Kamil həyat yalnız arzu deyil!
Mükəmməl dünya... Sizcə bu nə deməkdir? Cinayətkarlıq, narkomaniya, aclıq, yoxsulluq və ədalətsizlik olmayan insan cəmiyyətini təsəvvür edin. Hamı çox gözəl emosional və fiziki sağlamlıqdan həzz alır. Orada nə kədər, nə də bədbəxtçilik var, çünki ölüm belə aradan qaldırılıbdır. Belə bir həyatı arzulamaq realdırmı?
ELMİN və texnikanın inkişafına baxmayaraq, insanların çoxu, bəşəriyyətin öz biliyi və təfəkkürü sayəsində hamının sülh və xoşbəxtlik içində yaşaması üçün mükəmməl dünya qura biləcəyinə əslində inanmırlar. Digər tərəfdən, insanlar yaxşılığa cəhd etməyə və səhvlərini düzəltməyə meyillidirlər. Əlbəttə, qeyri-real arzular evsizlərə və yoxsullara kömək etməyəcəkdir, uzun müddət əzablardan azad olmağa ümid edən xəstə və şikəstlərə şəfa verməyəcəkdir. İnsanlar, yalnız yaradıcılıq qabiliyyətlərindən istifadə etməklə, heç vaxt mükəmməl dünyaya nail ola bilməyəcəklər. Lakin bu gün mövcud olan pislik və ədalətsizliklərə baxmayaraq, tezliklə dünyada kamilliyin hökm sürəcəyinə inanmaq üçün möhkəm əsasımız var.
Kamil həyat haqqında düşünəndə, yəqin ki, yadımıza İsa Məsihin həyatı düşür. İsa yer üzündə yaşamış yeganə kamil insan olmamışdır. Allahın surətində yaradılan Adəmlə Həvva, cənnətdə kamil həyatdan həzz alırdılar. Ancaq səmavi Atalarına qarşı üsyan qaldırdıqlarına görə, onlar bu gözəl şəraiti itirdilər (Təkvin 3:1—6). Lakin Yaradan insanların ürəyinə əbədi yaşamaq arzusunu qoymuşdur. Vaiz 3:11 ayəsində bu haqda şəhadətlik edilir: “O, [Allah] hər şeyi vaxtında gözəl etdi; onların ürəyinə də əbədiyyəti qoydu, fəqət belə ki, insan Allahın etdiyi işi başdan sona qədər tapıb çıxara bilməz».
Qeyri-kamillik və günah, bəşəriyyətin “çürüklüyə» kölə və “vurnuxmaya tabe» edilməsinə səbəb oldu, amma həvari Pavelin təsəlliverici sözlərinə diqqət yetirin: “Xilqət Allahın oğullarının zühurunu böyük həsrətlə gözləyir. Ona görə ki, xilqət öz iradəsi ilə deyil, tabe etdirənin iradəsi ilə vurnuxmaya tabe etdirildi. Bu ümidlə ki, xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır» (Romalılara 8:19—21). Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, Allah, insanların yenidən kamillik əldə etməkləri üçün, İsa Məsihin vasitəsi ilə qayğı göstərmişdir (Yəhya 3:16; 17:3).
Lakin biz gözəl gələcəyə yalnız ümid etmirik, həmçinin artıq indidən ruhən inkişaf etmək və yaxşı səmərələr vermək imkanımız da var.
Mülayim olmağa çalışın
İsa Məsih kamillik məsələsini vacib hesab edirdi, ona görə də böyük izdihama müraciət edərək, dedi: “Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun” (Matta 5:48). İsa, bizim bu əşyalar sistemində kamil olmağımızımı nəzərdə tuturdu? Xeyr. Tez-tez səhv işlətməyimizə baxmayaraq, mütləq özümüzdə əliaçıqlıq, xeyirxahlıq və qonşularımıza qarşı məhəbbət inkişaf etdirməyə çalışmalıyıq. Hətta İsanın həvarilərindən biri qeyd etmişdir: “Əgər biz, günahlarımızı e’tiraf ediriksə, sadiq və adil olan Allah günahlarımızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcəkdir. Əgər deyiriksə ki, günah işlətmədik, Onu yalançı imiş kimi qəbul edirik və bizdə Onun sözü olmaz” (1 Yəhya 1:9, 10).
Bununla belə, biz ifratçılığa qapılmamaq üçün özümüzə və başqalarına olan münasibətimizi dəyişdirməliyik. Əgər biz tarazlıq və mülayimlik xüsusiyyətini inkişaf etdirmək istəyiriksə, bunun üçün ən yaxşı məsləhəti Allahın Kəlamı olan Müqəddəs Kitab verə bilər. Özümüzdə məmnunluq və təmkinlik kimi xüsusiyyətləri inkişaf etdirmək, iş yoldaşlarımızla, həyat yoldaşımızla, valideynlərimizlə və uşaqlarımızla daha yaxşı münasibət əldə etməkdə bizə kömək edəcək. Həvari Pavel məsihçilərə xatırladırdı: “Rəbbə aid olduğunuz üçün həmişə sevinin; və birdə deyirəm: sevinin. Qoy sizin mülayimliyiniz bütün insanlara mə’lum olsun” (Filipililərə 4:4, 5).
Mülayim olmağın faydası
Özünə və başqalarına qarşı həddindən artıq tələbkar olmayan mülayim insan vicdan əzabı çəkmir. Belə əhval-ruhiyyə həm onun özünə, həm də ətrafındakılara fayda gətirir. Əgər biz öz imkanlarımızı düzgün qiymətləndiririksə, onda hər şeyə gerçəkliklə baxacağıq və qarşımıza həyata keçirilə bilən məqsədlər qoyacağıq. Unutmayaq ki, Allah insanları yer üzündə yaşayıb, həm özlərinə həm də başqalarına fayda gətirən əhəmiyyətli əməkdən həzz almaqları üçün yaratmışdır (Təkvin 2:7—9).
Əgər siz özünüzə qarşı həddindən artıq tələbkarsınızsa, nəyə görə bu problemin öhdəsindən gələ bilmək üçün duada Yeqovadan kömək istəməyəsiniz? Allahın mərhəmətini hiss etdiyiniz zaman, təsəlli tapacaqsınız. Yeqova zəif və qeyri-kamil olduğumuzu bilir, buna görə də bizim xahişlərimizə qarşı həddindən artıq tələbkar və ya sərt deyil. Məzmurçu bizi əmin edir: “Ata övladlarına necə mərhəmət edirsə, RƏB ondan qorxanlara elə mərhəmət edir. Çünki yaradılışımızı bilir; xatırlayır ki, biz torpağıq” (Məzmur 103:13, 14). Biz, insanlara göstərdiyi mərhəmətə görə, Allaha necə də minnətdarıq! Nöqsanlarımıza baxmayaraq, O, bizi qiymətləndirir və ata öz övladlarını sevdiyi kimi bizi sevir.
Maksimalist olmaq əvəzinə, özümüzdə seçə bilmək qabiliyyətini və tarazlığı inkişaf etdirmək daha faydalıdır. Bundan əlavə, əmin ola bilərik ki, Özünün göylər Padşahlığının vasitəsilə bəşəriyyəti kamilliyə çatdırmaq niyyətini həyata keçirməkdə Yeqovaya heç kim mane ola bilməyəcəkdir. Bəs kamil insan olmaq nə deməkdir?
Maksimalizm - kamilliyə aparan yol deyil
Kamil insan olmaq, maksimalist olmaq demək deyil. Şübhəsiz ki, Allahın Padşahlığı altında, yerüzü Cənnətdə yaşayan insanlar həddindən artıq tələbkar və məğrur olmayacaqlar. Böyük məşəqqətdən sağ çıxmaq üçün, fidiyə qurbanlığına görə səmimi qəlbdən minnətdar olmaq lazımdır. Həvari Yəhya, bütün millətlərdən olan böyük izdihamın hissini təsvir edirdi: “Xilasımız üçün taxtda oturan Allahımıza və Quzuya borcluyuq” (Vəhy 7:9, 10, 14, YD). Yaxınlaşan böyük məşəqqətdən sağ qalanların hamısı, Məsihə minnətdar olacaqlar ki, o öz həyatını könüllü olaraq, həm onlara həm də ona iman edənlərin hamısına görə qurban vermişdir. Məhəbbətə şəhadət edən bu qurbanlığa əsasən, insanlar qeyri-kamillikdən və çatışmamazlıqlardan azad ediləcəklər (Yəhya 3:16; Romalılara 8:21, 22).
Kamil insanların həyatı necə olacaq? Rəqabət və xudbinlik heysiyyətinin əvəzinə, məhəbbət və mehribançılıq insan həyatını daha qiymətli edəcəkdir, narahatçılıq və özünü ləyaqətsiz sanmaq hissi aradan qaldırılacaq. Lakin kamil insanların həyatı darıxdırıcı və yorucu olmayacaq. Allahın Kəlamı Cənnəti bütün təfsilatı ilə təsvir etmir, ancaq oradakı həyat barədə bizə müəyyən mə’lumat verir: “Evlər tikəcəklər və yaşayacaqlar, bağlar salacaqlar və meyvəsini yeyəcəklər. Onlar tikib... başqası yaşamayacaq, onlar əkib... başqası yeməyəcək; çünki xalqımın günləri ağacın günləri kimi olacaq və seçdiklərim öz əllərinin işindən istifadə edəcəklər. Boş yerə əmək çəkməyəcəklər və fəlakət üçün doğmayacaqlar” (Yeşaya 65:21—23).
Allahın Padşahlığının rəhbərliyi dövründə əyləncələrin, mağazaların, texnikanın və nəqliyyatın nə cür olacağı haqda fərziyyələr qurmaq əvəzinə, özünüzü, bu sözlərin həyata keçəcəyi yeni dünyada təsəvvür etməniz daha yaxşı olardı: “Qurdla quzu birlikdə otlayacaqlar və aslan öküz kimi saman yeyəcək; ilan isə, onun yeyəcəyi torpaq olacaq. Bütün müqəddəs dağımda zərər verməyəcəklər və həlak etməyəcəklər, RƏB deyir” (Yeşaya 65:25). Kamil həyat, bugünkü həyatdan necə də fərqli olacaq! Əgər siz həmin vaxtda yaşamağa layiq görülsəniz, sevən səmavi Atamızın sizin və əzizlərinizin qayğısına necə qalacağını görəcəksiniz. “RƏBDƏN ləzzət al; O da sənə ürəyinin diləklərini verəcəkdir” (Məzmur 37:4).
Kamil həyat yalnız arzu deyil. Yeqovanın insanlara aid məhəbbətlə dolu niyyəti mütləq həyata keçəcəkdir. Siz və ailəniz, kamilliyə nail olub, Allahın yeni dünyasında yaşayacaq insanların arasında ola bilərsiniz. Müqəddəs Kitabda qabaqcadan deyilir: “Salehlər yeri miras alacaq və orada əbədiyyən yaşayacaqlar” (Məzmur 37:29).
[6-cı səhifədəki şəkil]
Biz ifratçılıq və yersiz irad tutmaqdan uzaq olmaq üçün özümüzə və ətrafımızda olanlara münasibətimizi dəyişə bilərik
[7-ci səhifədəki şəkil]
Özünü nəyə görə sülh və salehlik hökm sürən Cənnətdə təsəvvür etməyəsən?