TƏLİM MƏQALƏSİ 21
Dünyanın müdrikliyinə aldanmayın
«Bu dünyanın müdrikliyi Allahın gözündə ağılsızlıqdır» (1 KOR. 3:19).
NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar
İCMALa
1. Allahın Kəlamı bizə nə öyrədir?
BİZ istənilən çətinliyə sinə gərə bilərik, çünki Nəsihətçimiz Yehovadır (Əşy. 30:20, 21). Onun Kəlamı sayəsində «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır» ola bilərik (2 Tim. 3:17). Müqəddəs Kitab təlimlərinə uyğun yaşamaqla «bu dünyanın müdrikliyi»ni aşılayanlardan daha müdrik oluruq (1 Kor. 3:19; Zəb. 119:97—100).
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 Bu məqalədə göstərilir ki, dünyanın müdrikliyi bizi xudbin istəklərimizi təmin etməyə səslədiyi üçün dünyanın bir hissəsi olan insanların düşüncə və davranışlarına qarşı durmaq bizə çətin gələ bilər. Müqəddəs Kitabda deyilir: «Diqqətli olun ki, heç kəs sizi bu dünyanın baxışlarına, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə əsir almasın» (Kol. 2:8). Bu məqalədə iki «puç və yanlış» fikrin tarix boyu necə yayıldığını araşdıracağıq. Hər iki fikri araşdırdıqca bu dünyanın hikmətinin axmaqlıq olduğunu, Allahın Kəlamındakı hikmətin isə dünyanın təklif etdiyi hər şeydən qat-qat üstün olduğunu öyrənəcəyik.
ƏXLAQA BAXIŞ DƏYİŞİR
3, 4. 20-ci əsrin əvvəllərində Birləşmiş Ştatlarda əxlaqi dəyərlərə baxış tərzi necə dəyişdi?
3 20-ci əsrin əvvəllərində Birləşmiş Ştatlarda insanların əxlaqa baxışında böyük dəyişiklik müşahidə olunmağa başladı. Əvvəllər bir çoxları hesab edirdi ki, cinsi münasibətlər yalnız ər-arvad arasında olmalıdır və bu kimi mövzular cəmiyyət arasında müzakirəyə çıxarılmazdı. Lakin bu dəyərlər devrildi və liberal fikirlər yayılmağa başladı.
4 1920—1929-cu illər cəmiyyətin düşüncə və davranışının köklü dəyişməsi ilə səciyyələndi. Bir tədqiqatçı deyir: «Hərəkətli şəkillər, tamaşalar, mahnılar, romanlar və reklamlar seksual mövzulardan bəhs edirdi». Həmin onilliklərdə seksual düşüncələr oyadan rəqs hərəkətləri, açıq-saçıq geyim tərzləri üstünlük təşkil etməyə başladı. Müqəddəs Kitabın axırzamanla bağlı peyğəmbərliyində deyildiyi kimi, insanlar eyş-işrət düşkününə çevrilirdi (2 Tim. 3:4).
5. 1960-cı illərdən bəri dünyadakı əxlaq dəyərləri nə vəziyyətdədir?
5 1960-cı illərdə nikaha girmədən birgə yaşamaq, homoseksual davranış tərzi və boşanma adi hal aldı. Bir çox əyləncə növlərində cinsi əlaqə açıq-aydın nümayiş olunurdu. Bütün bunlar nə ilə nəticələndi? Bir yazıçı qeyd edir ki, ailələrin dağılması, natamam ailələr, emosional problemlər, pornoqrafiya asılılığı və buna bənzər bəlalar cəmiyyətdə əxlaq dəyərlərinə önəm verilməməsindən qaynaqlanır. QİÇS kimi cinsi yolla ötürülən xəstəliklər dünyanın müdrikliyinin axmaqlıq olduğunu göstərən dəlillərdən biridir (2 But. 2:19).
6. Dünyanın cinsi münasibətə baxışı Şeytanın məqsədinə necə qulluq edir?
6 Dünyanın cinsi münasibətə baxışı Şeytanın məqsədinə qulluq edir. Şübhəsiz, insanların Allahın ənam kimi verdiyi cinsi münasibətlərdən nalayiq tərzdə istifadə etməsi və bununla da Allahın verdiyi nikah ənamını hörmətdən salması Şeytana böyük zövq verir (Efes. 2:2). Cinsi əxlaqsızlıq etməklə insanlar dünyaya övlad gətirmək ənamına qarşı hörmətsizlik edirlər, üstəlik, bu hərəkətlərinə görə onlar əbədi həyatdan məhrum ola bilərlər (1 Kor. 6:9, 10).
MÜQƏDDƏS KİTABDA CİNSİ ƏXLAQ
7, 8. Müqəddəs Kitabda cinsi münasibət haqda deyilənlərin dünyanın aşıladığı müdriklikdən üstün olduğunu nə göstərir?
7 Dünyanın hikmətini mənimsəyən insanlar Müqəddəs Kitabdakı əxlaq dəyərlərinə istehza ilə yanaşır, onların reallıqdan uzaq olduğunu söyləyirlər. Bu cür insanlar belə düşünə bilər: «Allah nə üçün bizi cinsi tələbatlarla yaradıb sonra da onu cilovlamağımızı istəsin ki?» Onlarda bu sualın yaranmasına səbəb yanlış olaraq «insan hər istədiyini etməlidir» deyə düşünmələridir. Lakin Müqəddəs Kitabda deyilənlər bu düşüncədən uzaqdır. Orada insanların yanlış arzuları nəzarətdə saxlamaq qabiliyyətinə sahib olduğu öyrədilir (Kol. 3:5). Bundan əlavə, münasib cinsi istəkləri təmin etmək üçün Yehova bizə nikah ənamını bəxş edib (1 Kor. 7:8, 9). Nikah daxilində cinsi münasibətdə olan ər-arvad əxlaqsızlığın gətirdiyi peşmançılıq və narahatçılığı keçirmir.
8 Dünyanın müdrikliyindən fərqli olaraq Müqəddəs Kitab cinsi münasibətə düzgün baxış aşılayır. Orada deyilir ki, cinsi münasibətlər həzz gətirir (Məs. 5:18, 19). Bununla yanaşı, Müqəddəs Kitabda yazılıb: «Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın, Allahı tanımayan xalqlara xas olan acgöz şəhvətin əsiri olmasın» (1 Salon. 4:4, 5).
9. a) 20-ci əsrin əvvəllərində yaşamış Yehovanın xalqı Kəlamdakı ali hikməti rəhbər tutmağa necə təşviq olunurdu? b) 1 Yəhya 2:15, 16 ayələrində hansı hikmətli məsləhət yer alır? c) Romalılara 1:24—27 ayələrinə əsasən, hansı əxlaqsız hərəkətlərdən uzaq durmalıyıq?
9 20-ci əsrin əvvəllərində yaşamış Yehovanın xidmətçiləri abır-həyanı büsbütün itirənlərin yanlış düşüncə tərzinə uymurdular (Efes. 4:19). Onlar Yehovanın rəhbərliyinə bağlı qalmağa çalışırdırlar. «Gözətçi qülləsi» jurnalının 1926-cı il 15 may sayında yazılmışdı: «Kişi də, qadın da düşüncə və davranışında ləkəsiz, pak olmalıdır, xüsusilə də əks cinsə qarşı». Ətrafdakı insanların necə davranmasından asılı olmayaraq, Yehovanın xalqı Onun Kəlamındakı ali hikmətə uyğun yaşayıb. (1 Yəhya 2:15, 16 ayələrini oxuyun.) Bizə bəxş etdiyi Kəlama görə Ona necə də minnətdarıq! Həmçinin Yehovaya təşkilatı vasitəsilə vaxtlı-vaxtında verdiyi ruhani qidaya görə də minnətdarıq. Bunun sayəsində dünyanın əxlaqa dair hikmətinə qarşı dura bilirikb. (Romalılara 1:24—27 ayələrini oxuyun.)
ÖZÜNƏSEVGİYƏ BAXIŞ DƏYİŞİR
10, 11. Müqəddəs Kitabda axırzamanla bağlı hansı fikir qeyd olunub?
10 Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, axırzamanda «insanlar xudbin» olacaq (2 Tim. 3:1, 2). Odur ki, dünyanın insanları yalnız özlərini düşünməyə səsləməsi bizi təəccübləndirmir. Bir ensiklopediyada qeyd olunur ki, 1970-ci illərdə özünüinkişaf kitabları yayılmağa başladı. Bəzi kitablar «oxucuları özlərini tanıyıb olduqları kimi qəbul etməyə və özləri ilə qürur duymağa təşviq edirdi». Misal üçün, bir kitabda belə bir fikir var idi: «Dünyanın ən gözəl, ən ecazkar, ən dəyərli şəxsini — özünü sev». Həmin kitab «insana öz vicdanını və aid olduğu mədəniyyətdə ona sərf edən qanunları əsas tutaraq necə davranmalı olduğunu müəyyən edən “mən” dinini» aşılayır.
11 Bu fikir sizə tanış gəlir? Şeytan Həvvanı buna bənzər bir şeyə təşviq etmişdi. Demişdi ki, Həvva «xeyirlə şəri bilərək Allah kimi» ola bilər (Yar. 3:5). Bu gün insanlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç kimin, hətta Allahın da onlara nəyin yaxşı, nəyin pis olduğunu deməyə haqqı çatmadığını düşünürlər. Bu cür düşüncə tərzi xüsusilə də insanların nikaha münasibətində aydın görünür.
12. Bu dünya nikaha hansı münasibəti aşılayır?
12 Müqəddəs Kitab ər-arvadları bir-birinə və nikah əhdinə hörmətlə yanaşmağa səsləyir. Kəlam ər-arvadları bir-birinə ürəkdən sadiq qalmağa səsləyir. Orada yazılıb: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yar. 2:24). Lakin bu dünyanın müdrikliyinə yoluxan insanlar başqa şey aşılayaraq deyir ki, ər və arvad öz şəxsi istəklərini təmin etməyi düşünməlidir. Boşanma haqda bir kitabda qeyd olunur: «Bəzi toy mərasimlərində ənənəvi nikah andı olan “nə qədər ki yaşayırıq” ifadəsi “nə qədər ki bir-birimizi sevirik” ifadəsi ilə əvəz olunub». Nikaha bu cür qeyri-ciddi yanaşma saysız-hesabsız ailənin dağılmasına və çoxlarının mənəvi iztirab çəkməsinə səbəb olub. Şübhə yoxdur ki, dünyanın nikah ənamına baxışı ağılsızlıqdır!
13. Yehovanın təkəbbürlü insanlardan ikrah etməsinin səbəblərindən biri hansıdır?
13 Müqəddəs Kitabda yazılıb: «Ürəyi təkəbbürlü adamdan Yehova ikrah edir» (Məs. 16:5). Yehova nəyə görə təkəbbürlü adamlardan ikrah edir? Səbəblərdən biri odur ki, özünü lüzumundan artıq sevənlər və bu xüsusiyyəti başqalarına aşılayanlar Şeytanın təkəbbürünü əks etdirir. Görün Şeytan nə qədər özündən razı idi ki, İsanın — hər şeyin yaranmasında bilavasitə iştirak edən şəxsin diz çöküb ona səcdə qılacağını düşünürdü (Mət. 4:8, 9; Kol. 1:15, 16). Özlərini bu qədər önəmli sayanlar dünyanın müdrikliyinin Allahın gözündə ağılsızlıq olduğunu sübut edirlər.
MÜQƏDDƏS KİTABDA XUDBİNLİK
14. Romalılara 12:3 ayəsi özümüzə qarşı tarazlı yanaşmağa necə kömək edir?
14 Müqəddəs Kitab özümüzə qarşı tarazlı baxışa sahib olmağa kömək edir. Orada insanın özünü qədərində sevməsinin normal olduğu qeyd olunur. İsa Məsih demişdi: «Başqasını özünü sevdiyin kimi sev». Bu sözlər göstərir ki, biz müəyyən dərəcədə özümüzü düşünməliyik (Mət. 19:19). Lakin Müqəddəs Kitab özümüzü başqalarından üstün tutmalı olduğumuzu öyrətmir. Əksinə, orada deyilir: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3; Romalılara 12:3 ayəsini oxuyun).
15. Müqəddəs Kitabda xudbinliklə bağlı deyilənlərin düzgün olduğuna sizi nə əmin edir?
15 Bu gün cəmiyyət arasında savadlı sayılan insanlar Müqəddəs Kitabın bu məsləhətini ağılsızlıq hesab edir. Onlar deyir ki, başqasını özündən üstün tutanda səni zəif bilib səndən istifadə etməyə başlayırlar. Bəs əslində Şeytan dünyasının təlqin etdiyi xudbinlik xüsusiyyəti hansı bəhrəni gətirir? Siz nə müşahidə etmisiniz? Xudbin insanlar xoşbəxtdirlər? Bəs onların ailələri? Bu cür insanların əsl dostları olur? Onların Allahla yaxın münasibətləri var? Müşahidələrinizə əsasən, hansı daha yaxşı nəticələr verir: bu dünyanın müdrikliyinə uyğun yaşamaq, yoxsa Allahın Kəlamındakı hikmətə?
16, 17. Nədən ötrü minnətdar olmalıyıq və nəyə görə?
16 Bu dünyanın müdrik saydığı insanların məsləhəti ilə oturub duranları, yolda azıb-qalan kəsdən yol soruşan adama bənzətmək olar. İsa Məsih yaşadığı dövrdə ağıllı hesab olunan insanlar barədə demişdi: «Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər» (Mət. 15:14). Doğrudan da, bu dünyanın müdrikliyi Allahın gözündə ağılsızlıqdır.
17 Müqəddəs Kitabın hikmətli məsləhətləri «təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün» həmişə faydalı olub (2 Tim. 3:16). Təşkilatı vasitəsilə bizi bu dünyanın «müdrikliyindən» qoruduğuna görə Allahımıza çox minnətdarıq! (Efes. 4:14). Yehovanın verdiyi ruhani qida Kəlamındakı normalara uyğun davranmaq üçün bizə lazımi güc verir. Nə xoş ki, Yehova bizi Müqəddəs Kitabda yer alan qüsursuz hikmətin çırağında addımlamaq şərəfinə layiq bilib!
NƏĞMƏ 54 «Yol budur»
a Bu məqalə sayəsində bir daha əmin olacağıq ki, Yehova yeganə etibarlı rəhbərlik Mənbəyidir. Həmçinin Allahın Kəlamındakı hikmətə əməl etməyin xeyrimizə olduğunu, bu dünyanın müdrikliyinin ardınca getməyin isə faciə ilə sonlandığını görəcəyik.
b Misal üçün, «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabı 1-ci cild, 24—26-cı fəsillərə və 2-ci cild (rus.), 4 və 5-ci fəsillərə, həmçinin «Gənclərin 10 sualına cavab» broşürünün 7-ci sualına baxa bilərsiniz.
c ŞƏKLİN İZAHI. Şəkillərdə Yehovanın Şahidi olan ər-arvadın həyatından bəzi anlar təsvir olunub.1960-cı illərin sonları, təbliğdə.
d ŞƏKLİN İZAHI. 1980-ci illər, ər xəstə yatağında olan arvadına qulluq edir, balaca qızları onlara baxır.
e ŞƏKLİN İZAHI. Bizim dövr, həmin ər-arvad Yehovaya xidmətdə keçirdikləri xoş illərin xatirələrini yada salır. Böyüyüb ailə qurmuş qızları öz ailəsi ilə birgə onların sevincli anlarını paylaşır.