TƏLİM MƏQALƏSİ 16
Fidyəni daima qiymətləndirək
«İnsan oğlu... bir çoxları uğrunda həyatını fidyə kimi verməyə gəlib» (MARK 10:45).
NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq
İCMALa
1, 2. Fidyə nədir və ona nəyə görə ehtiyacımız var?
ADƏM kamil idi. Amma təəssüf ki, o, günaha yol verdi, bununla da həm özünü, həm də gələcək övladlarını əbədi yaşamaq imkanından məhrum etdi. Adəm bilərəkdən günah etmişdi, ona görə də üzrsüz idi. Bəs onun övladları? Axı onların Adəmin günahında əli olmayıb (Rom. 5:12, 14). Adəm tutduğu əmələ görə ölümə layiq idi. Bəs Yehova Adəmin övladlarının əbədi yaşaması üçün nə isə edə bilərdi. Bəli. Adəm günah edəndən dərhal sonra Yehova ondan törəyəcək milyonlarla insanı günah və ölümün lənətindən necə azad edəcəyini tədricən açıqladı (Yar. 3:15). Təyin etdiyi vaxt yaxınlaşanda Yehova Oğlunu göydən göndərdi ki, «bir çoxları uğrunda həyatını fidyə kimi» versin (Mark 10:45; Yəh. 6:51).
2 Fidyə nədir? İncildə fidyə deyiləndə Adəmin itirdiklərini geri almaq üçün İsanın ödədiyi dəyər nəzərdə tutulur (1 Kor. 15:22). Fidyəyə nəyə görə ehtiyacımız var? Yehovanın Tövratda yazdırdığı ədalət qanununa əsasən, can əvəzinə can tələb olunurdu (Çıx. 21:23, 24). Adəm kamil həyatını itirdi. Allahın ədalət qanununu yerinə yetirmək üçün İsa öz kamil həyatını qurban verdi (Rom. 5:17). Beləliklə, o bu fidyəyə iman gətirənlərin «Əbədiyyət atası» oldu (Əşy. 9:6; Rom. 3:23, 24).
3. Yəhya 14:31 və 15:13 ayələrinə əsasən, İsa nəyə görə kamil həyatını qurban verməyə hazır idi?
3 İsa səmavi Atasına və bizə olan böyük məhəbbətindən irəli gələrək həyatını qurban verməyə hazır idi. (Yəhya 14:31; 15:13 ayələrini oxuyun.) Məhz bu məhəbbət onu axıra qədər sadiq qalmağa və Atasının iradəsini yerinə yetirməyə əzmli etdi. Bunun sayəsində Yehovanın bəşəriyyət və Yer kürəsi ilə bağlı əzəli niyyəti yerinə yetəcək. Bu məqalədən görəcəyik ki, nəyə görə Allah İsanın ölümündən əvvəl bu qədər işgəncə çəkməsinə yol verib. Həmçinin fidyəyə böyük önəm verən Müqəddəs Kitab yazarının nümunəsinə qısaca olaraq nəzər salacağıq. Sonda isə araşdıracağıq ki, fidyəni qiymətləndirdiyimizi əməllərimizlə necə göstərə bilərik və Yehovanın, İsanın bizim üçün təqdim etdiyi bu qurbana görə minnətdarlığımızı necə artıra bilərik.
İSA MƏSİH NƏ ÜÇÜN ƏZAB ÇƏKMƏLİ İDİ?
4. İsanın ölümünü təsvir edin.
4 Gəlin İsanın yer üzündəki son günü barədə düşünək. İsa minlərlə mələyi köməyə çağıra bilərdi. Amma o bunu etmədi. Əksinə, özünü Roma əsgərlərinə təslim etdi. Əsgərlər onu rəhmsizcəsinə döydülər (Mət. 26:52—54; Yəh. 18:3; 19:1). Qamçıladılar. Qamçı hər dəfə onun bədəninə dəydikcə ətini qoparır, bədənində dərin yaralar açırdı. Sonra isə yaralı kürəyində ağır dirəyi daşımağa məcbur etdilər. İsa dirəyi götürüb edam olunacağı yerə sürüməyə başladı. Amma sonra taqəti tükəndi. Onda əsgərlər dirəyi başqa adama daşıtdırdılar (Mət. 27:32). İsa edam yerinə gəlib çatanda onu əllərindən və ayaqlarından dirəyə mıxladılar. Mıxların açdığı yaralar bədəninin ağırlığından daha da yırtılırdı. Dostları kədər içində idi. Anası ağlayırdı. Yəhudi rəhbərlər isə ona rişxənd edirdilər (Luka 23:32—38; Yəh. 19:25). Ağrılarla, əzablarla dolu saatlar bir-birini əvəz edirdi. Ürəyi və ağ ciyərləri dartıldığı üçün nəfəs almaq İsa üçün get-gedə lap çətinləşirdi. Son nəfəsini verməzdən əvvəl o, zəfərlə Yehovaya axırıncı dəfə dua etdi. Sonra isə başını əyib, canını tapşırdı (Mark 15:37; Luka 23:46; Yəh. 10:17, 18; 19:30). İsa yavaş-yavaş, əzabla, alçaldılaraq öldü.
5. İsaya ən ağır gələn nə idi?
5 Bununla belə, İsa üçün ən çətini hansı tərzdə edam olunacağı deyildi. Ona ən çox ağır gələn edamına səbəb olan ittiham idi. İsaya qara yaxıb, Allaha küfr etməkdə, yəni Allaha, Onun adına hörmətsizlik etməkdə ittiham etdilər (Mət. 26:64—66). Bu ittiham barədə düşünmək ona əzab verirdi. İsa ümid edirdi ki, Atası onun bu cür alçaldılmasına izin verməyəcək (Mət. 26:38, 39, 42). Bəs nəyə görə Yehova əziz Oğlunun işgəncəli ölümünə izin verdi? Gəlin bunun üç səbəbinə baxaq.
6. Nəyə görə İsa işgəncə dirəyində edam olunmalı idi?
6 Birincisi, İsa dirəkdən asıldı ki, yəhudiləri lənətdən azad etsin (Qal. 3:10, 13). Onlar Tövrata əməl etməyə boyun olsalar da, bunu edə bilmədilər. Onsuz da onlar günahlı Adəmin övladları olduğu üçün ölümə məhkum idilər (Rom. 5:12). Üstəlik, Qanuna əməl edə bilmədikləri üçün lənət də qazandılar. İsraillilərə verilən qanuna əsasən, ölümə layiq günah işləyən adam öldürülməli idi. Bəzi hallarda isə, öldürülən adamın cəsədini dirəkdən asırdılarb (Qan. 21:22, 23; 27:26). İsa dirəkdə edam olunmaqla yəhudilərin düçar olduğu lənəti öz üzərinə götürdü və onların qarşısında bu lənətdən azad olmaq imkanını açdı. Hətta onu rədd edən insanlar da onun bu qurbanlığından fayda əldə edə bilərdi.
7. Daha hansı səbəbə görə Allah Oğlunun əzab çəkməsinə izin verdi?
7 İndi isə gəlin ikinci səbəbə baxaq və görək Allah daha nəyə görə Oğlunun əzab çəkməsinə izin verdi. O, İsanı gələcək vəzifəsinə, Baş kahin vəzifəsinə hazırlayırdı. İsa ağır sınaq zamanı Allaha itaət etməyin necə çətin olduğunu öz təcrübəsində gördü. Üzləşdiyi vəziyyət ona o qədər çətin gəlirdi ki, o fəryad etdi, göz yaşları içində dua edib Allahdan kömək istədi. İsa özü şiddətli iztirablar çəkdiyindən bizi yaxşı başa düşür və sınaqlarla üzləşən vaxt imdadımıza yetişməyə qadirdir. Yehovaya çox minnətdarıq ki, üzərimizə zəifliklərimizi anlayan, mərhəmətli Baş kahin təyin edib (İbr. 2:17, 18; 4:14—16; 5:7—10).
8. İsanın şiddətli sınaqlara məruz qalmasının üçüncü səbəbi nə idi?
8 Üçüncüsü, Yehova İsanın belə şiddətli əzablara məruz qalmasına ona görə icazə verdi ki, vacib bir suala cavab verilsin: elə bir insan tapılarmı ki, şiddətli sınaqlar qarşısında Allaha sadiq qalsın? Şeytana görə belə bir insan yoxdur. O iddia edir ki, insanlar mənfəət güddükləri üçün Allaha ibadət edirlər. Şeytanın zənnincə, insanlar ulu əcdadları Adəm kimi, Allahı sevmirlər (Əyy. 1:9—11; 2:4, 5). Amma Yehova Oğlunun sadiq qalacağına əmin idi. Buna görə də İsanın son həddə kimi sınanmasına izin verdi. İsa sadiq qaldı və Şeytanın yalançı olduğunu sübut etdi.
FİDYƏYƏ BÖYÜK ÖNƏM VERƏN MÜQƏDDƏS KİTAB YAZARI
9. Həvari Yəhya bizə hansı nümunəni qoyub?
9 Fidyə təlimi məsihilərin imanını möhkəmləndirir. Bunun sayəsində onlar təqiblərə məhəl qoymayaraq təbliğ etməyə davam edirlər və ömürlərinin sonuna kimi hər cür sınağa tab gətirirlər. Bu şəxslərdən biri həvari Yəhya idi. O, təxminən 60 ildən çox bir dövr ərzində Məsih və fidyə barədə əzmlə təbliğ etmişdi. Yüzə yaxın yaşı olanda Roma hökuməti onu təhlükəli şəxs hesab edib, Patmos adasına sürgün etmişdi. Bəs Yəhyanın günahı nə idi? Allah haqqında danışması və İsa haqqında şahidlik etməsi (Vəhy 1:9). Yəhya əsl iman və dözüm nümunəsidir!
10. Yəhyanın fidyəyə önəm verdiyi onun yazılarından necə görünür?
10 Yəhya yazdığı kitablarda da İsaya olan dərin məhəbbətini, fidyəyə görə minnətdarlığını ifadə edib. Onun yazılarında təxminən yüz dəfə ya fidyə barədə, ya da onun gətirdiyi nemətlər barədə yazılıb. Məsələn, Yəhya yazmışdı: «Əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih kimi yardımçımız var» (1 Yəh. 2:1). Yəhyanın yazılarında həmçinin «İsa haqqında şəhadət» verməyin vacibliyi də vurğulanır (Vəhy 19:10). Aydındır ki, Yəhya fidyəyə böyük önəm verirdi. Bəs biz fidyəyə görə minnətdar olduğumuzu necə göstərə bilərik?
FİDYƏNİ QİYMƏTLƏNDİRDİYİMİZİ ƏMƏLDƏ NECƏ GÖSTƏRƏ BİLƏRİK?
11. Günaha meylimizlə mübarizə aparmağa bizə nə kömək edə bilər?
11 Günaha olan meylinizlə mübarizə aparın. Fidyəni həqiqətən qiymətləndirən insan belə düşünməyəcək: «Günaha olan meylimlə mübarizə aparmağa elə də ehtiyac yoxdur. Əşi, günah eləsəm də, Allahdan əfv diləyərəm, məni bağışlayar». Əksinə, fidyəni qiymətləndirən insan günaha meyli yarananda belə deyəcək: «Yehovanın və İsa Məsihin mənə etdiyi bu qədər yaxşılıqdan sonra mən necə günah edə bilərəm?» Ona görə də Yehovadan güc istəyəcək. Ona yalvarıb deyəcək: «Qoyma yolumu azım» (Mət. 6:13).
12. 1 Yəhya 3:16—18 ayələrindəki məsləhətə necə əməl edə bilərik?
12 Bacı-qardaşları sevin. Bununla fidyəni də qiymətləndirdiyimizi göstəririk. Çünki İsa Məsih həyatını təkcə bizdən ötrü yox, bacı-qardaşlarımızdan ötrü də verib. Əgər İsa onlardan ötrü həyatını veribsə, deməli, onları çox sevir. (1 Yəhya 3:16—18 ayələrini oxuyun.) Biz bacı-qardaşları sevdiyimizi rəftarımızla göstəririk (Efes. 4:29, 31—5:2). Məsələn, xəstə olan, sınaqlarla üzləşən, təbii fəlakətdən əziyyət çəkən dindaşlarımıza kömək edirik. Bəs dindaşımızın hərəkəti, yaxud sözü xətrimizə dəyəndə nə etməliyik?
13. Nəyə görə bacı-qardaşları bağışlamalıyıq?
13 Ola bilsin, bəzən dindaşınızı bağışlamaq sizə çətin olur (Lav. 19:18). Bu zaman növbəti məsləhətin sizə köməyi dəyə bilər: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Kol. 3:13). Hər dəfə bacımızı, yaxud qardaşımızı bağışlayanda səmavi Atamıza göstəririk ki, fidyəni həqiqətən də qiymətləndiririk. Bəs Yehovanın verdiyi fidyə ənamına görə minnətdarlığımızı necə artıra bilərik?
FİDYƏYƏ GÖRƏ MİNNƏTDARLIĞIMIZI NECƏ ARTIRA BİLƏRİK?
14. Fidyəyə görə minnətdarlığımızı artırmağın bir üsulu hansıdır?
14 Fidyəyə görə Yehovaya şükür edin. Hindistanda yaşayan 83 yaşlı Coana adlı bacı deyir: «Mən hər gün dualarımda fidyəyə görə Yehovaya şükür edirəm. Bu mənim üçün çox vacibdir». Dua edəndə gün ərzində etdiyiniz səhvlər barədə Yehovaya danışın və Ondan əfv diləyin. Sözsüz ki, ciddi günah etmisinizsə, ağsaqqallardan da kömək istəməlisiniz. Onlar sizə qulaq asacaqlar və Allahın Kəlamından məsləhət verəcəklər. Onlar sizinlə birgə dua edib Yehovadan xahiş edəcəklər ki, İsanın fidyə qurbanlığı əsasında sizi bağışlasın və siz ruhani cəhətdən sağalasınız (Yaq. 5:14—16).
15. Nəyə görə fidyə barədə mütaliə edib düşünmək vacibdir?
15 Fidyə barədə düşünün. 73 yaşlı Racamani bacı deyir: «İsanın çəkdiyi əzablar barədə oxuyanda gözlərim yaşla dolur». Ola bilsin, Allahın Oğlunun çəkdiyi iztirablar barədə düşünəndə sizin də ürəyiniz ağrıyır. Amma İsanın həyatını qurban verməsi barədə nə qədər çox düşünsəniz, ona və Atasına olan məhəbbətiniz bir o qədər də artacaq. Fidyənin üzərində düşünmək üçün bu mövzu barədə mütaliə edin.
16. İnsanlara fidyə haqda öyrətməyin bizə hansı faydası var? (Üz qabığındakı şəklə baxın.)
16 Başqalarına fidyə haqqında öyrədin. Hər dəfə başqalarına fidyə haqqında danışdıqca minnətdarlığımız artacaq. Bizim çoxlu gözəl nəşrlərimiz və videolarımız var. Bunların vasitəsilə insanlara İsanın nəyə görə əzab çəkib öldüyünü izah edə bilərik. Məsələn, «İlahi müjdə» kitabçasının 4-cü dərsindən istifadə edə bilərik. Həmin dərs belə adlanır: «Allahın müjdəsində İsa peyğəmbərin rolu». Yaxud «Müqəddəs Kitab təlimləri» nəşrinin «Fidyə» adlı 5-ci fəslindən istifadə edə bilərik. Bundan başqa, hər il Məsihin ölümünü anma mərasiminə gələrək və başqalarını da dəvət edərək fidyəyə olan minnətdarlığımızı artırırıq. Yehova bizi böyük şərəfə layiq görüb. Oğlu haqda başqalarına öyrətmək bizim üçün böyük fəxrdir!
17. Nəyə görə fidyə Allahın bəşəriyyətə bəxş etdiyi ən gözəl ənamdır?
17 Bəli, biz fidyəyə görə minnətdar olmalıyıq və bu minnətdarlığımızı daima artırmalıyıq. Fidyə sayəsində qeyri-kamil insanlar Yehova ilə dost ola bilir. Fidyə sayəsində İblisin bütün işləri darmadağın olacaq (1 Yəh. 3:8). Fidyə sayəsində Yehovanın yer üzü ilə bağlı əzəli niyyəti həyata keçəcək. Bütün Yer kürəsi cənnət olacaq. Orada hər kəs Yehovanı sevəcək və Ona ibadət edəcək. Beləliklə, gəlin fidyəyə görə minnətdar olduğumuzu göstərmək üçün hər gün fürsətlər axtaraq. Axı bu, Allahın bəşəriyyətə bəxş etdiyi ən gözəl ənamdır!
NƏĞMƏ 20 Əziz Oğlunu qurban verdin
a Nəyə görə İsa Məsihə işgəncə verib öldürdülər? Məqalədə bu suala cavab tapacağıq. Həmçinin buradakı fikirlər fidyəyə görə minnətdarlığımızı artıracaq.
b Cinayətkarı sağ ikən dirəyə mıxlamaq və ya bağlamaq Romada adət idi. Yehova da Oğlunun bu cür öldürülməsinə izin verdi.
c ŞƏKLİN İZAHI: Üç qardaş ədəbsiz şəkillərə, siqaretə və rüşvətə yox deməklə günaha qarşı durur.