Qoy Allahın füsunkar ənamı bəhrəsiz qalmasın!
«Bu füsunkar ənam üçün Allaha şükürlər olsun!» (2 KOR. 9:15).
1, 2. a) Allahın füsunkar ənamına nə daxildir? b) Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?
BƏŞƏR övladlarına ən möhtəşəm hədiyyəni Yehova Allah verib. O, məhəbbətdən irəli gələrək yeganə Oğlunu yer üzünə göndərib (Yəh. 3:16; 1 Yəh. 4:9, 10). Həvari Bulus bunu Allahın füsunkar ənamı adlandırmışdı (2 Kor. 9:15). Bəs nəyə görə?
2 Bulus bilirdi ki, Məsihin mükəmməl qurbanlığı Allahın bütün möhtəşəm vədlərinin yerinə yetəcəyinə zəmanət verir. (2 Korinflilərə 1:20 ayəsini oxuyun.) Beləliklə, bu füsunkar ənama Yehovanın İsa Məsih vasitəsilə bizə etdiyi bütün yaxşılıqlar və göstərdiyi məhəbbət daxildir. Həqiqətən də bu ənam o qədər heyrətamizdir ki, onu sözlə ifadə etmək qeyri-mümkündür. Bəs bu ənam bizdə hansı hissləri doğurmalıdır? 2016-cı il martın 23-də, çərşənbə günü keçiriləcək Məsihi anma mərasimi ərəfəsində bu ənam bizi nəyə təşviq etməlidir?
ALLAHIN XÜSUSİ ƏNAMI
3, 4. a) Hədiyyə alanda hansı hissləri keçirirsiniz? b) Aldığınız xüsusi hədiyyə həyatınızı necə dəyişə bilər?
3 İnsan hədiyyə alanda ürəyini xoş hisslər bürüyür. Lakin bəzi hədiyyələr o qədər xüsusi, o qədər qiymətli olur ki, insanın bütün həyatını dəyişir. Tutaq ki, cinayət törətdiyinizə görə sizi edam etməlidirlər. Amma qəflətən camaatın arasından tanımadığınız bir adam çıxır və sizə kəsilən cəzanı öz üzərinə götürür. Təsəvvür edin, o, sizin əvəzinizə ölməyə hazırdır. Bəs əgər kimsə öz ömrünü sizə bağışlayırsa, bunun müqabilində siz nə etməlisiniz?
4 Şübhəsiz ki, bu cür fədakar məhəbbət sizi oturub düşünməyə, həyatınızı dəyişməyə vadar edəcək. Sizi əliaçıq olmağa, insanlarla məhəbbətlə davranmağa, hətta sizə qarşı haqsızlıq edənləri bağışlamağa təşviq edəcək. Həyatını uğrunuzda qurban verən insana bütün ömrünüz boyu özünüzü borclu hesab edəcəksiniz.
5. Allahın fidyə ənamı nəyə görə başqa bəxşişlərdən qat-qat dəyərlidir?
5 Ancaq Yehovanın İsa Məsih vasitəsilə bizə təqdim etdiyi ənam bu nümunədə təsvir olunan bəxşişdən qat-qat dəyərlidir (1 But. 3:18). Çünki günahı miras aldığımıza görə hamımız ölümə məhkum olmuşuq (Rom. 5:12). Məhəbbətdən irəli gələrək Yehova İsanı yer üzünə göndərdi ki, hər kəsin əvəzinə ölümü dadsın (İbr. 2:9). Yehova bizim yalnız həyatımızı xilas etmədi. O, ölümün səbəbini əbədilik aradan qaldırmaq üçün zəmin yaratdı (Əşy. 25:7, 8; 1 Kor. 15:22, 26). İsaya iman edənlərdən bəziləri Allahın Padşahlığının təbəələri kimi yer üzündə əbədiyyən sülh və əmin-amanlıqda yaşayacaqlar, bəziləri isə həmin Padşahlıqda Məsihlə bərabər idarə edəcəklər (Rom. 6:23; Vəhy 5:9, 10). Yehovanın verdiyi bu ənama daha nələr daxildir?
6. a) Yehovanın ənamına daxil olan hansı nemətləri səbirsizliklə gözləyirsiniz? b) Allahın ənamı bizi nəyə təşviq edir?
6 Yehovanın verdiyi ənama bütün xəstəliklərin sağalması, yer üzünün Cənnətə çevrilməsi və ölülərin dirilməsi daxildir (Əşy. 33:24; 35:5, 6; Yəh. 5:28, 29). Sözsüz ki, biz Yehovanı və Onun əziz Oğlunu bu füsunkar ənama görə çox sevirik. Ancaq Allahın məhəbbəti bizi həm də 1) İsanın izi ilə getməyə, 2) bacı-qardaşlarımıza məhəbbət göstərməyə və 3) başqalarını ürəkdən bağışlamağa təşviq edir. Gəlin görək necə.
«BİZƏ TƏKAN VERƏN QÜVVƏ MƏSİHİN MƏHƏBBƏTİDİR»
7, 8. Məsihin məhəbbəti bizdə hansı hissləri doğurmalıdır və bu, bizi nəyə təşviq etməlidir?
7 Əvvəla, biz Məsih üçün yaşamalıyıq. Həvari Bulus demişdi: «Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir». (2 Korinflilərə 5:14, 15 ayələrini oxuyun.) Bulus başa düşürdü ki, Məsih üçün yaşamasaq, onun məhəbbətini qazana bilmərik. Allahın bizim üçün etdiklərini başa düşəndə, Onun məhəbbəti ürəyimizi riqqətə gətirəndə sidqi-ürəkdən İsa Məsih üçün yaşamağı arzulayacağıq. Bu arzumuzu əməldə necə göstərə bilərik?
8 Yehovanı sevənlər Məsihdən nümunə götürməli, onun izi ilə getməlidirlər (1 But. 2:21; 1 Yəh. 2:6). İtaətkarlığımızla biz Allahı və Məsihi sevdiyimizi göstəririk. Məsih demişdi: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm» (Yəh. 14:21; 1 Yəh. 5:3).
9. Biz hansı təhlükə ilə üz-üzəyik?
9 Məsihin ölümünün anma mərasimi zamanı yaxşı olardı ki, öz həyatımıza nəzər salaq. Özünüzdən soruşun: «Həyatımın hansı sahələrində həmişə Məsihin izləri ilə gedirəm? Bəs hansı sahələrdə yaxşılaşmalıyam?» Bu dünya daima bizə təsir göstərdiyinə görə özümüzü yoxlamaq olduqca vacibdir (Rom. 12:2). Ehtiyatlı olmasaq, biz bu dünyanın filosoflarından, hətta məşhur insanlarından və ya idman ulduzlarından örnək almağa başlayacağıq (Kol. 2:8; 1 Yəh. 2:15—17). Bəs özümüzü bundan necə gözləyə bilərik?
10. Anma mərasimi zamanı özümüzə hansı sualları verməliyik və bu, bizi nəyə təşviq etməlidir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
10 Anma mərasimi zamanı yaxşı olardı ki, paltar dolabımıza göz gəzdirək, qulaq asdığımız mahnılara və baxdığımız filmlərə diqqət yetirək, həmçinin kompüterimizdə, telefonumuzda və planşetimizdə olan məlumatları saf-çürük edək. Geyim dolabınıza baxarkən özünüzdən soruşun: «İsanın olduğu yerə bu geyimdə getsəydim, özümü rahat hiss edərdim?» (1 Timutiyə 2:9, 10 ayələrini oxuyun.) «Geyimim mənim Məsihin davamçısı olduğumu göstərir?» Biz həmçinin mahnı və kino ilə bağlı özümüzə bu cür sualları verə bilərik: «İsa mən baxdığım kinolara baxardı və ya qulaq asdığım mahnılara qulaq asardı? Əgər o, mənim telefonumu və ya planşetimi götürsəydi, orada gördükləri məni utandırmazdı ki?» Video oyunlarına gəldikdə özümüzdən soruşa bilərik: «Nəyə görə bu oyunu xoşladığımı İsaya izah etməyə çətinlik çəkərdim?» Əgər biz Yehovanı seviriksə, nə qədər bahalı olsa da, Məsihin şagirdinə yaraşmayan hər bir şeyi rədd edəcəyik (Həv. 19:19, 20). Biz həyatımızı Yehovaya həsr edəndə söz vermişdik ki, artıq özümüz üçün yaşamayacağıq, Məsihə şərəf gətirmək üçün yaşayacağıq. Buna görə də Məsihin izləri ilə getməyə mane olan hər şeyi rədd etməliyik (Mət. 5:29, 30; Filip. 4:8).
11. a) Yehovaya və Məsihə olan məhəbbət bizi təbliğ işində nəyə təşviq edir? b) Məhəbbət bizi yığıncaqdakı bacı-qardaşlara kömək etməyə necə təşviq edə bilər?
11 Məsihə məhəbbət həmçinin bizi təbliğ və şagird hazırlamaq işində canla-başla iştirak etməyə təşviq edir (Mət. 28:19, 20; Luka 4:43). Anma mərasimi zamanı bizim imkanımız var ki, köməkçi öncül kimi xidmət edib ay ərzində 30 və ya 50 saat təbliğ edək. Bəlkə, siz də işinizi elə qura bilərsiniz ki, həmin vaxt köməkçi öncül kimi xidmət edəsiniz. 84 yaşlı bir dul qardaş düşünürdü ki, yaşına və səhhətinə görə köməkçi öncül kimi xidmət edə bilməz. Buna baxmayaraq, onun yaşadığı yerdə olan öncüllər ona kömək etdilər. Onlar onu maşınla aparıb-gətirirdilər, onunla xidmət etmək üçün münasib ərazi seçirdilər ki, ay ərzində 30 saat təbliğ edə bilsin. Siz də yığıncağınızda anma mərasimi zamanı kiməsə köməkçi öncül kimi xidmət etməyə kömək edə bilərsiniz? Düzdür, hamımız köməkçi öncül kimi xidmət edə bilmərik. Ancaq öz vaxtımızı və gücümüzü sərf edib Yehovaya həmd qurbanlarımızı artıra bilərik. Bununla göstərərik ki, Bulus kimi, bizi də Məsihin məhəbbəti hərəkətə təşviq edir. Bəs Allahın məhəbbəti bizi daha nəyə təşviq edəcək?
BİR-BİRİMİZİ SEVMƏYƏ BORCLUYUQ
12. Allahın məhəbbəti bizi nə etməyə təşviq edir?
12 İkincisi, Allahın məhəbbəti bizi bacı-qardaşlarımızı sevməyə təşviq etməlidir. Həvari Yəhya bunu başa düşürdü. O yazmışdı: «Əzizlərim, Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməyə borcluyuq» (1 Yəh. 4:7—11). Bəli, başa düşməliyik ki, əgər Allahın bizi sevməsini istəyiriksə, biz də qardaşlarımızı sevməyə borcluyuq (1 Yəh. 3:16). Bəs sevgimizi əməldə necə göstərə bilərik?
13. İsa insanları sevməkdə hansı nümunəni qoyub?
13 Gəlin İsanın nümunəsinə baxaq. Yer üzündəki xidməti zamanı o, fəqirlərə xüsusi diqqət göstərirdi. Şikəst, kor, kar və lal adamlara şəfa verirdi (Mət. 11:4, 5). Yəhudi din rəhbərləri ruhən ac olan insanları Allahın lənətinə gəlmiş adlandırsalar da, İsa sevə-sevə onlara Allah haqqında öyrədirdi (Yəh. 7:49). İsa bu fəqir adamları sevirdi və onlara canla-başla xidmət edirdi (Mət. 20:28).
14. Bacı-qardaşları sevdiyinizi əməldə necə göstərə bilərsiniz?
14 Anma mərasimi zamanı İsadan nümunə götürərək yığıncağımızdakı bacı-qardaşlar barədə düşünə bilərik. Belə etsək, kimlərin köməyə ehtiyacı olduğunu görəcəyik. Ola bilsin, yığıncağınızda yaşlı bacı-qardaşlar var. Bu əziz bacı-qardaşlara baş çəkə bilərsiniz? Onlara yemək aparmaq, ev işlərində kömək etmək, yığıncağa aparıb-gətirmək və ya xidmətə dəvət etmək olar. (Luka 14:12—14 ayələrini oxuyun.) Qoy Allahın məhəbbəti bizi bacı-qardaşlarımızın köməyinə yetməyə və onlara məhəbbət göstərməyə təşviq etsin.
BACI-QARDAŞLARIMIZA MƏRHƏMƏT GÖSTƏRƏK
15. Biz nəyi başa düşməliyik?
15 Üçüncüsü, Yehovaya məhəbbət bizi bacı-qardaşlarımızı bağışlamağa təşviq etməlidir. Adəmin övladları olan bizlər günahı miras almışıq və ölüm cəzasına məhkum olmuşuq. Buna görə də heç birimiz: «Mənim fidyəyə ehtiyacım yoxdur», — deyə bilmərik. Hətta Yehovanın ən sadiq xidmətçisinin də Onun Məsih vasitəsilə göstərdiyi lütfə ehtiyacı var. Hər birimiz başa düşməliyik ki, bizim böyük borcumuz bağışlanıb. Nəyə görə bunu bilmək vacibdir? Cavabı İsanın çəkdiyi məsəldə tapmaq olar.
16, 17. İsanın padşah və nökər məsəlindən nə öyrənirik?
16 İsa bir məsəl çəkmişdi. Məsəldə padşah bir nökərinin külli miqdarda borcunu — 10 000 talant, yaxud 60 000 000 dinar borcunu bağışlayır. Ancaq bu nökər o boyda borcu bağışlansa da, yoldaşının kiçik miqdarda — 100 dinar borcunu bağışlamır. Padşah mərhəmət göstərib bağışladığı nökərin belə daşürəkli olduğunu biləndə bərk qəzəblənir. O deyir: «Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?» (Mət. 18:23—35, haşiyə). Bəli, padşahdan böyük mərhəmət görmüş bu qul öz yoldaşını bağışlamalı idi. Həmin padşah kimi, Yehova da bizim böyük borcumuzu, günahlarımızı bağışlayıb. Bəs Yehovanın məhəbbəti və mərhəməti bizi nəyə təşviq etməlidir?
17 İsa Məsihi anma mərasimi zamanı yaxşı olardı özümüzü yoxlayaq, görək hansısa həmimanlımızdan incik deyilik ki. Əgər belədirsə, bu, bağışlayan Yehova Allahdan nümunə götürmək üçün əsil məqamdır (Nəh. 9:17; Zəb. 86:5). Yehovanın bizim böyük borcumuzu bağışladığını dərk ediriksə, biz də başqalarını ürəkdən bağışlayacağıq. Biz bacı-qardaşlarımızı sevməsək, onları bağışlamasaq, onda Yehovadan bizi sevməsini, bağışlamasını gözləməməliyik (Mət. 6:14, 15). Düzdür, bağışlamaq keçmişi dəyişməyəcək, ancaq gələcəyi mütləq yaxşılığa doğru dəyişəcək.
18. Allahın məhəbbəti bir bacıya başqa bir bacının qeyri-kamilliyinə səbirlə yanaşmağa necə kömək etmişdi?
18 Bacı-qardaşların qeyri-kamilliyinə səbir etmək heç də asan olmur. (Koloslulara 3:13, 14; Efeslilərə 4:32 ayələrini oxuyun.) Məsələn, Lili adlı subay bir bacı yığıncaqlarındakı Karol[1] adlı dul bacıya kömək edirdi. Lili Karol bacını maşınla aparıb-gətirir, onun buyruqlarını yerinə yetirir və digər şeylərdə onun əlindən tuturdu. Lakin Karol bacının xasiyyəti ağır idi, Lilinin bütün bu yaxşılıqlarına baxmayaraq, daima ondan giley-güzar edirdi. Ancaq Lili diqqətini onun yaxşı xüsusiyyətlərinə cəmləyirdi. Karol bacı xəstələnib vəfat edənədək Lili ona bir neçə il ərzində kömək etdi. Lili deyir: «Mən səbirsizliklə Karolun dirilməsini gözləyirəm. Onun kamil vaxtını görmək istəyirəm». Bəli, Allahın məhəbbəti bizi təşviq edir ki, bacı-qardaşlarımıza səbir edək və qeyri-kamilliyin həmişəlik aradan qaldırılacağı vaxtı gözləyək.
19. Allahın füsunkar ənamı bizi nəyə təşviq etməlidir?
19 Yehova həqiqətən də bizə füsunkar ənam verib. Gəlin heç vaxt bu dəyərli hədiyyəyə barmaqarası baxmayaq. Əksinə, xüsusilə də anma mərasimi zamanı Yehovanın və Məsihin bizim üçün etdikləri üzərində minnətdarlıqla düşünək. Bəli, qoy Onların məhəbbəti bizi İsanın izləri ilə getməyə, bacı-qardaşlarımızın köməyinə yetməyə, onları sevdiyimizi əməldə göstərməyə və onları ürəkdən bağışlamağa təşviq etsin.
^ [1] (18-ci abzas) Bu məqalədə bəzi adlar dəyişdirilib.