlər Allahın hakimiyyətinə qarşı qaldırılan «ibranicə Har-Magedon adlanan» sonuncu müharibədə iştirak etmək üçün İsa Məsihlə və mələklərdən ibarət ordusu ilə üz-üzə gələcəklər (Vəhy 16:14, 16; 19:11—16). Təxminən 2500 il bundan əvvəl Daniel peyğəmbər Allahın niyyətinə qarşı çıxan insan hakimiyyətləri ilə nə baş verəcəyini peyğəmbərlik edərək yazmışdı: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Dan. 2:44).
17 Bunun şəxsən sənin üçün nə demək olduğu barədə bir düşün. Bu gün insanların sərhədlər yaratması ucbatından hər birimiz müəyyən mənada əcnəbi hesab olunuruq, lakin bu çox çəkməyəcək. Gələcəkdə də insanlar xarici görünüşlərinə və ya hər hansı fiziki əlamətlərinə görə bir-birilərindən fərqlənəcəklər; bu, sadəcə olaraq Yehovanın yaratdıqlarında heyrətamiz müxtəlifliyin olduğundan xəbər verəcək. Belə gözəl ümidə görə biz Yaradanımız Yehova Allaha bacardığımız qədər həmd etməyə və Onu izzətləndirməyə davam edəcəyik.
18. Bu yaxınlarda baş verən hansı dəyişiklik göstərir ki, «əcnəbi» anlayışının öhdəsindən gəlmək mümkündür?
18 Bütün dünyada belə bir dəyişikliyin olması inanılmazdır? Xeyr, heç də elə deyil. Əksinə, bunun baş verəcəyinə inanmaq məntiqəuyğundur. İnsanların milliyyətinə fərq qoymayan Yehovanın Şahidləri üçün «əcnəbi» sözü artıq indidən öz əhəmiyyətini itirib. Məsələn, nəzarət işinin asanlaşdırılması və Padşahlıq haqqında xoş xəbərin təbliğinin daha effektiv surətdə həyata keçirilməsi üçün bu yaxınlarda bir neçə kiçik filial birləşdirilib (Mat. 24:14). Təbii ki, bu cür qərarlar qəbul olunarkən, qanun çərçivəsindən çıxmamaq şərtilə, insanların qurduqları milli sərhədlər nəzərə alınmır. Digər bir sübut isə odur ki, Yehova tərəfindən taxta yüksəldilən Padşah İsa Məsih hal-hazırda etnik baryeri aradan qaldırır və tezliklə o, «yekun qələbəsinə doğru» irəliləyəcək (Vəhy 6:2).
19. Həqiqətin pak dili sayəsində nə mümkündür?
19 Müxtəlif xalqlardan olmalarına və müxtəlif dillərdə danışmalarına baxmayaraq, Yehovanın Şahidləri həqiqətin pak dilini qorumağa çalışırlar. Yaradılmış bu birlik bağını qoparmaq mümkün deyil. (Sefanya 3:9 ayəsini oxu.) Bu beynəlxalq ailə indiki pis sistemdə yaşamasına baxmayaraq, bu dünyanın bir hissəsi deyil. Birlik içində yaşayan ailənin artıq mövcud olması göstərir ki, yeni dünyada «əcnəbi» anlayışı olmayacaq. Şübhəsiz, sağ qalanların hər biri məqalənin əvvəlində «İrqlər» adlı kitabdan gətirilən sözlərin həqiqət olduğunu sevinclə etiraf edəcəklər!
[28–ci səhifədəki yazı]
Millətlər arasında olan sərhədlərin və «əcnəbilər» anlayışının olmayacağı bir vaxtı gözləyirsənmi?
[25–ci səhifədəki şəkil]
Sən də, İbrahim kimi, diqqətini Allahın vədlərinin yerinə yetməsinə cəmləyirsənmi?
[27–ci səhifədəki şəkil]
Yehovanın gözündə heç kəs əcnəbi deyil