TƏLİM MƏQALƏSİ 14
Əziz ağsaqqallar, Bulusdan örnək götürün
«Məndən nümunə götürün» (1 KOR. 11:1).
NƏĞMƏ 99 Milyonlarla qardaşlar
İCMALa
1, 2. Həvari Bulusun nümunəsi ağsaqqallara necə kömək edə bilər?
HƏVARİ BULUS iman bacı-qardaşlarını çox istəyirdi. Onlardan ötrü yorulmadan zəhmət çəkirdi (Həv. 20:31). Təbii ki, onlar üçün də Bulusun xətri əziz idi. Bir dəfə Efesdəki ağsaqqallar Bulusu bir daha görməyəcəklərini biləndə ondan ötrü «hönkür-hönkür» ağlamışdılar (Həv. 20:37). Bizim də zəhmətkeş ağsaqqallarımız bacı-qardaşları çox sevirlər və onlardan ötrü güclərini əsirgəmirlər (Filip. 2:16, 17). Amma bəzən ağsaqqallar müəyyən çətinliklərlə üzləşirlər. Bəs onlara bunun öhdəsindən gəlməyə nə kömək edə bilər?
2 Onlar həvari Bulusdan çox şey öyrənə bilər (1 Kor. 11:1). Bulus qeyri-adi gücə sahib deyildi. O, qeyri-kamil insan idi, həmişə düzgün davranmaq onda alınmırdı (Rom. 7:18—20). Üstəlik, müxtəlif problemləri var idi. Amma o, bacı-qardaşları üçün zəhmət çəkməkdən usanmırdı, sevincini itirmirdi. Ağsaqqallar da Bulusdan örnək alaraq, çətinliklərə baxmayaraq, Yehovaya sevinclə xidmət edə bilərlər. Gəlin görək necə.
3. Bu məqalədə nə haqda danışacağıq və nəyi öyrənəcəyik?
3 Bu məqalədə ağsaqqalların üzləşdiyi dörd əsas çətinlikdən danışacağıq: 1) təbliğ işi ilə digər məsuliyyətlər arasında tarazlığı qorumaq; 2) bacı-qardaşlara vaxt ayırmaq; 3) zəif cəhətləri ilə mübarizə aparmaq; 4) dindaşlarını qeyri-kamilliklərinə rəğmən sevmək. Öyrənəcəyik ki, həvari Bulusa bu çətinliklərin hər birini aşmağa nə kömək etmişdi və ağsaqqallar ondan necə örnək götürə bilərlər.
TƏBLİĞ İŞİ İLƏ DİGƏR MƏSULİYYƏTLƏR ARASINDA TARAZLIĞI QORUMAQ
4. Nəyə görə bəzən ağsaqqallara təbliğ işində öndə olmaq çətin olur?
4 Nəyə görə çətin olur? Ağsaqqalların üzərinə çoxlu məsuliyyət düşür və bu onlara təbliğ işində öndə getməyə mane ola bilər. Məsələn, onlar həftəiçi görüşdə tez-tez sədrlik edirlər, yığıncaqda Müqəddəs Kitab dərsini aparırlar. Bundan əlavə, başqa nitqləri də olur. Üstəlik, yığıncaq xidmətçilərinə çoxlu təlim keçirlər, bacı-qardaşları ruhlandırmaq üçün həmişə vaxt ayırırlar (1 But. 5:2). Bəzi ağsaqqallar isə ibadət evlərinin və digər binaların tikintisində və təmirində iştirak edirlər. Buna baxmayaraq, yığıncaqda hamı kimi, ağsaqqalların da başlıca və ən vacib işi xoş xəbəri müjdələməkdir (Mət. 28:19, 20).
5. Bir təbliğçi kimi, Bulus hansı nümunəni qoyub?
5 Həvari Bulusun nümunəsi. Bulusun uğurunun sirri Filippililərə 1:10 ayəsində yazılıb. O deyir ki, «daha vacib şeyləri ayırd» edin. Bulus verdiyi məsləhətə özü də əməl edirdi. Yehova Bulusa təbliğ işini həvalə etmişdi. Təbliğ etdiyi uzun illər ərzində Bulus bu işi həyatda hər şeydən üstün tutmuşdu. O, «insanlar qarşısında, ev-ev» təbliğ edirdi (Həv. 20:20). O, təbliğ işini ancaq həftənin hansısa günü, günün hansısa saatı etmirdi. Bulus yaranan hər fürsətdə müjdəni bəyan edirdi! Məsələn, o, Afinada əməkdaşlarını gözlədiyi müddətdə vəzifəli şəxslərə müjdəni çatdırmışdı və bu, çox gözəl bəhrələr gətirmişdi (Həv. 17:16, 17, 34). Bulus hətta həbsdə olanda belə yanında olanlara təbliğ edirdi (Filip. 1:13, 14; Həv. 28:16—24).
6. Bulus başqalarına nələr öyrədirdi?
6 Bulus vaxtından səmərəli istifadə edirdi. O, tez-tez başqalarını da xidmətdə onunla əməkdaşlıq etməyə dəvət edirdi. Məsələn, ilk təbliğ səyahəti zamanı o özü ilə Mark ləqəbli Yəhyanı, ikinci dəfə isə Timutini aparmışdı (Həv. 12:25; 16:1—4). Şübhə yoxdur ki, Bulus onlara yaxşı müəllim olmaq, yığıncağın təşkili və ağsaqqal məsuliyyəti ilə bağlı çox şey öyrədirdi (1 Kor. 4:17).
7. Ağsaqqallar Bulusun Efeslilərə 6:14, 15 ayələrindəki sözlərinə necə əməl edə bilərlər?
7 Tətbiqi. Ağsaqqallar Bulusdan örnək alaraq ev-ev təbliğ etməkdən əlavə, hər fürsətdə şahidlik verməyə hazır olmalıdırlar. (Efeslilərə 6:14, 15 ayələrini oxuyun.) Məsələn, bazarlıq edərkən, yaxud işdə olarkən təbliğ edə bilərlər. Əgər təşkilatın tikinti işində çalışırlarsa, qonşulara və ya tikinti məhsullarını aldıqları işçilərə təbliğ edə bilərlər. Həmçinin Bulus kimi, təbliğdə əməkdaşlıq etdikləri dindaşlarına, eləcə də yığıncaq xidmətçilərinə təlim verə bilərlər.
8. Bəzən ağsaqqallar nə etməli olur?
8 Ağsaqqallar yığıncaq və rayonun işləri ilə o qədər məşğul olmamalıdır ki, təbliğ etməyə vaxtları olmasın. Tarazılığı qorumaq üçün bəzən hansısa işə «yox» demək lazım gələ bilər. Ola bilsin, ağsaqqal dua edib düşünəndən sonra görəcək ki, hansısa məsuliyyəti qəbul etsə, daha vacib şeylərə vaxtı qalmayacaq. Məsələn, daha vacib işlərin sırasına hər həftə ailəvi ibadət keçirməyi, təbliğdə fəal olmağı və uşaqlarına təbliğ etməyi öyrətmək daxildir. Ola bilsin, ağsaqqallar müəyyən məsuliyyətlərdən imtina etməyə çəkinirlər. Amma narahat olmamalıdırlar, Yehova başa düşür ki, onlar tarazılı olmaq istəyirlər.
BACI-QARDAŞLARA VAXT AYIRMAQ
9. Ağsaqqallar çox məşğul olduqlarına görə bəzən onlara nə etmək çətin olur?
9 Nəyə görə çətin olur? Yehovanın xalqı çoxlu problemlərlə üzləşir. Yaşadığımız bu axırzamanda hər birimizin dəstəyə, təsəlliyə, ruhlanmağa ehtiyacı var. Bəzən kimisə səhv yoldan çəkindirmək üçün kömək lazım olur (1 Salon. 5:14). Təbii ki, ağsaqqallar Yehovanın xidmətçilərinin üzləşdiyi bütün çətinlikləri aradan qaldıra bilməzlər. Amma bununla belə, Yehova istəyir ki, ağsaqqallar Onun quzularını qorusunlar və ruhlandırsınlar. Bəs ağsaqqallar bu qədər işin arasında dindaşlarına necə vaxt ayıra bilərlər?
10. 1 Salonikililərə 2:7 ayəsində göstərildiyi kimi, Bulus Yehovanın xalqının qeydinə necə qalırdı?
10 Həvari Bulusun nümunəsi. Bulus həmişə çalışırdı ki, dindaşlarını tərifləsin, onları ürəkləndirsin. Ağsaqqallar da Yehovanın xalqı ilə nəvazişlə davranaraq Bulusdan örnək götürə bilərlər. (1 Salonikililərə 2:7 ayəsini oxuyun.) Bulus dindaşlarına onları sevdiyini deyirdi. Həmçinin əmin edirdi ki, Yehova da onları sevir (2 Kor. 2:4; Efes. 2:4, 5). O, yığıncaqdakı bacı-qardaşlara dost kimi yanaşırdı, onlarla vaxt keçirirdi. O, onlara etibar edib, səmimi şəkildə öz zəifliyi, narahatlığı haqda danışırdı (2 Kor. 7:5; 1 Tim. 1:15). Amma onun məqsədi diqqətini öz problemlərinə cəmləmək yox, bacı-qardaşlara kömək etmək idi.
11. Bulus bacı-qardaşlara nədən irəli gələrək məsləhət verirdi?
11 Bulus yeri gələndə dindaşlarına məsləhət verirdi, amma bunu heç vaxt onlara qıcıqlandığı üçün etmirdi. Onları sevirdi, müxtəlif təhlükələrdən qorumaq istəyirdi. O çalışırdı ki, verdiyi məsləhət aydın olsun və dindaşları onu rahat qəbul edə bilsinlər. Məsələn, Korinf yığıncağına ciddi məsləhət vermişdi. Məktubdan sonra onların yanına Titusu göndərmişdi. Bulus bilmək istəyirdi ki, onlar məktubdakı məsləhətə necə yanaşıblar. Görün Bulus eşidəndə ki, onlar onun məsləhətini qəbul ediblər və ona əməl ediblər, necə sevinmişdi! (2 Kor. 7:6, 7).
12. Ağsaqqallar dindaşlarını necə möhkəmləndirə bilərlər?
12 Tətbiqi. Ağsaqqallar dindaşlarına vaxt ayırmaqla Bulusdan nümunə götürmüş olurlar. Bunun bir üsulu yığıncağa bir az əvvəl gəlib dindaşları ilə ünsiyyət etməkdir. Adətən bacı-qardaşları ruhlandırmaq üçün bir neçə dəqiqə də bəs edir (Rom. 1:12; Efes. 5:16). Bulusun nümunəsini izləyən ağsaqqal həmçinin çalışacaq ki, dindaşlarını Allahın Kəlamı vasitəsilə gücləndirsin və onları Yehovanın məhəbbətinə əmin etsin. Bundan əlavə, ağsaqqal özünün də onlara olan sevgisini ifadə edəcək. O, mütəmadi olaraq onlardan hal-əhval tutacaq və onları tərifləməyə fürsət axtaracaq. Onlara məsləhət vermək lazım gələndən isə bunu Allahın Kəlamına əsaslandıracaq. Ağsaqqal konkret məsləhət versə də, bunu mülayim şəkildə verir, çünki o istəyir ki, bacı-qardaşlar məsləhəti qəbul edib əməl etsinlər (Qal. 6:1).
ZƏİF CƏHƏTLƏRİ İLƏ MÜBARİZƏ APARMAQ
13. Bəzi ağsaqqallar öz zəifliklərinə necə yanaşırlar?
13 Nəyə görə çətin olur? Ağsaqqallar kamil deyil, hamı kimi onların da səhvləri olur (Rom. 3:23). Bəzən onlar da öz zəif cəhətlərinə tarazlı yanaşmaqda çətinlik çəkirlər. Kimisi özünə qarşı çox tənqidi yanaşır və ruhdan düşür. Kimisi isə həmişə öz nöqsanlarına bəraət qazandırır və nəticədə, özündə nəyisə dəyişməyə ehtiyac görmür.
14. Filippililərə 4:13 ayəsinə əsasən, təvazökarlıq Bulusa zəiflikləri ilə mübarizədə necə kömək etdi?
14 Həvari Bulusun nümunəsi. Bulus təvazökarlıqla qəbul edirdi ki, öz zəifliklərinin öhdəsindən təkbaşına gələ bilməyəcək. O, Allahın dəstəyinə ehtiyac duyurdu. Bulus məsihi olmamışdan qabaq Məsihin davamçılarını təqib edirdi. Amma sonra o, öz səhvini başa düşdü, düşüncə tərzini və xasiyyətini dəyişdi (1 Tim. 1:12—16). Yehovanın köməyi ilə Bulus məhəbbətli, şəfqətli və təvazökar bir ağsaqqal oldu. O, qeyri-kamilliyinin fərqində idi, amma gecə-gündüz səhvləri haqqında fikirləşmirdi, Yehovanın əfvinə sığınırdı (Rom. 7:21—25). O özündən kamillik gözləmirdi. Amma əlindən gələni edirdi ki, Məsihi keyfiyyətlərinə yiyələnsin. Həmçinin ona həvalə olunan işi görmək üçün Yehovanın gücünə arxalanırdı (1 Kor. 9:27; Filippililərə 4:13 ayəsini oxuyun).
15. Ağsaqqallar öz zəifliklərinə necə yanaşmalıdırlar?
15 Tətbiqi. Ağsaqqallar kamil olduqları üçün təyin olunmur. Amma Yehova gözləyir ki, onlar öz səhvlərini qəbul etsinlər və məsihi xüsusiyyətlərinə yiyələnsinlər (Efes. 4:23, 24). Ağsaqqallar özlərini Müqəddəs Kitab əsasında yoxlamalıdırlar və lazımi dəyişikliklər etməlidirlər. Onda Yehova onlara kömək edəcək ki, xidmətlərini uğurla icra etsinlər və bundan sevinc tapsınlar (Yaq. 1:25).
DİNDAŞLARINI QEYRİ-KAMİLLİKLƏRİNƏ RƏĞMƏN SEVMƏK
16. Ağsaqqallar diqqətlərini dindaşlarının nöqsanlarına cəmləsələr, nə baş verər?
16 Nəyə görə çətin olur? Ağsaqqallar dindaşları ilə daha çox vaxt keçirdikləri üçün onların qüsurlarını daha asan görürlər. Amma ağsaqqallar ehtiyatlı olmasalar, dindaşlarının hərəkətlərinə qıcıqlanar, onlara qarşı sərt və tənqidi yanaşarlar. Bulus məsihiləri xəbərdar etmişdi ki, onların bu cür olmasını Şeytan istəyir (2 Kor. 2:10, 11).
17. Bulus bacı-qardaşlarına necə yanaşırdı?
17 Həvari Bulusun nümunəsi. Bulus çalışırdı ki, həmişə bacı-qardaşlara müsbət tərəfdən yanaşsın. O, dindaşlarının səhvlərindən agah idi, çünki bəzən onların səhvi Bulusa da təsirsiz ötüşmürdü. Ən əsası isə Bulus başa düşürdü ki, insanın əməli pisdirsə, o demək deyil ki, insan özü də pisdir. Bulus bacı-qardaşlarını sevirdi. Onların yaxşı xüsusiyyətlərinə diqqət yetirirdi. Əgər dindaşına düzgün davranmaq çətin gəlirdisə, Bulus onun niyyətinin pis olduğunu düşünmürdü, anlayırdı ki, dindaşının köməyə ehtiyacı var.
18. Bulus Evodiya və Sintixi adlı bacılara necə kömək etdi və biz bundan nə öyrənirik? (Filippililərə 4:1—3).
18 Məsələn, görün Bulus Filippi yığıncağında Evodiya və Sintixi adlı iki bacıya necə kömək etmişdi. (Filippililərə 4:1—3 ayələrini oxuyun.) Görünür hansısa anlaşılmazlığa görə onların arası dəymişdi. Bulus onlarla sərt davranmadı, onları mühakimə etmədi. Onlarda olan yaxşı xüsusiyyətlərə diqqət yetirdi. Bu bacılar uzun illər ərzində Yehovaya sədaqətlə xidmət etmişdi. Bulus bilirdi ki, Yehova onları sevir. Onlar haqda müsbət fikirdə olması Bulusa kömək etdi ki, onları aralarındakı nifaqı həll etməyə təşviq edə bilsin. O, insanların yaxşı cəhətlərinə fikir verdiyi üçün sevincini qorudu, həm də həmin yığıncaqdakılarla dostluq münasibəti korlanmadı.
19. a) Ağsaqqallara dindaşları haqda müsbət fikirdə olmağa nə kömək edə bilər? b) İbadət evini təmizləyən ağsaqqaldan nə öyrənə bilərsiniz? Şəklə baxın.
19 Tətbiqi. Əziz ağsaqqallar, bacı-qardaşlarınızın yaxşı xüsusiyyətlərini görməyə çalışın. Hər kəs qeyri-kamildir, amma hər kəsdə həsəd aparacağımız xüsusiyyətlər var (Filip. 2:3). Düzdür, bəzən ağsaqqallar bacı-qardaşların yanlış düşüncəsinə düzəliş etməli olurlar. Amma Bulus kimi, onlar da çalışmalıdırlar ki, diqqətlərini dindaşının etdiyi və dediyi qıcıqlandırıcı şeylərə cəmləməsinlər. Onun Yehovaya olan məhəbbətinə, xidmətdə göstərdiyi əzmə və onda yaxşı işlər görmək potensialının olduğuna fikir versinlər. Bacı-qardaşlar haqda müsbət fikirdə olan ağsaqqallar yığıncaqda mehriban və xoş ab-hava yaradır.
BULUSDAN ÖRNƏK GÖTÜRMƏYƏ DAVAM EDİN
20. Ağsaqqallar Bulusdan daha çox şey öyrənmək üçün nə edə bilərlər?
20 Ağsaqqallara bundan sonra da Bulusun nümunəsini araşdırmağın çox köməyi olacaq. Məsələn, «Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək» kitabının 12-ci fəslinin 17—20 abzaslarına, yaxud «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndə «Bulus» başlığı altında «ağsaqqallar üçün nümunə» adlı yarımbaşlığa (rus.) baxa bilərsiniz. Orada olan məqalələri oxuyarkən özünüzə növbəti sualı verin: «Bulusun nümunəsi mənə bir ağsaqqal kimi öz məsuliyyətlərimi icra edərkən sevincimi qorumağa necə kömək edə bilər?»
21. Ağsaqqallar nəyə əmin ola bilərlər?
21 Əziz ağsaqqallar, unutmayın ki, Yehova sizdən kamillik tələb etmir. O sizin sədaqətli olmağınızı istəyir (1 Kor. 4:2). Yehova Bulusun zəhmətini və sadiqliyini qiymətləndirirdi. Əmin olun ki, O sizin də xidmətinizi qiymətləndirir. Yehova heç vaxt «keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti» unutmayacaq (İbr. 6:10).
NƏĞMƏ 87 Gəl təravət tap!
a Ağsaqqalların bizdən ötrü çəkdikləri zəhmətə görə çox minnətdarıq. Bu məqalədə ağsaqqalların üzləşdiyi dörd əsas çətinlikdən danışacağıq. Öyrənəcəyik ki, həvari Bulusun nümunəsi onlara bu çətinlikləri aşmağa necə kömək edə bilər. Ümumilikdə bu məqalə hər birimizə kömək edəcək ki, ağsaqqallara canıyananlıqla yanaşaq, onları sevək və dəstək olaq.
b ŞƏKLİN İZAHI. Qardaş işdən sonra iş yoldaşına təbliğ edir.
c ŞƏKLİN İZAHI. Ağsaqqal təkliyə çəkilmiş qardaşa yaxınlaşıb onunla söhbət edir.
d ŞƏKLİN İZAHI. Qardaş nəyəsə görə incimiş dindaşına məsləhət verir.
e ŞƏKLİN İZAHI. Ağsaqqal işindən yayınan qardaşa tənqidi yanaşmır.