Təxəyyül karvanının yaxşı sarvanı olun!
ÇƏKİSİ haradasa 1,4 kiloqramdır. Lakin alimlərin dili ilə desək, dünyada ən mürəkkəb quruluşa malikdir. Söhbət insan beynindən gedir. Beyin sözün əsil mənasında möcüzədir. Onun haqqında öyrəndikcə insan heyrətamiz işlərinə görə Yehovaya elə hey həmd-səna etmək istəyir (Zəb. 139:14). Gəlin beyinin qabiliyyətlərindən birinə, təxəyyül qabiliyyətinə baxaq.
Təxəyyül nədir? Bir lüğətə əsasən, «təxəyyül insanın yeni, maraqlı, yaxud heç vaxt başına gəlməyən şeylərin surətini və ya təsəvvürünü zehnində canlandırmaq qabiliyyətidir». Bu tərifi nəzərə alsaq, yəqin razılaşarsınız ki, biz təxəyyülümüzü çox tez-tez işə salırıq. Məsələn, hansısa bir yer haqqında eşidəndə və ya oxuyanda, heç vaxt orada olmasaq belə, oranı təsəvvürümüzdə canlandıra bilirik. Doğrudan da, görmədiyimiz, eşitmədiyimiz, toxunmadığımız, qoxusunu bilmədiyimiz, dadına baxmadığımız bir şey haqqında düşünəndə təxəyyülümüz işə düşür.
Müqəddəs Kitabdan öyrənirik ki, Allah insanı Öz bənzərində yaradıb (Yar. 1:26, 27). Bundan belə nəticəyə gəlmək olar ki, Yehovanın Özü də təxəyyülünü işə salır. Əgər O, bizi belə bir qabiliyyətlə yaratmağı məsləhət bilibsə, deməli, istəyir ki, bu qabiliyyətimizdən Onun iradəsini dərk etmək üçün istifadə edək (Vaiz 3:11). Allahın iradəsini qavramaq üçün təxəyyül fəaliyyətindən ağılla necə istifadə edə bilərik? Bəs təxəyyül fəaliyyətinin hansı növlərindən uzaq durmalıyıq?
TƏXƏYYÜLÜN ZƏRƏRLİ NÖVLƏRİ
1) Lazım olmayan vaxtda və ya lazım olmayan şeylər barədə xəyallara dalmaq.
Xəyala dalmaq öz-özlüyündə zərərli şey deyil. Əslində, xəyala dalmaq faydalıdır. Lakin Vaiz 3:1 ayəsində deyilir ki, hər şeyin öz vaxtı var. Deməli, elə ola bilər ki, hansısa işi lazım olmayan vaxtda görək. Məsələn, əgər yığıncaq görüşləri zamanı və ya Müqəddəs Kitabı mütaliə edərkən fikrimiz başqa yerdə dolaşırsa, bu halda təxəyyül qabiliyyəti bizə kömək edir, yoxsa əngəl törədir? İsa Məsih xəbərdarlıq etmişdi ki, insanın təsəvvüründə pis şeylər, məsələn, əxlaqsız səhnələr canlandırması təhlükəlidir (Mət. 5:28). Məsihinin özünə rəva bilib xəyalında canlandırdığı səhnələrin bəziləri Yehova Allaha çox ağır gedə bilər. İnsanın təsəvvüründə əxlaqsız səhnələr canlandırması əxlaqsızlığı əməli şəkildə reallaşdırmasına gətirib çıxara bilər. Heç vaxt yol verməyin ki, xəyallarınız sizi Yehovadan uzaqlaşdırsın.
2) Var-dövləti özünə sipər sanmaq.
Maddiyyat insan üçün lazımlıdır. Lakin biz xoşbəxtliyin və dincliyin ondan asılı olduğunu xəyal etsək, onda məyus olacağıq. Hikmətli insan olan Süleyman yazmışdı: «Varlının dövləti onunçün istehkamlı şəhərdir, onun xəyalında qala divarıdır» (Məs. 18:11). 2009-cu ilin sentyabr ayında leysanlar ucbatından Filippinin Manila şəhərinin 80 faizindən çoxunu sel basmışdı. Heç kimin var-dövləti onu qurtarmamışdı. Həmin leysan vaxtı çox şeyi məhv olan varlı bir kişi demişdi: «Daşqın varlılarla kasıbları bərabərləşdirdi. Həm varlıları, həm də kasıbları yaman günə qoydu». İnsana elə gələ bilər ki, xoşbəxtlik, əmin-amanlıq maddiyyatdan asılıdır. Əslində isə bu, belə deyil!
3) Bəlkə də heç vaxt olmayacaq şeylərin dərdini çəkmək.
İsa Məsih məsləhət görmüşdü ki, həddindən artıq narahat olmayaq (Mət 6:34). Həmişə narahatçılıq keçirən adam təxəyyülünə dinclik vermir. Elə ola bilər ki, biz hələ baş verməyən, bəlkə də heç vaxt baş verməyəcək şeylərə görə narahat olub özümüzü üzək. Müqəddəs Kitabda göstərilir ki, bu cür narahatçılıq insanı ruhdan salır, onun ürəyini sıxır (Məs. 12:25). İsanın məsləhətinə əməl edib həddən artıq narahat olmamaq çox vacibdir. Elə yaşadığımız günün dərdini çəksək, bəsdir.
TƏXƏYYÜLÜN FAYDALI NÖVLƏRİ
1) Təhlükəni qabaqcadan görüb ondan yan gəzin.
Müqəddəs Yazılarda məsləhət görülür ki, uzaqgörən olaq, hər şeyi qabaqcadan ölçüb-biçək (Məs. 22:3). Biz hər hansı bir qərarı verməzdən əvvəl təxəyyülümüzü işə salıb onun nəticələri barədə fikirləşə bilərik. Məsələn, əgər sizi hansısa məclisə dəvət ediblərsə, gedib-getməməyi qərara almaq üçün oturub fikirləşin: Ora kimlər dəvət olunub? Nə qədər adam olacaq? Məclis harada və nə vaxt keçiriləcək? Orada nə baş verə bilər? Bu məqamları götür-qoy edəndən sonra həmin məclisin Müqəddəs Kitab prinsiplərinə uyğun keçiriləcəyini təsəvvür edə bilirsiniz? Beləcə həmin məclisi təsəvvürünüzdə canlandıracaqsınız. Təxəyyülünüzü işə salıb ağıllı qərar versəniz, bir çox ruhani təhlükələrdən özünüzü qoruyacaqsınız.
2) Müşkül vəziyyətləri yoluna qoymağı əqlən məşq edin.
Təxəyyül həmçinin «problemlə üz-üzə gəlib onu həll etmək bacarığıdır». Tutaq ki, yığıncaqda kiminləsə aranızda anlaşılmazlıq yaranıb. Münasibətlərinizi düzəltmək üçün həmin bacıya, ya qardaşa necə yaxınlaşacaqsınız? Bu məsələdə bir neçə amili nəzərə almaq lazımdır. Onun danışıq tərzi necədir? Nə vaxt yaxınlaşıb danışmaq münasib olar? Nə deyəcəksiniz, hansı tonda danışacaqsınız? Xəyalınızda onunla söhbətinizi canlandırın, müxtəlif cür vəziyyətləri təsəvvür edin. Sonra isə məsələni yoluna qoymağa kömək edəcək ən münasib variantı seçin (Məs. 15:28, haşiyə). Müşkül vəziyyətləri bu cür yoluna qoymaq yığıncaqda sülhü qorumağa kömək edəcək. Sözsüz ki, bu halda təxəyyül əsil nemətdir.
3) Müqəddəs Kitabın mütaliəsini maraqlı edin.
Müqəddəs Kitabı hər gün oxumaq son dərəcə vacibdir. Lakin təkcə oxumaqla hər şey bitmir. Biz Müqəddəs Kitabın səhifələrindəki hikmətdən özümüzə dərs götürməliyik, öyrəndiklərimizi həyatımızda tətbiq etməyə həvəslənməliyik. Müqəddəs Kitabı oxumağın sayəsində Yehovanın işlərini daha çox dəyərləndirməliyik. Bu işdə təxəyyülün bizə böyük köməyi dəyə bilər. Nümunə üçün götürək «İman örnəkləri» kitabını. Kitabdakı əhvalatları oxuduqda Müqəddəs Kitabın hər bir personajının vəziyyətini, mənşəyini təsəvvürümüzdə canlandıra bilirik, sanki mənzərələri görürük, səsləri eşidirik, qoxuları duyuruq. Həmin personajların keçirdiyi hissləri başa düşürük. Bunun sayəsində, hətta yaxşı bildiyimiz əhvalatdan da özümüzə çox şey götürür, ruhlandırıcı fikirlər tapırıq. Təxəyyülümüzü bu cür işə salsaq, Müqəddəs Kitabın mütaliəsi bizə böyük fayda gətirəcək.
4) Şəfqətli olun.
Şəfqət elə bir gözəl keyfiyyətdir ki, bu zaman insan başqasının ağrı-acısını öz ürəyində hiss edir. Yehova da, İsa da şəfqətlidir. Yaxşı olardı ki, biz də Onlara bənzəyək (Çıx. 3:7; Zəb. 72:13). Şəfqətli olmaq üçün ən gözəl üsullardan biri təxəyyülü işə salmaqdır. Ola bilsin, biz heç vaxt dindaşımızın düşdüyü vəziyyətə düşməmişik. Ancaq özümüzdən soruşa bilərik: «Mən onun yerində olsaydım, özümü necə hiss edərdim? Nəyə ehtiyacım olardı?» Təxəyyülümüzü işə salıb bu sualların üzərində düşünsək, şəfqətli ola bilərik. İstər xidmətdə olsun, istərsə də başqa məsihilərlə münasibətdə, şəfqətli olmağın faydasını məsihi həyatının hər bir sahəsində görəcəyik.
5) Yeni dünyadakı həyatı təsəvvürünüzdə canlandırın.
Müqəddəs Kitabda Allahın vəd etdiyi yeni dünya ilə bağlı çox şey təsvir olunub (Əşy. 35:5—7; 65:21—25; Vəhy 21:3, 4). Bizim nəşrlərdə də həmin həyatı təsvir edən gözəl şəkillər var. Bu şəkillərin çəkilməsində məqsəd odur ki, təsəvvürümüzdə obrazlar yaransın və biz özümüzü həmin vədlərin gerçəkləşdiyi vaxtda təsəvvür edək. Təxəyyülün Yaradanı olan Yehova Allah bu qabiliyyətin necə böyük gücə malik olduğunu hamıdan yaxşı bilir. Təxəyyülümüzü işə salıb Onun vədləri barədə düşünsək, onların yerinə yetəcəyinə imanımız artacaq və hətta çətinliklər vaxtı belə, Ona sadiq qalacağıq.
Bəli, təxəyyül Yehovanın bizə böyük məhəbbətlə bəxş etdiyi nemətdir. O, bizə Yehovaya xidmət etməyə kömək edə bilər. Gəlin hər gün təxəyyül karvanının yaxşı sarvanı olaq və bununla da Yaradana minnətdar olduğumuzu göstərək.