Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.
Uşaqlarının ruhani inkişafını düşünən mühacir valideynlər dil məsələsini nəyə görə nəzərə almalıdırlar?
Uşaq köçdükləri ərazinin dilini çox güman ki, məktəbdə və ya ətrafdakılardan öyrənəcək. Uşağın bir neçə dil bilməsi çox yaxşıdır. Valideynlər götür-qoy etməlidirlər ki, uşaqlarının həqiqəti rahat qavraması və ruhani cəhətdən inkişaf etməsi üçün yaşadıqları ərazinin dilində, yoxsa öz dillərində keçirilən yığıncağa getsinlər. Məsihi valideynlər üçün uşaqlarının ruhani rifahı öz istəklərindən vacibdir (w17.05 s. 9—11).
İsa Məsih Butrusa «məni çox istəyirsən, bunları?» sualını verəndə nəyi nəzərdə tuturdu? (Yəh. 21:15)
Görünür, İsa yanlarındakı balıqları və/və ya balıqçılıq işini nəzərdə tuturdu. Məsih öləndən sonra həvari Butrus yenə öz əvvəlki peşəsi ilə, balıqçılıqla məşğul olmağa başlamışdı. Məsihilər işin onların həyatında hansı yeri tutduğunu yoxlamalıdırlar (w17.05 s. 22, 23).
Nəyə görə İbrahim peyğəmbər arvadı Saradan xahiş etmişdi ki, kim soruşsa, onun bacısı olduğunu desin? (Yar. 12:10—13)
Əslində, bu yalan deyildi, Sara, doğrudan da, İbrahimin ögey bacısı idi. Əgər Sara onun arvadı olduğunu desəydi, peyğəmbəri öldürə bilərdilər. Amma onun salamatlığı vacib idi, çünki Yehova Allah söz vermişdi ki, vəd olunmuş övlad ondan törəyəcək (wp17.3 s. 14, 15).
İlias Hater İbrani dilini öyrənən tələbələrə kömək məqsədi ilə hansı yazı üslubundan istifadə etmişdi?
O, dərc etdiyi Müqəddəs Kitabda sözün kökünü qalın hərflərlə, şəkilçiləri və ön şəkilçiləri isə konturlu hərflərlə vermişdi. Bunun sayəsində tələbələr sözün kökünü asanlıqla müəyyən edə bilirdilər. «Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (ing.) haşiyələrində də oxşar üsuldan istifadə olunmuşdu (wp17.4 s. 11, 12).
Özünümüdafiə məqsədi ilə evində odlu silah saxlamaq istəyən məsihi hansı amilləri nəzərə almalıdır?
Amillərdən bir neçəsi bunlardır: Allahın gözündə həyat müqəddəsdir. İsa Məsih davamçılarına qılınc almağı məsləhət görəndə, bunu özünümüdafiə məqsədi ilə söyləməmişdi (Luka 22:36, 38). Məsihilər qılınclarından gavahın düzəldiblər. Onlar üçün həyat puldan, vardan dəyərlidir. Məsihilər başqalarının vicdanını nəzərə alır və nümunəvi olmağa çalışırlar (2 Kor. 4:2) (w17.07 s. 31, 32).
Nə üçün Məttanın və Lukanın müjdələrində İsa Məsihin həyatının ilk illəri barədə yazılan məlumat bir-birindən fərqlənir?
Məttanın yazdığı müjdədə hadisələr Yusifin ətrafında cərəyan edir. Orada Məryəmin hamilə olduğunu biləndə Yusifin verdiyi ilk reaksiya, mələyin Yusifə Misirə qaçmağı və oradan geri dönməyi tapşırması haqda yazılıb. Lukanın Müjdəsində isə hadisələr daha çox Məryəmin ətrafında dövr edir. Məsələn, orada Məryəmin İlsəbagilə getməsi, İsanın məbəddə qalmasının Məryəmə necə təsir etdiyi haqda yazılıb (w17.08 s. 32).
Müqəddəs Kitab nələrə tab gətirib?
Müqəddəs Kitabda istifadə olunan söz və ifadələrin zamanla dəyişməsinə; hansı dilin aparıcı olacağını müəyyən edən dünya səhnəsindəki dəyişikliklərə; həmçinin onun tərcüməsinə göstərilən müqavimətlərə (w17.09 s. 19—21).
Qoruyucu mələklər mövcuddurmu?
Qoruyucu mələklər təlimi Müqəddəs Kitaba əsaslanmır. İsa Məsih şagirdləri ilə söhbətində mələklərin Allahın hüzurunda durduğunu demişdi (Mət. 18:10). O, qeyd etmişdi ki, mələklər Allaha xidmət edən insanların rifahı üçün çalışır, amma bu varlıqların insanları qoruduğuna işarə edən heç nə deməmişdi (wp17.5 s. 5).
Ən ülvi məhəbbət hansıdır?
Sevgilərin ən ülvisi ali prinsiplərə söykənən, İncilin orijinal mətnində aqapi sözü ilə təsvir olunan məhəbbətdir. O, özünü ülfətdə, isti münasibətdə göstərə bilər. Amma onun əsas səciyyəsi başqalarının rifahı üçün görülən təmənnasız işlərdir (w17.10 s. 7).