“Müdriklik təvazökar olanlarladır”
“Allahınla alçaq könüllü [“təvazökar”, YD] olaraq gəzməkdən başqa RƏB səndən nə istəyir?” (MİKA 6:8).
1, 2. Təvazökarlıq nədir və özünə güvənərək davranmaqdan necə fərqlənir?
TANINMIŞ həvari diqqəti özünə cəlb etdirməməyə çalışır. İsrailin cəsarətli hakimi, özünü atasının evində ən kiçik adlandırır. Dünyada yaşamış ən böyük insan, ən ali hakimiyyətə sahib olmadığını e’tiraf edir. Bu adamların hər biri təvazökarlıq göstərir.
2 Təvazökarlıq, özünə güvənmək hissinə ziddir. Təvazökar insan özünün qabiliyyət və ləyaqətinə düşüncə ilə qiymət verir, belə adam özü barədə yüksək fikirdə olmaqdan və şöhrət düşgünlüyündən məhrumdur. Dikbaşlıq etmək, lovğalanmaq və şöhrətpərəst olmaq əvəzinə, təvazökar adam özünün məhdud imkanlarını həmişə düzgün qiymətləndirir. Buna görə də o, ətrafında olan adamlara hörmət edir, onların hisslərini və fikirlərini nəzərə alır.
3. Hansı mə’nada “müdriklik təvazökar olanlarladır”?
3 Müqəddəs Kitabda yaxşı deyilir: “Müdriklik təvazökar olanlarladır” (Süleymanın məsəlləri 11:2, YD). Təvazökar adam müdrikdir, ona görə ki, Allaha məqbul olan yol ilə gedir və rüsvayçılığa səbəb olan özünə güvənmək hissindən çəkinir (Süleymanın məsəlləri 8:13; 1 Peter 5:5). Təvazökar insanın müdrik olmasını, Allahın xidmətçilərinin çoxsaylı nümunələri təsdiq edir. Gəlin birinci abzasda misal çəkilən üç nümunəni nəzərdən keçirək.
Pavel - “xidmətkar” və “təsərrüfatçı”
4. Pavel hansı xüsusi xidməti yerinə yetirirdi?
4 Pavel ilk məsihçilər arasında tanınmış insan idi; bunun da səbəbi tam aydındır. O öz xidməti zamanı dənizdə və quruda min kilometrlərlə məsafə qət etmiş və çoxlu yığıncaq təşkil etmişdir. Bundan əlavə, Yeqova Pavelə rö’yalar və başqa dillərdə danışmaq hədiyyəsi vermişdir (1 Korinflilərə 14:18; 2 Korinflilərə 12:1—5). Həmçinin Allahın ilhamı altında Pavel 14 məktub yazmışdır ki, indi onlar Yunanca Müqəddəs Yazıların bir hissəsini təşkil edir. Əlbəttə, demək olar ki, Pavelin zəhməti digər həvarilərin zəhmətindən daha çox idi (1 Korinflilərə 15:10).
5. Pavel özü barədə təvazökarlıqla düşündüyünü necə göstərirdi?
5 Pavel, məsihçi fəaliyyətinin mərkəzində olduğu üçün, kim isə fərz edə bilər ki, Pavel şöhrət şö’ləsində üzürdü və hətta öz səlahiyyətini nümayiş etdirirdi. Lakin heç də belə deyildi, çünki Pavel təvazökar idi. O özünü “həvarilərin ən kiçiyi” adlandıraraq, əlavə etdi: “Həvari adlanmağa layiq deyiləm, çünki Allahın cəmiyyətini tə’qib edirdim” (1 Korinflilərə 15:9). Əvvəllər məsihçilərin tə’qibçisi olan Pavel heç vaxt unutmurdu ki, ümumiyyətlə Allahla qarşılıqlı münasibətə, xüsusən də xidmətdə şərəfli vəzifəyə, yalnız Allahın mərhəməti sayəsində nail olmaq mümkündür (Yəhya 6:44; Efeslilərə 2:8). Buna görə Pavel hesab etmirdi ki, öz xidmətindəki mühüm nailiyyətləri onu digərlərindən üstün edir (1 Korinflilərə 9:16).
6. Korinflilərlə rəftarında Pavel təvazökarlığı necə göstərdi?
6 Pavelin təvazökarlığı, korinflilərlə olan münasibətindən xüsusilə aydın olurdu. Ehtimal edildiyinə görə, onlardan bə’ziləri görkəmli nəzarətçi sandıqları şəxslərə, o cümlədən Apollosa, Kefaya və Pavelin özünə həddindən artıq valeh olmuşdular (1 Korinflilərə 1:11—15). Lakin Pavel korinflilərin onu tə’rifləmələrini istəmirdi və onların coşqun münasibətlərindən öz mənafeyi üçün istifadə etmirdi. Pavel onların yanına “kəlam və hikmət ülviyyəti ilə” gəlməmişdi. Əksinə, özü və yol yoldaşları haqqında Pavel dedi: “Hər kəs bizi, Məsihin xidmətkarları və Allah sirrlərinin təsərrüfatçıları [“Allahın müqəddəs sirlərini idarə edənlər”, YD] saymalıdır”a (1 Korinflilərə 2:1—5; 4:1).
7. Hətta bir kimsəni məzəmmət etdikdə belə, Pavel təvazökarlığı necə göstərirdi?
7 Pavel, hətta bir kimsəni məzəmmət edəndə və ona məsləhət verəndə də təvazökarlıq göstərirdi. O, məsihçilərə öz həvari səlahiyyəti ilə tə’sir göstərmirdi, onlara “Allahın mərhəməti naminə” və “məhəbbətlə” yalvarırdı (Romalılara 12:1, 2; Filimona 8, 9). Pavel nə üçün belə davranırdı? Çünki özünü ruhani qardaş-bacılarının əməkdaşı sanırdı və onların “imanı üzərində” hakimlik etmirdi (2 Korinflilərə 1:24). Şübhə yoxdur ki, birinci əsrin məsihçi yığıncaqlarının Paveli belə çox sevmələrinə, onun təvazökarlığı səbəb olmuşdur (Həvarilərin işləri 20:36—38).
İmtiyazlarımız barədə təvazökarlıqla düşünək
8, 9. a) Biz nə üçün özümüz barədə təvazökarlıqla düşünməliyik? b) Məs’uliyyəti olan şəxs təvazökarlığı necə göstərə bilər?
8 Pavel müasir məsihçilərə gözəl nümunə verdi. Bizə verilən məs’uliyyətlərdən asılı olmayaraq, bizlərdən heç kim özünü digərlərindən üstün tutmamalıdır. Pavel yazırdı: “Əgər kimsə, heç olduğu halda, özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır” (Qalatiyalılara 6:3). Nəyə görə? Ona görə ki, “hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışlar” (Romalılara 3:23; 5:12). Bəli, yaddan çıxarmamalıyıq ki, günah və ölümü hamımız Adəmdən miras almışıq. Xüsusi imtiyazlar bizi, məzlum günahkar vəziyyətdən xilas etmir (Vaiz 9:2). Pavelin başına gəldiyi kimi, insanların da Allahla qarşılıqlı münasibəti inkişaf etdirmələri, xüsusən də bir imtiyaza layiq görülmələri yalnız Allahın mərhəməti sayəsində mümkün ola bilər (Romalılara 3:12, 24).
9 Bunu anlayaraq, təvazökar adam öz imtiyazlarına fərəhlənməyəcək və qazandığı nailiyyətləri üçün lovğalanmayacaq (1 Korinflilərə 4:7). Məsləhət və ya göstəriş verəndə o, bunu bir sahib kimi deyil, iş yoldaşı kimi edir. Hər hansı bir tapşırığı yerinə yetirməkdə müvəffəqiyyətli olan şəxs tə’rif axtarmamalı və həmimanlılarının ona bəslədikləri coşqun münasibətlərdən şəxsi mənafeyi üçün istifadə etməməlidir (Süleymanın məsəlləri 25:27; Matta 6:2—4). Tə’rifi istəmirlər, əsl mə’nada dəyərli olan tə’rif başqalarından gəlir. Əgər bizi tə’rifləyirlərsə, özümüz barədə lüzumundan artıq düşünməməliyik (Süleymanın məsəlləri 27:2; Romalılara 12:3).
10. İzah edin: Gözə çarpmayan kimi görünən adamlar, əslində “imanda zəngin” necə ola bilərlər.
10 Əgər bizə bir məs’uliyyət verilibsə, təvazökarlıq bizə kömək edəcək ki, əhəmiyyətli olduğumuzu nəzərə çarpdırmayaq və elə təəssürat oyatmayaq ki, guya yığıncaq yalnız bizim cəhdimiz və qabiliyyətimiz sayəsində inkişaf etmişdir. Məsələn, bizim xüsusi müəllimlik qabiliyyətimiz ola bilər (Efeslilərə 4:11, 12). Lakin əgər biz təvazökarıqsa anlamalıyıq ki, yığıncaqlarda aldığımız bə’zi vacib dərslər səhnədən verilmir. Məsələn, tənha valideynlərin öz övladları ilə müntəzəm olaraq Padşahlıq Zalına gəlmələri bizi ruhlandırmırmı? Yaxud, özünü daim gərəksiz sayan, sarsıntı hissi keçirən adamın inamla yığıncaqlara gəlməsi? Bəs məktəbdə və başqa yerlərdə pis tə’sirlərə baxmayaraq, ruhən inkişaf edən gənc oğlan və qızlar? (Məzmur 84:10). Bu şəxslər, bəlkə də gözə çarpmırlar. Onların hansı nöqsansızlıq imtahanları ilə qarşılaşdıqlarını bilən azdır. Lakin onlar, tanınmış şəxslər kimi, “imanda zəngin” ola bilərlər (Yaqub 2:5). Hər necə olsa da, nəticədə Yeqovanın iltifatı sədaqətlə qazanılır (Matta 10:22; 1 Korinflilərə 4:2).
Gidon - atasının evində “ən kiçiyi”
11. Allahın mələyi ilə danışarkən, Gidon təvazökarlığı necə göstərdi?
11 Manasse nəslindən olan cəsur, gənc Gidon, İsrail tarixinin narahat dövrlərində yaşayırdı. Allahın xalqı, midyalıların zülmü altında yeddi il idi ki, əzab çəkirdi. Lakin Yeqovanın öz xalqını azad etmək üçün qərara aldığı vaxt gəlib çatmışdı. Buna görə də Gidona bir mələk göründü və dedi: “Ey cəsur igid, RƏB səninlə bərabərdir”. Gidon təvazökar olduğu üçün, bu gözlənilməz tə’rifdən lovğalanmadı. Əksinə, hörmətlə mələyə dedi: “Ah, əfəndim, əgər RƏB bizimlə bərabərsə, nə üçün bütün bu şeylər başımıza gəldi?” Mələk hər şeyi izah etdi və Gidona dedi: “İsraili Midyanın əlindən qurtar”. Gidon buna necə cavab verdi? Bu tapşırıqdan, milli qəhrəman olmaq üçün bir fürsət kimi tamahkarcasına yapışmaq əvəzinə, Gidon cavab verdi: “Ah, əfəndim, İsraili nə ilə qurtarım? Budur, mənim ailəm Manassedə ən fağırıdır və mən atamın evində ən kiçiyiyəm”. Təvazökarlığın gücünə bax! (Hakimlər 6:11—15).
12. Öz tapşırığını yerinə yetirərkən Gidon ağılla davrandığını necə göstərdi?
12 Gidonu döyüşə göndərməzdən əvvəl, Yeqova onu sınadı. Necə? Gidona tapşırılmışdı ki, onun atasına məxsus olan Baal qurbangahını dağıtsın və onun yanındakı müqəddəs ağacı kəssin. Bu tapşırıq cəsarət tələb edirdi, Gidon onu yerinə yetirməkdə təvazökarlıq və ağıllılıq göstərdi. Bunu hamının gözü qarşısında etmək əvəzinə, Gidon öz işini, bir kimsənin onu görə bilməyəcəyi gecə qaranlığında etdi. Bundan əlavə, Gidon bu tapşırığın icra olunmasına ehtiyatla yanaşdı. O özü ilə on nəfər qul götürdü: ola bilsin ona görə ki, onlardan bə’ziləri keşik çəkməli, digərləri isə, qurbangahı dağıtmaqda və müqəddəs ağacı kəsməkdə ona kömək etməli idilərb. Hər necə olsa da, Gidon öz tapşırığını Yeqovanın xeyir-duası ilə yerinə yetirdi və vaxtı gələndə İsrailin midyalılardan azad edilməsi üçün Yeqova ondan istifadə etdi (Hakimlər 6:25—27).
Təvazökarlıq və ağıllılıq göstərmək
13, 14. a) Biz, bir imtiyaz alanda təvazökarlığı necə göstərə bilərik? b) A. H. Makmillan qardaş təvazökarlığın gözəl nümunəsini necə göstərdi?
13 Gidonun təvazökarlığından biz çox şey öyrənə bilərik. Məsələn, xidmətdə bir imtiyaz alanda biz buna necə münasibət göstəririk? İlk növbədə bu imtiyazla yaranan görkəmli vəzifə və nüfuz barədəmi fikirləşirik? Yoxsa, bu tapşırığı yerinə yetirməyi bacarıb bacarmamağımız üzərində təvazökarlıq və dua ilə düşünürük? Yer üzündəki həyatını 1966-cı ildə başa vuran A. H. Makmillan qardaş, bu cəhətdən gözəl nümunə verdi. Gözətçi Qülləsi Cəmiyyətinin ilk prezidenti Ç. T. Rassel bir dəfə Makmillan qardaşın fikrini soruşdu: “Mən olmayanda rəhbərliklə kim məşğul ola bilər?” Müzakirənin davamı zamanı, gözəl imkan yarandığına baxmayaraq, Makmillan qardaş bir dəfə də olsun belə öz namizədliyini irəli sürmədi. Nəticədə, Rassel qardaş Makmillan qardaşdan bu tə’yinatı qəbul etmək barədə fikirləşməyi xahiş etdi. Çox illər keçdikdən sonra Makmillan qardaş yazırdı: “Ayaqlarım titrədi. Mən, buna çox ciddiliklə yanaşaraq, hər şeyi dərindən götür-qoy etdim və əlimdən gələn köməyi etməyə şad olduğumu ona deməzdən əvvəl, bir müddət dua etdim”.
14 Bundan qısa vaxt sonra Rassel qardaş vəfat etdi və Gözətçi Qülləsi Cəmiyyətinin prezidentlik vəzifəsi boş qaldı. Ç. Rassel qardaşın axırıncı təbliğ səfəri zamanı rəhbərlik işini Makmillan qardaş icra edirdi və bir qardaş ona dedi: “Mak, prezidentlik vəzifəsini almağa sənin böyük şansın var. Rassel qardaş səfərdə olanda, sən onun xüsusi nümayəndəsi idin və o, bizə buyurmuşdu ki, sənin dediyin hər şeyi edək. O, getdi və qayıtmadı. Görünür, rəhbərliyi öz üzərinə sən götürməli olacaqsan”. Makmillan qardaş cavab verdi: “Yox, qardaş, bu məsələyə belə yanaşmaq olmaz. Bu, Rəbbin işidir və sən, Rəbbin təşkilatında, Onun sənə verdiyi vəzifəni tutacaqsan; mən əminəm ki, bu iş mənim üçün deyil”. Sonra Makmillan qardaş bu vəzifəyə başqa namizəd irəli sürdü. Gidon kimi, o da özü barədə təvazökarlıqla düşünürdü - özümüz barədə biz də belə fikirdə olmalıyıq.
15. Biz, təbliğ edərkən, tədbirli olmağı praktikada necə tətbiq edə bilərik?
15 Aldığımız tapşırığı yerinə yetirməkdə biz də təvazökar olmalıyıq. Gidon ağılla davrandı və çalışdı ki, əbəs yerə öz düşmənlərinin qəzəbini alovlandırmasın. Təbliğ xidmətində insanlarla danışarkən, biz də təvazökar və tədbirli olmalıyıq. Düzdür, biz ruhani mə’nada mübarizə aparıb, “istehkamları” və “nəzəriyyələri” yıxırıq (2 Korinflilərə 10:4, 5). Lakin biz başqaları ilə təkəbbürlə danışmamalıyıq və çatdırdığımız müjdədən onların inciməsinə bir səbəb verməməliyik. Əksinə, onların nöqteyi-nəzərlərinə hörmət etməli, bizi birləşdirən şeylərə diqqəti artırmalı və fikri, təbliğ etdiyimiz müjdənin müsbət sahələrinə cəmləşdirməliyik (Həvarilərin işləri 22:1—3; 1 Korinflilərə 9:22; Vəhy 21:4).
İsa - təvazökarlığın ən gözəl nümunəsi
16. İsa özü barədə təvazökarlıqla düşündüyünü necə göstərdi?
16 Təvazökarlığın ən gözəl nümunəsini İsa Məsih göstəribc. Atası ilə sıx münasibətdə olmasına baxmayaraq, İsa tərəddüd etmədən e’tiraf edirdi ki, bə’zi məsələlər onun səlahiyyətinə daxil olmur (Yəhya 1:14). Məsələn, Yaqubla Yəhyanın anası xahiş edəndə ki, Padşahlıqda onun oğulları İsanın yanında otursunlar, İsa dedi: “Sağımda və ya solumda oturmağa izin vermək Mənim əlimdə deyildir” (Matta 20:20—23). Başqa bir halda İsa açıqca e’tiraf etdi: “Mən Öz-Özümdən bir şey edə bilmərəm... məqsədim öz iradəmi deyil, Məni göndərənin iradəsini yerinə yetirməkdir” (Yəhya 5:30; 14:28; Filipililərə 2:5, 6).
17. Başqaları ilə rəftarında İsa təvazökarlığı necə göstərdi?
17 İsa hər bir işdə qeyri-kamil insanlardan üstün idi və Atası Yeqova, ona, bənzəri olmayan səlahiyyət vermişdir. Buna baxmayaraq, öz davamçıları ilə rəftarında İsa təvazökarlıq göstərirdi. O öz biliyi ilə onları valeh etməyə çalışmırdı. O, həssaslıq və şəfqət göstərirdi, onların insani təlabatlarını nəzərə alırdı (Matta 15:32; 26:40, 41; Mark 6:31). Deməli, kamil insan olduğuna baxmayaraq, İsa maksimalist deyildi. O, heç zaman şagirdlərindən, onların bacardıqlarından artıq şey tələb etmirdi və heç zaman onları həddindən artıq əziyyətə salmırdı (Yəhya 16:12). Təəccüblü deyil ki, onunla ünsiyyətdə olarkən çoxları rahatlıq tapırdılar! (Matta 11:29).
Təvazökarlıqda İsadan nümunə götürün
18, 19. a) Özümüz barədə fikirləşərkən; b) başqaları ilə rəftar edərkən, təvazökar olmaqda İsadan necə nümunə götürə bilərik?
18 Əgər dünyada yaşamış ən böyük insan təvazökarlıq göstərmişdirsə, bunu etmək bizə daha çox vacibdir. Qeyri-kamil insanlar, tam səlahiyyətə malik olmadıqlarını çox vaxt e’tiraf etmirlər. Lakin İsadan nümunə götürməklə, məsihçilər təvazökar olmağa çalışırlar. Onlar yol vermirlər ki, tələblərə müvafiq olan şəxslərə vəzifə tapşırmaqda məğrurluq onlara mane olsun; onlar dikbaşlıq etmirlər və səlahiyyəti olan insanların verdikləri rəhbərliyə riayət etməkdən boyun qaçırmırlar. Onların göstərdikləri əməkdaşlıq ruhu, yığıncaqda hər şeyin “ədəblə və nizamla” icra olunmasına imkan yaradır (1 Korinflilərə 14:40).
19 Təvazökarlıq həmçinin bizi təşviq edəcək ki, başaqalarından bir şey gözlədikdə müdrik olaq və onların təlabatlarını nəzərə alaq (Filipililərə 4:5). Bəlkə də biz, başqalarında olmayan qabiliyyətlərə və ləyaqətlərə malikik. Buna baxmayaraq, əgər biz təvazökarıqsa, başqalarının həmişə bizim istədiyimiz kimi davranacaqlarına ümid etməyəcəyik. Biz, hər bir insanın imkanlarının məhdud olduğunu bilərək, digərlərinin qüsurlarını təvazökarlıqla nəzərə alacağıq. Peter yazırdı: “Hər şeydən əvvəl bir-birinizə coşğun məhəbbətiniz olsun, çünki məhəbbət bir çox günahın üstünü örtər” (1 Peter 4:8).
20. Qeyri-təvazökarlığa olan hər bir meyli biz necə aradan qaldıra bilərik?
20 Öyrəndiyimiz kimi, doğrudan da müdriklik təvazökar olanlarladır. Əgər özünüzdə qeyri-təvazökarlığa və ya özünə güvənmək hissinə meyl görürsünüzsə, bəs onda necə? Ruhdan düşməyin. Əvəzində, Davudun nümunəsini izləyin; o, dua edirdi: “Qulunu qəsdi günahlardan [“özünə güvənərək davranmaqdan”, YD] da qoru; onlar üzərimə krallıq etməsin” (Məzmur 19:13). İmanda Pavel, Gidon və əsasən də İsa Məsih kimi adamlardan nümunə götürməklə, biz: “Müdriklik təvazökar olanlarladır” sözlərinin həqiqət olduğuna şəxsən əmin olacağıq (Süleymanın məsəlləri 11:2, YD).
[Haşiyələr]
a “Xidmətkar” kimi tərcümə edilən Yunan sözü, böyük gəmidə aşağı sırada oturub avar çəkən qul mə’nasını verə bilər. “Təsərrüfatçıya” isə, əmlakın qeydinə qalmaq kimi böyük məs’uliyyət e’tibar edə bilərdilər. Ancaq sahiblərin əksəriyyəti üçün “təsərrüfatçılar”, çoxavarlı gəmidə avar çəkən qul kimi idilər.
b Gidonun ağıllı və ehtiyatlı olmasını qorxaqlıq əlaməti kimi anlamaq lazım deyil. Onun cəsarəti İbranilərə 11:32—38 təsdiq olunur və orada Gidon “qüvvətlənən” və “döyüşdə möhkəm olan” şəxslər arasında xatırlanır.
c Təvazökarlıq, bir kimsənin imkanlarının məhdudluğunu anlamağı özünə daxil etdiyi üçün, Yeqova haqqında demək olmaz ki, O, təvazökardır. Amma O, lütfkardır. Məzmur 18:35-də oxuyuruq: “Lütfün məni böyük etdi”.
Yadınızdadırmı?
• Təvazökarlıq nədir?
• Təvazökarlıqda Paveldən necə nümunə götürə bilərik?
• Biz, Gidonun nümunəsindən təvazökarlıq barədə nə öyrənə bilərik?
• İsa, təvazökarlığın ən gözəl nümunəsini necə göstərdi?
[25-ci səhifədəki şəkil]
Pavel öz təvazökarlığı ilə həmimanlılarının məhəbbətini qazandı
[26-cı səhifədəki şəkil]
Gidon, Allahın iradəsini yerinə yetirməkdə ehtiyatlı davrandı
[28-ci səhifədəki şəkil]
Allahın Oğlu İsa, hər bir işdə təvazökarlıq göstərir