1919 Yüz il əvvəl
1919-cu ildə dörd ildən çox sürən Böyük müharibə (sonralar Birinci Dünya müharibəsi kimi tanındı) sona çatır. 1918-ci ilin sonlarında dövlətlər döyüşü dayandırır və 1919-cu ilin 18 yanvar tarixində Paris Sülh Konfransı başlayır. Bu konfransın əldə etdiyi nailiyyətlərdən biri müttəfiq qoşunların Almaniya ilə müharibəsinə rəsmi şəkildə son qoyan Versal sülh müqaviləsi idi. Bu müqavilə 1919-cu il iyunun 28-də imzalanır.
Müqavilə həmçinin Millətlər Cəmiyyəti adlanan yeni təşkilatın əsasını qoyur. Bu cəmiyyətin məqsədi «beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq sülhə və təhlükəsizliyə nail olmaq» idi. Bir çox xristian dinləri Millətlər Cəmiyyətinə dəstək oldu. Amerikada Məsih Kilsələrinin Federal Şurası bu təşkilatı «Allahın Padşahlığının yer üzündəki siyasi siması» adlandırmışdı. Şura Paris Sülh Konfransına nümayəndələr göndərərək Millətlər Cəmiyyətini dəstəklədi. Bu nümayəndələrdən biri konfransın «dünya tarixində yeni eranın başlanğıcı» olduğunu qeyd etmişdi.
Doğrudan da, yeni era başlayırdı, amma sülh konfransında iştirak edən insanların sayəsində yox. Yehovanın Öz xalqına güc verməsi sayəsində 1919-cu ildə təbliğ işində yeni era başlandı. Təbliğ işi tarixdə görülməmiş dərəcədə vüsət aldı. Amma bundan öncə, Müqəddəs Kitab Tədqiqatçıları üçün böyük bir dəyişiklik baş verməli idi.
QƏLİZ QƏRAR
Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin direktorlar şurasının illik səsverməsi 1919-cu il yanvarın 4-nə təyin olunmuşdu. Həmin vaxt Yehovanın xalqına rəhbərlik edən Cozef Ruterford qardaş digər yeddi qardaşla birgə Atlantada (Corciya ştatı, ABŞ) haqsız yerə həbsdə yatırdı. Qardaşlar qərar qarşısında idi: yenidən həbsdə olan direktorlar seçilsin, yoxsa başqaları?
Həbsdə olan Ruterford qardaş təşkilatın gələcəyinə görə çox narahat idi. O bilirdi ki, bəzi qardaşlar başqasının prezident seçilməsinin tərəfdarıdır. Buna görə də o, iclas üzvlərinə məktubunda prezidentliyə namizəd olaraq İvander Kovard qardaşı tövsiyə edir. Ruterford qardaş onu «sakit», «dərrakəli» və «Ağaya sadiq» biri adlandırmışdı. Bir qrup qardaş isə başqa fikirdə idi: onlar səsvermənin altı ay sonraya saxlanılmasını istəyirdilər. Həbsdə yatan qardaşları müdafiə edən hüquq heyəti bu fikri dəstəkləyirdi. Müzakirə davam etdikcə gərginlik yaranırdı.
Sonra nə isə baş verdi. Riçard Barber qardaş bunu xatırlayaraq demişdi ki, elə bil kimsə ocağın üstünə su tökdü. İclasda iştirak edən qardaşlardan biri deyir: «Mən qanunşünas deyiləm, lakin məsələnin qanuni tərəfinə gəldikdə, sədaqət qanunundan az-çox məlumatım var. Sədaqət Allahın tələbidir. Zərrə qədər də şübhə etmirəm ki, Allaha sədaqətimizi göstərməyin ən yaxşı yolu səsvermə keçirib Ruterford qardaşı yenidən prezident seçməkdir» (Zəb. 18:25).
Ruterford qardaşla həbsdə olan Makmillan qardaş sonralar demişdi ki, həmin günün səhəri Ruterford qardaş onun yatdığı kameranın divarını döyərək deyib: «Əlini uzat». Sonra ona bir teleqram verib. Makmillan qardaş qısa mətni görən kimi hər şeyi anlayıb. Orada yazılmışdı: «RUTERFORD VAYZ VAN BARBER ANDERSON BULİ VƏ SPİL PREZİDENT İLK ÜÇÜ İDARƏ HEYƏTİ HAMISINA SEVGİLƏR». Bu, o demək idi ki, bütün direktorlar yenidən seçilib və Cozef Ruterford və Vilyam Van Amburq idarə heyətinin üzvü olaraq qalıb. Beləcə, bundan sonra da təşkilatın prezidenti Ruterford qardaş oldu.
AZADLIQ!
Səkkiz qardaş həbsdə olduğu müddətdə Müqəddəs Kitab Tədqiqatçıları qardaşların azadlığa buraxılması üçün imza toplayırdı. Bu cəsur bacı-qardaşlar 700 000-dən çox imza toplamışdı. Çərşənbə günü, 26 mart 1919-cu il tarixində, etiraz ərizəsi təqdim olunmazdan öncə, Ruterford qardaş və digər məsul qardaşlar azadlığa buraxılır.
Ruterford qardaş onu qarşılamaq üçün yığışanlara ünvanladığı nitqində deyir: «Əminəm ki, başımıza gələnlər bizi daha çətin günlərə hazırlamaq üçün idi. Sizin mübarizəniz sadəcə həbsdəki qardaşlarınızı azad etmək üçün deyildi. Bu, məsələnin yalnız kiçik bir tərəfi idi. Sizin mübarizəniz həqiqətə şəhadət etmək üçün idi və bunu edənlər möhtəşəm nemətlər aldı».
Qardaşların məhkəməsi ilə bağlı hadisələr vəziyyətə Yehovanın rəhbərlik etdiyini göstərirdi. 1919-cu il mayın 14-də apellyasiya məhkəməsi qərar qəbul etdi: «Bu məsələdə ittiham olunanlar ədalətli məhkəmə araşdırması hüququndan məhrum olunduqları üçün çıxarılan hökm ləğv edilir». Bu, yaxşı qərar idi. Çünki qardaşlar ciddi cinayət əməlləri törətməkdə ittiham olunurdu və onlar əfv olunsaydı, yaxud onlara təyin edilən cəza yüngülləşdirilsəydi, məhkumluqları üzərlərində qalacaqdı. Lakin qərar ləğv olunduğuna və onlara qarşı əlavə ittihamlar irəli sürülmədiyinə görə, məhkumluqları üzərlərindən götürüldü. Beləcə, hakim Ruterforda hüquqşünas kimi səlahiyyətini itirmədi və azadlığa buraxılandan sonra dəfələrlə Birləşmiş Ştatların Ali Məhkəməsi önündə Yehovanın xalqını müdafiə etdi.
TƏBLİĞ ETMƏYƏ QƏTİYYƏTLİ
Makmillan qardaş xatırlayır: «Heç bir iş görmədən əlimizi-əlimizin üstünə qoyub Ağanın bizi göyə qaldıracağı günü gözləmək fikrimiz yox idi. Biz başa düşürdük ki, Ağanın iradəsinin nədən ibarət olduğunu öyrənmək üçün nəsə etməliyik».
Amma baş idarədəki qardaşlara illərdir gördükləri işi bərpa etmək o qədər də asan deyildi. Çünki həbsdə olduqları müddətdə ədəbiyyatları çap etmək üçün istifadə olunan bütün qəliblər dağıdılmışdı. Bu, ürəkaçan vəziyyət deyildi və bəzi qardaşlar təbliğ işinin başa çatdığını düşünürdü.
Görəsən, Müqəddəs Kitab Tədqiqatçılarının Padşahlıq haqda yaydığı müjdəyə maraq göstərən qalmışdı? Bu suala cavab tapmaq üçün Ruterford qardaş məruzə ilə çıxış etmək qərarına gəlir. Hər kəs dəvət olunacaqdı. Makmillan qardaş demişdi: «Əgər görüşə heç kəs gəlməsə, deməli, işimiz başa çatıb».
Beləliklə, bazar günü, 4 may 1919-cu il tarixində, Ruterford qardaş ciddi xəstəliyinə baxmayaraq, Los-Ancelesdə (Kaliforniya) «Zülm çəkən bəşəriyyət üçün ümid» adlı məruzə ilə çıxış edir. Məruzəyə təxminən 3500 nəfər qulaq asır, yüzlərlə adam isə yer olmadığına görə iştirak edə bilmir. Növbəti gün məruzəni dinləməyə 1500 nəfər gəlir. Qardaşlar suallarının cavabını tapır — insanlar həqiqətə maraq göstərirdi!
Qardaşların növbəti addımı Yehovanın Şahidlərinin bu günə qədər apardığı təbliğ işinə istiqamət verdi.
GƏLƏCƏK İNKİŞAFA HAZIR
«Gözətçi qülləsi» jurnalının 1919-cu il 1 avqust sayında elan olunur ki, sentyabrın əvvəli Sidar-Pointdə (Ohayo) ümumi toplantı keçiriləcək. Missuridən olan gənc Müqəddəs Kitab Tədqiqatçısı Klarens Biti xatırlayır: «Hamı “mütləq orada olmalıyam” deyirdi». Toplantıya gözləniləndən daha çox, 6000-dən artıq bacı-qardaş qatılır. Toplantının sevincinə-sevinc qatan daha bir şey olur — yaxınlıqdakı Eri gölündə 200-dən çox adam vəftiz olunur.
1919-cu il sentyabrın 5-i, toplantının 5-ci günündə Ruterford qardaş «Əməkdaşlarıma müraciət» adlı məruzəsində yeni jurnalın — «Qızıl əsr»b jurnalının işıq üzü gördüyünü elan edir. Və bildirir ki, bu nəşr «baş verən əlamətdar hadisələrə Müqəddəs Kitab əsasında aydınlıq gətirərək, mühüm cari xəbəri çatdıracaq».
Bütün Müqəddəs Kitab Tədqiqatçıları bu yeni nəşri cəsarətlə təbliğdə istifadə etməyə təşviq olunurdu. Təbliğ işinin necə aparılmalı olduğu haqda bir məktubda deyilirdi: «Qoy hər bir müqəddəs şəxs [vəftiz olunmuş şəxs] xidmətin böyük şərəf olduğunu unutmasın, mövcud fürsəti əldən buraxmayıb bu dünyaya şahidlik işində mümkün qədər çox iştirak etsin». Dəvətə hay verənlərin sayı inanılmaz idi! Artıq dekabr ayında Padşahlığın fəal müjdəçiləri yeni jurnala 50 000-dən çox abunəçi toplamışdı.
1919-cu ilin sonlarında Yehovanın xalqı yenidən təşkil olunur və yenidən əzmlə xidmət etməyə başlayır. Üstəlik, axırzamanla bağlı bir neçə mühüm peyğəmbərlik yerinə yetir. Yehovanın xalqının sınanması və təmizlənməsi ilə bağlı Məlaki 3:1—4 ayələrindəki peyğəmbərlik yerinə yetir. Yehovanın xalqı «Böyük Babil»in məcazi əsarətindən qurtulur və İsa Məsih «sadiq və ağıllı nökər» təyin edirc (Vəhy 18:2, 4; Mət. 24:45). Artıq Müqəddəs Kitab Tədqiqatçıları Yehovanın onlara təyin etdiyi işi görmək üçün hazır idilər.
a Ruterford qardaş qanunşünas və hakim idi və «hakim Ruterford» kimi tanınırdı.
b «Qızıl əsr» jurnalı 1937-ci ildən «Təsəlli», 1946-cı ildən isə «Oyanın!» adlanır.