Allahın valehedici işlərinə qarşı diqqətli olun
“Ya RƏB Allahım [“Yeqova”, YD], yaratdığın xariqələr [“valehedici işlərin”, YD] və bizim üçün düşüncələrin çoxdur; sənə bənzəyən yoxdur” (MƏZMUR 40:5).
1, 2. Allahın valehedici işlərinə şəhadət edən nədir və bu bizi nəyə təşviq etməlidir?
MÜQƏDDƏS Kitabı oxuyarkən, Allahın öz qədim xalqı İsrail üçün etdiyi valehedici işlər haqqında öyrənirik (Yeşu 3:5; Məzmur 106:7, 21, 22). Bizim günlərdə Yeqova, insanların işinə bu cür qeyri-adi tərzdə müdaxilə etməsə də, ətraf mühit Onun valehedici işləri haqqında parlaq surətdə şəhadət edir. Məzmurçunun sözlərinə qoşularaq, ucadan: “Ya RƏB, işlərin nə çoxdur! Onların hamısını hikmətlə etdin; Yer sənin sərvətinlə dolu” deməyə bizim də tam əsasımız var (Məzmur 104:24; 148:1—5).
2 Bu gün insanların çoxu Yaradanın fəaliyyətinin aşkar sübutlarını görmür və ya onları inkar edirlər (Romalılara 1:20). Ancaq Allahın valehedici işləri üzərində düşünmək, bizim üçün çox faydalı olardı. Bu bizə, Allahın yanında hansı mövqeyi tutduğumuzu anlamağa və Onun qarşısında olan məs’uliyyətimizi dərk etməyə kömək edəcəkdir. Bu işdə, “Eyub” kitabının 38-dən 41-ə qədər olan fəsilləri gözəl bir kömək kimi xidmət edir. Həmin fəsillərdə Yeqova Eyubu, özünün bə’zi valehedici işlərinə diqqət yetirməyə də’vət edir. Beləliklə, gəlin Yeqovanın bununla əlaqədar Eyuba verdiyi bə’zi vacib sualları nəzərdən keçirək.
Böyük qüvvə haqqında şəhadət edən valehedici işlər
3. Eyub 38:22, 23, 25—29 ayələrinə əsasən, Allah Eyuba hansı sualları verdi?
3 Allah Eyubdan soruşur: “Qarın xəzinələrinə girdinmi və dolunun xəzinələrini gördünmü? Mən onları sıxıntı vaxtı üçün, cəng və hərb günü üçün saxlamaqdayam”. Çox yerlərdə qar və dolu adi bir haldır. Sonra Allah davam edir: “Yağmurun seli üçün arxı, ildırım üçün də yolu kim açdı? Ta ki, insansız yerin üzərinə, içində adam olmayan çöl üzərinə yağdırsın; çölü və boş yeri doyursun və təzə ot bitirsin. Yağmurun atası varmı? Yaxud şeh damlalarının atası kim? Buz kimin bətnindən çıxdı? Və göylərin qırovunu kim doğurdu?” (Eyub 38:22, 23, 25—29).
4-6. Nəyə görə insanlar qar haqqında hər şeyi bilmək iqtidarında deyillər?
4 Sür’ətli həyat tempi xas olan cəmiyyətdə, bə’ziləri qarın hərəkət etmək üçün maneçilik törətdiyini düşünürlər. Çoxları isə qarı, qış gözəlliklərinə və bir çox başqa əyləncəli məşğuliyyətlərə imkan yaradan bir şey kimi qəbul edirlər. Lakin gəlin Allahın sualını xatırlayaraq, onun üzərində düşünək: biz qarı, heç olmazsa onun zahiri görünüşünü yaxşımı öyrənmişik? Biz hamımız, istər təbiətin özündə, istərsə də şəkillərdə qar yığını görmüşük. Bəs ayrı-ayrı qar dənələri haqqında nə demək olar? Bizlərdən kim qar dənələrini “xəzinələrində” tədqiq edib və onların hər birinin görünüşünün necə olduğunu bilir?
5 Bə’zi alimlər, artıq onilliklərdir ki, qar dənələrini öyrənir və onların şəkillərini çəkirlər. Qar dənəsinin hər biri, formasına görə sonsuz dərəcədə müxtəlif, kiçik və qəşəng olan 100-ə yaxın buz kristallarından ibarət ola bilər. Bir kitabda belə sözlər oxuyuruq: “Qar dənələrinin sonsuz müxtəlifliyi hamıya mə’lumdur. Alimlər iddia edirlər ki, qar dənələrinin bir-birinə bənzər olmasına təbiətin heç bir qanunu mane olmur, ancaq buna baxmayaraq hələ ki, heç kim oxşar qar dənələrinə təsadüf etməmişdir. Qar dənələrini 40 ildən artıq öyrənmiş və mikroskop altında onların şəkillərini çəkmiş... Uilson Bentli miqyasına görə böyük tədqiqat aparmışdır. Bununla belə, o, eynilə bir-birinə bənzəyən iki qar dənəsi tapmamışdır” (“Atmosphere”). Lakin birdən iki eyni cür qar dənəsi tapılsaydı, məgər bu vəziyyət, bu cür qeyri-adi müxtəlifliyin mö’cüzəsini qiymətdən sala bilərdimi?
6 Allahın verdiyi sualı xatırlayaq: “Qarın xəzinələrinə girdinmi?” Çoxları düşünürlər ki, buludlar qarın xəzinəsidir. Belə bir xəzinəyə girmək və sonsuz dərəcədə müxtəlif olan qar dənələrini siyahıya almaq, yaxud onların necə əmələ gəldiyini anlamaq ağlabatan işdirmi? Təbiətşünaslıq üzrə bir ensiklopediyada deyilir: “Buluddakı su damlalarının -40°S temperaturda donmasına səbəb olan buz kristalları nüvəsinin xassəsi və əmələ gəlməsi hələ də mə’lum deyil” (Məzmur 147:16, 17; İşaya 55:9, 10).
7. İnsanların yağış haqqındakı bilikləri nə dərəcədə genişdir?
7 Bəs yağmur haqqında nə demək olar? Allah Eyubdan soruşdu: “Yağmurun atası varmı? Yaxud şeh damlalarının atası kim?” Təbiətşünaslıq üzrə həmin ensiklopediyada qeyd olunur: “Atmosferdə hava kütlələrinin yerdəyişmə mürəkkəbliyini, havada rütubət və zərrəciklərin saxlanılmasının dəyişkənliyini nəzərə alaraq, buludların formalaşması və yağıntının tökülməsi ilə əlaqədar ətraflı universal nəzəriyyə yaratmaq qeyri-mümkün görünür”. Alimlər bununla əlaqədar müxtəlif nəzəriyyələr irəli sürsələr də, onlardan heç kim yağışın necə əmələ gəldiyini ətraflı olaraq izah etmək iqtidarında deyildir. Bununla belə, həyat üçün vacib olan yağış torpağı sulayır, bitkilərə həyat verir və həyatımızın nəinki mümkün olması üçün, hətta onun xoş keçməsi üçün şərait yaradır.
8. Pavelin Həvarilərin işləri 14:17 ayəsində yazdığı sözlərlə nəyə görə razılaşmaq olar?
8 Həvari Pavelin çıxardığı nəticə ilə kim razı olmaz? O, insanları bu valehedici işlərdə, onları yaradan Şəxs haqqında dəlilləri görməyə təşviq edir. Pavel, Yeqova Allah haqqında deyir: “Göydən bizə yağmurlar və səmərəli mövsümlər verərək, ürəklərimizi qida və sevinclə doldurub, yaxşılıq edərək, Özünü şahidsiz qoymamışdır” (Həvarilərin işləri 14:17; Məzmur 147:8).
9. Allahın valehedici işləri Onun qüvvəsi haqqında necə şəhadət edir?
9 Bu valehedici və faydalı işlərin Yaradanının böyük müdrikliyə və qüvvəyə malik olmasına şübhə etməyə ehtiyac yoxdur. Onun qüvvəsi ilə əlaqədar bunları düşünün: hər gün təxminən 45 000, yə’ni ildə 16 milyondan artıq tufan olur. Hal-hazırda bütün dünyada 2 000-ə yaxın tufan baş verir. Yalnız bir tufana səbəb olan buludların məcmusu, İkinci dünya müharibəsi zamanı tətbiq edilən on və ya daha artıq nüvə bombasının daşıdığı enerjiyə malikdir. Bu enerji qismən heyranedici ildırım şəklində ayrılır. Bu qüdrətli ildırımlar qorxu hissi oyatmaqdan əlavə, torpağa düşərkən bitkilər üçün təbii gübrə kimi xidmət edən azot növlərinin əmələ gəlməsinə də səbəb olur. Bəli, ildırımlar yalnız enerjini görməyə imkan yaratmır, həmçinin çoxlu fayda da gətirir (Məzmur 104:14, 15).
Valehedici işlərin üzərində düşünmək sizi nəyə təşviq edir?
10. Eyub 38:33—38 ayələrində ifadə olunmuş suallara siz necə cavab verərdiniz?
10 Özünüzü Eyubun yerinə qoyaraq, Qadir Allahın sizə suallar verdiyini təsəvvür edin. Yəqin çoxumuz razılaşacağıq ki, adətən insanlar Allahın valehedici işlərinə az diqqət yetirirlər. Eyub 38:33—38 ayələrində Yeqovanın soruşduqları barədə oxuyuruq: “Göylərin qanunlarını bilirsənmi? Onun hökumətini yer üzündə qura bilərsənmi? Səsini buludlara yüksəldə bilərsənmi ki, su bolluğu səni örtsün? Şimşəkləri çıxara bilərsənmi ki, çıxsınlar və sənə: Budur buradayıq, desinlər? Kim ürəyə hikmət qoydu? Yaxud zehnə kim anlayış verdi? Kim buludları hikmətlə saya bilər? Və göylərin dolçalarını kim boşalda bilər? O zaman ki, torpaq gil kimi sərtləşər və torpaqlar bir-birinə yapışar?”
11, 12. Allahın, valehedici işlərin Yaradanı olmasına dair hansı sübutlar var?
11 Biz, Elihunun Eyubla bölüşdüyü yalnız bir neçə fikrə toxunduq və sonra “kişi kimi” cavab verməsi üçün Yeqovanın Eyuba verdiyi bə’zi suallara diqqət yetirdik (Eyub 38:3). Ona görə “bə’zi” deyirik ki, “Eyub” kitabının 38-ci və 39-cu fəsillərində Yeqova öz yaratdıqlarının digər diqqətəlayiq yönləri haqqında da danışır. Məsələn, O, ulduzlar topası barədə söz salır: onların nizamnaməsini və qanunlarını kim bilir? (Eyub 38:31—33). Yeqova, Eyubun diqqətini bə’zi heyvanlara — dişi aslana və qarğaya, dağkeçisinə və zebraya (YD), vəhşi öküzə (YD) və dəvəquşuna, həmçinin qartala və ata yönəldir. Mahiyyət e’tibarilə, Allah Eyubdan, bu heyvanları, onların səciyyəvi xüsusiyyətlərini, vərdişlərini və həyatlarını tam surətdəmi öyrəndiyini soruşur. Əgər at və ya başqa heyvanlar xoşunuza gəlirsə, bu fəsilləri nəyə görə sərbəst olaraq araşdırmayasınız? (Məzmur 50:10, 11).
12 Həmçinin 40-cı və 41-ci fəsilləri də öyrənmək olar. Bu fəsillərdə, Yeqova Eyubu iki heyvan haqqındakı suallara cavab verməyə təşviq edir. Burada söhbət, nəhəng və güclü begemotdan və vahimə doğuran nil timsahından (leviafandan) gedir. Onlardan hər biri — diqqətimizə layiq olan yaradılışın mö’cüzəsidir. Beləliklə, gəlin görək bu varlıqların üzərində düşünmək bizi nəyə təşviq etməlidir?
13. Allahın sualları Eyuba necə tə’sir bağışladı və onlar bizə necə tə’sir bağışlamalıdır?
13 Biz “Eyub” kitabının 42-ci fəslindən, Allahın suallarının Eyuba necə tə’sir bağışladığını öyrənirik. Xatırlayaq ki, əvvəllər Eyub özünə və başqalarına həddindən artıq diqqət yetirirdi. Lakin Yeqovadan, sual formasında ifadə edilən məsləhəti qəbul edərək, Eyub öz düşüncə tərzini dəyişdi. O, e’tiraf etdi: “Sən hər şeyi edə bilərsən, bilirəm və heç bir muradının qarşısı alına bilməz. Təqdiri bilgisiz olaraq qaraldan bu adam kim? Bundan ötrü anlamadığım şeyləri söylədim, məndən üstün olan bilmədiyim valehedici şeyləri” (Eyub 42:2, 3). Yeqovanın təəccüblü işlərinə diqqət yetirdikdən sonra, Eyub onları “özü üçün valehedici” adlandırdı. Bu yaradılış mö’cüzələrini gözdən keçirərkən, Allahın böyük müdrikliyi və qüvvəsi eyni tərzdə bizə də təəssürat bağışlamalıdır. Biz böyük qüvvət və qüdrət qarşısında sadəcə ehtiram hissimi duymalıyıq? Yoxsa başqa nəyəsə təşviq olunmalıyıq?
14. Allahın valehedici işləri Davudu nəyə təşviq edirdi?
14 Buna bənzər fikri, Davud 86-cı məzmurda ifadə etdi. O, bundan əvvəlki məzmurlarından birində artıq belə sözlər yazmışdı: “Göylər Allahın izzətini bəyan edər; və göy qübbəsi əllərinin işini e’lan eylər. Gün günə söz söylər və gecə gecəyə bilgi göstərər” (Məzmur 19:1, 2). Ancaq Məzmur 86:10, 11 ayələrində Davud davam edir: “Çünki böyüksən və valehedici işlər yaradan sənsən; yalnız Allah sənsən. Ya RƏB, yolunu mənə öyrət; sənin həqiqətində yeriyim; ismindən qorxmaq üçün ürəyimi möhkəmlət”. Davud mö’cüzələrin, yə’ni valehedici işlərin Yaradanına valeh olaraq, buna bənzər hörmətkar qorxu hissi keçirirdi. Bunun səbəbi tamamilə aydındır. O, bu cür valehedici işləri yaratmağa qadir olan Şəxsə məqbul olmayan şeyləri etməkdən qorxurdu. Belə işlərdən biz də çəkinməliyik.
15. Davud, Allahın önündə nəyə görə hörmətkar qorxu hissi təzahür etdirirdi?
15 Görünür, Davud çox vacib bir şeyi dərk edirdi: Allah fövqəl’adə qüvvəyə malik olduğu üçün, bu təbii qüvvələri Onun hökmünə layiq olan kəslərə tərəf yönəldə bilər. Bunun nəticəsi onlar üçün heç də yaxşı olmaz. Allahın Eyubdan soruşduqlarını xatırlayın: “Qarın xəzinələrinə girdinmi və dolunun xəzinələrini gördünmü? Mən onları sıxıntı vaxtı üçün, cəng və hərb günü üçün saxlayıram” (Eyub 38:22, 23). Qar, dolu, fırtına, külək və ildırım Allahın silahıdır. Bu ünsürlər necə də fövqəl’adə bir qüvvəyə sahibdirlər!
16, 17. Allahın qorxu doğuran qüvvəyə malik olduğunu hansı nümunədə görmək olar və O, bu qüvvədən keçmişdə necə istifadə edirdi?
16 Ehtimal ki, yaşadığınız ərazidə baş verən qasırğa, tayfun, siklon, dolu və daşqınların törətdiyi faciəli hadisələri xatırlayırsınız. Misal üçün: 2000-ci ilin əvvəlində Avropanın cənub-qərbində, mütəxəssisləri belə təəccübləndirən güclü fırtına oldu. Sür’əti saatda 200 kilometrə çatan fırtınalı külək minlərlə evlərin damlarını qopardı, yüksəkvoltlu xətləri yıxdı və yük maşınlarını çevirdi. Bircə təsəvvür edin: fırtına 270 milyon ağacı kökündən qopardı və ya sındırdı. Paris yaxınlığında yerləşən yalnız Versal parkında 10 000-ə yaxın ağac sındırdı. Milyonlarla evlər işıqsız qaldı. Təxminən 100-ə yaxın adam həlak oldu. Və bütün bunların hamısı qısa müddətli fırtınanın nəticəsidir. Həqiqətən də böyük qüvvədir!
17 İnsanlar belə hadisələri havanın tərsliyi və ya idarə olunmayan ünsürlər adlandırırlar. Bəs valehedici işlər edən Qadir Allah bu qüvvələri idarə edərək onları məqsədyönlü tərzdə tətbiq etsəydi, onda necə olardı? O, buna bənzər işi İbrahimin günlərində etmişdi. İbrahim bu hadisədən öyrəndi ki, bütün yer üzünün Hakimi, bu iki şəhərin — Sodom və Homorranın qanunsuzluqlarının nə qədər çox olduğunu ölçüb-biçmişdir. Bu şəhərlər mə’nəvi cəhətdən o dərəcədə pozğun idilər ki, onlara qarşı olan fəryad Allaha çatırdı. Qadir Allah qayğı göstərdi ki, bütün salehlər mühakimə olunmuş bu şəhərlərdən çıxmağa macal tapsınlar. Tarixi bir sənəddə yazılır: “Və RƏB Sodom üzərinə və Homorra üzərinə RƏB tərəfindən göylərdən kükürd və atəş yağdırdı”. Bu da salehlərin xilasına və islah olunmayan qanunsuzların məhv olunmasına tərəf Allahın yönəltdiyi mö’cüzə idi (Təkvin 19:24).
18. “İşaya” kitabının 25-ci fəsli diqqətimizi hansı valehedici işlərə yönəldir?
18 Bir dəfə Allah qədim Babili buna bənzər şəkildə mühakimə etdi; ehtimal ki, “İşaya” kitabının 25-ci fəslində bu şəhər haqqında danışılır. Allah qabaqcadan bildirdi ki, Babili viranəyə çevirəcək: “Çünki sən şəhəri bir daş yığınına; divarlı şəhəri bir viranəyə çevirdin, əcnəbilərin sarayını şəhər vəziyyətindən çıxardın; əbədiyyən qurulmayacaqdır” (İşaya 25:2). Bu sözlərin doğruluğunu, qədim Babilin yerləşdiyi yeri ziyarət edən kəslər təsdiq edə bilərlər. Bu hadisəni tarixi təsadüf adlandırmaq olarmı? Xeyr. Biz İşayanın sözlərinə e’tibar edə bilərik: “Ya RƏB, Allahım sənsən; səni yüksəldərəm, sənin isminə həmd edərəm; çünki sən valehedici şeylər yaratdın, əzəldən qurulmuş niyyətlər, sədaqət və həqiqət” (İşaya 25:1).
Gələcəkdə baş verəcək valehedici işlər
19, 20. İşaya 25:6—8 ayələrindəki peyğəmbərlik necə yerinə yetəcək?
19 Babil haqqında yuxarıda qeyd olunan peyğəmbərliyi, Allah keçmişdə icra etdi və buna bənzər valehedici işləri gələcəkdə də etmək niyyətindədir. Allahın “valehedici işləri” barədə xatırladılan sözlərin kontekstində, gələcəkdə yerinə yetəcək e’tibarlı peyğəmbərlik tapırıq və şübhə etməmək olar ki, Allahın Babil üzərində yerinə yetən hökmü kimi bu peyğəmbərlik də eyni dəqiqliklə yerinə yetəcəkdir. Bu peyğəmbərlikdə hansı valehedici iş haqqında və’d verilir? İşaya 25:6 ayəsində deyilir: “Bu dağda orduların RƏBBİ bütün xalqlara yağlı şeylərdən bir ziyafət, köhnə şərablardan, iliklə dolu yağlı şeylərdən, süzmə köhnə şərablardan ziyafət verəcək”.
20 Bu sözlər Allahın və’d etdiyi və artıq astana ağzında duran yeni dünyada mütləq yerinə yetəcəkdir. O zaman bəşəriyyət, bu qədər insana əziyyət verən iztirablardan azad ediləcəkdir. İşaya 25:7, 8 ayələrinin peyğəmbərlik sözləri bizi əmin edir ki, Allah, bütün dövrlərin ən valehedici işlərindən birini həyata keçirmək üçün, özünün yaradıcılıq qabiliyyətindən istifadə edəcəkdir: “Bütün xalqları örtən örtüyün üzünü, bütün millətlər üzərinə çəkilmiş pərdəni bu dağda yox edəcək. Ölümü əbədiyyən uddu; və RƏB Yeqova bütün üzlərdən göz yaşlarını siləcək; və bütün dünya üzərindən xalqının rüsvayçılığını qaldıracaq; çünki RƏB söylədi”. Daha sonra həvari Pavel bu peyğəmbərliyi, Allahın dirilmə vasitəsilə ölüləri həyata qaytaracağını göstərmək üçün sitat gətirdi. Bu həqiqətən də valehedici iş olacaqdır! (1 Korinflilərə 15:51—54).
21. Ölülər üçün Allah hansı valehedici işləri edəcəkdir?
21 İnsanlar iztirablardan azad ediləcəkləri üçün, kədər yaşları da bir daha mövcud olmayacaq. Xatırlayaq ki, yer üzündə olanda İsa çoxlarına şəfa verirdi: korların gözləri, karların qulaqları açılırdı, şikəstlər sağalırdılar. Biz, Yəhya 5:5—9 ayələrində, artıq 38 il ərzində iflic olan bir adamın sağalması haqqında oxuyuruq. Hadisənin şahidi olanlar, bunu mö’cüzə, yə’ni valehedici iş hesab edirdilər. Bu həqiqətən də belə idi! Lakin İsa ölülərin dirilməsinin daha valehedici iş olacağını söylədi: “Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar” (Yəhya 5:28, 29).
22. Yoxsullar və məzlumlar nəyə ümid edə bilərlər?
22 Bunların həyata keçəcəyinə şübhə etməmək olar, çünki Yeqovanın iradəsi belədir. Biz əmin ola bilərik ki, Allahın Öz həyatverici qüvvəsini qənaətcil tərzdə tətbiq etməsi gözəl səmərələr gətirəcəkdir. 72-ci məzmurda Onun öz Oğlu, Padşah İsa Məsih vasitəsilə həyata keçirəcəyi işlər barədə danışılır. O günlərdə sülh bolluğu olacaqdır. Allah yoxsulları və məzlumları xilas edəcəkdir. O və’d edir: “Yerdə, dağlar başında, buğda bolluğu olsun; səmərəsi Livan kimi dalğalansın; və şəhərdən olanlar yerin otu kimi çiçəklənsin” (Məzmur 72:16).
23. Allahın valehedici işləri bizi nəyə təşviq etməlidir?
23 Bəli, Allahın valehedici işlərinə — Onun keçmişdə etdiyi, indi etmək üzrə olduğu və yaxın gələcəkdə həyata keçirməyi və’d etdiyi işlərə qarşı diqqətli olmağa səbəblərimiz çoxdur. “RƏB Allah, İsrailin Allahı, mübarək olsun; valehedici işlər yaradan ancaq odur; və izzətli ismi əbədiyyən mübarək olsun; və bütün yer üzü onun izzətilə dolsun. Amin və amin” (Məzmur 72:18, 19). Gəlin, həmişə bu valehedici işlər haqqında qohumlarımıza və başqa insanlara həvəslə danışaq. Bəli, “Onun izzətini millətlər arasında, valehedici işlərini bütün xalqlar arasında e’lan” edək (Məzmur 78:3, 4; 96:3, 4).
Siz necə cavab verərdiniz?
• Eyuba verilən suallar, insan biliyinin məhdud olduğunu necə göstərir?
• “Eyub” kitabının 37-dən 41-ə kimi olan fəsillərində təsvir edilən Allahın hansı valehedici işləri sizi daha çox valeh etdi?
• Allahın valehedici işlərini nəzərdən keçirmək bizi nəyə təşviq etməlidir?
[10-cu səhifədəki şəkillər]
Qar dənələrinin qeyri-adi müxtəlifliyi və ildırımın qorxu doğuran gücü barədə düşünərkən, siz hansı nəticəyə gəlirsiniz?
[İcazə ilə]
snowcrystals.net
[13-cü səhifədəki şəkillər]
Gəlin, daima Allahın valehedici işləri barədə başqalarına danışaq.