İnsan öləndə ruhla nə baş verir?
1. Ölümdən sonra ruhun yaşadığına dair çoxları nəyə inanır və bu, Müqəddəs Kitaba əsaslanırmı?
ÇOXLARI ruhun ölməz olduğuna və insan öldükdən, eləcə də bədəni çürüdükdən sonra yaşamağa davam etdiyinə inanırlar. Lakin ruhun ölümdən sonra yaşaması fikrinə Müqəddəs Kitabda rast gəlinmir. Bəs onda ölümdən sonra ruhla nə baş verdiyinə dair orada nə deyilir?
Ölülər şüursuz vəziyyətdədirlər
2-4. Yehova Adəmi torpaqdan yaratmazdan əvvəl o, harada idi?
2 Ölülərin vəziyyəti Vaiz 9:5, 10 ayələrində aydın təsvir olunur. Orada oxuyuruq: «Ölülər heç nə bilmir... ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var». Deməli, ölüm yoxluq vəziyyətidir. Həmçinin məzmurçu da yazmışdı ki, insan öləndə ‘torpağa düşür, niyyətləri bircə anda yox olur’ (Məz. 146:4).
3 Deməli, ölən insan şüursuz və fəaliyyətsiz olur. Adəm Allahın əmrindən çıxanda Allah ona hökm kəsərək belə dedi: «Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19).
4 Yehova Adəmi torpaqdan yaratmazdan əvvəl o, harada idi? Heç bir yerdə! O, sadəcə olaraq mövcud deyildi. Buna görə də Yehova Adəmə «torpağa qayıdacaqsan» deyəndə onun ölüb torpağın elementlərinə qarışacağını nəzərdə tuturdu. Adəm ruhani aləmə getməyəcəkdi. Öləndə Adəm yenə də mövcud olmayacaqdı. Adəmin cəzası digər aləmə keçid yox, ölüm, başqa sözlə, yoxluq oldu (Romalılara 6:23).
‘Can vermək’ və ‘canı özünə qayıtmaq’
5. a) İbranicə və Yunanca Müqəddəs Yazılardakı hansı sözlər can kimi tərcümə olunur və bu sözün əsas mənası nədir? b) Müqəddəs Kitabda Rəhilənin ‘can verdiyi’ deyilərkən nə nəzərdə tutulur?
5 Bəs ikinci oğlunu dünyaya gətirərkən Rəhilənin faciəvi ölümü haqqında nə demək olar? Yaradılış 35:18 ayəsində oxuyuruq: «O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu». Bu sözlər Rəhilə ölərkən onun bədənini tərk edən hər hansı daxili varlığın olduğundanmı xəbər verir? Heç də yox. «Can» sözü ibrani dilinə nefeş kimi tərcümə olunur. Nefeş hansı mənanı daşıyır? «Müqəddəs Kitab və din lüğəti»ndə yazılanlara əsasən, bu söz adətən yaşayan varlığın özünə və şəxsiyyətə aid edilir («The Dictionary of Bible and Religion»). İbranicə Müqəddəs Yazılar bütövlükdə bu fikri təsdiqləyir. Orada bu kimi ifadələrə rast gəlinir: «Kədərdən canım üzülüb» (Məzmur 119:28). «Can» kimi tərcümə olunan yunanca psixi sözünə Yunan Müqəddəs Yazılarında (Əhdi-Cədid də deyilir) yüz dəfədən çox rast gəlinir. Nefeş kimi, bu söz də çox vaxt bütünlüklə insanın özünə aid edilir. Buna misal olaraq, növbəti ifadələri nəzərdən keçirə bilərik: «Canım çox sıxılır» (Yəhya 12:27). «Hər adamın canına qorxu düşürdü» (Həvarilərin işləri 2:43). Can sözü insanın həyatına da aid edilir. Məsələn, Allah Musaya demişdi: «Sənin canını almaq istəyən adamların hamısı ölüb» (Çıxış 4:19). Aydın məsələdir ki, düşmənləri Musanın həyatına son qoymaq istəyirdilər. Beləliklə, Rəhilənin canı dedikdə, onun həyatı nəzərdə tutulurdu. Buna görə də Müqəddəs Kitabın bəzi tərcümələrində bu hissə belə səslənir: «Ölüm ayağında olanda onun canı çıxdı» («Knox»), «o, son nəfəsini verdi» («Jerusalem Bible») və «həyatı ondan ayrıldı» («Bible in Basic English»). Burada Rəhilə öldükdən sonra hansısa müəmmalı bir şeyin yaşamağa davam etdiyini göstərən heç bir fikrə rast gəlinmir.
6. Hansı mənada dul qadının oğlunun «canı özünə qayıtdı»?
6 Eyni fikri 1 Padşahlar kitabının 17-ci fəslində təsvir olunan dul qadının oğlunun dirildilməsi hadisəsinə də aid etmək olar. 22-ci ayədə biz oxuyuruq ki, İlyas uşağın üstünə uzanaraq dua etdikdən sonra Yehova onun səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. Burada da can həyatı bildirir. Müqəddəs Kitabın bir tərcüməsində bu hissə belə yazılıb: «Uşağın həyatı özünə qayıtdı və o dirildi» («American Standard Bible»). Bəli, bu ayədə söhbət oğlanın bədəninə qayıdan anlaşılmaz varlıqdan yox, həyatdan gedir. Bu, İlyasın oğlanın anasına dediyi sözlərlə tutuşur: «Bax oğlun [tam şəxsiyyət] sağdır» (1 Padşahlar 17:23).
Ruhun təmizləndiyi yer
7. Özünü məsihçi adlandıranların inancına görə, dirilmə vaxtı nə baş verəcək?
7 Özünü məsihçi adlandıranların çoxu gələcəkdə dirilmənin olacağına və bu zaman bədənin ölməz ruhla birləşəcəyinə inanırlar. Sonra dirilənlərin taleyi bəlli olacaq, onlar ya saleh ömür sürdükləri üçün mükafat alacaq, ya da pis əməllərinə görə cəzalanacaqlar.
8. Bəziləri ölümdən dirilməyə qədər olan vaxt ərzində baş verənlər haqqında nə deyirlər?
8 İlk baxışdan bu məfhum sadə səslənir. Lakin ruhun ölməz olduğuna inananlar ölümdən dirilməyədək olan vaxt ərzində ruhla nə baş verdiyini izah etməkdə çətinlik çəkirlər. Əsrlər boyu bununla bağlı müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzilərinin fikrincə, bu mərhələdə ruh kiçik günahlardan təmizlənmək üçün müəyyən yerə gedir ki, göydə yaşamağa layiq olsuna.
9. Nəyə görə ölümdən sonra ruhun təmizlənmək üçün müəyyən yerə getdiyinə inam Müqəddəs Kitaba əsaslanmır və Lazarın hadisəsi bunu necə təsdiq edir?
9 Ancaq gördüyümüz kimi, insan öləndə mövcudluğuna son qoyur. Beləliklə də ölümdən sonra heç bir şüurlu varlıq yaşamır. Doğrudan da Lazar öləndə İsa Məsih onun ruhların təmizləndiyi yerə və ya «bərzəx aləminə» getdiyini söyləmədi. Əksinə, sadəcə dedi: «Lazar yuxuya gedib» (Yəhya 11:11). Təbii ki, insan ölərkən ruhla nə baş verdiyini bilən İsa Lazarın şüursuz vəziyyətdə olduğuna, yəni mövcud olmadığına əmin idi.
Ruh hansı mənada çıxır?
10, 11. Nə üçün ruh sözü insan öləndə ondan ayrılıb yaşamağa davam edən hissəyə aid edilə bilməz?
10 Müqəddəs Kitabda deyilir ki, insan öləndə ‘canı [ruhu] çıxır, torpağa düşür’ (Məzmur 146:4). Bu, insan öləndə ruhun bədəndən ayrılıb yaşamağa davam etdiyinimi bildirir? Belə bir şey mümkün deyil, çünki bu sözlərin ardınca məzmurçu insanın ‘niyyətlərinin bircə anda yox olduğunu’ deyir.
11 Gördüyümüz kimi, Müqəddəs Kitabda ruh kimi tərcümə olunan söz (ibranicə ruah, yunanca pnevma) ilk növbədə nəfəs mənasını verir. Buna görə də R. A. Noksun tərcüməsində ‘ruhu çıxır’ əvəzinə, «nəfəsi bədəni tərk edir» yazılıb.
12, 13. Həyat qüvvəsi insan bədənində fəaliyyətini dayandıranda nə baş verir?
12 İnsanın bədənindəki hüceyrələri hərəkətə gətirən ruh və ya həyat qüvvəsi həmin hüceyrələrin, məsələn, beyin hüceyrələrinin xüsusiyyətlərini özündə daşımır və düşünmə prosesində onların yerinə yetirdiyi funksiyanı həyata keçirmir. Əgər ruh və ya həyat qüvvəsi («ruah», «pnevma») şüurlu varlıqdırsa, deməli, İlyasın və Elişanın diriltdiyi uşaqlar, eləcə də ölümündən təxminən dörd gün sonra dirildilən Lazar ölü olduqları müddətdə haradasa mövcud idilər (1 Padşahlar 17:17—23; 2 Padşahlar 4:32—37; Yəhya 1:38—44).
13 Əgər belə olsaydı, məntiqəuyğundur ki, onlar bu vaxt ərzində baş verənləri yadda saxlayar və dirildikdən sonra olanları danışardılar. Ancaq onların belə bir şey söylədiyinə dair heç bir məlumat yoxdur. Ölən insanın şəxsiyyəti həyat qüvvəsi və ya ruhda yaşamağa davam etmir, insan öldükdə həyat qüvvəsi bədən hüceyrələrində fəaliyyətini dayandırır.
14. Hansı mənada ruh Allaha dönür?
14 Bəs onda nə üçün Vaiz 12:7 ayəsində deyilir ki, insan öləndə ‘həyat nəfəsi [ruh] onu verən Allaha dönür’? Ruhu, yaxud həyat qüvvəsini yalnız Allah bərpa edib insanı yenidən həyata qaytara bilər. Ölən insanın yenidən yaşamaq ümidi birbaşa Allahdan asılıdır (Məzmur 104:30). Bəs Allah bunu etmək istəyirmi?
[Haşiyələr]
a «Yeni katolik ensiklopediyası»na əsasən, «ümumilikdə götürdükdə kilsə Ataları birmənalı şəkildə ruhların təmizləndiyi yerin olduğunu iddia edirlər». Lakin orada həmçinin qeyd olunur ki, «bu katolik təlimi Müqəddəs Yazılara yox, əfsanələrə əsaslanıb» («New Catholic Encyclopedia»).
[23-cü səhifədəki çərçivə]
Keçmiş həyatın xatirələri
ƏGƏR ölümdən sonra heç bir şey yaşamırsa, onda nəyə görə bəziləri keçmiş həyatlarında başlarına gələn hadisələri xatırladıqlarını iddia edirlər?
Hind filosofu Nikilananda deyir ki, ölümdən sonra baş verənləri düşüncəli şəkildə anlamaq mümkün deyil. «Ölməzlik haqda dini təlim nümunələri» adlı muhazirəsində ilahiyyatçı Hans Kyunq qeyd edir: «Əksər hallarda uşaqların və ya reinkarnasiyaya inananların söylədikləri keçmiş həyatın xatirələrinə dair məlumatların heç birinin doğruluğunu yoxlamaq mümkün deyil». O əlavə edir: «[Bu sahədə ciddi elmi axtarışlarla məşğul olan tədqiqatçıların] əksəriyyəti etiraf edir ki, onların əldə etdiyi məlumatlar yer üzündə həyatın təkrar olunduğuna inandırıcı sübut təqdim etmir».
Əgər sizə də elə gəlirsə ki, yadınıza düşən xatirələr keçmiş həyatınızla bağlıdır, bəs onda necə? Bu cür hisslər müxtəlif səbəblərdən irəli gələ bilər. Qəbul etdiyimiz məlumatın çoxundan bilavasitə və dərhal istifadə etmədiyimiz üçün onlar təhtəl-şüurun (hələ lazımınca ifadəsini tapmamış şüur) gizli bucağına yığılır. Unudulmuş xatirələr yada düşəndə çoxları bunu keçmiş həyatın sübutu kimi qəbul edirlər. Hər necə olsa da, həqiqət bundan ibarətdir ki, hazırda yaşadığımız həyatdan savayı daha bir həyatın olduğuna dair inandırıcı dəlil yoxdur. İnsanların əksəriyyətinin əvvəlki həyat haqqında heç bir xatirələri yoxdur; onlar keçmişdə yaşadıqlarını ağıllarına belə gətirmirlər.