Nitq planının hazırlanması
ÇOXLARI çıxış etmək tapşırığı alanda çalışıb-vuruşub, onu əvvəldən-axıra kimi sözbəsöz yazırlar. Çıxış tam hazır olana kimi, ola bilsin, çoxlu qaralama yığılır, bəlkə də saatlarla vaxt itirilir.
Sən də nitqini bu cür hazırlayırsan? Bunun daha asan yolunu öyrənmək istəyərdinmi? Əgər plan hazırlamağı öyrənsən, onda hər şeyi yazmağa ehtiyac olmayacaq. Bunun sayəsində çıxışı məşq etməyə daha çox vaxt qalacaq. Beləliklə, çıxışın sənin üçün daha asan, dinləyicilərin üçün isə daha maraqlı və təşviqedici olacaq.
Düzdür, yığıncaqda söylənilən açıq məruzə üçün hazır plan verilir. Digər hallarda isə bu belə olmur. Ola bilsin, sənə yalnız müzakirə obyekti və ya mövzu verilsin, yaxud çap olunmuş müəyyən materialı təqdim etmək tələb olunsun. Hərdən sənə sadəcə bir-iki göstəriş verilə bilər. Bu tapşırıqların hər birində planı özün hazırlamalısan.
41-ci səhifədə nümunə üçün verilən plan qısa plan hazırlamaqda sənə kömək edə bilər. Diqqət yetir ki, əsas bəndlər sətrin sol tərəfindən başlayır və böyük hərflərlə yazılıb. Hər bir əsas bəndin altında onu təsdiq edən fikir gətirilib. Onun da altında bu fikri açıqlamaq üçün əlavə bəndlər gətirilib və sol tərəfdən nisbətən çox yer boş buraxılıb. Bu planı diqqətlə nəzərdən keçir. Nəzər yetir ki, hər iki əsas bənd mövzu ilə birbaşa bağlıdır. İkinci dərəcəli bəndlər də sadəcə maraqlı fikirlər deyil. Əksinə, hər biri aid olduğu əsas bəndi təsdiqləyir.
Ola bilsin, sənin hazırladığın plan nümunədəkindən fərqlənir. Ancaq əsas prinsipləri başa düşsən, materialı qruplaşdırıb az vaxt ərzində yaxşı nitq hazırlaya biləcəksən. Bunu necə etmək olar?
Təhlil et, seç və qruplaşdır
Sənin müəyyən mövzun olmalıdır. Mövzu sadəcə bir sözlə ifadə oluna bilən ümumi müzakirə obyekti deyil. Bu, çatdırmaq istədiyin əsas fikirdir və müzakirə obyektini hansı yöndən izah edəcəyini göstərir. Əgər mövzu verilibsə, hər bir əsas sözü diqqətlə təhlil et. Mövzunu nəşr olunmuş material əsasında açıqlamalısansa, mövzunu fikrində tutaraq həmin materialı araşdır. Yox əgər yalnız müzakirə obyekti verilibsə, onda mövzunu da özün seçməli olacaqsan. Ancaq əvvəlcə bir az tədqiqat aparsan, yaxşı olar. Diqqətli olsan, rastına maraqlı fikirlər çıxacaq.
Sadalanan addımları atarkən özündən soruş: «Bu məlumat dinləyicilərim üçün nəyə görə vacibdir? Mənim məqsədim nədir?» Məqsəd sadəcə materialı təqdim etmək, yaxud maraqlı məruzə söyləmək yox, dinləyicilərə faydalı fikirlər çatdırmaq olmalıdır. Məqsədini müəyyən edəndə onu bir yerə yaz. Hazırlaşarkən məqsədini fikrində tut.
Məqsədini müəyyən etdikdən və ona uyğun mövzu seçdikdən (yaxud sənə verilən mövzunun həmin məqsədə necə uyğun gəldiyini təhlil etdikdən) sonra daha məqsədyönlü şəkildə tədqiqat apara biləcəksən. Dinləyicilər üçün xüsusilə dəyərli olacaq material axtar. Ümumi faktlarla kifayətlənmə, dolğun və doğrudan da faydalı olan konkret fikirlər axtar. Çalış araşdırma aparmaqda ifrata varmayasan. Əksər hallarda qısa vaxt ərzində lazımından artıq material toplamaq olur, buna görə də seçici olmaq lazımdır.
Mövzunu açıqlamaq və məqsədinə çatmaq üçün izah edəcəyin əsas məqamları müəyyən et. Bu sənin nitqinin skeleti, əsas planın olacaq. Əsas bəndlərin sayı nə qədər olmalıdır? Kiçik çıxış üçün ikisi kifayətdir və hətta bir saat çəkən məruzələr üçün adətən beş bənd bəs edir. Əsas bəndlər nə qədər az olarsa, dinləyicilərin onları yadda saxlamaq ehtimalı da bir o qədər çox olar.
Mövzunu və əsas bəndləri müəyyən etdikdən sonra, tapdığın materialı qruplaşdır. Hansı məlumatın əsas bəndlərə birbaşa aid olduğunu ayırd et. Çıxışına rəng qatacaq məqamları seç. Əsas bəndləri təsdiq edən ayələri seçdikdən sonra həmin ayələri məqsədyönlü şəkildə izah etməyə kömək edəcək fikirləri qeyd et. Hər fikri aid olduğu əsas bəndin altında yaz. Tapdığın məlumatlardan bəziləri heç bir əsas bəndə uyğun gəlmirsə, çox maraqlı olsa belə, çıxışına daxil etmə, ya da başqa vaxt istifadə etmək üçün qovluğuna qoy. Materialın ancaq ən yaxşısını saxla. Əgər çox materialı əhatə etməyə çalışsan, tez-tez danışmalı olacaqsan və mövzunu səthi izah edəcəksən. Ən yaxşısı dinləyicilər üçün həqiqi dəyərə malik olan bir neçə fikri seçmək və onu yaxşı çatdırmaqdır. Ayrılmış vaxtdan kənara çıxma.
İndi isə, əgər əvvəldən etməmisənsə, materialı məntiqi ardıcıllıqla düz. Müjdəni yazan Luka da belə etmişdi. Mövzusuna aid çoxlu faktlar topladıqdan sonra onları «sıra ilə» yazmışdı (Luka 1:3). Məqsədə çatmaqda hansının ən effektiv olacağından asılı olaraq, materialı xronoloji, mövzu, səbəb-nəticə, problem və həlli ardıcıllığı ilə tərtib etmək olar. Bir fikirdən digərinə qəfil keçid olmamalıdır. Bir fikirdən digərinə elə keçilməlidir ki, arada heç bir boşluq hiss olunmasın. Gətirilən dəlillər dinləyicilərə məntiqi nəticələr çıxarmağa kömək etməlidir. Bəndləri tərtib etdikcə çıxışın dinləyicilər üçün necə səslənəcəyi barədə düşün. Onlar fikrin gedişatını asanlıqla tuta biləcəklərmi? Eşitdikləri onları qarşındakı məqsədə uyğun hərəkət etməyə təşviq edəcəkmi?
Sonra mövzuya maraq oyadan və çatdırmaq istədiyin fikirlərin onlar üçün faydalı olduğunu göstərən giriş hazırla. İlk cümlələri yazmaq faydalı olar. Sonda, plana məqsədinlə uzlaşan təşviqedici yekun daxil et.
Planı qabaqcadan hazırlasan, çıxış etməzdən əvvəl ona sonuncu düzəlişləri etməyə vaxtın olacaq. Ola bilər, hansısa fikri təsdiq etmək üçün bir neçə statistik məlumat gətirmək, nümunə və ya hadisə danışmaq lazım gəlsin. Cari hadisələr və ya yerli ərazi üçün maraqlı olan məlumat dinləyicilərinə materialın aktual olduğunu daha asanlıqla görməyə kömək edə bilər. Nitqini nəzərdən keçirdikcə görəcəksən ki, məlumatı dinləyicilərinə başqa yönlərdən də uyğunlaşdıra bilərsən. Maraqlı materialdan yaxşı nitq hazırlamaq üçün təhlil etmək və sonuncu düzəlişləri vermək son dərəcə vacibdir.
Bəzi natiqlərə digərlərinə nisbətən daha ətraflı qeydlər aparmaq lazım gəlir. Ancaq topladığın materialı bir neçə əsas bəndə bölsən, mövzuya aidiyyəti olmayan fikirləri xaric etsən, fikirləri məntiqi ardıcıllıqla düzsən, bir az təcrübə qazandıqdan sonra görəcəksən ki, hər şeyi yazmağa ehtiyac qalmır. Gör belə etsən, vaxtına nə qədər qənaət etmiş olarsan! Nitqlərin də daha keyfiyyətli olacaq. Teokratik Xidmət Məktəbində aldığın təlimin sənə doğrudan da fayda gətirdiyi aydın görünəcək.