Fəsil 105
Həlledici günün başlanğıcı
İSA MƏSİH həmin gün axşamüstü yenidən Betaniyaya qayıdır. Yerusəlimdəki yekun xidmətinin iki günü artıq arxada qalıb. Şübhəsiz ki, İsa Betaniyada dostu Lazarın evində qalır. Beləliklə, o, dördüncü gecəni də Betaniyada keçirir.
Ertəsi gün, nisanın 11-i səhər tezdən İsa şagirdləri ilə yola çıxır. Bu gün İsanın xidmətinin ən qızğın və həlledici günü olacaq. Bu gün o, sonuncu dəfə məbədə gedəcək; həbs olunub edam edilməzdən qabaq, sonuncu dəfə adamlara təbliğ edəcək.
İsagil Zeytun dağının üstündəki yolla Yerusəlimə gedirlər. Yolda Peter İsanın dünən səhər lənətlədiyi əncir ağacını göstərib heyrətlə deyir: «Müəllim, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!»
Görəsən, İsa bu ağacı nə üçün qurutdu? Bu sualın cavabı onun növbəti sözlərindən məlum olur: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa [Zeytun dağına]: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq. İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız».
Əncir ağacını qurutmaqla İsa Allaha iman etməyin vacibliyini şagirdlərinə əyani şəkildə göstərir. O deyir: «Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız». Qarşıda duran sınaqları nəzərə alsaq, bu, şagirdlər üçün çox mühüm bir dərsdir! Lakin ağacın quruması ilə həqiqi iman arasında daha bir əlaqə var.
İsrail xalqı üzdən bu əncir ağacı kimi, aldadıcı görünür. Allahla əhddə olan və zahirən Onun əmrlərinə riayət edən bu xalqın əslində imanı yoxdur və yaxşı bəhrələr gətirmir. İş o yerə çatıb ki, onlar hətta Allahın Oğlunu rədd edirlər! Buna görə də İsa bəhrəsiz əncir ağacını qurutmaqla bu bəhrə gətirməyən və imansız xalqın aqibətini əyani şəkildə göstərir.
Bir azdan İsagil Yerusəlimə çatırlar və adəti üzrə məbədə gedirlər. Orada İsa təlim verməyə başlayır. Böyük kahinlər və xalqın ağsaqqalları, yəqin ki, İsanın dünən sərrafları məbəddən qovduğunu nəzərdə tutaraq soruşurlar: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»
İsa cavab verir: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. Deyin görüm, Yəhyaya vəftiz etmə ixtiyarını Allah vermişdi, yoxsa insanlar?»
Kahinlər və ağsaqqallar öz aralarında götür-qoy etməyə başlayırlar: «Əgər desək ki, “Allah verib”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?” “İnsanlar verib”, — də deyə bilmərik, çünki camaatdan qorxuruq, axı xalq Yəhyanı bir peyğəmbər bilir».
Rəhbərlər İsaya cavab vermək üçün söz tapmırlar və: «Bilmirik», — deyirlər.
İsa da onlara belə deyir: «Onda mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm». Matta 21:19—27; Mark 11:19—33; Luka 20:1—8.
▪ Nisanın 11-i nə ilə əlamətdardır?
▪ İsa əncir ağacını qurutmaqla hansı dərsləri verir?
▪ İsa ondan gördüyü işləri hansı ixtiyarla etdiyini soruşanlara necə cavab verir?