Yehova Öz sürüsü üçün çobanlar hazırlayır
«Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır» (SÜLEYMANIN MƏSƏLLƏRİ 2:6).
1, 2. Vəftiz olunmuş qardaşları yığıncaqda üzərlərinə əlavə məs’uliyyət götürməyə nə təşviq edir?
ARTIQ yeddi ildir ki, ağsaqqal xidmət edən Nik deyir: «Mən ağsaqqal tə’yin ediləndə özümü çox xoşbəxt hiss edirdim. Bu tə’yinat qarşımda xidmətimi genişləndirmək imkanını açırdı. Mənim üçün etdiyi hər şeyə görə Yehovaya minnətdarlığımı bildirmək istəyirdim. Ağsaqqalların vaxtilə mənə kömək etdikləri kimi, mən də yığıncaq üzvlərinə bacardığım qədər kömək etmək istəyirdim». Lakin Nik sevinməklə yanaşı həm də bir qədər narahat idi. O davam edir: «Bu tə’yinatı alanda mənim heç 30 yaşım yox idi. Məni narahat edən o idi ki, yaxşı çoban olmaq üçün hikmət və dərrakəm çatışmaz».
2 Sürüsünün qeydinə qalmaq üçün Yehovanın tə’yin etdiyi kişilərin sevinməyə bir çox səbəbi var. Həvari Pavel İsanın sözlərini sitat gətirərək həmin səbəblərdən birini efesli ağsaqqallara xatırlatmışdı: «Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həvarilərin işləri 20:35). Ağsaqqal və ya xidməti köməkçi olan qardaşın həm Yehovaya, həm də yığıncağa daha çox «vermək» imkanı vardır. Məsələn, xidməti köməkçilər ağsaqqallara kömək edirlər. Onlar çoxlu vaxt aparan, amma vacib olan işlərlə məşğul olurlar. Bu qardaşlar qiymətli xidmətlərini Allaha və qonşularına məhəbbətdən irəli gələrək icra edirlər (Mark 12:30, 31).
3. Bə’zi qardaşlar yığıncaqda əlavə məs’uliyyətə nəyə görə can atmırlar?
3 Bəs əgər vəftiz olunmuş qardaş bu məs’uliyyətin öhdəsindən gələ bilməyəcəyini düşünərək xidməti köməkçi və sonra da ağsaqqal olmağa can atmırsa, onda necə? Ola bilsin, Nik kimi o da fikirləşə bilər ki, yaxşı çoban olmaq üçün onun lazımi bacarığı yoxdur. Əgər sən vəftiz olunmuş qardaşsansa, ehtimal ki, sənin də belə fikirlərin olur. Bu cür nigarançılıq əsassız deyil. Çobanlar sürü ilə necə rəftar etdiklərinə görə Yehovanın qarşısında cavabdehdirlər. İsa demişdir: «Kimə çox verilmişsə, ondan çox tələb olunacaqdır; və kimə çox əmanət edilmişsə, ondan daha çox istəniləcəkdir» (Luka 12:48).
4. Yehova, qoyunlarını otarmaq üçün tə’yin etdiyi qardaşlara necə kömək edir?
4 Məgər Yehova xidməti köməkçi və ağsaqqal tə’yin etdiyi kişiləri bu məs’uliyyət yükünü tək daşımağa qoyacaq? Xeyr, Yehova onlara praktiki kömək təqdim edir. Bu köməyin sayəsində onlar nəinki tə’yinatlarının öhdəsindən gələ biləcək, hətta onu müvəffəqiyyətlə yerinə yetirəcəklər. Keçən məqalədə gördüyümüz kimi, Yehova onlara Öz müqəddəs ruhunu verir. Ruhun səmərəsi çobanlara sürünü şəfqətlə otarmağa kömək edir (Həvarilərin işləri 20:28; Qalatiyalılara 5:22, 23). Üstəlik, Yehova onlara hikmət, bilik və dərrakə də verir (Süleymanın məsəlləri 2:6). O bunu necə edir? Gəlin birlikdə Yehovanın bu çobanlara necə tə’lim verdiyinin üç üsulunu araşdıraq.
Təcrübəli çobanlar tə’lim verirlər
5. Peter və Yəhya nəyə görə məharətli müəllim idilər?
5 Dünya nöqteyi-nəzərincə müdrik hakimlər Sinedrion qarşısında duran həvari Peter və Yəhyanı «oxumamış, avam adamlar» hesab edirdilər. Çünki onlar oxuyub yazmağı bacarsalar da, Müqəddəs Yazılar üzrə ravvin məktəbində tə’lim almamışdılar. Buna baxmayaraq, Peter, Yəhya və digər şagirdlər məharətli müəllim idilər: onlara qulaq asanların əksəriyyəti İsaya iman gətirirdilər. Bəs bu sadə insanlara belə gözəl müəllim olmaqda nə kömək etmişdi? Məhkəmə üzvləri Peter və Yəhyaya qulaq asdıqdan sonra ‘onların İsa ilə bərabər olduqlarını’ xatırladılar (Həvarilərin işləri 4:1-4, 13). Bəli, həvarilər Allahdan müqəddəs ruh almışdılar (Həvarilərin işləri 1:8). Həmçinin İsa da onları öyrətmişdi. Bu, hətta ruhani gözləri kor olan hakimlərə də aydın idi. İsa yer üzündə olanda həvarilərə yalnız qoyunları yığmağı deyil, onları otarmağı da öyrədirdi (Matta 11:29; 20:24-28; 1 Peter 5:4).
6. İsa və Pavel başqalarını öyrətməkdə hansı nümunəni qoymuşlar?
6 İsa dirildikdən sonra da çoban tə’yin etdiyi kişiləri öyrətməyə davam edirdi (Vəhy 1:1; 2:1–3:22). Məsələn, o, Paveli şəxsən seçib onun tə’liminə nəzarət edirdi (Həvarilərin işləri 22:6-10). Pavel aldığı tə’limi qiymətləndirirdi və öyrəndiklərini digər ağsaqqallarla bölüşürdü (Həvarilərin işləri 20:17-35). Məsələn, Timoteyin «utanmağa əsası olmayan... işçi» olması üçün Pavel çoxlu vaxt və qüvvə sərf etmişdi (2 Timoteyə 2:15). Onların arasında sıx dostluq telləri yarandı. Bir qədər əvvəl Pavel Timotey haqqında yazmışdı: «O, uşaq atasına xidmət etdiyi kimi, Müjdəni yaymaq işində mənə xidmət etdi» (Filipililərə 2:22). Pavel Timoteyi və ya başqa bir kimsəni özünün şagirdi etməyə çalışmırdı. ‘Məsihi təqlid etdiyi kimi’, həmimanlılarını da ‘özünü təqlid etməyə’ təşviq edirdi (1 Korinflilərə 11:1).
7, 8. a) Ağsaqqalların İsanı və Paveli təqlid etməsinin yaxşı bəhrələr gətirdiyi hansı nümunədən görünür? b) Çobanlar gələcək xidməti köməkçilərə və ağsaqqallara nə vaxtdan tə’lim verməyə başlamalıdırlar?
7 Təcrübəli çobanlar İsanın və Pavelin nümunəsini təqlid edərək, vəftiz olunmuş qardaşlara tə’lim verməkdə təşəbbüsü öz üzərlərinə götürürlər. Bu yaxşı nəticələr gətirir. Məsələn, dini cəhətdən ayrılmış ailədə böyüyən və bu yaxınlarda ağsaqqal tə’yin edilən Çad deyir: «İllər ərzində bir neçə təcrübəli ağsaqqal ruhani cəhətdən böyüməyimə kömək edirdi. Atam məsihçi olmadığı üçün, bu ağsaqqallar mənə qarşı xüsusilə diqqətli idilər və demək olar ki, mənim ruhani atalarım olmuşdular. Onlar məni özləri ilə xidmətə aparır və təbliğ etməyi öyrədirdilər. Sonralar bir ağsaqqal mənə yığıncaqda aldığım tapşırıqları yerinə yetirməyi öyrədirdi».
8 Çadın nümunəsindən görünür ki, vəftiz olunmuş qardaşlar xidməti köməkçi və ağsaqqal üçün tələblərə cavab verməzdən xeyli əvvəl dərrakəli çobanlar onlara tə’lim verməyə başlayırlar. Niyə? Çünki Müqəddəs Kitabda deyilir ki, həm xidməti köməkçilər, həm ağsaqqallar yüksək əxlaqi və ruhani normalara hələ tə’yinatlarını almazdan əvvəl müvafiq olmalıdırlar. Onlar ‘qabaqcadan imtahan edilməlidirlər’ (1 Timoteyə 3:1-10).
9. Yetkin ağsaqqalların hansı məs’uliyyəti var və nəyə görə?
9 Əgər vəftiz olunmuş qardaşlar imtahan olunmalıdırlarsa, ilk növbədə tə’lim almaları məntiqəuyğundur. Məsələn, şagird, müəllimin onu hazırlaşdırmadığı çətin imtahanı verə bilərmi? Çox ehtimal ki, yox. Deməli, tə’lim çox vacibdir. Amma vicdanlı müəllim şagirdi yalnız imtahana hazırlamaqla kifayətlənmir, ona, aldığı biliyi tətbiq etməyi də öyrədir. Çalışqan ağsaqqallar da vəftiz olunmuş qardaşların xidməti köməkçi və ağsaqqallar üçün qoyulan tələblərə müvafiq olmaları üçün onları praktikada öyrədirlər. Ağsaqqallar, qardaşın bu tə’yinatı almasına görə deyil, gələcəkdə sürünün qayğısına lazımınca qala bilməsi üçün bu qədər çalışırlar (2 Timoteyə 2:2). Lakin ilk növbədə vəftiz olunmuş qardaşların özləri sə’y göstərməlidirlər (Titusa 1:5-9). Təcrübəli çobanlar isə bu məs’uliyyətlərə can atan qardaşlara daha tez inkişaf etmələri üçün kömək etməyə həmişə hazırdırlar.
10, 11. Çobanlar qardaşları gələcək tə’yinatlarına necə hazırlaya bilərlər?
10 Təcrübəli çobanlar digər qardaşları yığıncaqda müxtəlif tapşırıqları yerinə yetirməyə necə öyrədirlər? İlk növbədə onlara maraq göstərməklə. Ağsaqqallar bu qardaşlarla müntəzəm olaraq xidmətə çıxır, ‘həqiqət sözünü doğruluqla öyrətmək’ bacarığını inkişaf etdirməkdə onlara kömək edirlər (2 Timoteyə 2:15). Yetkin çobanlar həmin qardaşlarla həmimanlılara xidmətin gətirdiyi sevinclə bölüşürlər. Həmçinin onlar qarşıya ruhani məqsəd qoymağın və ona çatmağın şəxsən özlərinə gətirdiyi məmnunluqdan danışırlar. Qardaşa, ‘sürüyə nümunə ola’ bilməsi üçün, şəxsiyyətində dəyişikliklər etmək barədə dostcasına, amma konkret məsləhətlər də verirlər (1 Peter 5:3, 5).
11 Müdrik çobanlar, qardaş xidməti köməkçi tə’yin edildikdən sonra da ona tə’lim verməyə davam edirlər. Onilliklər ərzində ağsaqqal xidmət edən Brus deyir: «Təzə tə’yin edilən xidməti köməkçi ilə birgə oturub sadiq və ağıllı qulun verdiyi rəhbərliyə bir daha nəzər salırıq. Həmçinin görəcək işi ilə bağlı göstərişi də oxuyuruq. Üzərinə qoyulan məs’uliyyəti tam mənimsəyənədək ona kömək etməyi xoşlayıram». Xidməti köməkçinin təcrübəsi artdıqca onu çoban başçəkməsi etməyə də öyrətmək olar. Brus davam edir: «Xidməti köməkçini özümlə çoban ziyarətinə götürəndə, baş çəkəcəyimiz insanı və ya ailəni ruhlandıracaq konkret ayələri seçməkdə ona kömək edirəm. Bu çox vacibdir, çünki yaxşı çoban olmaq üçün xidməti köməkçi Müqəddəs Kitab ayələrindən elə istifadə etməyi öyrənməlidir ki, insanın ürəyinə yol tapsın» (İbranilərə 4:12; 5:14).
12. Təcrübəli çobanlar təzəcə tə’yin edilən ağsaqqallara necə tə’lim verə bilərlər?
12 Təzə tə’yin edilmiş çobanlara da sonrakı tə’lim çox böyük fayda gətirir. Yuxarıda adı çəkilən Nik deyir: «İki təcrübəli ağsaqqaldan aldığım tə’lim mənə çox kömək oldu. Bu qardaşlar adətən hər bir konkret məsələnin necə həll ediləcəyini bilirdilər. Onlar nöqteyi-nəzərimlə razı olmasalar da, həmişə mənə diqqətlə qulaq asır və təkliflərimə ciddi yanaşaraq onu müzakirə edirdilər. Onların bacı-qardaşlarla həlim və hörmətcil davranışından mən çox şey öyrənmişəm. Bu ağsaqqallar problemləri həll edərkən və ya kimisə ruhlandırarkən Müqəddəs Kitabdan məharətlə istifadə etməyin vacibliyini mənə aşılayıblar».
Allahın Kəlamından alınan tə’lim
13. a) Yaxşı çoban olmaq üçün qardaşa nə lazımdır? b) İsa nəyə görə demişdir: «Verdiyim tə’lim Mənim deyil»?
13 Bəli, ağsaqqalın ‘kamil olması [və] hər cür xeyirli işə təchiz edilməsi’ üçün Allahın Kəlamı olan Müqəddəs Kitabda lazımi qanun, prinsip və nümunələr var (2 Timoteyə 3:16, 17). Qardaş təhsilli ola bilər, lakin yaxşı çoban olub-olmaması Müqəddəs Kitabı nə dərəcədə yaxşı bilməsindən və onu necə tətbiq etməsindən asılıdır. İsanın nümunəsinə nəzər salaq. O, dünyada ən hikmətli, bilikli və dərrakəli ruhani çoban idi, lakin Yehovanın qoyunlarına tə’lim verərkən heç vaxt öz müdrikliyinə arxayın olmurdu. O deyirdi: «Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir». Nəyə görə İsa səmavi Atasının müdrikliyinə arxalanırdı? O izah edirdi: «Özündən söyləyən, özünə izzət axtarar» (Yəhya 7:16, 18).
14. Nədən görünür ki, sadiq çobanlar özlərinə izzət axtarmırlar?
14 Sadiq çobanlar özlərinə izzət axtarmırlar. Məsləhət verəndə və ya kimisə ruhlandıranda onlar öz hikmətinə deyil, Allahın Kəlamına müraciət edirlər. Onlar başa düşürlər ki, çobanların işi qoyunlara ağsaqqalın deyil, ‘Məsihin ağlına malik’ olmağa kömək etməkdir (1 Korinflilərə 2:14-16). Məsələn, əgər ağsaqqal nikahda yaranan problemlərlə bağlı ər-arvada verdiyi məsləhətləri Müqəddəs Kitab prinsiplərinə və «sadiq və ağıllı qul»un təqdim etdiyi nəşrlərdəki mə’lumata deyil, öz təcrübəsinə əsaslandırarsa, onda necə? (Matta 24:45). Onun məsləhətinə yerli adət-ən’ənələr və məhdud həyat təcrübəsi öz tə’sirini göstərə bilər. Düzdür, adət-ən’ənələrin hamısı pis deyil və ağsaqqalın yaxşı həyat təcrübəsi ola bilər. Lakin çobanlar qoyunları yerli adət-ən’ənələri və insanların fikirlərini rəhbər tutmağa deyil, İsanın səsinə və Yehovanın sözlərinə diqqət yetirməyə təşviq edəndə, qoyunlar daha çox fayda əldə edirlər (Məzmur 12:6; Süleymanın məsəlləri 3:5, 6).
«Sadiq və ağıllı qul»un verdiyi tə’lim
15. İsa «sadiq və ağıllı qul»a hansı tapşırığı verib və qul sinfinin müvəffəqiyyətli olmasının səbəblərindən biri hansıdır?
15 Ruhani çobanlar olan həvarilər — Peter, Yəhya və Pavel İsanın bəhs etdiyi «sadiq və ağıllı qul» sinfinə daxil idilər. Qul sinfinə Məsihin göydə idarə etməyə ümid edən və hal-hazırda yerdə yaşayan məsh edilmiş qardaşları daxildir (Vəhy 5:9, 10). Bu sistemin son günlərində Məsihin yer üzündə yaşayan qardaşlarının sayı azalıb. Lakin İsanın onlara tapşırdığı iş, Padşahlıq haqqında xoş xəbərin son gəlməzdən əvvəl təbliğ edilməsi, bu gün görünməmiş miqyasda yerinə yetirilir. Sayının azalmasına baxmayaraq, qul sinfi böyük müvəffəqiyyətlər əldə edib! Niyə? Səbəblərdən biri təbliğ və tə’lim vermək işində özlərinə kömək etmək üçün ‘başqa qoyunlardan’ olanları hazırlamalarıdır (Yəhya 10:16; Matta 24:14; 25:40). Həmin işin əksər hissəsini onlar bu gün sədaqətlə yerinə yetirirlər.
16. Qul sinfi tə’yin edilmiş qardaşlara necə tə’lim verir?
16 Qul sinfi onların tə’limini necə təşkil edir? Birinci əsrdə qul sinfinin nümayəndələrinə yığıncaqlara nəzarətçi tə’yin etmək və həmin nəzarətçilərə tə’lim vermək səlahiyyəti verilmişdi. Bu ağsaqqallar isə öz növbəsində qoyunlara tə’lim verməli idilər (1 Korinflilərə 4:17). Bu gün də hər şey məhz bu qaydaya əsasən qurulub. Rəhbərlik şurası — qul sinfini təmsil edən məsh edilmiş ağsaqqallardan ibarət kiçik qrup öz nümayəndələrinə bütün dünyada mövcud olan minlərlə yığıncaqlarda ağsaqqal və xidməti köməkçilər tə’yin etmək və onlara tə’lim vermək səlahiyyətini vermişdir. Bundan savayı, Rəhbərlik şurası filialların Komitə üzvləri, səyyar nəzarətçiləri, ağsaqqallar və xidməti köməkçilər üçün müxtəlif məktəblər təşkil edir. Burada onlar qoyunların qayğısına daha yaxşı qalmağı öyrənirlər. Əlavə rəhbərlik bu qardaşlara məktublar, «Gözətçi Qülləsi»ndə dərc olunan məqalələr və «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq»a (rus.) kimi kitablar vasitəsilə verilir.
17. a) İsa qul sinfinə e’tibar etdiyini necə göstərib? b) Ruhani çobanlar qul sinfinə e’tibar etdiklərini necə göstərirlər?
17 İsanın qul sinfinə bəslədiyi e’tibar o qədər güclüdür ki, o, «bütün malikanəsinin», yə’ni yerdəki ruhani əmlakının idarəsini ona tapşırıb (Matta 24:47). Tə’yin edilmiş çobanlar da Rəhbərlik şurasından aldıqları rəhbərliyə riayət edərkən qul sinfinə e’tibar etdiklərini göstərirlər. Bəli, çobanlar digərlərinə tə’lim verəndə, Allahın Kəlamından tə’lim alanda və qul sinfinin rəhbərliyinə riayət edəndə sürüdə birliyi qoruyurlar. Bəli, Yehova yığıncağının hər bir üzvünün qayğısına qalmaq üçün qardaşlara tə’lim verir. Buna görə biz Ona necə də minnətdarıq!
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
Siz necə cavab verərdiniz?
• Yetkin ruhani çobanlar digərlərinə necə tə’lim verirlər?
• Nəyə görə çobanlar tə’lim verərkən öz fikirlərinə əsaslanmırlar?
• Çobanlar qul sinfinə e’tibar etdiklərini necə və nə üçün göstərirlər?
[24 və 25-ci səhifələrdəki şəkillər]
Məsihçi ağsaqqalları yığıncaqdakı cavan qardaşlara tə’lim verirlər.
[26-cı səhifədəki şəkillər]
«Sadiq və ağıllı qul» ağsaqqallara müxtəlif üsullarla tə’lim verir.