Ey Məsihçi çobanları, ürəyinizi geniş açın!
“RƏB çobanımdır; mənim əksiyim olmaz”. Davud bu sözlərlə, öz Allahına tam e’tibar etdiyini aydınca göstərir. Yeqova ruhani mə’nada onu “təzə çayırlarda yatırır”, “sakit sular boyunca gəzdirir” və “doğruluq yollarında güdür”dü. Düşmənləri Davudu mühasirəyə alanda o, təsəlli alır və ruhlandırılırdı, bu isə onu Yeqovaya: “Şərdən qorxmuram; çünki sən mənimlə bərabərsən” sözlərini deməyə təhrik etdi. Belə Böyük çobana malik olan Davud, “uzun müddət RƏBBİN evində yaşamaq” istəyirdi (Məzmur 23:1—6).
Yeqovanın məhəbbətlə dolu qayğıkeşliyini Onun vahid Oğlu İsa da hiss etmişdi və o, yer üzündə olarkən bu qayğıkeşliyi şagirdləri ilə rəftarında çox yaxşı əks etdirirdi. Buna görə də, Müqəddəs Yazılarda o, “yaxşı çoban”, “Baş Çoban” və “böyük Çoban” adlanır (Yəhya 10:11; 1 Peter 5:2—4; İbranilərə 13:20).
Yeqova və İsa Məsih, onları sevənlərin qayğısına qalmağa davam edirlər. Bu, xüsusilə də, onların məhəbbətlə yığıncaqlara ruhani çobanlar tə’yin etmələrindən görünür. Pavel, belə ruhani çobanlara müraciət edərək, deyir: “Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına [“Öz Oğlunun qanı bahasına”] əldə etdiyi cəmiyyəti güdəsiniz” (Həvarilərin işləri 20:28).
Sürünü, Yeqova və İsa Məsihin nümunəsinə müvafiq olaraq otarmaq asan iş deyil, ancaq bu, əvvəllər olduğundan indi daha vacibdir. Son üç il ərzində milyondan artıq insanın vəftiz olub, Şahid olmaları haqqında fikirləşin! Onlar təzədirlər və illər ərzində xidmətdə əldə edilən ruhani təcrübəyə malik deyillər. Həmçinin hələ uşaq və yeniyetmə olan Şahidlər haqqında da düşünün. Onlar yalnız valideynlərinin deyil, həm də yığıncağın ağsaqqallarının diqqətinə ehtiyac hissi duyurlar.
Bəli, hər bir məsihçi xaricdən, o cümlədən onu əhatə edən insanlar tərəfindən təzyiqə mə’ruz qalır. Bütün məsihçilərə, öz arzularına göz yumub, dünyanın ardınca getməyin güclü ehtirasına qarşı durmaq üçün qüvvə sərf etmək lazım gəlir. Bə’zi ölkələrdə Padşahlığın təbliğçilərini, çatdırdıqları xəbərə insanların xoş münasibət göstərməməsi ruhdan salır. Bir çox təbliğçilər ciddi xəstədirlər. Digərlərinin isə, iqtisadi problemlər ucbatından əvvəlcə Padşahlığı axtarmaq həvəsi sönür. Bəli, biz hamımız, o cümlədən çox illər ərzində həqiqətdə olanlar da, sevən çobanların köməyinə ehtiyac hissi duyuruq və belə köməyə layiqik.
Düzgün niyyətlər
Birinci əsrin məsihçilərinə məsləhət edilmişdir ki, ürəklərini “geniş açsınlar”, (YD) (2 Korinflilərə 6:11—13). Məsihçi ağsaqqalları, özlərinə həvalə edilən çobanlıq vəzifəsini yerinə yetirən zaman, bu məsləhətə riayət etməlidirlər. Onlar bunu necə edə bilərlər? Və gələcəkdə ruhani çoban olacaq bir çox xidməti köməkçilər haqqında nə demək olar?
Ağsaqqallar sürüyə xeyir-dua olsunlar deyə, sadəcə borc hissi ilə hərəkət etməli deyillər. Onlara belə bir məsləhət verilir: “Allahın sizə həvalə olunan sürüsünü otarın. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə nəzarət edin” (1 Peter 5:2). Deməli, sürünü düzgün otarmaq üçün, başqalarına könüllü və sə’ylə xidmət etmək lazımdır (Yəhya 21:15—17). Qoyunların nəyə ehtiyacları olduğunu anlamaq və onların təlabatlarına tezcə hay verməyə hazır olmaq gərəkdir. Başqaları ilə münasibətdə, Allahın ruhunun səmərəsi kimi tanınan, gözəl məsihçi xüsusiyyətlərini göstərmək lazımdır (Qalatiyalılara 5:22, 23).
Ağsaqqallar, bə’zən qardaşlara onların öz evlərində baş çəkməli olurlara. Ancaq ürəyini geniş açan ruhani çobanlar bütün qüvvələrini xidmətə sərf edirlər. Bu o deməkdir ki, onlar hərdənbir baş çəkməklə kifayətlənmirlər. Onlar, sürünü otarmaq üçün hər bir əlverişli imkandan istifadə edirlər.
Başqalarını ağsaqqal olmağa hazırlamaq
Yaşından asılı olmayaraq, “cəmiyyətdə nəzarətçi olmağa həvəs göstərən” hər bir qardaş “xeyirli bir iş arzu edir” (1 Timoteyə 3:1). Xidməti köməkçilərin çoxu yığıncaqda əlavə imtiyazlar almağa sə’y göstərirlər. Buna görə ağsaqqallar, “nəzarətçi olmağa həvəs göstərən” qardaşlara ilk addım atmaqda sevinclə kömək edirlər. Bununla da, onları yaxşı ruhani çoban olmağa hazırlayırlar.
Yeqovaya məxsus olan məsihçi yığıncağı, Onun yüksək normalarına əsasəsən yaşadığı üçün, Hezekiel 34:2—6 ayələrində təsvir edilən yalançı çobanlar bu yığıncağı zəiflədə bilmədi. Həmin yalançı çobanlar işlərinə görə Yeqovanın gözündə iyrənc idilər. Cürünü otarmaq əvəzinə, onlar özlərini otarırdılar. Onlar zəifləri möhkəmləndirmir, xəstələri sağaltmır, yaralılara sarğı bağlamır, qovulanları qaytarmır və itmişləri axtarmırdılar. Onlar çobana yox, daha çox canavara bənzəyirdilər və qoyunları sıxışdırırdılar. Başlı-başına buraxılmış qoyunlar dağınıq idilər, faydasız olaraq dolaşırdılar və heç kim onların qayğısına qalmırdı (Yeremya 23:1, 2; Nahum 3:18; Matta 9:36).
Həmin sədaqətsiz çobanlardan fərqli olaraq, həqiqi məsihçi çobanları Yeqovanın nümunəsi ilə gedirlər. Onlar qoyunların ruhani “təzə çayırlıqlara” və “sakit sular boyunca” getmələrinə kömək edirlər. Ağsaqqallar, qoyunlara, Allahın Kəlamını düzgün başa düşməkdə və onu həyatlarında tətbiq etməkdə kömək edərək, onları “doğruluq yollarına” istiqamətləndirirlər. Onlar, “öyrətməyə qabiliyyətli” olduqları üçün bunu müvəffəqiyyətlə edə bilirlər (1 Timoteyə 3:2).
Ağsaqqallar əsasən yığıncaqlarda səhnədən öyrədirlər. Ancaq onlar ayrı-ayrı insanları sərbəst ünsiyyətdə də öyrədirlər. Əlbəttə, nəsihət vermək birində üz-üzə söhbət zamanı, digərində isə mə’ruzə ilə çıxış edən zaman daha yaxşı alınır. Ancaq tə’lim verməyin müəyyən növündə az bacarığı olmaq, heç də o demək deyil ki, həmin adam müəllim ola bilməz. Ağsaqqallar, qarşılarında açılan bütün imkanlardan, o cümlədən çobanlıq işindən istifadə edərək tə’lim verirlər. Bu işin bir hissəsi rəsmi tədbir, — məsələn, baş çəkmək formasında yerinə yetirilir. Ancaq ağsaqqallıq işinin çox hissəsini daha sərbəst şəraitdə keçirmək olar ki, bunun özü də böyük fayda gətirir.
Hər vaxt ruhani çobanlar və müəllimlər
Öz işini yerinə yetirməsi üçün həkimə bilik və təcrübə lazımdır. Lakin həkimin yanına gələn xəstə, onun göstərdiyi şəfqəti, mərhəməti, qayğını və səmimi marağı da qiymətləndirir. Bu xüsusiyyətlər həkimin şəxsiyyətinin bir hissəsi olmalıdır. Belə xüsusiyyətlər, yaxşı müəllim və ruhani çoban olmaq istəyən şəxslərə də vacibdir. O, bunları gündəlik həyatında göstərməlidir. Həqiqi müəllim, ətrafında olan insanlara hər an kömək etməyə hazırdır. Süleymanın məsəlləri 15:23 deyilir: “Vaxtında olan söz nə yaxşıdır!” Ağsaqqal mə’ruzə ilə çıxış edəndə, evdən evə təbliğ edəndə, Padşahlıq Zalında və ya bir kimsə ilə telefonda söhbət edəndə, ola bilər ki, elə bunlar “vaxtında” olsun. Yaxşı ruhani çoban yalnız ağsaqqal baş çəkməsi zamanı deyil, ancaq hər vaxt qayğıkeş olmağa can atır. Əgər ruhani çoban öz ürəyini geniş açırsa, vacib olan şeyləri lazımi vaxtda qayğıkeşliklə verərək, qoyunları otarmaq üçün hər bir imkandan istifadə edəcəkdir. Bu, qoyunların gözündə çobanı sevimli edir (Mark 10:43).
Hazırda ağsaqqal olan Volfqanq, bir xidməti köməkçinin öz arvadı ilə onun evinə qonaq gəldiyini xatırlayaraq, deyir: “Bizim uşaqlarımız, onlara bu qədər diqqət yetirildiyinə və vaxtımızı gözəl keçirdiyimizə görə çox sevinirdilər. Onlar bunu hələ də xatırlayırlar”. Bəli, həmin xidməti köməkçi başqalarının qeydinə qaldığını göstərdi; o öz ürəyini geniş açmışdı.
Ürəyinizi geniş açmağın digər üsulu, xəstələrə baş çəkmək, onlara təsəlli sözləri ilə yazılmış qısa məktub göndərmək və ya zəng etmək, bir sözlə, onların qayğısına qaldığınızı göstərməkdir! Əgər lazım gələrsə, kömək təklif edin. Ürəklərini boşaltmaq istəyərlərsə, diqqətlə qulaq asın. Onlara yaxşı bir şey söyləyin, özünüzün və ya başqa yığıncaqların ruhlandırıcı teokratik fəaliyyətindən maraqlı hadisələr danışın. Onlara kömək edin ki, diqqətlərini, Yeqovanı sevən kəslərə nəsib olacaq gözəl gələcəyə mərkəzləşdirsinlər (2 Korinflilərə 4:16—18).
Ağsaqqalın baş çəkmək işlərinə əlavə
Əgər ruhani çobanlıq işinin nə üçün lazım olduğunu xatırlasaq, aydın olar ki, ağsaqqalların, qardaşlara rəsmi surətdə baş çəkmələri vacib olsa da, bu, onların vəzifəsinə daxil olan işlərin yalnız bir hissəsidir. Əgər sevən çoban öz ürəyini geniş açırsa, hər vaxt, hər vəziyyətdə kömək etməyə hazır olacaqdır. O, qardaşlarla səmimi münasibət yaradır və buna minnətdar olaraq qardaşlar əmindirlər ki, bir çətinlik yarananda pislikdən qorxmaq lazım deyil, çünki qardaşları olan məsihçi ağsaqqalının məhəbbətlə onlara qayğı göstərdiyini bilirlər (Məzmur 23:4).
Beləliklə, ey məsihçi çobanları, öz ürəyinizi geniş açın. Qardaşlara səmimi məhəbbət göstərin: onları ruhlandırın, möhkəmləndirin və mümkün olan bütün üsullarla onları ruhən inkişaf etdirin. Onlara imanda sarsılmaz olmağa kömək edin (Koloslulara 1:23). Əgər qoyunların, ürəyini geniş açan ruhani çobanları olarsa, bu onlar üçün xeyir-dua olacaq və onların heç nəyə ehtiyacları olmayacaq. Onlar, Davud kimi, uzun müddət Yeqovanın evində yaşamaq istəyəcəklər (Məzmur 23:1, 6). Sevən çoban daha nə arzulaya bilər?
[Haşiyə]
a Ağsaqqalın baş çəkmək işini necə etməsi haqqında məsləhətləri, “Gözətçi Qülləsi”nin (rusca) 1993-cü il 15 sentyabr nömrəsində, səhifə 20—23 və 1996-cı il 15 mart nömrəsində, səhifə 24—27 tapmaq olar.
[31-ci səhifədəki çərçivə]
Məsihçi çobanları
• Həvəslə və sə’ylə xidmət edirlər
• Sürünü tə’min edir və onun qeydinə qalırlar
• Başqalarına ağsaqqal olmağa kömək edirlər
• Xəstələrə baş çəkir və onlara qayğı göstərirlər
• Hər vaxt qardaşlara kömək etməyə hazırdırlar