BİOQRAFIYA
Ruhdan düşməməyə qəti qərarlı idim
«ATA», «DAYI», «ƏMİ». Beyteldə olan gənclərin çoxu məni belə çağırır. 89 yaşım olduğunu nəzərə alsaq, bu sözlər ürəyimə yağ kimi yayılır. Onların bu cür doğma münasibətini Yehovanın 72 illik tamvaxtlı xidmətimə mükafatı kimi görürəm. Yehovaya ibadətdə qazandığım təcrübəyə dayanaraq gənclərə əminliklə deyə bilərəm ki, ruhdan düşməsələr, zəhmətlərinə görə mükafat alacaqlar (2 Saln. 15:7).
VALİDEYNLƏRİM VƏ BACI-QARDAŞLARIM
Valideynlərim Ukraynadan Kanadaya köçmüşdülər. Onlar Manitoba əyalətinin Rosborn şəhərində məskunlaşmışdılar. Əziz anam dünyaya 8 oğul və 8 qız uşağı gətirib. Mən bu uşaqların on dördüncüsüyəm. Atam Müqəddəs Kitabı çox sevərdi və onu hər bazar günü səhər-səhər bizə oxuyardı. Amma dini pul tələsi adlandırar və tez-tez zarafatyana soruşardı: «Görəsən, İsa Məsihin təbliğ və təliminin pulunu kim ödəyirdi?»
Dörd qardaşım və dörd bacım həqiqəti qəbul etdi. Bacım Roza son nəfəsinə qədər öncül kimi xidmət edib. O, ömrünün son günlərində «səni yeni dünyada görmək istəyirəm» deyərək hamını Allahın Kəlamına diqqət yetirməyə səsləyərdi. Böyük qardaşım Ted əvvəllər cəhənnəm odu haqda təlim yayırdı. O, hər bazar günü səhərlər radioda təbliğat aparır, insanlara günahlıların cəhənnəmin sönməz odunda əbədiyyən yanacağı fikrini yeridirdi. Lakin sonradan o, Yehovanın sadiq və fəal xidmətçisi oldu.
TAMVAXTLI XİDMƏTİM BELƏ BAŞLAYIR
1944-cü ilin iyun ayında məktəbdən evə qayıdanda qonaq otağındakı masanın üzərində «Dünyanı gözləyən dirçəliş»a adlı broşür gördüm. Birinci səhifəni oxudum, keçdim ikinciyə, oxuduqca oxumaq istəyirdim. Beləcə, bütün broşürü başdan ayağa oxuyandan sonra qərar verdim, mən də İsa Məsih kimi Yehovaya xidmət edəcəyəm.
Maraqlıdır, bu broşürü masanın üstünə kim qoymuşdu? Böyük qardaşım Stiv evin yanında iki kişinin kitab və broşürlər satdığını və cəmi beş sent olduğu üçün bu broşürü aldığını dedi. Kişilər növbəti bazar günü yenə gəldi. Onlar Yehovanın Şahidləri olduqlarını və insanların suallarına Müqəddəs Kitab əsasında cavab verdiklərini söylədilər. Bu, xoşumuza gəldi, çünki valideynlərimiz bizə Allahın Kəlamına hörmət hissi aşılamışdı. Onlar həmçinin dedilər ki, bu yaxınlarda Vinnipeqdə, bacım Elsinin yaşadığı şəhərdə toplantı keçiriləcək. Qərara gəldim ki, bu toplantıya mən də qatılım.
Velosipedimə minib Vinnipeqə kimi 320 kilometrlik yol getdim, yolüstü Kelvud şəhərində, bizə gələn həmin Şahidlərin yaşadığı şəhərdə ayaq saxladım. Orada ilk dəfə ibadət görüşünə getdim və yığıncağın nə olduğunu öyrəndim. Həmçinin anladım ki, hər bir kəs — kişi də, qadın da, gənc də İsa Məsih kimi ev-ev təbliğ etməlidir.
Vinnipeqdə böyük qardaşım Ceklə rastlaşdım, o, toplantıya Şimali Ontariodan gəlmişdi. Toplantının birinci günü vəftiz barədə elanı eşidib, ikimiz də vəftiz olunmaq qərarına gəldik. Vəftizdən sonra hər ikimiz öncül xidmətinə başlamaq istəyirdik. Cek bu xidmətə toplantıdan dərhal sonra başladı, mən isə 16 yaşında olduğum üçün məktəbə qayıtmalı idim. Lakin növbəti il mən də öncül oldum.
ÖYRƏNDİKLƏRİM
Öncül xidmətinə Stan Nikolsonla birgə Manitoba əyalətinin Suris şəhərində başladım. Çox keçmədən gördüm ki, öncüllük etmək həmişə asan olmur. Əlimizdəki pul get-gedə qurtarırdı, amma biz xidməti dayandırmırdıq. Bir gün səhərdən axşama təbliğ edib evə qayıdırdıq, cibimizdə bircə qara qəpik də yox idi, özümüz də acından ölürdük. Qapının ağzında içi ərzaqla dolu böyük bir torbanı görəndə gözlərimizə inanmadıq! Bu günə qədər onu kimin gətirdiyini bilmirik. Həmin axşam xan balası kimi yeyib-içdik. Bu, ruhdan düşməməyimizin mükafatı idi! Hətta həmin ayın sonu elə kökəlmişdim ki, ömrüm boyu o çəkidə olmamışam.
Bir neçə aydan sonra, bizi Surisdən 240 kilometr şimalda yerləşən Gilbert Pleyns şəhərinə təyin etdilər. Həmin vaxt hər yığıncaqda aylıq təbliğ fəaliyyətinin qeyd olunduğu böyük lövhə olurdu. Bir ay yığıncağın xidmətinin azaldığını görəndə çıxış edib, bacı-qardaşların xidmətdə daha çox çalışmalı olduqlarını vurğuladım. Görüşün sonunda əri həqiqətdə olmayan yaşlı öncül bacı gözlərindən yaş süzülə-süzülə mənə dedi: «Mən çox çalışdım, amma bundan artığını bacarmadım». Məni də ağlamaq tutdu və mən ondan üzr istədim.
Gənc və enerji dolu qardaşlar mənim kimi asanlıqla bu cür səhvlərə yol verə və sonradan buna görə peşmançılıq hissi keçirə bilər. Amma öz təcrübəmdən bilirəm ki, səhv edəndə ruhdan düşmək əvəzinə, yaxşı olar ki, onlardan nəticə çıxaraq və bir daha təkrarlamayaq. Əmin olun ki, sədaqətli xidmətiniz mükafatlandırılacaq.
KVEBEKDƏ SAVAŞ
1950-ci ilin fevral ayında, 21 yaşımda Gilad Məktəbinin 14-cü sinfinin məzunu olmaq mənim üçün böyük şərəf idi! Sinfin təxminən dörddə biri fransızdilli əraziyə, Kanadanın Kvebek əyalətinə təyin olundu. Orada Yehovanın Şahidlərinə qarşı güclü dini təqiblər var idi. Məni qızıl mədənləri ölkəsinin Val-d’Or şəhərinə təyin etdilər. Bir gün bir neçə bacı-qardaşla birgə yaxınlıqdakı Val-Senvil kəndinə təbliğə getmişdik. Yerli keşiş dərhal kəndi tərk etməsək, bizə rəhm etməyəcəyini söylədi. Bu təhdidə görə keşişi məhkəməyə verdim və nəticədə onu cərimələdilərb.
Bu və bu kimi digər hadisələr «Kvebek savaşı»nın bir hissəsinə çevrildi. Kvebek əyaləti 300 ildən çox idi ki, Roma katolik kilsəsinin idarəçiliyi altında idi. Ruhanilər və onların siyasi müttəfiqləri Yehovanın Şahidlərini təqib edirdilər. Bu, çox ağır dönəm idi, amma sayımız az olsa da, ruhdan düşmürdük. Kvebekdə yaşayan səmimi qəlbli insanlar xoş xəbəri dinləyirdi. Mən həqiqəti qəbul edən bir neçə nəfərə dərs keçirdim. Onlardan birinin ailəsi on nəfərdən ibarət idi. Sonradan həmin ailənin bütün üzvləri Yehovanın xidmətçisi oldu. Onların cəsarətini görüb bir çoxları katolik kilsəsini tərk etdi. Biz heç nəyə baxmayaraq təbliğ işini davam etdirirdik və nəticədə savaşda qalib gəldik!
QARDAŞLARA ÖZ ANA DİLLƏRİNDƏ TƏLİM
1956-cı ildə mən yenidən Haitiyə təyin olundum. Bura yeni təyin olunan xüsusi təyinatlı müjdəçilərin əksəriyyəti fransız dilini öyrənməyə çətinlik çəkirdi. Bununla belə, insanlar xoş xəbəri dinləyirdi. Stenli Boqus adlı bir xüsusi təyinatlı müjdəçi demişdi: «İnsanların bizə fikrimizi çatdırmağa necə kömək etdiyini görəndə dəhşətə gəlirdik». Əvvəl-əvvəl mənim üçün asan idi, çünki Kvebekdə fransız dilini öyrənmişdim. Amma tezliklə başa düşdük ki, yerli bacı-qardaşların əksəriyyəti yalnız Haiti-kreol dilində danışır. Odur ki, daha çox töhfə vermək üçün yerli dili öyrənməliydik. Biz belə də etdik və zəhmətimiz mükafatsız qalmadı.
Bacı-qardaşlara daha çox kömək etmək üçün Rəhbərlik Şurasından «Gözətçi qülləsi» və digər nəşrləri Haiti-kreol dilinə tərcümə etmək üçün icazə aldıq. Bundan sonra ölkə üzrə yığıncaqlara gələnlərin sayı sürətlə artdı. 1950-ci ildə Haitidə 99 təbliğçi var idisə, 1960-cı ildə bu say 800-ə yüksəldi! Həmin vaxt mən Beytelə təyinat aldım. 1961-ci ildə Məsul Qardaşlar üçün Məktəbdə təlim vermək sevincini daddım. Biz 40 nəfər ağsaqqala və xüsusi öncülə təlim keçdik. 1962-ci ilin yanvar ayında keçirilən toplantıda bacı-qardaşları xidmətlərini genişləndirməyə səslədik və bəziləri xüsusi öncül xidmətinə təyin olundu. Bu, lap yerinə düşmüşdü, çünki çox keçmədi ki, təqiblər başladı.
1962-ci ilin 23 yanvar tarixində, böyük toplantıdan dərhal sonra Endryu Damikoyla mən filialda həbs olunduq, həmçinin «Oyanın!» jurnalının 1962-ci il 8 yanvar (fransız dilində) sayının bir qalağı müsadirə edildi. Həmin sayda fransız qəzetlərində cadugərliyin (vudu) Haitidə geniş yayılması ilə bağlı dərc olunduğu məlumat sitat gətirilirdi. Bu, bəzilərinin xoşuna gəlməmişdi və həmin məqalənin filialda yazıldığını iddia edirdilər. Bir neçə həftədən sonra xüsusi təyinatlı müjdəçilər deportasiya edildic. Amma təlim keçmiş qardaşlar işi möhtəşəm şəkildə davam etdirirdilər. Bu gün onların necə dözüm göstərdiklərinə, ruhani cəhətdən necə inkişaf etdiklərinə baxanda qəlbim fərəhlə dolur. Hətta indi Haiti-kreol dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» var, o vaxt bu, ağlımıza belə gəlməzdi.
MƏRKƏZİ AFRİKA RESPUBLİKASINDA FİLİAL
Haitidən sonra mən xüsusi təyinatlı müjdəçi kimi Mərkəzi Afrika Respublikasına təyin olundum. Sonralar burada səyyar nəzarətçi, daha sonra isə filial nəzarətçisi kimi xidmət etdim.
Həmin dövrdə ibadət evləri hədsiz sadə idi. Mən samanı dərz bağlayıb dam örtüyü düzəltməyi öyrəndim. Ətrafdakılar bu yeni işi öyrənmək üçün necə əlləşib-vuruşduğumu xüsusi maraqla izləyirdi. Bu həmçinin qardaşları öz ibadət evlərinin təmir-tikintisinə can qoymağa həvəsləndirdi. Din xadimləri kilsələrinin damının tənəkədən, ibadət evlərimizin damının isə samandan olduğuna görə bizi ələ salırdı. Lakin biz ruhdan düşmürdük. Güclü qasırğa paytaxt Bangini cənginə alanda rişxəndlər kəsildi. Qasırğa kilsənin tənəkədən olan dam örtüyünü uçurub şəhərin əsas küçəsinə çırpmışdı. İbadət evlərimizin saman damları isə öz yerində dururdu. Padşahlıq işinə daha yaxşı nəzarət etmək üçün biz nə az, nə çox, düz beş aya yeni filial binası və xüsusi təyinatlı müjdəçilər üçün ev tikdikd.
AİLƏ HƏYATIM
1976-cı ildə Mərkəzi Afrika Respublikasında Padşahlıq işinə qadağa qoyuldu. Mən qonşu ölkə olan Çadın paytaxtı Ncamenaya təyin olundum. Amma xoşbəxtlikdən, burada əslən Kamerundan olan Həppi adlı fəal xüsusi öncülə rast gəldim. Biz 1978-ci il aprelin 1-i ailə həyatı qurduq. Elə həmin ay vətəndaş müharibəsi qopdu və hamı kimi biz də ölkənin cənubuna qaçdıq. Savaş bitəndən sonra evimizə qayıdanda gördük ki, evimiz silahlı qruplaşmanın qərargahı olub. Nəinki nəşrlərimiz, həmçinin Həppinin gəlinliyi və toy hədiyyələrimiz də yoxa çıxmışdı. Lakin biz ruhdan düşmədik. Əsas ikimiz bir yerdə idik və fikrimizi bundan sonrakı xidmətimizə cəmlədik.
Təxminən iki ildən sonra Mərkəzi Afrika Respublikasındakı qadağa aradan qaldırıldı. Ora qayıdıb səyyar xidmətə başladıq. Biz açılıb-yığılan çarpayısı, 200 litrlik su çəni, soyuducusu və qaz plitəsi olan furqonda yaşayırdıq. Səyahət çətin olurdu. Bir dəfə bizi azı 117 polis məntəqəsində saxlamışdılar.
Havanın temperaturu tez-tez 50 dərəcəyə yüksəlirdi. Bəzən böyük toplantılarda vəftiz üçün su tapmaq çətin olurdu. Ona görə də qardaşlar quru çay yataqlarını qazıb az-az su yığırdılar. Həmin vaxt adətən vəftizi çəlləkdə edirdilər.
AFRİKANIN DİGƏR BÖLGƏLƏRİNDƏ XİDMƏT
1980-ci ildə Nigeriyaya təyin olunduq. Orada iki il yarım ərzində yeni filialın tikinti hazırlıqlarına kömək etdik. Qardaşlar ikimərtəbəli anbar almışdılar, onu söküb öz ərazimizdə yığmalı idik. Bir səhər söküntü işinə kömək etmək üçün lap yuxarı çıxmışdım. Günortaya yaxın dırmaşdığım yolla aşağı enirdim. Sən demə, hansısa hissəni söküblərmiş. Ayağımı atanda boşa çıxdı, yuxarıdan aşağı yıxıldım. Vəziyyətim ağır görünürdü, amma rentgen və müayinələrdən sonra həkim Həppiyə dedi ki, narahat olmasın, bir-iki həftəyə düzələcəyəm.
1986-cı ildə Kot-d’İvuara köçdük. Orada səyyar xidmətdə idik. Bu xidmət bizi gətirib Burkina-Fasoya çıxardı. O vaxtlar heç ağlıma da gəlməzdi ki, illər sonra burada yaşayacağıq.
Kanadanı 1956-cı ildə tərk etmişdim, 2003-cü ildə, 47 ildən sonra Kanada Beytelinə qayıtdım, amma bu dəfə tək yox, Həppi ilə birgə. Sənədlərdə biz kanadalı idik, amma özümüzü afrikalı hiss edirdik.
2007-ci ildə, 79 yaşımda yenidən Afrikaya köçdük! Biz Burkina-Fasoya təyin olunduq. Burada mən ölkə komitəsinin üzvü olaraq kömək edirdim. Sonradan ofis Benin filialının nəzdinə keçərək tərcümə ofisi kimi fəaliyyət göstərməyə başladı. 2013-cü ilin avqust ayında isə bizi Benindəki Beytelə təyin etdilər.
Səhhətimin pis olmasına baxmayaraq, xidmət hələ də mənim üçün olduqca dəyərlidir. Ötən üç il ərzində qayğıkeş ağsaqqalların və əziz həyat yoldaşımın dəstəyi ilə mənə Müqəddəs Kitab dərsi keçdiyim iki nəfərin, Gidion və Freyzisin vəftizini görmək nəsib oldu. İndi onlar Yehovanın fəal xidmətçiləridir.
Hal-hazırda yoldaşımla birgə Cənubi Afrika filialında xidmət edirəm. Burada Beytel ailəsi səhhətimin qayğısına qalır. Cənubi Afrika mənim xidmət etdiyim yeddinci Afrika ölkəsidir. 2017-ci ilin oktyabr ayında möhtəşəm bir mükafat aldıq. Biz Nyu-Yorkdakı baş idarənin, Uorvikin həsrolunma mərasiminə qatıldıq. Bu, unudulmaz tədbir idi!
«İllik fəaliyyət» kitabının 1994-cü il buraxılışının 255-ci səhifəsində yazılıb: «Uzun illərdir əzmlə xidmət edənləri səsləyirik: “Möhkəm olun, ruhdan düşməyin. Zəhmətinizə görə mükafat alacaqsınız” (2 Saln. 15:7)». Həppi və mən bu çağırışa hay verməyə və başqalarını da buna təşviq etməyə əzmliyik.
a Yehovanın Şahidləri tərəfindən 1944-cü ildə nəşr olunub. Artıq nəşr olunmur.
b «Oyanın!» jurnalının 1953-cü il 8 noyabr sayının 3—5 səhifələrində yerləşən «Kvebekdə keşiş Yehovanın Şahidlərini hədələdiyinə görə mühakimə olundu» adlı məqaləyə (ing.) baxa bilərsiniz.
c «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 1994-cü il buraxılışının 148—150 səhifələrində (ing.) təfsilatı ilə qeyd olunub.
d «Oyanın!» jurnalının 1966-cı il 8 may sayının 27-ci səhifəsində yerləşən «Möhkəm təməl üzərində tikilmiş bina» adlı məqaləyə (ing.) baxa bilərsiniz.