Fəsil 5
Fidyə Allahın ən böyük hədiyyəsidir
Fidiyə nədir?
O necə ödənildi?
Fidiyə sizə hansı faydanı gətirə bilər?
Fidiyəyə görə minnətdarlığımızı necə göstərə bilərik?
1, 2. a) Hədiyyə insan üçün nə vaxt böyük əhəmiyyət kəsb edə bilər? b) Nəyə görə fidiyə ən dəyərli hədiyyədir?
HƏYATINIZDA aldığınız ən dəyərli hədiyyə nə olmuşdur? Hədiyyənin böyük əhəmiyyət kəsb etməsi üçün onun bahalı olması vacib deyil. Hədiyyənin əsl dəyəri pul ilə ölçülmür. Əgər hədiyyə xoşbəxtlik gətirər və ya müəyyən ehtiyacları ödəyərsə, o zaman insan üçün xüsusilə dəyərli olar.
2 Ancaq elə hədiyyə var ki, onu başqa heç bir hədiyyə ilə müqayisə etmək mümkün deyil. Onu insanlara Allah bəxş edib. Yehova bizə çoxlu hədiyyələr verib, amma Onun ən böyük hədiyyəsi Oğlu İsa Məsihin fidiyə qurbanlığıdır (Matta 20:28). Bu fəsildən görəcəyimiz kimi, fidiyə ən dəyərli hədiyyədir. Bu hədiyyə sözlə ifadəolunmaz sevinc bəxş etməyə və ən vacib ehtiyaclarınızı ödəməyə qadirdir. Fidiyə, Yehovanın sizə olan məhəbbətinin ən böyük təzahürüdür.
FİDİYƏ NƏDİR?
3. Fidiyə nədir və onun dəyərini dərk etmək üçün nəyi anlamaq vacibdir?
3 Sadə sözlərlə desək, fidiyə Yehovanın bəşəriyyəti günah və ölümdən azad və ya xilas etmək tədbiridir (Efeslilərə 1:7). Eden bağında baş verən hadisələr Müqəddəs Kitabın bu tə’limini başa düşməyə kömək edəcək. Adəmin günah işlədərək nəyi itirdiyini anlasaq, fidiyənin nə üçün belə dəyərli hədiyyə olduğunu daha yaxşı dərk edəcəyik.
4. Kamil həyat Adəm üçün nə demək idi?
4 Yehova ilk insanı yaradanda ona qiymətli hədiyyə — kamil həyat bəxş etdi. Bunun Adəm üçün nə demək olduğunu təsəvvür edin! Kamil bədənə və əqlə malik olduğu üçün, onun həmişə gənc və sağlam qalmaq, bir sözlə, heç vaxt ölməmək imkanı vardı. Kamil insan olan Adəm Yehova ilə sıx ünsiyyətdə olurdu. Müqəddəs Kitabda deyilir ki, Adəm «Allah Oğlu idi» (Luka 3:38). Adəmlə Yehova Allah arasında, sevən ata ilə oğul münasibəti var idi. Yehova onunla danışır, maraqlı işlər tapşırır və ondan nə gözlədiyini izah edərək öyüd-nəsihət verirdi (Yaradılış 1:28-30; 2:16, 17).
5. Adəm hansı mə’nada «Allahın surətində» yaradılmışdı?
5 Adəm «Allahın surətində» yaradılmışdı (Yaradılış 1:27). Bu, onun Allaha xarici görünüşcə bənzər olduğunu bildirmir. 1-ci fəsildən öyrəndiyimiz kimi, Yehova gözəgörünməz ruhdur (Yəhya 4:24). Buna görə də, Onun fiziki bədəni yoxdur. Adəmin Allahın surətində yaradılması, onun Allaha xas olan məhəbbət, müdriklik, ədalət və qüvvə kimi xüsusiyyətləri təzahür etdirə bilməsi demək idi. Adəm, azad iradəyə malik olmaqla da Atasına bənzəyirdi. O, müəyyən proqram əsasında hərəkət edən robot deyildi. Adəm özü qərar qəbul etmək və yaxşını pisdən seçmək bacarığına malik idi. Əgər o, Allaha itaət etməyi seçsəydi, yerüzü Cənnətdə əbədiyyən yaşaya bilərdi.
6. Allaha itaətsizlik göstərməklə Adəm nəyi itirdi və bu onun nəslinə necə tə’sir göstərdi?
6 Adəm Allaha itaətsizlik etdiyinə görə ölümə məhkum edildi. Bu hərəkəti ona baha başa gəldi. Günah işlətdiyi üçün kamil həyatını və bununla bağlı olan bütün xeyir-duaları itirdi (Yaradılış 3:17-19). Təəssüflər olsun ki, əbədi həyat ən’amı yalnız Adəm üçün yox, onun bütün nəsli üçün də itirildi. Allahın Kəlamında deyilir: «Günah tək bir adam [Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Romalılara 5:12). Bəli, biz hamımız günahı Adəmdən miras almışıq. Müqəddəs Kitabda deyilir ki, o özünü və nəslini günahın və ölümün köləliyinə ‘satmışdır’ (Romalılara 7:14). Adəmlə Həvva bilərəkdən Allaha itaətsizlik göstərdikləri üçün, gələcəyə olan ümidlərini həmişəlik itirdilər. Bəs biz də daxil olmaqla, onların nəslinin düşdüyü vəziyyət haqqında nə demək olar?
7, 8. Fidiyə anlayışı özünə hansı iki amili daxil edir?
7 Yehova fidiyəni təqdim etməklə insanların xilasının qeydinə qaldı. Fidiyə nədir? Bu anlayış özünə iki amili daxil edir. Birincisi, bu, kimin isə azadlığını tə’min etmək və ya girovu geri qaytarmaq üçün ödənilən məbləğdir. Fidiyəni əsiri azad etmək üçün verilən haqq ilə müqayisə etmək olar. İkincisi, fidiyə, itkinin və ya vurulan zərərin əvəzinin, yə’ni eyni dəyərin ödənilməsidir. Məsələn, əgər kim isə baş verən qəzanın təqsirkarıdırsa, o, vurulan zərərin müvafiq məbləğini tam ödəməlidir.
8 Adəmin bəşəriyyətə vurduğu böyük zərərin dəyərini ödəmək mümkündürmü? Bizi günah və ölümün köləliyindən azad etmək necə mümkündür? Gəlin Yehovanın təqdim etdiyi fidiyəni və bu fidiyənin sizin üçün nə mə’na daşıdığını müzakirə edək.
FİDİYƏ NECƏ ÖDƏNİLDİ?
9. Necə fidiyə tələb olunurdu?
9 Kamil həyat itirildiyindən, bu itkini qeyri-kamil insanlardan heç kim ödəyə bilməzdi (Məzmur 49:7, 8). İtirilənin dəyərinə bərabər bir fidiyənin ödənilməsi tələb olunurdu. Bu, Müqəddəs Kitabda «can əvəzinə can» adlanan mükəmməl ədalət prinsipinə müvafiqdir (Qanunun təkrarı 19:21). Bəs onda Adəmin itirdiyi kamil canın, yə’ni həyatın əvəzini nə ödəyə bilərdi? Yalnız başqa kamil insanın həyatı «müvafiq fidiyə» ola bilərdi (1 Timoteyə 2:6, YD).
10. Yehova fidiyəni necə təqdim etdi?
10 Yehova fidiyəni necə təqdim etdi? O Öz kamil ruhani oğullarından birini yer üzünə göndərdi. Bu ruhani varlıq sadəcə bir mələk yox, Allahın hər şeydən dəyərli vahid Oğlu idi (1 Yəhya 4:9, 10). Bu Oğul öz razılığı ilə göydəki həyatından imtina etdi (Filipililərə 2:7). Əvvəlki fəsildən öyrəndiyimiz kimi, Yehova Öz Oğlunun həyatını mö’cüzəli surətdə Məryəmin bətninə köçürdü. Beləliklə İsa, müqəddəs ruhun köməyi ilə kamil insan kimi doğuldu, günahı və ölümü miras almadı (Luka 1:35).
11. Bir nəfərin milyonlarla insan həyatı üçün fidiyə olması necə mümkün idi?
11 Bəs bir nəfərin milyonlarla insan həyatı üçün fidiyə olması necə mümkün idi? Əvvəlcə, insanların günahlı vəziyyətə necə düşdüklərini nəzərdən keçirək. Adəm günah işlədərək Allahın dəyərli ən’amı olan əbədi həyatı itirdi. Buna görə də əbədi həyatı öz nəslinə verə bilmədi. İnsanlar yalnız günahı və ölümü miras aldılar. Ancaq Müqəddəs Kitabın «sonuncu Adəm» adlandırdığı İsa, kamil həyata malik idi və heç vaxt günah işlətmədi (1 Korinflilərə 15:45). Demək olar ki, İsa bizi xilas etmək üçün Adəmi əvəz etdi. İsa öz kamil həyatını qurban verərək və ölənədək Allaha sadiqliyini qoruyaraq, Adəmin günahının dəyərini ödədi. Bununla da o, Adəmin övladlarına ümid bəxş etdi (Romalılara 5:19; 1 Korinflilərə 15:21, 22).
12. İsa iztirablara tab gətirməklə nəyi sübut etdi?
12 Müqəddəs Kitab İsanın ölümqabağı tab gətirməli olduğu işgəncələri ətraflı surətdə təsvir edir: o, amansızcasına qamçılandı, işgəncə dirəyindən asıldı və dəhşətli ağrılar içində öldü (Yəhya 19:1, 16-18, 30; «Əlavələr», 204-206-cı səhifələr). İsa nə üçün bu qədər iztirab çəkməli idi? Bu kitabın növbəti fəsillərindən birində öyrənəcəyimiz kimi, Şeytan, Yehovanın xidmətçilərinin sınaqlar zamanı sadiq qalmayacaqlarını iddia edərək, Allaha meydan oxumuşdu. İsa ən ağır iztirablara tab gətirərək və nöqsansızlığını qoruyaraq Şeytanın meydan oxumasına ən inandırıcı cavabı verdi. O sübut etdi ki, iradə azadlığına malik olan kamil insan, İblisin pis niyyətlərinə baxmayaraq, Allaha sadiq qala bilər. Yehova əziz Oğlunun sadiq qaldığını görərək necə də sevinirdi! (Süleymanın məsəlləri 27:11).
13. Fidiyə necə ödənildi?
13 Fidiyə necə ödənildi? Eramızın 33-cü ilinin 14 nisanında (ibrani təqviminə əsasən) Yehova kamil və günahsız Oğlunun e’dam edilməsinə yol verdi. Bununla da İsa öz kamil insan həyatını «birdəfəlik qurban» gətirdi (İbranilərə 10:10). İsanın ölümünün üçüncü günü Yehova onu ruhani şəxsiyyət kimi diriltdi. İsa göyə qayıtdıqdan sonra, Adəmin nəsli üçün fidiyə olaraq qurban verdiyi öz kamil həyatının dəyərini Allaha təqdim etdi (İbranilərə 9:24). Yehova Məsihin qurbanlığının dəyərini bəşəriyyəti günahın və ölümün köləliyindən azad edən fidiyə kimi qəbul etdi (Romalılara 3:23, 24).
FİDİYƏNİN SİZƏ GƏTİRDİYİ FAYDA
14, 15. «Günahlarımızın əfvinə» malik olmaq üçün nə etməliyik?
14 Hamımız günahlı və qeyri-kamil olsaq da, fidiyənin gətirdiyi xeyir-dualar çox dəyərlidir. Gəlin Allahın bu böyük hədiyyəsinin qarşımızda açdığı imkanları nəzərdən keçirək.
15 Günahların bağışlanması. Qeyri-kamilliyi miras aldığımıza görə, düzgün davranmaq üçün mübarizə aparmalı oluruq. Biz hamımız sözlərimizdə və hərəkətlərimizdə günaha yol veririk. Lakin Məsihin fidiyə qurbanlığı sayəsində «günahlarımızın əfvinə malikik» (Koloslulara 1:13, 14). Bunun üçün səmimi qəlbdən tövbə etməliyik. Yehovadan Oğlunun fidiyə qurbanlığının əsasında günahlarımızı bağışlamasını təvazökarlıqla xahiş etməliyik (1 Yəhya 1:8, 9).
16. Biz nəyin sayəsində Allaha təmiz vicdanla xidmət edə bilərik və bu hansı xeyir-duaları gətirir?
16 Allah qarşısında təmiz vicdan. Vicdan əzabı ümidsizlik və yararsızlıq hissləri oyada bilər. Lakin fidiyə qurbanlığı əsasında günahları bağışlayaraq, Yehova biz günahlı insanların Ona təmiz vicdanla xidmət etməsinə mərhəmətlə icazə verir (İbranilərə 9:13, 14). Bu bizə Yehova ilə danışmaq üçün söz azadlığı verir. Biz sərbəst olaraq Ona duada müraciət edə bilirik (İbranilərə 4:14-16). Təmiz vicdan qəlb rahatlığı, ləyaqət hissi və xoşbəxtlik gətirir.
17. İsanın bizim uğrumuzda ölməsi sayəsində hansı xeyir-duaları əldə edəcəyik?
17 Yerüzü Cənnətdə əbədi yaşamaq ümidi. Romalılara 6:23 ayəsində deyilir: «Günahın əvəzi ölüm, Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır». 3-cü fəsildən yerüzü Cənnətdə həyatın necə gözəl olacağını öyrəndik (Vəhy 21:3, 4). Əbədi həyat və mükəmməl sağlamlıq da daxil olmaqla, bütün bu xeyir-duaları İsanın bizim uğrumuzda ölməsi sayəsində əldə edəcəyik. Onları almaq üçün fidiyəni qiymətləndirməli və bu hədiyyəyə görə Allaha minnətdar olmalıyıq.
FİDİYƏYƏ GÖRƏ MİNNƏTDARLIĞIMIZI NECƏ GÖSTƏRƏ BİLƏRİK?
18. Fidiyəyə görə nə üçün Yehovaya minnətdar olmalıyıq?
18 Fidiyəyə görə nə üçün Yehovaya minnətdar olmalıyıq? Hədiyyəni verən şəxs ona vaxt, qüvvə və vəsait sərf edibsə, hədiyyə bizim üçün xüsusilə dəyərli olacaq. Belə hədiyyəyə laqeyd yanaşa bilmərik, çünki bu, dostumuzun səmimi məhəbbətinin təzahürüdür. Fidiyə çox dəyərli hədiyyədir, çünki Yehova onu təqdim etmək üçün olduqca böyük qurban vermişdir. Yəhya 3:16 ayəsində deyilir: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi». Fidiyə Yehovanın bizə məhəbbətinin ən böyük sübutudur. O, həmçinin həyatını bizim üçün könüllü surətdə qurban verən İsanın məhəbbətinə də sübutdur (Yəhya 15:13). Fidiyə, Yehovanın və Oğlunun hər birimizi sevdiklərinə əmin olmağımıza əsas verir (Qalatiyalılara 2:20).
19, 20. Fidiyəyə görə Allaha minnətdarlığımızı necə göstərə bilərik?
19 Allahın dəyərli hədiyyəsinə görə minnətdarlığımızı necə göstərə bilərik? İlk öncə, Ən Xeyirxah Şəxs olan Yehova ilə daha yaxından tanış olmaqla (Yəhya 17:3). Əlinizdəki kitabın vasitəsi ilə Müqəddəs Kitabı öyrənmək, bunu etməkdə sizə kömək olacaq. Yehova haqqında biliyiniz artdıqca, Ona olan məhəbbətiniz daha da dərinləşəcək. Allaha olan məhəbbət isə sizi Onu razı salmağa təşviq edəcək (1 Yəhya 5:3).
20 Məsihin fidiyə qurbanlığına iman edin. İsa demişdir: «Oğula iman edənin əbədi həyatı vardır» (Yəhya 3:36). İsaya iman etmək nə deməkdir? Belə iman yalnız sözdə təzahür olunmur. Yaqub 2:26 ayəsində deyilir ki, «iman... əməllər olmadıqda ölüdür». Bəli, həqiqi iman əməllərlə təsdiq olunur. İsaya olan imanımızı göstərməyin üsullarından biri, onun nümunəsini mümkün qədər yaxşı təqlid etməyə çalışmaqdır (Yəhya 13:15).
21, 22. a) Hər il qeyd olunan Məsihin ölümünün Xatirə Gecəsinə gəlməyimiz nəyə görə vacibdir? b) Növbəti iki fəsildə nə müzakirə olunacaq?
21 Məsihin ölümünün Xatirə Gecəsinə gəlin. Eramızın 33-cü ilinin 14 nisan axşamı İsa Müqəddəs Kitabda «Rəbbin axşam yeməyi» adlanan xüsusi bir mərasimi tə’sis etdi (1 Korinflilərə 11:20; Matta 26:26-28). Bu mərasim Rəbbin Xatirə Gecəsi də adlanır. İsa bu bayramı tə’sis etdi ki, həvarilər və bütün həqiqi məsihçilər onun öz kamil insan canını, yə’ni həyatını fidiyə timsalında qurban verdiyini yadda saxlasınlar. İsa bu bayrama dair demişdir: «Bunu Məni anmaq üçün edin» (Luka 22:19). Hər il qeyd olunan Xatirə Gecəsinə gəlməklə göstəririk ki, Yehovanın və İsanın bizə göstərdikləri böyük məhəbbəti unutmuruq. Bu bizə fidiyəyə görə minnətdarlığımızı bildirmək imkanı yaradıra.
22 Yehovanın təqdim etdiyi fidiyə, həqiqətən də, çox dəyərli hədiyyədir (2 Korinflilərə 9:14, 15). Fidiyə ölənlərə də fayda gətirə bilər. Bunun necə mümkün olduğu 6-cı və 7-ci fəsillərdə izah edilir.
a Məsihin ölümünün Xatirə Gecəsinə dair daha artıq mə’lumatı «Əlavələr» bölməsində, 206-208-ci səhifələrdə tapmaq olar.