Müqəddəs Yazıların kitabı nömrə 26 Yezekel
Yazan: Yezekel
Yazıldığı yer: Babil
Yazılması başa çatıb: b. e. ə. təx. 591-ci il
Əhatə etdiyi vaxt: b. e. ə. təx. 613-591-ci illər
ERAMIZDAN əvvəl 617-ci ildə Yəhuda padşahı Yehoyakin Yerusəlimi Navuxodonosora təslim etdi. Navuxodonosor ölkənin adlı-sanlı adamlarını əsir apardı, mə’bədin və padşahın evinin xəzinələrini talan etdi. Əsir aparılanlar arasında padşahın ailəsi, ə’yanlar, igid döyüşçülər, sənətkarlar, ustalar, o cümlədən, Buzinin oğlu kahin Yezekel də var idi (2 Padşahlar 24:11-17; Yezekel 1:1-3). Əsir aparılan yəhudilər təpələr, bulaqlar, vadilər ölkəsindən ucsuz-bucaqsız düzəngah ölkəsinə olan yorucu səyahətlərini qəm-qüssə içində başa vurdular. Onlar indi Kevar çayı sahilində, qüdrətli imperiyanın düz mərkəzində, onlara yad adət-ən’ənəli bütpərəst xalqların əhatəsində yaşayırdılar. Navuxodonosor israillilərə ev tikməyə, nökər-qaravaş saxlamağa və özləri üçün işləməyə icazə verdi (Yezekel 8:1; Yeremya 29:5-7; Ezra 2:65). Güzəranlarının yaxşı olması özlərinin əməksevərliyindən asılı idi. Görəsən onlar Babil dinlərinin və var-dövlətin tələsindən özlərini qoruya biləcəkdilərmi? Yenə də Yehovaya qarşı üsyan edəcəkdilər, yoxsa sürgünü Onun verdiyi cəza kimi qəbul edəcəkdilər? Sürgündə onları yeni-yeni sınaqlar gözləyirdi.
2 Yerusəlimin məhvinə gətirib çıxaran bu çətin illər ərzində Yehova peyğəmbərsiz keçinmir, onları xalqının yanına göndərirdi. Yeremya Yerusəlimdə qaldı, Daniel Babil sarayında xidmət edirdi, Yezekel isə Babilistana sürgün olunmuş yəhudilər arasında peyğəmbərlik edirdi. Yezekel həm kahin, həm də peyğəmbər idi. Yeremya, sonralar isə Zəkəriyyə bu şərəfə layiq görülmüşdülər (Yez. 1:3). Kitab boyunca Yezekelə 90 dəfə ‘bəşər oğlu’ deyə müraciət olunur, bu isə onun peyğəmbərliyini tədqiq edənlər üçün vacib məqamdır. Belə ki, Yunanca Müqəddəs Yazılarda İsa da buna bənzər şəkildə təxminən 80 dəfə ‘İnsan Oğlu’ adlanır (Yez. 2:1; Mat. 8:20). Yezekel (ibranicə Yexezqel) ‘Allah möhkəmləndirir’ deməkdir. Yehova Yezekeli Yehoyakinin sürgün edilməsinin beşinci ili, b. e. ə. 613-cü ildə peyğəmbər tə’yin etdi. Kitabda oxuduğumuz kimi 22 il keçəndən sonra, sürgünün 27-ci ilində Yezekel hələ də peyğəmbərlik edirdi (Yez. 1:1, 2; 29:17). O evli idi, ancaq Navuxodonosor sonuncu dəfə Yerusəlimi mühasirəyə alan gün arvadı ölmüşdü (24:2,18). Özünün nə zaman və necə öldüyü haqda isə heç bir mə’lumat yoxdur.
3 Adını daşıyan kitabı Yezekelin yazdığına və Müqəddəs Yazılarda özünün qanuni yerini tutduğuna heç bir şübhə yoxdur. Kitab, Ezranın günlərində Müqəddəs Yazılara daxil edilmişdir. Məsihçiliyin ilk dövrlərinə aid olan arayış kitablarında, xüsusilə də Origenin tərtib etdiyi kanonda ona rast gəlinir. Həmçinin onun həqiqiliyini orada istifadə edilən obrazlarla, «Yeremya»dakı və «Vəhy»dəki obrazların heyranedici tərzdə oxşar olması sübut edir (Yez. 24:2-12 — Yer. 1:13-15; Yez. 23:1-49 — Yer. 3:6-11; Yez. 18:2-4 — Yer. 31:29, 30; Yez. 1:5, 10 — Vəhy 4:6, 7; Yez. 5:17 — Vəhy 6:8; Yez. 9:4 — Vəhy 7:3; Yez. 2:9; 3:1 — Vəhy 10:2, 8-10; Yez. 23:22, 25, 26 — Vəhy 17:16; 18:8; Yez. 27:30, 36 — Vəhy 18:9, 17-19; Yez. 37:27 — Vəhy 21:3; Yez. 48:30-34 — Vəhy 21:12, 13; Yez. 47:1, 7, 12 — Vəhy 22:1, 2).
4 Onun doğruluğuna başqa bir sübut Yezekelin Tir (Sur), Misir, Edom kimi qonşu xalqlara aid söylədiyi peyğəmbərliklərin dəqiqliklə yerinə yetməsidir. Məsələn, Yezekel Tirin xarabalığa çevriləcəyini qabaqcadan söyləmişdi. Navuxodonosor 13 illik mühasirədən sonra şəhəri ələ keçirəndə, bu peyğəmbərlik qismən yerinə yetdi (Yez. 26:2-21). Həmin vaxt Tir tam süquta uğramadı. Ancaq Yehova şəhərin tamamilə viran ediləcəyinə hökm vermişdi. O, Yezekelin vasitəsilə qabaqcadan söyləmişdi: ‘Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm... Taxtalarını və töküntülərini suya atacaqlar’ (26:4, 12). Bütün bunlar 250 ildən bir qədər artıq vaxt keçəndən sonra, Makedoniyalı İsgəndər Tirin ada hissəsinə hücum edəndə yerinə yetdi. İsgəndərin əsgərləri şəhərin xaraba qalmış qurudakı hissəsindən tikinti qırıqlarını yığıb dənizə tökdülər və beləliklə də şəhərin ada hissəsinə 800 metrlik bənd saldılar. Sonra mühasirə qüllələri tikib 46 metr hündürlüyündə olan divarları aşdılar, b. e. ə. 332-ci ildə şəhəri ələ keçirtdilər. Minlərlə insan öldürüldü, çoxları isə köləliyə satıldı. Yezekelin qabaqcadan söylədiyi kimi, Tir ‘çılpaq bir qayaya çevrildi, torların sərildiyi bir yer oldu’ (26:14)a. Yezekelin peyğəmbərlik etdiyi kimi, və’d olunmuş diyarın digər sərhəd qonşusu olan xain Edomluların da bir xalq kimi kökü kəsildi (25:12, 13; 35:2-9)b. Əlbəttə, Yezekelin Yerusəlimin dağıdılması və İsrailin bərpası haqqında söylədiyi peyğəmbərlik də dəqiqliklə yerinə yetdi (17:12-21; 36:7-14).
5 Peyğəmbərlik etdiyi ilk illərdə Yezekel xəyanətkar Yerusəlimə Yehovanın hökmlərini e’lan edir və sürgün olunmuşları bütpərəstlikdən çəkindirirdi (14:1-8; 17:12-21). Əsir götürülmüş yəhudilər tövbə etdiklərini göstərmək üçün heç nə etmirdilər. Xalqın məs’uliyyətli nümayəndələri Yezekeldən məsləhət almağa gəlsələr də, Yehovanın onun vasitəsilə söylədiklərinə əhəmiyyət vermirdilər. Onlar bütpərəstliyə davam edir, var-dövlət dalınca qaçırdılar. Mə’bədin, müqəddəs şəhərin, padşah sülaləsinin itirilməsi onlar üçün dəhşətli zərbə olsa da, çox az adam tövbə edərək itaətə gəldi (Məz. 137:1-9).
6 Yezekel sonralar, əsasən həqiqi ibadətin bərpa olunacağı barədə peyğəmbərlik edir, həmçinin qonşu xalqları Yəhudanın süqutuna sevindikləri üçün ittiham edirdi. Onların rüsvay olunması, həmçinin İsrailin bərpası Yehovanı onların gözündə müqəddəs edəcəkdi. Əsarətin və bərpanın məqsədi bir idi: həm israillilər, həm də başqa xalqlar Yehovanın kim olduğunu bilməli idilər (Yez. 39:7, 22). Bütün kitab boyunca Yehovanın adının izzətləndirilməsi vurğulanır, belə ki, 60 dəfədən çox bu ifadəyə rast gəlinir: «Onda biləcəksiniz [və ya biləcəklər] ki, Rəbb [«Yehova», YD] Mənəm» (6:7).
BİZƏ FAYDASI
29 Yezekel Yehovanın verdiyi xəbərləri, görüntüləri və və’dləri sürgündə olan yəhudilərə olduğu kimi çatdırırdı. Çoxları peyğəmbəri lağa qoyub gülsə də, bə’ziləri inanırdı. İnananlar çox böyük fayda əldə etdilər. Bərpa olunma və’di onlara güc verirdi. Əsir götürülən başqa xalqlardan fərqli olaraq onlar öz milliyyətini qorudular və qabaqcadan deyildiyi kimi, b. e. ə. 537-ci ildə Yehova sağ qalan sadiq yəhudiləri vətənə qaytardı (Yez. 28:25, 26; 39:21-28; Ezra 2:1; 3:1). Onlar Yehovanın evini tikdilər və həqiqi ibadəti yenidən bərpa etdilər.
30 ‘Yezekel’ kitabında olan prinsiplərin bizə misilsiz faydası var. Dönüklük, bütpərəstlik, habelə üsyankarlıq ruhu insanı Yehovanın lütfündən məhrum edər (Yez. 6:1-7; 12:2-4, 11-16). Hər kəs öz günahına görə cavab verəcək, ancaq Yehova səhv yoldan dönənlərin günahından keçəcək, belə insanlar Allahın gözündə lütf tapıb, sağ qalacaqlar (18:20-22). Allahın xidmətçiləri hətta çətin tə’yinatda olanda, istehza və ya məzəmmətlə qarşılaşanda Yezekel kimi sadiq gözətçi olaraq qalmalıdırlar. Pis insanı xəbərdar etmək son dərəcə vacibdir ki, qanı üstümüzdə qalmasın (3:17; 33:1-9). Ağsaqqalların üzərinə ciddi məs’uliyyət, Allahın xalqının qayğısına qalmaq məs’uliyyəti qoyulmuşdur (34:2-10).
31 Yezekel kitabında diqqətəlayiq cəhət Məsihlə bağlı peyğəmbərliklərdir. Onun haqqında yazılıb ki, Davudun taxtına onun ‘qanuni ixtiyarı çatır’ və bu taxt ona veriləcəkdir. İki yerdə Allah Məsihi ‘qulum Davud’, başqa hallarda isə ‘çoban’, ‘padşah’ və ‘rəhbər’ adlandırır (21:27, YD; 34:23, 24; 37:24, 25). Davud, kitabın yazıldığı dövrdən çox əvvəl öldüyü üçün, Yezekel Davudun həm Oğlu, həm də Ağası olacaq adam haqqında danışırdı (Məz. 110:1; Mat. 22:42-45). Yeşaya kimi Yezekel də Yehovanın zərif bir budağı hündür dağın zirvəsinə əkəcəyini yazır (Yez. 17:22-24; Yeşaya 11:1-3).
32 Həmçinin Yezekelin röyada gördüyü mə’bəd ilə «Vəhy»də təsvir olunan «müqəddəs Yerusəlimi» müqayisə etmək də maraqlıdır (Vəhy 21:10). Onların arasında bə’zi fərqlər mövcuddur, məsələn, Yezekelin gördüyü mə’bəd şəhərdən ayrı, şimalda yerləşir, ancaq «Vəhy»dəki şəhərdə isə Yehova Özü mə’bəddir. Ancaq hər iki mə’bəddə həyat çayı axır, hər ay meyvə verən və yarpaqları ilə şəfa gətirən ağaclar var və Yehovanın izzəti bu mə’bədləri doldurur. Görüntülərin hər ikisi Yehovanın Padşahlığına və Ona müqəddəs xidməti icra edənlər üçün gördüyü xilas tədbirinə qarşı minnətdarlığı artırır (Yez. 43:4, 5 — Vəhy 21:11; Yez. 47:1, 8, 9, 12 — Vəhy 22:1-3).
33 «Yezekel» kitabı Yehovanın müqəddəsliyini vurğulayır. O açıqlayır ki, Yehovanın adının izzətlənməsi hər şeydən vacibdir. «“Böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlər biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir». Peyğəmbərlikdə göstərildiyi kimi, Allah, Qoq diyarından olan Maqoq da daxil olmaqla, Onun adına ləkə gətirənlərin hamısını məhv edərək, Öz adının müqəddəsliyini göstərəcək. Müdrik o kəslərdir ki, Allahın düzgün ibadət üçün olan tələblərini yerinə yetirərək, artıq indidən Yehovanı izzətləndirirlər. Bu insanlar Onun mə’bədindən axan çaydan şəfa və əbədi həyat tapacaqlar. İzzətlə dolu, misilsiz gözəlliyi olan bu şəhər «Yahve-Şamma», yə’ni ‘Yehova oradadır’ adlanır (Yez. 36:23; 38:16; 48:35).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 531, 1136, (ing.).
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 681, 682, (ing.).