Araşdırmanı necə aparmaq olar?
SÜLEYMAN PADŞAH «bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi». Nə üçün? Çünki o, ‘düzgün və doğru’ sözlər yazmaq istəyirdi (Vaiz 12:9, 10). Məsihin həyatında baş verən hadisələri məntiqi ardıcıllıqla nəql etmək üçün Luka ‘hər şeyi əvvəldən diqqətlə araşdırdı’ (Luka 1:3). Allahın hər iki xidmətçisi araşdırma aparırdı.
Araşdırma nə deməkdir? Bu, müəyyən mövzuya dair diqqətlə məlumat axtarmaq deməkdir. Bunun üçün oxumaq, eləcə də öyrənmə keçirərkən istifadə etdiyin prinsipləri tətbiq etmək lazımdır. Həmçinin araşdırma insanlarla söhbət etməyi də özünə daxil edə bilər.
Nə vaxt araşdırma aparmaq lazım gələ bilər? Məsələn, şəxsi öyrənmə zamanı və ya Müqəddəs Kitabı oxuyarkən vacib suallar meydana çıxa bilər. Şahidlik edərkən verilən hər hansı suala cavab vermək üçün konkret məlumat tapmaq istəyərsən. Yaxud ola bilər, sənə çıxış etmək tapşırılsın.
Gəl axırıncı vəziyyəti nəzərdən keçirək. Tutaq ki, sənə çıxış veriblər. Sənə elə gəlir ki, çıxışın mövzusu ümumi xarakter daşıyır. Onu yerli şəraitə necə tətbiq etmək olar? Araşdırma aparmağın sayəsində zəngin və dolğun məlumat toplayacaqsan. Materiala mövzuya uyğun olan və dinləyicilər üçün maraq kəsb edən bir-iki statistik məlumat və ya əyani nümunə daxil edəndə ilk baxışdan hamıya tanış kimi görünən fikir faydalı və ruhlandırıcı olur. Ehtimal ki, üzərində işlədiyin material bütün dünyada olan oxucular üçün nəzərdə tutulub, ancaq sən oradakı fikirləri ətraflı açıqlamalı, misallar əsasında izah etməli və bir yığıncağın və ya insanın tələbatlarına uyğunlaşdırmalısan. Bunu necə etmək olar?
Araşdırma aparmağa başlamazdan əvvəl dinləyicilərin haqqında düşün. Onlar artıq nəyi bilirlər? Nəyi bilməlidirlər? Sonra müəyyən et, məqsədin nədir: izah etmək, inandırmaq, təkzib etmək, yoxsa təşviq etmək? İzah etmək hansısa sualı aydınlaşdırmaq üçün əlavə məlumat gətirməkdir. Ola bilsin, dinləyicilər əsas faktları bilirlər və sənə haqqında danışdığın şeyi nə zaman və necə etməyi açıqlamaq lazım gələcək. İnandırmaq üçün müəyyən bir şeyin nə üçün belə olduğunu göstərmək, dəlillər gətirmək lazımdır. Təkzib etmək üçün bir-birinə zidd olan hər iki fikri yaxşı bilmək və gətirilən sübutları dərindən təhlil etmək gərəkdir. Sözsüz ki, bizim məqsədimiz sadəcə güclü dəlillər gətirmək yox, həm də faktları nəzakətlə çatdırmaqdır. Təşviq etmək üçün ürəyə yol tapmaq lazımdır. Bu o deməkdir ki, sənin nitqin dinləyicilərinə stimul verməli, onların ürəyində eşitdiklərinə uyğun hərəkət etmək arzusunu alovlandırmalıdır. Çətinliklərə rəğmən bu cür davranan adamların nümunələri dinləyicilərin ürəyinə yol tapmağa kömək edə bilər.
Bəs indi başlamaq olarmı? Hələ yox. Nə qədər məlumat lazım olduğunu müəyyənləşdir. Vaxt vacib amildir. Dinləyicilər qarşısında çıxış edəcəksənsə, sənə nə qədər vaxt veriləcək? Beş dəqiqə? Bəlkə otuz dəqiqə? Vaxt yığıncaqda olduğu kimi, məhduddur, yoxsa Müqəddəs Kitab öyrənməsində və ya ağsaqqal başçəkməsi zamanı olduğu kimi, vaxtdan sərbəst istifadə edə bilərsən?
Ən nəhayət, araşdırma aparmaq üçün səndə hansı vəsaitlər var? Bəlkə şəxsi ədəbiyyatından əlavə Padşahlıq Zalının kitabxanasından da vəsait tapa bilərsən? Uzun illərdir Yehovaya xidmət edən bacı-qardaşlar öz vəsaitlərindən istifadə etməyinə icazə verərlərmi? Lazım gələndə arayış kitabçalarına baxmaq üçün yaşadığın ərazidə kütləvi kitabxana varmı?
Başlıca vəsaitimiz Müqəddəs Kitabdır
Əgər hansısa ayənin mənasını tapmaq istəyirsənsə, onda araşdırmaya Müqəddəs Kitabın özündən başla.
Kontekstə bax. Özündən soruş: «Bu sözlər kimə ünvanlanmışdı? Əvvəlki və sonrakı ayələr bu sözlərin deyilməsinə gətirib çıxaran şərait və ya bu hadisədə iştirak edən insanların əhval-ruhiyyəsi haqda nəyi açıqlayır?» Çox vaxt belə təfsilatlar mətni başa düşməyə və nitqi daha canlı etməyə kömək edir.
Məsələn, Allahın Kəlamının insanların ürəyinə yol tapmaq və həyatına təsir etmək qüdrətindən danışılarkən çox vaxt İbranilərə 4:12 ayəsi sitat gətirilir. Kontekst bunun necə mümkün olduğunu bizə daha dərindən başa salır. Burada israillilərin Yehovanın İbrahimə vəd etdiyi torpağa girməzdən əvvəl, 40 il ərzində səhralıqda dolaşarkən başlarına gələnlər müzakirə edilir (İbr. 3:7–4:13). «Allahın kəlamı», yəni Yehovanın İbrahimlə bağladığı əhdə əsasən, onları istirahət yerinə gətirmək vədi ölü deyildi; o, canlı idi və yerinə yetməyə yaxınlaşırdı. Buna iman gətirmək üçün israillilərin əlində bütün əsasları var idi. Ancaq Yehova onları Misirdən Sina dağına və Vəd edilmiş diyara tərəf aparanda onlar dəfələrlə imansızlıq göstərdilər. Beləliklə, Allahın Öz sözünü yerinə yetirmə tərzinə münasibətləri onların ürəyindəkiləri üzə çıxardı. Buna bənzər tərzdə, bizim günlərdə də Allahın vədi insanların ürəyindəkiləri açıb göstərir.
Çarpaz istinadları yoxla. Bəzi Müqəddəs Kitablarda çarpaz istinadlar var. Bəs səninkində? Əgər varsa, onların köməyi dəyə bilər. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndən bir nümunəyə baxaq. 1 Peter 3:6 ayəsində Sara haqqında məsihçi qadınlar üçün təqlid edilməyə layiq nümunə kimi danışılır. Bu ayəyə çarpaz istinad olan Yaradılış 18:12 ayəsi bunu təsdiqləyərək deyir ki, Sara İbrahimə «ürəyində» ağa kimi müraciət etmişdi. Bu o deməkdir ki, o, ərinə ürəkdən tabe olurdu. Bundan başqa, bəzən çarpaz istinadlar Müqəddəs Kitab peyğəmbərliklərinin, yaxud Qanun əhdindəki nümunələrin həyata keçməsini göstərir. Ancaq bəzi çarpaz istinadlar belə açıqlamalar təqdim etmir. Onlarda sadəcə oxşar fikirlər, bioqrafik və ya coğrafi təfsilatlar verilir.
«Müqəddəs Kitab sözlərinin əlifba göstəricisi» ilə araşdırma apar. «Müqəddəs Kitab sözlərinin əlifba göstəricisi» indeksdir. O, araşdırdığın mövzuya dair lazım olan ayələri tapmağa kömək edə bilər. Onları tədqiq etdikcə maraqlı təfsilatlar öyrənəcəksən. Allahın Kəlamında yazılmış həqiqətin ‘səhih sözlərinin’ sübutunu görəcəksən (2 Tim. 1:13). «Yeni Dünya Tərcüməsi»ndə «Müqəddəs Kitab sözlərinin indeksi» var. «Müqəddəs Kitab sözlərinin əlifba göstəricisi» daha əhatəlidir. Əgər bildiyin dildə bu kitabdan varsa, onun köməyilə Müqəddəs Kitabın əsas sözlərinin işləndiyi bütün ayələri tapa biləcəksən.
Başqa vəsaitlərdən istifadə etməyi öyrən
33-cü səhifədəki çərçivədə ‘sadiq və ağıllı qulun’ təqdim etdiyi digər vəsaitlər sadalanır, onlardan istifadə edərək araşdırma aparmaq olar (Mat. 24:45-47). Onların çoxunda mündəricat və axırında konkret məlumatı tapmaq üçün tərtib edilən indeks olur. Hər ilin sonunda «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında il ərzində çıxan məqalələrin indeksi dərc edilir.
Bu nəşrlərdə hansı məlumatın verildiyini biləndə araşdırma aparmaq tezləşir. Tutalım, sən hansısa peyğəmbərliyə, təlimə, məsihçi davranışına və ya Müqəddəs Kitab prinsiplərinin tətbiq edilməsinə dair məlumat əldə etmək istəyirsən. Çox ehtimal ki, axtardığını «Gözətçi Qülləsi»ndə tapacaqsan. «Oyanın!» jurnalında müasir dünyada cərəyan edən hadisələr, problemlər, din, elm və müxtəlif ölkələrdə yaşayan insanlar haqda yazılır. «Dünyada yaşamış ən böyük insan» kitabında Müjdələrdə yazılan hadisələr xronoloji ardıcıllıqla təsvir olunur və hər birinə şərhlər verilir. «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!», «Danielin peyğəmbərliyinə diqqət yetirin!» və iki cildlik «Yeşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıq» nəşrlərində Müqəddəs Yazıların müvafiq kitabları ayəbəayə açıqlanır. Təbliğdə tez-tez verilən yüzlərlə suala «Müqəddəs Yazıların əsasında mülahizə» kitabından dolğun cavab tapa bilərsən. Başqa dinlər, onların təlimləri və tarixi mənşəyi haqqında aydın təsəvvürə malik olmaq üçün «Bəşəriyyət Allah axtarışında» kitabına bax. Yehovanın Şahidlərinin müasir tarixi haqqında ətraflı məlumat «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabında yazılıb. Xoş xəbərin ümumdünya təbliğinin müasir inkişafı haqda məlumat almaq üçün Yehovanın Şahidlərinin son il üçün olan «İllik məcmuə»sinə müraciət et. «Müqəddəs Yazıların dərk edilməsi» Müqəddəs Kitab ensiklopediyasi və atlasdır. Müqəddəs Kitabda xatırlanan insanlar, ərazilər, əşyalar, dillər və ya tarixi hadisələr haqda ətraflı öyrənmək istəsən, bu ensiklopediyanın sənə çox böyük köməyi dəyəcək.
«Gözətçi Qülləsi nəşrlərinin indeksi». 20-dən çox dildə nəşr olunmuş bu indeks lazım olan məlumatı müxtəlif nəşrlərdən tapmağa kömək edəcək. Bu nəşr iki hissədən, mövzu və ayə indeksindən, ibarətdir. Mövzu indeksindən araşdırmaq istədiyin mövzuya aid sözü, ayə indeksindən isə ayələrin siyahısında yaxşı başa düşmək istədiyin ayəni tapa bilərsən. Əgər indeksdə göstərilən illər ərzində bildiyin dildə bu mövzuya, yaxud ayəyə dair nə isə dərc edilibsə, mənbələrin siyahısını tapacaqsan. İndeksin əvvəlində nəşrlərin adlarının ixtisarı açıqlanır. (Məsələn, w99 1.3. 15 ixtisarı göstərir ki, məlumat «Gözətçi Qülləsi»nin 1999-cu il 1 mart sayının 15-ci səhifəsində yerləşir.) «Təbliğ xidmətindən hadisələr», «Yehovanın Şahidlərinin bioqrafiyaları» kimi əsas başlıqlar yığıncaq üçün ruhlandırıcı çıxışlar hazırlamaqda faydalı ola bilər.
Tədqiqat aparmaq maraqlı olduğundan ehtiyatlı ol ki, diqqətin yayınmasın. Fikrini yalnız araşdırdığın mövzuya aid material tapmağa cəmlə. Mənbəni tapdıqda göstərilən səhifəni aç, sonra lazımi materialı tapmaq üçün yarımbaşlıqlara və abzasların ilk cümlələrinə fikir ver. Əgər hansısa ayənin mənasını axtarırsansa, əvvəlcə indeksdə istinad edilən mənbədə lazım olan səhifəni aç, ayəni tap, sonra ona verilən şərhi oxu.
Kompakt diskdə «Gözətçi Qülləsinin kitabxanası». Əgər kompüterdən istifadə edirsənsə, bizim nəşrlərin külliyyatından ibarət olan kompakt diskdə «Gözətçi Qülləsinin kitabxanası»nın da sənə köməyi dəyə bilər. Axtardığın söz, söz birləşməsi, yaxud Müqəddəs Kitab ayəsini asanlıqla axtarış aparan proqram vasitəsilə «Gözətçi Qülləsinin kitabxanası»ndakı nəşrlərdə tapmaq mümkündür. Hətta bu «kitabxana» doğma dilində buraxılmasa da, bildiyin beynəlxalq dillərdən birinin köməyilə ondan istifadə edə bilərsən.
Başqa teokratik kitabxanalar
Timoteyə yazdığı ikinci ilhamlanmış məktubunda Pavel ondan «kitabları, xüsusən dəri üzərində yazılmış kitabları» Romaya gətirməyi xahiş etmişdi (2 Tim. 4:13). Bəzi yazılar Pavel üçün çox dəyərli olduğundan onları saxlayırdı. Sən də belə edə bilərsən. «Gözətçi Qülləsi», «Oyanın!» jurnallarının, «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin şəxsi nüsxəsini yığıncaqda öyrəndikdən sonra da saxlayırsanmı? Əgər saxlayırsansa, onda araşdırma apardığın zaman özündə olan digər nəşrlər kimi onlardan da yaxşı vəsait kimi istifadə edəcəksən. Bir çox yığıncaqların Padşahlıq Zalında teokratik kitabxana olur. Yığıncağın bütün üzvləri Padşahlıq Zalında ikən bu kitabxanadan istifadə edə bilər.
Şəxsi qovluğun olsun
Çıxış edən və öyrədən zaman faydalı ola biləcək məlumatı diqqətindən qaçırma. Qəzet və jurnal oxuyarkən rastına xidmətdə istifadə edə biləcəyin xəbər, statistik məlumat və ya nümunə çıxanda onu kəsib götür, yaxud surətini çıxar. Hansı nəşrdən götürüldüyü, nəşrin tarixini, ehtiyac varsa, müəllifin və ya naşirin adını yaz. Yığıncaq görüşlərində eşitdiyin, həqiqəti başqalarına izah etməyə kömək edəcək dəlilləri və misalları qeyd et. Heç elə olubmu ki, ağlına yaxşı nümunə gəlib, amma onu söyləməyə fürsətin olmayıb? Onu yaz və qovluğunda saxla. Teokratik Xidmət Məktəbində bir müddət təlim alandan sonra sənə də tapşırıq veriləcək. Bu tapşırıqlara hazırlaşarkən etdiyin qeydləri atma, saxla. Apardığın araşdırmaların faydasını sonralar da görəcəksən.
İnsanlarla söhbət et
İnsanlar zəngin məlumat qaynağıdır. Luka Müjdəsini tərtib edəndə, görünür, məlumatın çoxunu hadisələrin canlı şahidi olmuş insanlarla söhbət edərək toplamışdı (Luka 1:1-4). Hərdən həmimanlın araşdırmağa çalışdığın suala aydınlıq gətirə bilər. Efeslilərə 4:8, 11-16 ayələrində yazıldığı kimi, Məsih bizə «Allahın Oğlunu tanımaqda» tərəqqi etməyə kömək etmək üçün ‘insanlar timsalında hədiyyələrdən’ (YD) istifadə edir. Xidmətdə böyük təcrübəsi olan insanlarla söhbət edərkən çoxlu dəyərli fikirlər əldə etmək olar. Adamlarla söhbət edəndə onların düşüncə tərzini də öyrənmək olar, bu isə həqiqi mənada praktiki material hazırlamağa kömək edər.
Nəticələri dəyərləndir
Taxıl biçinindən sonra dəni samandan ayırırlar. Araşdırma zamanı topladığın məlumatla da vəziyyət eynidir. Materialın hazır olması üçün əlavə məlumatı çıxarıb lazım olan şeyləri saxlamaq lazımdır.
Əgər hər hansı məlumatdan çıxışında istifadə edəcəksənsə, özündən soruş: «Mövzunun açıqlanması üçün bu fikir nə dərəcədə vacibdir? Məlumat maraqlı olsa da, dinləyicilərin diqqətini əsas mövzudan yayındırmayacaq ki?» Əgər sən cari hadisələr, yaxud elmin və ya tibbin daim yeniləşən sahələri haqda danışacaqsansa, ən yeni məlumatlardan istifadə et. Həmçinin yaddan çıxarma ki, bizim köhnə nəşrlərdəki bəzi fikirlərə düzəliş verilib, buna görə də həmin mövzu ilə bağlı son vaxtlarda dərc olunan məlumatları nəzərdən keçir.
Əgər dünyəvi mənbələrdən məlumat toplamaq istəyirsənsə, xüsusilə ehtiyatlı olmaq lazımdır. Heç vaxt yaddan çıxarma ki, həqiqət Allahın Kəlamındadır (Yəh. 17:17). Allahın niyyətinin həyata keçməsində əsas rolu İsa Məsih oynayır. Buna görə də Koloslulara 2:3 ayəsində deyilir: «Hikmətin və irfanın bütün xəzinələri Məsihdə gizlədilmişdir». Apardığın araşdırmanın nəticələrini bu meyarla dəyərləndir. Dünyəvi nəşrləri araşdırarkən özündən soruş: «Burada şişirtməyə, qeyri-müəyyənliyə, yaxud dardüşüncəliliyə yol verilibmi? Yazılanların arxasında xudbinlik, yaxud maddi mənfəət durmur ki? Bu məlumatı başqa etibarlı mənbələr təsdiq edirmi? Ən vacibi isə, Müqəddəs Kitab həqiqəti ilə uzlaşırmı?»
Süleymanın məsəlləri 2:1-5 ayələri bizi bilik, hikmət və dərrakəni ‘gümüş kimi, gizli xəzinə kimi’ axtarmağa təşviq edir. Bunun üçün çox çalışmaq lazım gəlsə də, mükafatı böyükdür. Araşdırma aparmaq üçün səy tələb olunur, lakin bunun sayəsində Allahın müəyyən məsələyə münasibətini öyrənəcək, yanlış fikirləri düzəldəcək və həqiqətdə kök salacaqsan. Bu həm də çıxışlarını daha məzmunlu və canlı edəcək, həm sənə, həm də dinləyicilərinə həzz verəcək.