TƏLİM MƏQALƏSİ 48
Çətinliklər zamanı Yehovanın köməyinə arxayın olun
«Mərd olun... Ordular Allahı Yehova bəyan edir: “Mən sizinləyəm!”» (HƏQ. 2:4).
NƏĞMƏ 118 «İmanımızı artır»
İCMALa
1, 2. a) Yerusəlimə qayıdan yəhudilərlə bizim vəziyyətimiz arasında hansı oxşarlıq var? b) Yəhudilər Yerusəlimə qayıdandan sonra nə baş vermişdi? («Həqqayın, Zəkəriyyənin və Üzeyirin yaşadığı dövr» adlı çərçivəyə baxın.)
GƏLƏCƏK haqda düşünəndə narahat olursunuz? Ola bilsin, işinizi itirmisiniz və ailənizi dolandırmağın fikrini çəkirsiniz. Yaxud da ölkənizdə siyasi vəziyyət qeyri-stabildir. Təqiblərlə və ya təbliğ işində müqavimətlərlə üzləşirsiniz və bu səbəbdən ailənizin təhlükəsizliyinə görə narahatsınız. Keçmişdə israillilər də oxşar problemlərlə üzləşmişdi. Yehovanın onlara necə kömək etdiyini görmək sizi ruhlandıracaq.
2 Ömürlərinin çoxunu Babildə keçirən yəhudilərə rahat şəraitlərini qoyub demək olar ki, tanımadıqları bir ölkəyə getmək üçün böyük iman lazım idi. Ora çatandan bir az sonra onlar maddi cəhətdən korluq çəkməyə başladılar. Həmçinin siyasi baxımdan vəziyyət ürəkaçan deyildi və ətraf xalqlar onları təqib edirdi. Bu qədər problemin içində onlara diqqətlərini Yehovanın məbədinin bərpasına cəmləmək çətin idi. Elə buna görə də eramızdan əvvəl təxminən 520-ci ildə Yehova xalqını ruhlandırmaq üçün Həqqayla Zəkəriyyə peyğəmbəri göndərir (Həq. 1:1; Zək. 1:1). Görəcəyimiz kimi, bu iki peyğəmbərin dediyi ruhlandırıcı sözlərin xeyri oldu. Amma təxminən 50 il sonra Yerusəlimə qayıdan yəhudilərin şövqü yenidən söndü. Qanunun peşəkar köçürücüsü olan Üzeyir xalqı ruhlandırmaq üçün Babildən Yerusəlimə gəldi, onları pak ibadəti həyatlarında hər şeydən üstün tutmağa təşviq etdi (Üzr. 7:1, 6).
3. Hansı suallara cavab tapacağıq? (Məsəllər 22:19).
3 Həqqay və Zəkəriyyənin söylədiyi peyğəmbərliklər israillilərə təqiblər vaxtı Yehovaya etibarlarını qoruyub saxlamağa kömək etmişdi. Bu peyğəmbərliklər bu gün bizə də hər çətinliyimizdə Yehovaya etibarımızı qorumağa kömək edəcək. (Məsəllər 22:19 ayəsini oxuyun.) Bu məqalədə Yehovanın Həqqay və Zəkəriyyə peyğəmbər vasitəsilə çatdırdığı xəbəri araşdıracaq və Üzeyirin nümunəsinə nəzər yetirəcəyik. Həmin hadisələrin fonunda bu suallara cavab tapacağıq: «Üzləşdikləri çətinliklər yəhudilərə necə təsir etdi? Nəyə görə çətin günlərimizdə də Yehovanın işini hər şeydən üstün tutmalıyıq? Həyatımızın qaranlıq günlərində Yehovaya etibarımızı necə möhkəmləndirə bilərik?»
ÇƏTİNLİKLƏR YƏHUDİLƏRİN ŞÖVQÜNÜ ZƏİFLƏDİR
4, 5. Məbədi tikən yəhudilərin əllərinin işdən soyumasına nə səbəb ola bilərdi?
4 Yerusəlimə qayıdan yəhudilərin işləri başlarından aşırdı. Onlar dərhal Yehovaya qurbangah tikib məbədin təməlini qoydular (Üzr. 3:1—3, 10). Əvvəl-əvvəl şövqlü olsalar da, çox keçməmiş əlləri işdən soyudu. Çünki məbədin tikintisi ilə yanaşı onlar özləri üçün də ev tikməli, əkinçiliklə məşğul olmalı və ailələrini dolandırmalı idilər (Üzr. 2:68, 70). Bir tərəfdən də düşmənləri yəhudiləri gözümçıxdıya salmışdı və məbədin tikintisini dayandırmaq üçün dəridən-qabıqdan çıxırdılar (Üzr. 4:1—5).
5 Həmin dövrdə ölkədə iqtisadi və siyasi vəziyyətin qeyri-stabil olması da yəhudilərə çətinlik yaradırdı. Artıq onların torpaqları Fars imperiyasının tərkibində idi. Eramızdan əvvəl 530-cu ildə Fars şahı Kuruş öləndən sonra onun xələfi Kambiz Misiri ələ keçirmək üçün hərbi əməliyyata başladı. Misirə yürüş edən əsgərlər İsrail torpaqlarından keçərkən xalqın gününü qara etmişdilər. Onlardan gah yemək, gah su, gah da qalmağa yer tələb edirdilər. Kambizdən sonra taxta çıxan I Daranın hakimiyyətinin əvvəlində iğtişaşların ardı-arası kəsilmirdi, ölkədə çaxnaşma var idi. Sözsüz ki, yəhudilər bu cür vəziyyətdə ailələrini necə təmin edəcəklərinin fikrini çəkirdilər. Bütün bu çətinliklərə görə bəzi yəhudilər fikirləşirdi: «İndi Yehovanın məbədini tikməyin vaxtı deyil» (Həq. 1:2).
6. Yəhudilərin başqa hansı çətinlikləri var idi və Zəkəriyyə onları nəyə əmin etdi? (Zəkəriyyə 4:6, 7).
6 Zəkəriyyə 4:6, 7 ayələrini oxuyun. İqtisadi və siyasi çətinliklərdən əlavə yəhudilər təqiblərlə də üzləşirdilər. Eramızdan əvvəl 522-ci ildə düşmənlər Fars hökumətinin əli ilə məbədin tikintisini dayandırmağa müvəffəq oldular. Amma Zəkəriyyə xalqı əmin etdi ki, Yehova müqəddəs ruhu vasitəsilə bütün maneələri aradan qaldıracaq. Belə də oldu. Eramızdan əvvəl 520-ci ildə şah Dara tikintiyə qoyulan qadağanı götürdü. Hətta bu iş üçün saray xəzinəsindən vəsait də ayırdı, valilərə isə əmr etdi ki, yəhudilərə kömək etsinlər (Üzr. 6:1, 6—10).
7. Yehovanın iradəsini hər şeydən üstün tutan yəhudilər hansı nemətləri aldılar?
7 Yehova Həqqay və Zəkəriyyə vasitəsilə xalqını əmin edib dedi ki, əgər xalq məbədin tikintisini həyatında birinci yerə qoysa, onlara arxa-dayaq olacaq (Həq. 1:8, 13, 14; Zək. 1:3, 16). Yəhudilər bu sözlərdən ruhlanıb eramızdan əvvəl 520-ci ildə məbədin tikintisinə qaldıqları yerdən davam etdilər və beş ildən az bir müddətə onu tikib qurtardılar. Yəhudilər üzləşdikləri çətinliklərə rəğmən Allahın işini həyatlarında birinci yerə qoyduqları üçün nə maddi, nə də ruhani cəhətdən korluq çəkmədilər, Yehova onların qayğısına qaldı. Nəticədə, xalq şadyanalıqla Yehovaya ibadət etdi (Üzr. 6:14—16, 22).
DİQQƏTİNİZİ ALLAHIN İRADƏSİNİ YERİNƏ YETİRMƏYƏ CƏMLƏYİN
8. Həqqay 2:4 ayəsində yazılanlar Yehovanın iradəsini yerinə yetirməyə necə kömək edir? (Həmçinin haşiyəyə baxın.)
8 Böyük müsibət yaxınlaşdıqca təbliğ etməklə bağlı əmrə tabe olmaq daha da vacib hal alır (Mark 13:10). Lakin maddi sıxıntılar yaşayırıqsa, təbliğdə təqiblərlə üzləşiriksə, diqqətimizi xidmətə cəmləmək bizə asan olmaya bilər. Bəs Yehovanın işini həyatımızda birinci yerə qoymağa bizə nə kömək edə bilər? Bir şeyə həmişə əmin olun: «ordular Allahı Yehova»b yanımızdadır. Əgər Padşahlığın işi həyatımızda hər şeydən vacib olsa, Yehova bizə mütləq dayaq olacaq. Odur ki, təlaşlanmağa heç bir əsas yoxdur. (Həqqay 2:4 ayəsini oxuyun.)
9, 10. Bir ər-arvad İsanın Mətta 6:33 ayəsində dediyi sözlərin doğruluğuna necə əmin olmuşdu?
9 Oleq və İrinac adlı öncül bir ər-arvadın hadisəsinə baxaq. Onlar bir yığıncağa kömək etmək üçün başqa əraziyə köçmüşdülər. Amma yaşadıqları ölkədəki iqtisadi vəziyyət pisləşdiyindən hər ikisi də işini itirdi. Haradasa bir il daimi iş tapa bilmədilər. Amma bu müddət ərzində onlar daim Yehovanın əlini öz üzərlərində hiss ediblər. Həmçinin bacı-qardaşlar da vaxtaşırı onlara əl tutub. Oleq əvvəl-əvvəl düşdüyü vəziyyətə görə stres keçirirdi. Bu ər-arvada çətinliklərə sinə gərməyə nə kömək etdi? Oleq deyir: «Vaxtımızın çoxunu təbliğ işinə ayırmağın sayəsində diqqətimizi həyatda daha vacib şeylərə cəmləyə bildik». Oleq və İrina iş axtarmağa davam etdikləri müddətdə təbliğdən qalmadılar.
10 Bir gün Oleq və İrina təbliğdən evə qayıdanda qonşudan öyrənirlər ki, yaxın dostlarından biri haradasa 160 kilometr yol qət edib və onlara iki çanta ərzaq gətirib. Oleq deyir: «Həmin gün biz Yehovanın məhəbbətinə, yığıncağın qayğısına bir daha şahid olduq. Biz əmin olduq ki, insan üçün vəziyyət nə qədər ümidsiz görünsə də, Yehova xidmətçilərini heç vaxt unutmur» (Mət. 6:33).
11. Fikrimizi Yehovanın iradəsini yerinə yetirməyə cəmləsək, hansı nemətləri alacağıq?
11 Yehova istəyir ki, diqqətimizi həyatları xilas edən şagird hazırlamaq işinə cəmləyək. 7-ci abzasdan gördüyümüz kimi Həqqay xalqı məbədin tikintisinə yenidən başlamağa təşviq etdi. Onlara bir növ dedi ki, bu işə verdikləri 17 illik fasiləni unutsunlar, sanki məbədin təməlini bu gün qoyurmuş kimi işə davam etsinlər. Onda Yehova da onlara «bərəkət verəcək»di (Həq. 2:18, 19). Əmin ola bilərik ki, Yehovanın bizə tapşırdığı işi həyatımızda birinci yerə qoysaq, O bizim də zəhmətimizi əvəzsiz qoymayacaq.
YEHOVAYA ETİBARINIZI MÖHKƏMLƏNDİRİN
12. Üzeyirə və sürgündən qayıdan yəhudilərə nəyə görə güclü iman lazım idi?
12 Eramızdan əvvəl 468-ci ildə Üzeyir Babildə yaşayan digər yəhudilərlə birgə Yerusəlimə yola düşdü. Bu səfərə çıxmaq üçün Üzeyirə də, yəhudilərə də güclü iman lazım idi. Çünki yollar çox təhlükəli idi, üstəlik, onlar özləri ilə məbədə ianə olunmuş külli miqdarda qızıl-gümüş aparırdılar. Onlar asanlıqla qarətçilərin hədəfinə çevrilə bilərdilər (Üzr. 7:12—16; 8:31). Yerusəlimə çatanda isə gördülər ki, heç ora da təhlükəsiz yer deyil. Əhalinin sayı çox az idi, həm də şəhərin divarları, darvazaları uçuq-sökük idi. Bütün bu vaxt ərzində Üzeyir Yehovaya etibarını qorudu. Gəlin görək ondan nə öyrənirik.
13. Üzeyir Yehovaya etibarını necə möhkəmləndirdi? (Həmçinin haşiyəyə baxın.)
13 Üzeyir Yehovanın Öz xalqına çətin vaxtlarda arxa-dayaq olduğuna şahid olmuşdu. Yerusəlimə qayıtmazdan illər öncə, eramızdan əvvəl 484-cü ildə Üzeyir ehtimal ki, Babildə yaşayırdı. O vaxt şah Ahaşveroş Fars imperiyasında yaşayan yəhudilərin öldürülməsinə fərman vermişdi (Əst. 3:7, 13—15). Üzeyirin də, xalqın da həyatı təhlükədə idi. «Bütün əyalətlərdə» yəhudilər böyük yas qurmuşdular, oruc tutub ağlaya-ağlaya Allahdan imdad diləyirdilər (Əst. 4:3). Amma yəhudilərə sui-qəsd quran düşmənlər qazdıqları quyuya özləri düşdülər! (Əst. 9:1, 2). Üzeyirin və bütün yəhudilərin kədəri sevincə çevrildi. Bu hadisələr onu gələcəkdəki çətinliklərə hazırladı və Yehovanın Öz xalqını qorumağa qadir olduğuna əminliyini artırdıd.
14. Çətinliklər zamanı Yehovanın qayğısını görən bir bacı hansı nəticəyə gəlib?
14 Həyatımızın ağır günlərində Yehovanın qayğısını görəndə Ona etibarımız getdikcə möhkəmlənir. Gəlin Şərqi Avropada yaşayan Anastasiya bacının başına gələn bir hadisəyə baxaq. O, bitərəfliyini qorumaqdan ötrü işdən çıxmışdı. Anastasiya deyir: «Həyatımda ilk dəfə idi ki, pulsuz qalmışdım. Dua edib hər şeyi Yehovanın öhdəsinə buraxdım və Onun qayğısını duydum. Birdən yenə işimi itirsəm, təlaşa qapılmayacağam. Göydəki Atam bu gün mənim qeydimə qalırsa, sabah da qalacaq».
15. Üzeyirə Yehovaya etibarını qoruyub saxlamağa nə kömək etdi? (Üzeyir 7:27, 28).
15 Üzeyir Yehovanın ona yar olduğunu görürdü. Ona Yehovaya etibarını qorumağa nə kömək etmişdi? Üzeyir Yehovanın ona dayaq olduğu vaxtlar barədə düşünürdü. Bunu onun sözlərindən də görmək olar. O: «Yehova mənə yar oldu»,— demişdi. (Üzeyir 7:27, 28 ayələrini oxuyun.) Üzeyir öz adını daşıyan kitabda beş dəfədən çox buna bənzər sözlər işlətmişdi (Üzr. 7:6, 9; 8:18, 22, 31).
16. Hansı vəziyyətlərdə Yehovanın bizə yar olduğunu daha aydın görə bilərik? (Həmçinin şəklə baxın.)
16 Çətinliklərlə üzləşəndə Yehova bizə də kömək edə bilər. Məsələn, müdirimizdən toplantıda iştirak etmək üçün icazə istəyəndə, yaxud yığıncaqdan qalmamaq üçün iş cədvəlimizdə dəyişiklik etməsini xahiş edəndə Yehovanın bizə yar olduğunu görmək imkanımız yaranır. Əmin olun, vəziyyət gözlədiyimizdən də yaxşı ola bilər. Nəticədə bizim Yehovaya imanımız artdıqca artacaq.
17. Üzeyirin təvazökar olduğu çətin vaxtlarda necə göründü? (Üz qabığındakı şəklə baxın.)
17 Üzeyir təvazökar davranıb kömək üçün Yehovaya üz tuturdu. Üzeyir ona tapşırılan işlərə görə narahatlıq keçirəndə hər dəfə Yehovadan kömək istəyirdi (Üzr. 8:21—23; 9:3—5). Başqaları da Üzeyirin Yehovaya etibar etdiyini görəndə ona dəstək olurdular və ona bənzəməyə çalışırdılar (Üzr. 10:1—4). Biz də maddi sıxıntı çəkəndə və ailəmizin təhlükəsizliyinə görə narahat olanda tam arxayınlıqla Yehovaya dua etməliyik.
18. Yehovaya etibarımızı artırmağa bizə nə kömək edə bilər?
18 Biz təvazökar davranıb Yehovaya üz tutanda və dindaşlarımızın köməyini qəbul edəndə Yehovaya etibarımız artır. Üç uşaq anası olan Erikaya ağır itki üz vermişdi, buna baxmayaraq o, Yehovaya etibarını qorumuşdu. O, qısa vaxt içində bətnində olan körpəsini və əziz həyat yoldaşını itirmişdi. Erika bacı o günləri yadına salıb deyir: «Yehovanın bizə necə kömək edəcəyini qabaqcadan bilə bilmərik. Kömək gözləmədiyimiz yerdən gələ bilər. Yehova dualarımın çoxuna dostlarımın hansısa sözü və ya hərəkəti vasitəsilə cavab verib. Ürəyimi dostlarıma açanda gördüm ki, onlar mənə daha asanlıqla kömək edirlər».
YEHOVAYA ETİBARINIZI SONA KİMİ QORUYUN
19, 20. Yerusəlimə qayıda bilməyən yəhudilərdən nə öyrənirik?
19 Yerusəlimə qayıda bilməyən yəhudilərdən də çox şey öyrənmək olar. Yəqin, onlardan bəziləri yaşlı idi, kimisinin ciddi xəstəliyi var idi, kimisinin də ailə vəziyyəti yol vermirdi. Buna görə geri qayıda bilməmişdilər. Buna baxmayaraq onlar Yerusəlimə qayıdan yəhudilərə maddi cəhətdən əl tutmuşdular (Üzr. 1:5, 6). Görünür, ilk qrup yəhudilərin Yerusəlimə qayıtmasından təxminən 19 il sonra da Babildə qalan yəhudilər Yerusəlimə bəxşişlər göndərməyə davam edirdilər (Zək. 6:10).
20 Yehovanın yolunda çox iş görməyə imkanımız əl verməsə də, əmin ola bilərik ki, Yehova qəlbini sevindirmək üçün etdiyimiz hər bir şeyi qiymətləndirir. Bunu haradan bilirik? Yehova Zəkəriyyə peyğəmbərə buyurmuşdu ki, Babildəki əsirlərin göndərdiyi qızıl-gümüşdən tac düzəltsin (Zək. 6:11). Bu «tac» onların səxavətli ianələrinin «xatirəsi» olaraq qalacaqdı (Zək. 6:14). Bəli, həyatımızın çətin anlarında ürəkdən etdiyimiz xidməti Yehova əsla unutmur. Buna zərrə qədər də şübhə yoxdur (İbr. 6:10).
21. Gələcəkdə üzləşəcəyimiz çətinliklər zamanı Yehovaya etibarımızı itirməməyə bizə nə kömək edəcək?
21 Yaşadığımız bu axırzamanda çətinliklər qaçılmazdır. Bəlkə də gələcəkdə vəziyyət daha da betər olacaq (2 Tim. 3:1, 13). Amma həddən artıq narahat olmamalıyıq. Yadınızdadırsa, Yehova Həqqay peyğəmbərin dövründə xalqa demişdi: «Mən sizinləyəm!.. Qorxmayın!» (Həq. 2:4, 5). Nə qədər ki Yehovanın iradəsini yetirmək üçün əlimizdən gələni edirik, Yehovanın bizimlə olacağına arxayın ola bilərik. Həqqayla Zəkəriyyənin peyğəmbərliklərindən və Üzeyirin nümunəsindən öyrəndiklərimizə əməl etsək, gələcəkdə başımıza nə gəlirsə gəlsin Yehovaya etibarımız sarsılmayacaq.
NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!
a İqtisadi çətinliklər, qeyri-stabil siyasi vəziyyət və təbliğdə üzləşdiyimiz təqiblər zamanı Yehovaya etibarımızı möhkəm saxlamalıyıq. Məqalə bu sahədə bizə kömək edəcək.
b «Həqqay» kitabında «ordular Allahı Yehova» ifadəsinə 14 dəfə rast gəlinir. Bu ifadə yəhudilərə Yehovanın hədsiz gücə sahib olduğunu və ruhani varlıqlardan ibarət böyük orduya başçılıq etdiyini yadlarına salırdı. Bu bizə də eyni şeyi xatırladır (Zəb. 103:20, 21).
c Bəzi adlar şərtidir.
d Üzeyir Allahın Qanununun peşəkar köçürücüsü idi. Buna görə də o, hələ Yerusəlimə getməzdən əvvəl Yehovanın verdiyi peyğəmbərliklərin gerçəkləşəcəyinə tam əmin idi (2 Saln. 36:22, 23; Üzr. 7:6, 9, 10; Ərm. 29:14).
e ŞƏKLİN İZAHI. Qardaş müdirindən toplantıda iştirak etmək üçün icazə istəyir, amma müdir icazə vermir. O, Yehovaya dua edib Ondan kömək istəyir və yenidən müdirinə yaxınlaşır. Qardaş müdirinə toplantının dəvətnaməsini göstərir və Müqəddəs Kitabın həyatını yaxşılığa doğru dəyişdiyini izah edir. Eşitdikləri müdirə o qədər xoş təsir bağışlayır ki, qərarını dəyişir.