Niyyətlərimizdə nəyə görə müdrik olmalıyıq?
NİYYƏTLƏRİMİZİN və cəhdlərimizin həyata keçməsi məmnunluq hissi gətirir. Lakin e’tiraf etmək lazımdır ki, bütün arzu və istəklərimiz heç də istədiyimiz kimi həyata keçmir. Növbəti dəfə mə’yusluğa qapılanda, biz özümüzə və hətta başqalarına da qəzəblənirik. Bir müdrik insan düzgün qeyd edib: “Başqa günə atılan ümid ürəyi xəstə edər” (Süleymanın məsəlləri 13:12).
Mə’yusluğa səbəb olan amil nədir? Niyyətlərimizdə müdrik olmağı necə öyrənə bilərik? Bundan əlavə, bu nə üçün bizə faydalıdır?
Niyyətlər və mə’yusluq
Bugünkü çox sür’ətli həyat ahəngində, hərdən bizə elə gəlir ki, zamanla ayaqlaşmağa nə qədər çox çalışırıqsa, bir o qədər də az vaxt tapırıq. Həyat bizə həmişə amansız tələblər təqdim edir və biz nəyəsə nail ola bilməyəndə özümüzü mühakimə etməyə və hətta kiminsə ümidini doğrultmadığımızı düşünməyə başlayırıq. Həyat yoldaşı və ana olan Sintiya, uşaqları tərbiyə etməyin nə dərəcədə çətin olduğunu bilərək, deyir: “Uşaqlarımı ardıcıl olaraq cəzalandırmamağım və ümumiyyətlə, onları düzgün tərbiyə etməməyim mənə əzab verir”. Gənc qız Stefani öz təhsili haqqında bunları deyir: “Etmək istədiyim hər şeyə vaxtım çatmır, bu isə məni əsəbləşdirir”.
Əgər insanın niyyətləri həddindən artıq yüksəkdirsə, o insanda hər şeydə mükəmməlliyə nail olmaq meyli asanlıqla yarana bilər, bu isə çox vaxt böyük mə’yusluğa gətirib çıxarır. Ben adlı evli gənc bir kişi e’tiraf edir: “Mən hər dəfə öz hərəkətlərimi, düşüncələrimi və duyğularımı yoxlayanda görürərəm ki, hansısa çəhətdən daha yaxşı davrana bilərdim. Mən həmişə mükəmməlliyə can atıram, nəticədə isə yalnız dilxorluq və mə’yusluq yaranır”. Qeyl adlı evli bir məsihçi qadın isə belə deyir: “Özünə qarşı tələbkar olan insan üçün, uğursuzluq ağlasığmaz görünür. Özünə qarşı tələbkar olan bizlər, çox yaxşı ana və çox yaxşı həyat yoldaşı olmaq istəyirik. Razı qalmaq üçün, bizə görünən nəticələr gərəkdir, buna görə də, cəhdlərimiz faydasız olanda bizi peşmançılıq bürüyür”.
Mə’yusluğa səbəb ola bilən digər amillər isə səhhətin pozulması və qocalıqdır. İnsanın çevikliyi və qüvvəsi azalanda o öz imkanlarının məhdud olduğunu hiss edir və daha çox kədərlənməyə başlayır. Elizabet e’tiraf edərək deyir: “Mən, xəstələnməzdən əvvəl etdiyim kimi, hər şeyi asan və adətən olduğu kimi edə bilmədiyim üçün çox kədərlənirdim”.
Beləliklə, bunların hamısı, bizdə mə’yusluq hissinin nə üçün yaranmasının səbəblərini göstərir. Əgər belə hisslər idarə olunmazsa, onlar belə fikir yarada bilər ki, bizi heç kim qiymətləndirmir. Bəs mə’yusluğun öhdəsindən gəlməyə bizə nə kömək edə bilər və niyyətlərimizdə müdrik olmağı necə öyrənmək olar?
Niyyətlərimizdə müdrik olmağın üsulları
Birincisi, xatırlayın ki, Yeqova müdrik və anlayışlı Allahdır. Məzmur 103:14 bizə xatırladır: “Yaradılışımızı bilir; xatırlıyır ki, biz torpağıq”. Yeqova imkanlarımızın məhdudluğunu bilir və bizdən yalnız gücümüz çatan şeyləri gözləyir. Belə tələblərdən biri, “Allahınla alçaq könüllü [“təvazökar”, YD] olaraq yeriməkdən” ibarətdir (Mika 6:8).
Eyni zamanda Yeqova bizi təşviq edir ki, duada Ona müraciət edək (Romalılara 12:12; 1 Saloniklilərə 5:17). Bəs bu bizə necə kömək edə bilər? Duanın sayəsində bizim düşüncəmiz sabitləşir və tarazlaşır. Ürəkdən edilən dua, köməyə ehtiyacımız olduğuna sübut, təvəzökarlıq və itaətkarlıq nişanəsidir. Yeqova dualarımıza hazırlıqla cavab verir və məhəbbət, lütfkarlıq, yaxşılıq, özünə hakim olmaq kimi səmərələri olan müqəddəs ruhu bizə bəxş edir (Luka 11:1; Qalatiyalılara 5:22, 23). Bundan əlavə, dua, narahatçılıq və narazılıqdan azad olmağa da kömək edir. Elizabetin dediklərinə görə, dua vasitəsilə “insan, əvəzolunmaz təsəlli alır”. Kevin buna bənzər fikir söyləyir: “Mən, problemin öhdəsindən gəlmək üçün, həlim ürək və aydın düşüncə haqqında dua edirəm. Yeqova heç bir vaxt məni köməksiz qoymur”. Həvari Pavel duanın nə dərəcədə dəyərli olduğunu bildiyi üçün məsləhət edirdi: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7). Bəli, duada Yeqova ilə ünsiyyətdə olmaq, doğrudan da bizə, özümüzdən və başqalarından gözlədiklərimizə münasibətdə daha müdrik olmağa kömək edir.
Lakin bə’zən kiminsə təsəllisinə çox ehtiyacımız olur. Vaxtında deyilən söz necə də yaxşıdır! Yaxın olan yetkin dostla söhbət etmək, hərdən mə’yusluq və ya narahatçılıq yaradan hadisələrə başqa cür baxmağa kömək edir (Süleymanın məsəlləri 15:23; 17:17; 27:9). Mə’yusluqla mübarizə aparmalı olan gənc oğlan və qızlar əmin olurlar ki, valideyn məsləhəti onlara daha tarazlaşmış olmağa kömək edir. Kandi adlı bir qız minnətdarlıqla deyir: “Valideynlərimin sevgi dolu məsləhətləri sayəsində mən daha düşüncəli və tarazlaşdırılmış oldum və mənimlə ünsiyyətdə olmaq başqalarına xoş oldu”. Bəli, Süleymanın məsəlləri 1:8, 9 ayəsində xatırlanan məsləhət yerlidir: “Oğlum, atanın tə’limini dinlə və ananın öyrətdiyini buraxma; çünki onlar sənin başına sevimli bir çələng və boynuna boyunbağı olacaqlar”.
Həddindən artıq tələbkar insanın düşüncəsinin nəyə gətirib çıxartması, bir məsəldə çox yaxşı ifadə olunur: “Gözləmə ki, həyat sənin ölçülərinlə biçiləcəkdir, əks halda səni mə’yusluq gözləyir”. Bunun baş verməməsi üçün, düşüncə tərzini dəyişmək lazımdır. Sadəlik və təvazökarlıq - başqa sözlərlə desək, şəxsi məhdudiyyətlərimizə real baxış - bizdə yalnız tarazlaşdırılmış və müdrik niyyətlər oyadacaqdır. Romalılara 12:3 ayəsindəki sözlər bizi xəbərdar edir: “Özünüzə lüzumundan çox əhəmiyyət verməyin”. Bundan əlavə, Filipililərə 2:3 ayəsindəki sözlər bizi təvazökar olmağa və bir-birimizi özümüzdən üstün saymağa təşviq edir.
Yuxarıda xatırlanan Elizabet, xəstəliyinə görə çox kədərlənirdi. Onun öz problemlərinə Yeqovanın nöqteyi-nəzəri ilə baxması və Allahın bizim xidmətimizi unutmaması fikrindən təsəlli alması üçün vaxt tələb olunurdu. Üzücü xəstəlik Kolin adlı bir kişini yorğan-döşəyə bağlamışdı. Sağlam olarkən etdiyi xidmətlə müqayisədə indiki xidmətinin dəyərsiz olmasına dair hisslərdən, əvvəlcə azad ola bilmirdi. Lakin 2 Korinflilərə 8:12 ayəsi üzərində düşünmək, ona bu hisslərin öhdəsindən gəlməyə kömək etdi. Bu mətndə deyilir: “Əgər şövq varsa, insanda olmayan mala görə deyil, olan mala görə məqbuldur”. Kolin deyir: “Çox edə bilmədiyimə baxmayaraq, nə isə edə bilirəm və Yeqova bunu qiymətləndirir”. İbranilərə 6:10 ayəsində belə bir xəbərdarlıq tapırıq: “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun”.
Bəs niyyətlərimizin müdrik olub olmadığını necə müəyyən etmək olar? Özünüzdən soruşun: “Mənim niyyətlərim, Yeqovanın niyyətlərinə müvafiqdirmi?” Qalatiyalılıra 6:4 ayəsində deyilir: “Qoy hər kəs öz işini sınasın və o zaman başqası ilə deyil, özü ilə iftixara səbəb olsun”. İsanın sözlərini yada salın: “Boyunduruğum asan və yüküm yüngüldür”. Bəli, biz məsihçilərin üzərinə boyunduruq qoyulub. Ancaq o rahat və yüngüldür və İsanın və’d etdiyi kimi, əgər biz ondan düzgün istifadə etməyi öyrənsək, o bizə təravət gətirəcəkdir (Matta 11:28—30).
Müdrik niyyətlər mükafatlandırılır
Allahın Kəlamına qulaq asaraq və oradakı məsləhətləri tətbiq edərək, biz niyyətlərimizdə müdrik olmağı öyrənəcəyik. Belə davranaraq biz yalnız indi yox, illər keçəndən sonra da yaxşı səmərələr əldə edəcəyik. Birincisi, bu bizim fiziki vəziyyətimizə yaxşı tə’sir edir. 22 yaşlı Cennifer, Yeqovanın xatırlatmalarının ona necə fayda gətirdiyini e’tiraf edir: “Mən, həyat qüvvəsinin böyük yüksəlişini hiss edirəm”. Süleymanın məsəlləri 4:21, 22-də inadla məsləhət olunur ki, Yeqovanın dediklərindən gözümüzü ayırmayaq və onları ürəyimizdə qoruyaq, “çünki onları tapanlar üçün həyat və bütün bədənləri üçün şəfadırlar”.
İkincisi, bu bizim ruhi və emosional vəziyyətimizə müsbət tə’sir göstərir. Tereza deyir: “Mən, Allahın Kəlamının zehnimə və ürəyimə tə’sir etməsinə imkan verəndə, özümü daha xoşbəxt hiss edirəm”. Əlbəttə, biz həyatda hələ çox mə’yusluqlarla toqquşacağıq. Ancaq onlara tab gətirmək bizə asan olacaqdır. Yaqub 4:8 ayəsi təşviq edir: “Allaha yaxınlaşın və O da sizə yaxınlaşar”. Həmçinin Yeqova və’d edir ki, bizi həyati sınaqlarda gücləndirəcək və sülh ilə xeyir-dualandıracaq (Məzmur 29:11).
Əgər biz niyyətlərimizdə müdrikiksə, ruhani tarazlığı qorumuş oluruq. Bu isə öz-özlüyündə xeyir-duadır. Biz diqqətimizi həyatda “ən üstün” şeylərə mərkəzləşdiririk (Filipililərə 1:16). Məqsədlərimiz həqiqətə çevrilir və əlverişli olur, bu da böyük sevinc və məmnunluq gətirir. Bundan əlavə, Yeqovanın hər şeyi bizim xeyrimizə edəcəyini bilərək, böyük həvəslə Ona arxalanırıq. Peter də’vət edir: “Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın” (1 Peter 5:6). Yeqovanın xeyirxahlığından yaxşı mükafat nə ola bilər?
[32-ci səhifədəki şəkillər]
Əgər niyyətlərimizdə müdrik olmağı öyrəniriksə, kədərin və ümidsizliyin öhdəsindən gəlmək bizə asan olacaqdır