Həqiqi ümid
«İnsan doğulduğu gündən hər an ölə bilər; nəhayətdə, ölüm istər-istəməz qaçılmaz həqiqətə çevrilir» (ARNOLD TOYNBİ, BRİTANİYALI TARİXÇİ).
1. İnsanlar hansı həqiqətin qarşısında boyun əyməli olmuşlar və bununla bağlı ortaya hansı suallar çıxır?
YUXARIDA gətirilən faktı kim inkar edə bilər? Tarix boyu insanların bu həqiqətlə barışmaqdan başqa yolları olmayıb. Əzizlərimizdən kimsə öləndə özümüzü necə də aciz hiss edirik! Bu zaman insana elə gəlir ki, bu itkinin yerini heç nə doldura bilməz. Bəs ölən əzizlərimizə nə vaxtsa yenidən qovuşa bilərikmi? Müqəddəs Kitab ölənlər üçün hansı ümidi verir? Gəlin bu sualları araşdıraq.
‘Dostumuz ölmüşdür’
2-5. a) Dostu Lazar öləndə İsa onu diriltməyə həm istəyi, həm də bacarığı olduğunu necə göstərdi? b) Lazarın həyata qayıtması ilə yanaşı, bu möcüzə sayəsində daha nə əldə edildi?
2 Eramızın 32-ci ili idi. Yerusəlimdən 3 kilometr aralıda yerləşən kiçik Beytanya şəhərində bacıları Marta və Məryəmlə birgə Lazar adlı bir nəfər yaşayırdı. Onlar İsanın yaxın dostları idilər. Bir gün Lazar bərk xəstələndi. Bacıları təşviş içində dərhal bu xəbəri İordan çayının o biri tayında olan İsaya çatdırdılar. İsa Lazarı və onun bacılarını sevdiyi üçün Beytanyaya yollandı. Yolda gedərkən o, şagirdlərinə dedi: «Dostumuz Lazar yuxuya gedib; Mən isə onu oyatmaq üçün gedirəm». Şagirdləri bu sözlərin mənasını başa düşmədikləri üçün İsa onlara açıq-aydın söylədi: «Lazar ölmüşdür» (Yəhya 11:1—15).
3 İsanın Beytanyaya gəldiyini eşidən kimi Marta onu qarşılamağa qaçdı. Onun kədərini duyub halına yanaraq İsa dedi: «Qardaşın diriləcəkdir». Marta cavab verdi: «Bilirəm ki, dirilmə günü — qiyamət günündə — diriləcəkdir». Bu zaman İsa ona dedi: «Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar» (Yəhya 11:20—25).
4 Sonra İsa sərdabənin yerləşdiyi yerə getdi və söylədi ki, sərdabənin ağzındakı daşı götürsünlər. Ucadan dua edəndən sonra: «Lazar, çölə çıx!» — deyə əmr etdi. Hamının gözü ora dikilmişdi. Budur, Lazar həqiqətən də çölə çıxdı. İsa Lazarı diriltdi, yəni dörd gün ölü olan adamı yenidən həyata qaytardı! (Yəhya 11:38—44).
5 Marta dirilmənin olacağına onsuz da inanırdı (Yəhya 5:28, 29; 11:23, 24). Ancaq bu möcüzə onun imanını möhkəmləndirdi və başqalarında iman oyatdı (Yəhya 11:45). Bəs «dirilmə» deyərkən nə nəzərdə tutulur?
‘O diriləcək’
6. «Dirilmə» sözünün mənası nədir?
6 «Dirilmə» «yenidən qalxmaq» mənasını daşıyan yunanca anastasis sözündən tərcümə olunmuşdur. İbranilər yunanca anastasis sözünü ibrani dilinə «ölülərin həyata qayıtması» mənasını verən texiyat hammetim kimi tərcümə etmişləra. Beləliklə, dirilmə ölmüş insanın ölü vəziyyətindən qalxması, öz xüsusiyyətləri ilə yenidən yaradılması deməkdir.
7. Nəyə görə insanları diriltmək Yehova Allah və İsa Məsih üçün çətin deyil?
7 Sonsuz müdrikliyə və mükəmməl yaddaşa malik olan Yehova Allah üçün insanı diriltmək heç də çətin deyil. Yehova ölən insanın həyatı ilə bağlı hər şeyi, onun xüsusiyyətlərini, keçmişini və onun haqqında bütün xırdalıqları asanlıqla yadında saxlayır. (Əyyub 12:13; Yeşaya 40:26 ayəsi ilə müqayisə edin.) Yehova həmçinin həyatın Banisidir. Buna görə də O, yaratdığı yeni bədənə əvvəlki xüsusiyyətləri verərək ölən insanı həyata qaytarmağa qadirdir. Üstəlik, Lazarın dirilməsindən görünür ki, İsa Məsihin də ölüləri diriltməyə həm istəyi, həm də bacarığı var. (Luka 7:11—17; 8:40—56 ayələri ilə müqayisə edin.)
8, 9. a) Dirilmə və ruhun ölməzliyi təlimləri nəyə görə bir-birinə zidd gedir? b) Ölümün əsarətindən azad olmağın yeganə yolu nədir?
8 Müqəddəs Yazılarda olan dirilmə təlimi ruhun ölməzliyi təlimi ilə uzlaşmır. Əgər insan öləndən sonra ruh yaşasaydı, onda kimisə diriltməyin, yəni həyata qaytarmağın nə mənası olardı? Marta da ölümdən sonra haradasa yaşayan ölməz ruh haqqında, bir kəlmə də olsun, deməmişdi. O, Lazarın ruhani aləmdə yaşamağa davam etdiyini düşünmürdü. Əksinə, Allahın ölümün bütün nəticələrini aradan qaldıracağına iman etdiyini göstərmişdi. O demişdi: «Bilirəm ki, dirilmə günü — qiyamət günündə — diriləcəkdir» (Yəhya 11:23, 24). Eynilə, Lazar da öləndən sonra onunla baş verənlər barədə heç nə danışmamışdı. Çünki danışılası heç bir şey yox idi.
9 Müqəddəs Kitabda yazılanlardan belə nəticəyə gəlirik ki, insan öləndən sonra ruh yaşamağa davam etmir və ölənlər üçün yeganə ümid dirilmədir. Lakin ilk insan Adəmdən başlayaraq bugünədək milyardlarla insan həyatını itirib. Bəs onda kimlər və harada dirildiləcək?
«Qəbirlərdə olanların hamısı»
10. İsa qəbirlərdə olanlarla bağlı hansı vədi verdi?
10 İsa Məsih demişdi: «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (Yəhya 5:28). Bəli, İsa Məsih vəd etmişdi ki, Yehovanın yaddaşında olanların hamısı dirildiləcək. İndiyə kimi yer üzündə milyardlarla insan yaşayıb və ölüb. Bəs kimlər Allahın yaddaşındadır və dirilməni gözləyir?
11. Kimlər dirildiləcəklər?
11 Salehlik yolunda yeriyən və Yehovaya xidmət edən kəslər dirildiləcəklər. Lakin milyonlarla insan Allahın saleh normalarına uyğun yaşamaq istəyib-istəmədiklərini göstərmədən ölüb. Onlar ya Yehovanın tələblərindən bixəbər olublar, ya da lazımi dəyişikliklər etməyə kifayət qədər vaxtları olmayıb. Onlar da Allahın yaddaşındadırlar və buna görə də dirildiləcəklər. Bununla bağlı Müqəddəs Kitabda deyilir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15).
12. a) Həvari Yəhya dirilmə ilə bağlı hansı vəhyi almışdı? b) «Odlu gölə» nə atılır və ‘odlu göl’ nədir?
12 Həvari Yəhya dirildilmiş insanların Allahın taxtı qarşısında durduğunu təsvir edən valehedici bir vəhy görmüşdü. O yazırdı: «Dəniz, özündə olan ölüləri təslim etdi; ölüm və ölülər aləmi də özlərində olan ölüləri təslim etdilər. Və hər birinə öz əməllərinə görə hökm olundu. Sonra ölüm və ölülər aləmi odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür» (Vəhy 20:12—14). Bu haqda bir düşünün! Allahın yaddaşında olanların hamısı Hadesdən, yaxud Şeoldan, yəni bəşəriyyətin ümumi məzarı olan ölülər aləmindən çıxacaqlar (Məzmur 16:10; Həvarilərin işləri 2:31). O zaman «ölüm və ölülər aləmi» tam məhvin simvolu olan «odlu gölə» atılacaq. Bəşəriyyətin ümumi məzarı yox olacaq.
Dirilmə harada olacaq?
13. Nəyə görə bəziləri göylər həyatına dirildiləcəklər və Yehova onlara necə bədən verəcək?
13 Az sayda kişi və qadın göylər həyatına dirildiləcək. Onlar Məsihlə birgə padşah və kahin kimi hökmranlıq edəcək və bəşəriyyətin ilk insan Adəmdən miras aldığı ölümün bütün nəticələrini aradan qaldıracaqlar (Romalılara 5:12; Vəhy 5:9, 10). Müqəddəs Kitaba əsasən, onların sayı 144 000-dir və onlar sadiq həvarilərdən başlayaraq Məsihin digər davamçıları arasından seçilmişlər (Luka 22:28—30; Yəhya 14:2, 3; Vəhy 7:4; 14:1, 3). Göydə yaşaya bilmələri üçün Yehova onları ruhani bədəndə dirildəcək (1 Korinflilərə 15:35, 38, 42—45; 1 Peter 3:18).
14, 15. a) Dirildilənlərin əksəriyyəti hansı şəraitdə yaşayacaq? b) İtaətkar bəşəriyyət hansı xeyir-duaları dadacaq?
14 Lakin ölənlərin əksəriyyəti yer üzündə yaşamaq üçün dirildiləcək (Məzmur 37:29; Matta 6:10). O zaman yer üzü necə olacaq? Bu gün yer üzündə münaqişələr, zorakılıq baş alıb gedir, insanlar bir-birinin qanını tökür və ətraf mühiti çirkləndirirlər. Əgər ölənlər belə bir şəraitdə dirilsəydi, onda çətin ki, onların xoşbəxtliyi uzun sürərdi. Ancaq Yaradan vəd edir ki, tezliklə O, Şeytanın hakimiyyəti altında olan dünyaya son qoyacaq (Süleymanın məsəlləri 2:21, 22; Daniel 2:44). Onu saleh insan cəmiyyəti, yəni «yeni yer» əvəz edəcək (2 Peter 3:13). O zaman heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24). Ölümün özü ilə bərabər gətirdiyi qəm-qüssə də aradan qaldırılacaq, çünki Allah «onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
15 Allahın vəd etdiyi yeni dünyada həlim insanlar «əmin-amanlığın bolluğundan zövq tapacaq» (Məzmur 37:11). İsa Məsih və onun 144 000 hakimiyyət şərikindən ibarət olan səmavi hökumət tədricən bəşəriyyətə ulu valideynlərimiz Adəmlə Həvvanın itirdiyi kamilliyi qaytaracaq. Həmin yerin sakinləri arasında dirilənlər də olacaq (Luka 23:42, 43).
16-18. Dirilmə ailələrə hansı sevinci bəxş edəcək?
16 Müqəddəs Kitab bizə dirilmənin ailələrə bəxş edəcəyi sevinci görməkdə kömək edir. İsa dəfn mərasimini dayandırıb, Naindən olan dul qadının oğlunu dirildəndə ananın keçirdiyi sevinc hissini bir təsəvvür edin! (Luka 7:11—17). Sonralar, İsa Qalileya dənizi yaxınlığında 12 yaşlı qızı həyata qaytaranda onun valideynləri «çox heyrətləndilər». (Mark 5:21—24, 35—42; həmçinin 1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37 ayələrinə də baxın.)
17 Hal-hazırda ölüm yuxusunda olan milyonlarla insan sülhün hökm sürdüyü yeni dünyada diriləcək. Bir təsəvvür edin: bu broşüranın əvvəlində adları çəkilən Tommini və biznesmeni necə də gözəl gələcək gözləyir! Tommi gözünü Cənnətdə açanda anasının tanıdığı həmin Tommi olacaq. Lakin əvvəlkindən fərqli olaraq, sağlam olacaq. Anası ona toxunacaq, bağrına basıb əzizləyəcək. Eynilə, hindistanlı biznesmenin də yenidən doğulma dövriyyəsində sonsuz dövr etmək əvəzinə, Allahın yeni dünyasında gözlərini açmaq və oğullarına qovuşmaq imkanı var.
18 Ruh, ölülərin vəziyyəti və dirilmə ümidi haqqında həqiqəti bilmək hal-hazırda yer üzündə yaşayan insanların da həyatına güclü təsir bağışlaya bilər. Gəlin görək, bu, necə mümkündür.
[Haşiyə]
a İbrani Müqəddəs Yazıların orijinal mətnində «dirilmə» sözünə rast gəlinməsə də, Əyyub 14:13 və Huşə 13:14 ayələrində dirilmə ümidi özünü aydın şəkildə büruzə verir.
[26-cı səhifədəki şəkil]
Dirilmə tükənməz sevinc bəxş edəcək