«Sülh yox, qılınc gətirməyə gəlmişəm»
«Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm» (MƏT. 10:34).
1, 2. a) Yehova bizə nə bəxş edib? b) Bu zəmanədə tam sülhə nail olmağımıza mane olan nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
ƏMİN-AMANLIQDA, başı dinc yaşamaq hər kəsin arzusudur. Şükürlər olsun ki, Yehova bizə Öz sülhünü, yəni bizi narahatlıqdan, nigarançılıqdan qoruyan qəlb rahatlığı bəxş edir (Filip. 4:6, 7). Həmçinin özümüzü Yehovaya həsr etdiyimiz üçün Onunla aramızda sülh, yəni gözəl münasibətlər var (Rom. 5:1).
2 Amma tam sülhü duyacağımız vaxt hələ yetişməyib. Son dərəcə çətin olan bu zəmanə münaqişələrlə doludur, üzüyola insanların sayı getdikcə azalır (2 Tim. 3:1—4). Üstəgəl, məsihi olduğumuz üçün Şeytanla, onun yaydığı yalan təlimlərlə mübarizə aparmalı oluruq (2 Kor. 10:4, 5). Amma dincliyimizi poza biləcək ən böyük faktor imanımıza şərik olmayan qohumlarımızdır. Bəzən qohumlarımız əqidəmizə rişxənd edirlər, ailənin parçalanmasına səbəb olduğumuzu deyirlər, dinimizdən dönməsək, bizimlə bütün əlaqələri kəsəcəkləri ilə hədələyirlər. Bəs onların bu cür münasibətinə necə yanaşmalıyıq? Bu kimi çətinlikləri necə aşa bilərik?
YAXINLARIMIZIN ETİRAZLARINA NECƏ YANAŞMALI?
3, 4. a) İsa Məsih təlimləri ilə bağlı hansı gerçəkliyi vurğulamışdı? b) Məsihin ardınca getmək xüsusilə nə vaxt çətin olur?
3 İsa Məsih bilirdi ki, onun təlimləri insanlar arasında fikir ayrılığına səbəb olacaq. Bu isə bəzi ailələrdə münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Məsih demişdi: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm. Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm. Bəli, insanın düşməni öz evindəkilər olacaq» (Mət. 10:34—36). Bu isə o demək idi ki, İsanın ardınca getmək istəyənlər cəsarətli olmalıdırlar.
4 «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm» sözləri ilə Məsih demək istəyirdi ki, onun ardınca getmək istəyən insan nəticələri gözə almalıdır. Sözsüz, İsanın məqsədi ailə tellərini zəiflətmək deyildi. Onun amalı Allahdan gələn həqiqət xəbərini bəyan etmək idi (Yəh. 18:37). Bununla belə, insanın qohum və dostları həqiqəti qəbul etmirsə, onun üçün Məsihin təlimlərinə bağlı qalmaq çətin olacaq.
5. Məsihin davamçıları nələrə sinə gərməli olurlar?
5 İsa Məsih davamçılarının dözməli olduqları sınaqlara ailə tərəfindən göstərilən müqaviməti də daxil etmişdi (Mət. 10:38). Məsihə layiq olmaq istəyənlər yaxınlarının istehzalarına, hətta ailə üzvlərinin onlardan üz çevirməsinə dözməli olurlar. Bütün bunlara baxmayaraq, onların qazandıqları itirdiklərindən qat-qat çox olur. (Mark 10:29, 30 ayələrini oxuyun.)
6. Yehovaya ibadət etməyimizə qarşı çıxan qohumlarla bağlı nəyi yadda saxlamalıyıq?
6 Qohumlarımızın dinimizə qarşı çıxmaları onları sevməyimizə mane olmamalıdır. Bununla belə, Yehovaya və İsa Məsihə məhəbbətimiz istənilən insana olan məhəbbətdən üstün olmalıdır (Mət. 10:37). Bir şeyi bilməliyik ki, Şeytan ailəyə, qohumlara duyduğumuz bağlılıq hissimizdən istifadə edərək Yehovaya sədaqətimizi sındırmağa çalışacaq. Gəlin yaxınlarımızın narazılığı ilə bağlı bir neçə vəziyyətə nəzər salaq və görək bu çətinliklərin öhdəsindən necə gələ bilərik.
HƏYAT YOLDAŞINIZ ETİQADINIZA ŞƏRİK OLMAYANDA
7. Həyat yoldaşı məsihi olmayanlar vəziyyətlərinə necə yanaşmalıdırlar?
7 Müqəddəs Kitabda yazılıb ki, ailə həyatı özü ilə çətinliklər gətirir (1 Kor. 7:28). Həyat yoldaşınızın imanınıza şərik olmaması isə əlavə çətinliklərə səbəb ola bilər. Bu zaman vəziyyətə Yehovanın gözü ilə baxmağı bacarmaq lazımdır. Yoldaşınızın Yehovaya ibadət etməməsi boşanmağınıza və ya ayrı yaşamağınıza əsas vermir (1 Kor. 7:12—16). Həyat yoldaşınız ailədə ruhani işlərdə başçılıq etməsə də, ona ailə başçısı kimi hörmət edilməlidir. Eynilə, məsihi ər imanına şərik olmayan arvadını fədakarcasına sevməli, onunla nəvazişlə davranmalıdır (Efes. 5:22, 23, 28, 29).
8. Həyat yoldaşınız ibadətinizə məhdudiyyət qoyursa, hansı sualları götür-qoy etmək olar?
8 Bəs həyat yoldaşınız ibadətinizlə bağlı məhdudiyyətlər qoyursa, onda necə? Misal üçün, bir bacının əri ondan xidmətə yalnız həftənin müəyyən günləri çıxmağını istəyirdi. Əgər siz də oxşar halla üz-üzəsinizsə, bu sualları götür-qoy edin: Yoldaşım Yehovaya ibadət etməyi ümumiyyətlə qadağan edir? Əgər belə deyilsə, bəlkə güzəştə getmək olar? İfratdan qaçmaq ailədaxili münaqişələri minimuma endirməyə kömək edəcək (Filip. 4:5).
9. Məsihi olmayan valideyninə hörmət etməsi üçün uşağı necə öyrətmək olar?
9 Həyat yoldaşınızın imanda olmaması uşağa tərbiyə verməyi çətinləşdirə bilər. Misal üçün, əgər yoldaşınız Allahın yüksək normalarına uyğun yaşamırsa, sizə Müqəddəs Kitabdakı «atana və anana hörmət et» əmrini övladınıza öyrətmək elə də asan olmaya bilər (Efes. 6:1—3). Belə halda yaxşı olar ki, həyat yoldaşınıza hörmət göstərməkdə övladlarınıza nümunə olasınız. Yoldaşınızın müsbət cəhətlərini görün, onu tərifləyin. Uşağınızın yanında həyat yoldaşınızı pisləyərək onu gözdən salmayın. Bunun yerinə, övladınıza başa salın ki, Yehovaya ibadət etmək şəxsi seçim məsələsidir. Uşaqların yaxşı davranışı öz növbəsində yoldaşınızı həqiqət yoluna cəlb edə bilər.
10. Din ayrılığı olan ailələrdə məsihi valideyn uşaqlarına Müqəddəs Kitab həqiqətlərini necə aşılaya bilər?
10 Elə olur ki, Yehovaya ibadət etməyən tərəf uşaqlarının bütpərəst mənşəli bayramlarda iştirak etməsini istəyir, yaxud onlara yalan dini təlimlərin öyrədilməsində israr edir. Elə də olur ki, ər məsihi arvadının uşağa Müqəddəs Kitabı öyrətməsini qadağan edir. Amma hətta belə hallarda, məsihi qadın uşağına əlindən gələn qədər Yehova Allah haqqında öyrədə bilər (Həv. 16:1; 2 Tim. 3:14, 15). Məsələn, bacımızın yoldaşı ona azyaşlı uşağına Müqəddəs Kitab dərsi keçməyə, uşağı yığıncağa aparmağa icazə vermirsə, bacı onun qərarına hörmətlə yanaşmalıdır. Ancaq bu, o demək deyil ki, o, vəziyyət düşdükcə uşağının yanında imanı barədə danışmamalı, ona mənəvi tərbiyə, Yehova haqda bilik aşılamamalıdır (Həv. 4:19, 20). Sözsüz ki, nəticədə uşaqlar hansı yolu tutacaqları barədə özləri qərar verməlidir (Qan. 30:19, 20)a.
QOHUM-ƏQRƏBA ETİQADIMIZI YAXŞI QARŞILAMAYANDA
11. Yehovanın Şahidi olmayan qohumlarla aramızda hansı problem yarana bilər?
11 Ola bilsin, Müqəddəs Kitabı təzə-təzə öyrənəndə qohumlarımıza bu haqda heç nə deməmişdik. Lakin imanımız artıqca öyrəndiklərimiz barədə açıq danışmağın vacibliyini anladıq (Mark 8:38). Əgər sizin etiqadınız qohumlarınızın narazılığına səbəb olubsa, növbəti məlumat sizə aradakı gərginliyi minimuma endirməyə, eyni zamanda Yehovaya sadiq qalmağa kömək edəcək.
12. a) Qohumlarımızın narazılığına nə səbəb ola bilər? b) Onlara necə anlayış göstərə bilərik?
12 Dindaşımız olmayan qohumlara anlayış göstərək. Sözsüz ki, Müqəddəs Kitabdan öyrəndiklərimiz bizə sonsuz sevinc bəxş edib. Amma qohumlarımıza elə gələ bilər ki, bizim beynimizi yuyublar, yaxud hansısa sektaya qoşulmuşuq. Ya da ola bilsin, onlarla bayram keçirməməyimizi saymamazılıq kimi qarşılaya bilərlər. Hərdən də olur ki, «haqq dindən» uzaqlaşdığımızı düşünüb gələcəyimiz üçün narahat olurlar. Belə hallarda gərək onlara anlayış göstərək. Narahatlıqlarına qulaq asıb onları başa düşməyə çalışaq (Məs. 20:5). Həvari Bulus xoş xəbəri hər cür adama çatdırmaq üçün onları başa düşməyə çalışırdı. Bu cür münasibət bizə də insanlarla dil tapmağa kömək edəcək (1 Kor. 9:19—23).
13. Dindaşımız olmayan qohumlarımızla necə danışmalıyıq?
13 Mülayimliklə danışaq. Müqəddəs Kitabda yazılıb: «Qoy sözləriniz... ürəkaçan olsun» (Kol. 4:6). Biz qohumlarımızla söhbət edərkən ruhun bəhrəsini nümayiş etdirmək üçün Yehovadan müqəddəs ruh istəməliyik. Onların yalan dini baxışları ilə bağlı hər fikir üstündə mübahisə etməməliyik. Qohumlarımızın sözləri və ya hərəkətləri bizi incidəndə həvariləri yadımıza salaq. Həvari Bulus yazmışdı: «Bizi pisləyirlər, biz alqış oxuyuruq. Bizi təqib edirlər, səbirlə dözürük. Üstümüzə qara yaxanlara mülayim cavab veririk» (1 Kor. 4:12, 13).
14. Nümunəvi davranışımız hansı bəhrələr verə bilər?
14 Nümunəvi davranaq. Mülayim danışığımız bizə qarşı çıxan qohumlarımızla münasibətdə kömək olsa da, unutmayaq ki, əməl sözdən bəlağətli olur. (1 Butrus 3:1, 2, 16 ayələrini oxuyun.) Qoy yaşayışımızdan qohumlarımıza bəlli olsun ki, Yehovanın Şahidləri təmiz, mənalı həyat sürürlər, ailələri xoşbəxt, uşaqları tərbiyəlidir. Hətta onlar həqiqəti qəbul etməsələr də, istənilən halda, biz Allahı razı salmağın sevincini dadacağıq.
15. Mübahisəli vəziyyətlərin qarşısını almaq üçün nə edə bilərik?
15 Öncədən hazırlaşaq. Mübahisə yarada biləcək vəziyyətlər barədə öncədən düşünüb bu vəziyyətdə necə davranacağımızı götür-qoy edək (Məs. 12:16, 23). Avstraliyalı bir bacı nəql edir: «Qayınatam dinimizin qəti əleyhinə idi. Halını soruşmaq üçün ona zəng etməzdən öncə yoldaşımla Yehovaya dua edib bizə kömək etməsini istəyirdik ki, işdir, bizi acılasa, ona sərt cavab qaytarmayaq. Söhbətimizin xoş keçməsi üçün nə barədə danışacağımızı öncədən fikirləşirdik. Dinlə bağlı qızğın mübahisələrə gəlib çıxmayaq deyə, çalışırdıq söhbəti çox uzatmayaq. Buna görə də zəngin müddətini qabaqcadan təyin edirdik».
16. Qohumlarımızın narazılığına görə özümüzü günahkar hiss edəndə bizə nə kömək edə bilər?
16 Əlbəttə ki, qohumlarımızla aramızda yarana biləcək bütün narazılıqlardan qaça bilmərik. Onları sevdiyimizə, xətirlərinə dəymək istəmədiyimizə görə, belə hallar yarananda, ola bilsin, özümüzü günahkar hiss edək. Əgər siz də özünüzü belə hiss edirsinizsə, Yehovaya sədaqəti doğmalarınıza duyduğunuz məhəbbətdən üstün tutun. Bu mövqeyiniz qohumlarınızın Müqəddəs Kitaba əməl etməyin həyati əhəmiyyət daşıdığını anlamasına kömək edə bilər. Həmçinin unutmayın ki, insanlara zorla dininizi qəbul etdirə bilməzsiniz. Mərhəmətli Allahımız bizim kimi, onlara da seçim imkanı verib. Odur ki, qoy sizin nümunəvi davranışınız insanlara Yehovaya ibadət etməyin nə qədər gözəl olduğunu göstərsin (Əşy. 48:17, 18).
AİLƏ ÜZVÜMÜZ YEHOVADAN ÜZ DÖNDƏRƏNDƏ
17, 18. Ailə üzvümüz Yehovadan üz döndərərsə, bunun acısına necə dözə bilərik?
17 Ailə üzvünün yığıncaqdan kənar olunması və ya Yehovanın Şahidi olmaqdan imtina etməsi ağır dərddir. Əgər bu, bizim də başımıza gəlibsə, bunun acısına necə dözə bilərik?
18 Ruhani fəaliyyətdən qalmayaq. Özümüzü toparlamaq üçün Müqəddəs Kitabı müntəzəm oxumaq, yığıncaqlara hazırlaşıb orada iştirak etmək, təbliğ xidmətindən qalmamaq, habelə dözüm üçün Allahdan güc istəmək zəruridir (Yhd. 20, 21). Amma bütün bunları etsək də, bəzən elə olur ki, ibadətə əvvəlki həvəslə yanaşmırıq, sanki hər şeyi avtomatik edirik. Nə olursa olsun, təslim olmamalıyıq. Dolğun ruhani fəaliyyət sağlam düşünməyimizə kömək edəcək. 73-cü məzmurun yazıçısı barədə düşünək. O, yanlış düşüncələrə qapılmış, bərk narahatlıq keçirmişdi, lakin Allahın müqəddəs məkanına girəndən sonra o, öz düşüncəsinə düzəliş edə bildi (Zəb. 73:16, 17). Bizim də davamlı ibadətimiz düzgün baxışımızı qoruyub saxlamağa kömək edəcək.
19. Yehovanın intizam tədbirlərinə necə hörmət göstərə bilərik?
19 Yehovanın intizam tədbirlərinə hörmət edək. Allahın intizam tədbirləri nə qədər ağrılı olsa da, son nəticədə hər kəsə, o cümlədən günah sahibinə də fayda gətirir. (İbranilərə 12:11 ayəsini oxuyun.) Yehova buyurur ki, tövbə etməyən günahkarla oturub-durmayaq (1 Kor. 5:11—13). Bu, bizim üçün nə qədər çətin olsa da, yığıncaqdan kənar olunmuş ailə üzvümüzlə lüzumsuz yerə ünsiyyət etməməliyik, istər telefon, istər mesaj, məktub, istərsə də e-mail və ya sosial media vasitəsilə.
20. Nəyə ümid etməliyik?
20 Ümidimizi itirməyək. Məhəbbət «hər şeyə ümid edir», hətta Yehovanı tərk edən şəxsin bir gün geri dönəcəyinə də (1 Kor. 13:7). Yığıncaqdan kənar olunmuş ailə üzvümüzdə yaxşılığa doğru dəyişiklik müşahidə ediriksə, dua edə bilərik ki, o, Allahın Kəlamından güc alsın və Yehovanın «Mənə sarı dön» çağırışına hay versin (Əşy. 44:22).
21. İsa Məsihin qoyduğu yolla getməyimiz ailəmizdə parçalanma yaradırsa, nə etməliyik?
21 İsa Məsih demişdi ki, hansısa insanı ondan üstün tutan şəxs ona layiq deyil. Bununla belə, o əmin idi ki, ailələrindən gələn etirazlara baxmayaraq, şagirdlərinin ona sadiq qalmağa cəsarəti çatacaq. Əgər İsa Məsihin davamçısı olmaq sizin də ailənizə «qılınc» gətiribsə, Yehovaya bel bağlayın. Əmin olun ki, O, sizə yaranan çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək (Əşy. 41:10, 13). Yehova Allahın və İsa Məsihin sizdən razı qaldığını, sədaqətinizə görə sizə mükafat verəcəyini heç vaxt unutmayın!
a Din ayrılığı olan ailədə uşaqlara tərbiyə verməklə bağlı əlavə məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 2002-ci il 15 avqust sayının «Oxucuların sualları» məqaləsinə (rus.) baxın.