TƏLİM MƏQALƏSİ 27
«Ümidini Yehovaya bağla»
«Ümidini Yehovaya bağla, cəsur, möhkəm ol» (ZƏB. 27:14).
NƏĞMƏ 128 Axıra kimi dözək
İCMALa
1. a) Yehova bizə hansı ümidi verib? b) Ümidimizi Yehovaya bağlamaq nə deməkdir? («Bəzi ifadələrin izahı»na baxın.)
YEHOVA Onu sevən hər kəsə gözəl ümid verib. Tezliklə O, xəstəliklərə, ağrı-acıya və ölümə son qoyacaq (Vəhy 21:3, 4). Yehova Ona güvənən kəslərə, həlimlərə yer üzünü cənnətə çevirməyə kömək edəcək (Zəb. 37:9—11). Yehova Onunla indikindən qat-qat möhkəm münasibətə sahib olmağımızı mümkün edəcək. Bu necə də möhtəşəm ümiddir! Bəs Yehovanın bütün vədlərini həyata keçirəcəyinə nəyə görə əmin ola bilərik? Çünki Yehova həmişə verdiyi sözün üstündə durur. Odur ki, Ona ümid bağlamağımız əsassız deyilb (Zəb. 27:14). Yehovaya ümid etdiyimizi isə Onun vədini yerinə yetirməsini sevinclə və səbirlə gözləməklə göstəririk (Əşy. 55:10, 11).
2. Yehova bizim dövrümüzdə hansı vədini yerinə yetirib?
2 Yehova vədlərini yerinə yetirdiyini artıq sübut edib. Gəlin buna aid bariz bir nümunəyə baxaq. «Vəhy» kitabında Yehova vəd etmişdi ki, bizim dövrdə O, hər millətə, qəbiləyə və dilə mənsub adamları pak ibadətdə birləşdirəcək. Bu xüsusi qrup «böyük... izdiham» adlanır (Vəhy 7:9, 10). Baxmayaraq ki, onların sırasında müxtəlif irqlərdən, dillərdən və mənşələrdən olan kişi, qadın və uşaqlar var, onlar böyük, mehriban bir ailədir (Zəb. 133:1; Yəh. 10:16). Onlar həmçinin şövqlü təbliğçilərdir. Böyük izdiham gözəl gələcəklə bağlı ümidlərini onları dinləmək istəyən hər kəslə bölüşür (Mət. 28:19, 20; Vəhy 14:6, 7; 22:17). Əgər siz də böyük izdihama aidsinizsə, gələcəkdə hər şeyin yaxşı olacağına ümidiniz, şübhəsiz, sizin üçün çox qiymətlidir.
3. Şeytanın niyyəti nədir?
3 Şeytanın niyyəti bizim ümidimizi öldürməkdir. Şeytan bizi inandırmağa çalışır ki, biz Yehova üçün önəmli deyilik və Yehova vədlərini yerinə yetirməyəcək. Əgər Şeytan buna nail olsa, biz cəsarətimizi itirərik və hətta Yehovaya xidməti dayandırarıq. Məqalədə görəcəyik ki, Şeytan Əyyubun ümidini itirməsi və Yehovaya ibadət etməməsi üçün hər şeyə əl atdı.
4. Bu məqalədə nə haqda danışacağıq? (Əyyub 1:9—12).
4 Bu məqalədən öyrənəcəyik ki, Şeytan Əyyubun sədaqətini sındırmaq üçün hansı fəndlərə əl atmışdı. (Əyyub 1:9—12 ayələrini oxuyun.) Həmçinin araşdıracağıq ki, Əyyub peyğəmbərdən nə öyrənə bilərik və Allahın bizi sevdiyini və vədlərini həyata keçirəcəyini nəyə görə unutmamalıyıq.
ŞEYTANIN ƏYYUBUN ÜMİDİNİ ÖLDÜRMƏK CƏHDLƏRİ
5, 6. Qısa vaxt ərzində Əyyubun başına nələr gəldi?
5 Əyyub peyğəmbər firavan ömür sürürdü. Onun Yehova ilə sıx münasibəti var idi. O, böyük, xoşbəxt ailəyə, var-dövlətə sahib idi (Əyy. 1:1—5). Amma bir günün içində Əyyub, demək olar ki, hər şeyini itirdi. Əvvəlcə onun mal-heyvanı tələf oldu (Əyy. 1:13—17). Sonra isə bütün övladları öldü. Təsəvvür edirsiniz, bu necə böyük faciə idi? Valideynlər bir övladlarını itirəndə dünyaları alt-üst olur. Görün indi Əyyubla arvadı biləndə ki, bütün övladları həlak olub, necə böyük sarsıntı keçirmişdilər, yasa batmışdılar. Elə buna görə də Əyyub kədər içində yaxasını cırıb, yerə döşəndi (Əyy. 1:18—20).
6 Sonra isə Şeytan Əyyubu dəhşətli xəstəliyə düçar edərək onu alçaltdı (Əyy. 2:6—8; 7:5). Halbuki bir vaxtlar Əyyub cəmiyyət içində sayılıb-seçilən insan idi. İnsanlar onun yanına məsləhətə gəlirdilər (Əyy. 29:7, 8, 21). İndi isə hamı ondan gen gəzirdi. Onun qardaşları, dostları, hətta nökərləri ondan üz döndərmişdilər! (Əyy. 19:13, 14, 16).
7. a) Əyyub əzablarının səbəbini nədə görürdü, amma buna baxmayaraq, o nə etmədi? b) Şəklə baxın. Məsihilər buna bənzər hansı sınaqla üzləşə bilərlər?
7 Şeytan istəyirdi ki, Əyyub Yehovanın ondan narazı olduğunu və buna görə də başına belə bəlaların gəldiyini düşünsün. Məsələn, Əyyubun on övladı bir yerə yığışıb yeyib-içən vaxt Şeytan güclü tufan vasitəsilə evi onların başına uçurtdu (Əyy. 1:18, 19). O həmçinin göydən od yağdıraraq Əyyubun həm sürülərini, həm də çobanlarını məhv etdi (Əyy. 1:16). Tufan və od göydən gəldiyi üçün Əyyub elə fikirləşdi ki, bunları edən Allahdır və deməli, Allah ondan narazıdır. Bununla belə, Əyyub Allaha lənət oxumadı. O, illər ərzində Yehovadan çoxlu nemətlər almışdı. Buna görə də belə qənaətə gəldi ki, yaxşı şeyləri şükranlıqla qəbul etdiyi kimi, pis şeyləri də qəbul etməlidir. Əyyub belə demişdi: «Yehovanın adına alqış olsun» (Əyy. 1:20, 21; 2:10). Gördüyümüz kimi, Əyyub var-dövlətini, övladlarını, sağlamlığını itirsə də, Yehovaya sadiq qaldı. Amma Şeytanın hələ ondan əl çəkmək fikri yox idi.
8. Şeytan Əyyuba qarşı daha hansı fəndi işlətdi?
8 Şeytan Əyyuba qarşı daha bir fənd işlətdi: Əyyubun üç saxta dostu vasitəsilə onun özünə dəyər hissini öldürməyə cəhd etdi. Bu adamlar iddia edirdilər ki, Əyyubun başına gələnlər tutduğu pis əməllərin cəzasıdır (Əyy. 22:5—9). Onlar həmçinin Əyyubu inandırmağa çalışırdılar ki, Allahın gözündə onun gördüyü yaxşı işlərin heç bir dəyəri yoxdur (Əyy. 4:18; 22:2, 3; 25:4). Beləliklə də, onlar Əyyubun ürəyində Allahın onu sevdiyinə, onun qeydinə qalacağına, ibadətini qiymətləndirdiyinə şübhə oyatmağa çalışırdılar. Onların sözlərinin ucbatından Əyyub vəziyyətinin ümidsiz olduğunu düşünə bilərdi.
9. Əyyuba cəsarətli və möhkəm olmağa nə kömək etmişdi?
9 Təsəvvür edin, Əyyub külün içində oturub və ağrıdan inildəyir (Əyy. 2:8). İnsafsız dostları isə onun mənliyini alçaldırlar, onu gözdən salmağa çalışırlar. Bir tərəfdən övlad itkisi onun ürəyini parça-parça edir, bir tərəfdən də üzləşdiyi sınaqlar sanki ağır bir daş kimi onun çiyinlərindədir. Əyyub əvvəl-əvvəl heç nə demir (Əyy. 2:13—3:1). Bunu görən dostları Əyyubun Yaradanından üz döndərdiyi üçün susduğunu düşünürlərsə, yanılırlar. Hansısa bir məqamda Əyyub, bəlkə də, dostlarının düz gözünün içinə baxaraq deyir: «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5). Bu qədər əzaba baxmayaraq, Əyyuba belə cəsarətli və möhkəm olmağa nə kömək etmişdi? O, ən çarəsiz anında belə, bir gün Allahın onun əzablarına son qoyacağına ümidini itirmirdi. Bilirdi ki, hətta ölsə belə, Yehova onu dirildəcək (Əyy. 14:13—15).
ƏYYUB PEYĞƏMBƏRDƏN NƏ ÖYRƏNİRİK?
10. Əyyubun hadisəsindən nə öyrənirik?
10 Əyyubun hadisəsindən öyrənirik ki, Şeytan bizi Yehovadan zorla döndərə bilməz. Həmçinin Yehova üzləşdiyimiz hər bir vəziyyətdən agahdır. Əyyubun əhvalatından başqa vacib dərslər də öyrənirik. Gəlin onlardan bəzilərini araşdıraq.
11. Daim Yehovaya güvəniriksə, nədən arxayın ola bilərik? (Yaqub 4:7).
11 Əgər biz Yehovaya güvənməyə davam etsək, istənilən sınağa tab gətirə bilərik və Şeytana müvəffəqiyyətlə qarşı dura bilərik. Müqəddəs Kitab bizi əmin edir ki, əgər belə etsək, İblis bizdən qaçacaq. (Yaqub 4:7 ayəsini oxuyun.)
12. Dirilmə ümidi Əyyubu necə möhkəmləndirmişdi?
12 Biz dirilmə ümidindən bərk-bərk yapışmalıyıq. Əvvəlki məqalədə qeyd olunduğu kimi, Şeytan ölüm qorxusu vasitəsilə bizim sədaqətimizi sındırmaq istəyir. Əyyubla bağlı hadisədə Şeytan iddia edirdi ki, Əyyub həyatını xilas etmək üçün hər şeydən keçər, hətta Allahdan üz döndərər. Şeytan yanılırdı. Əyyub həyatının ən ağır dönəmində, ölümün bir addımlığında belə, Allaha sadiq qaldı. Əyyub bilirdi ki, Yehova kəramətlidir və hər şeyi gec-tez yoluna qoyacaq. Bu ümid ona güc verirdi. Həm də inanırdı ki, o, sağ ikən Yehova hər şeyi yoluna qoymasa da, onu gələcəkdə dirildəcək. Dirilmə ümidi Əyyub üçün gerçək idi. Əgər bu ümid bizim üçün də gerçəkdirsə, hətta ölüm təhlükəsi qarşısında sadiqliyimizi qoruyacağıq.
13. Şeytanın Əyyuba qarşı işlətdiyi fəndlərə nəyə görə diqqət yetirməliyik?
13 Biz Şeytanın Əyyuba qarşı istifadə etdiyi fəndlərə diqqət yetirməliyik. Çünki o, bu gün də eyni fəndlərdən istifadə edir. Görün Şeytan nəyi iddia etmişdi: «İnsan [təkcə Əyyub yox] canından ötrü hər şeyini verər» (Əyy. 2:4, 5). Bu sözlərlə o demək istəyirdi ki, biz Allahı sevmirik, həyatımızı xilas etməkdən ötrü Allahdan üz döndərərik. Üstəlik, o iddia edir ki, Allah bizi sevmir və Onu razı salmaq üçün gördüyümüz işlərə əhəmiyyət vermir. Şeytanın fəndlərindən agah olduğumuz üçün onun yalanlarına aldanmırıq.
14. Sınaqlar bizdə nəyi aşkar edə bilər? Nümunə çəkin.
14 Biz sınaqlara özümüzü tanımaq fürsəti kimi baxmalıyıq. Əyyubun üzləşdiyi sınaqlar öz zəif cəhətlərini görməyə və onları düzəltməyə kömək etdi. Məsələn, o başa düşdü ki, daha da təvazökar olmalıdır (Əyy. 42:3). Biz də sınaqlarla üzləşəndə özümüz haqqında çox şeyi üzə çıxara bilərik. Nikolayc adlı qardaşın sağlamlığında ciddi problem ola-ola onu həbs etmişdilər. O deyir: «Həbsxana rentgen aparatı kimidir, məsihinin daxili xüsusiyyətlərini üzə çıxarır». Biz zəif cəhətlərimizi biləndən sonra onların üzərində işləməliyik.
15. Biz kimə qulaq asmalıyıq və nəyə görə?
15 Biz düşmənlərimizə yox, Yehovaya qulaq asmalıyıq. Yehova Əyyubla danışanda Əyyub ona diqqətlə qulaq asırdı. Allah onu düşündürərək, bir növ, belə demişdi: «Yaradılışa baxanda Mənim qüdrətimi görürsən? Sənin başına gələn hər şeydən xəbərim var. Elə bilirsən, sənin qayğına qala bilmərəm?» Əyyub təvazökarlıqla və Yehovanın kəramətinə dərin şükranla belə cavab verdi: «Qulağım Sənin sorağını almışdı, indi isə Səni gözüm görür» (Əyy. 42:5). Çox güman ki, Əyyub bu sözləri deyərkən hələ də kül içində oturmuşdu, bədəni yara-xora içində idi, uşaqları isə məzarda idi. Amma Yehova Əyyubu əmin etdi ki, onu sevir və ondan razıdır (Əyy. 42:7, 8).
16. Əşiya 49:15, 16 ayələrinə əsasən, sınaqlar zamanı nəyi yadda saxlamalıyıq?
16 Bu gün də, ola bilər, bəzi insanlar bizi təhqir etsin, bizə saymazyana yanaşsın. Onlar həm bizim, həm də təşkilatımız haqda «hər cür yalan və pis söz» danışa bilərlər (Mət. 5:11). Əyyubun hadisəsindən gördüyümüz kimi, Yehova sınaqlar zamanı Ona sadiq qalacağımıza inanır. Yehova bizi sevir və Ona ümid edənləri heç vaxt tərk etməyəcək. (Əşiya 49:15, 16 ayələrini oxuyun.) Yehovanın düşmənlərinin böhtanlarına qulaq asmayın! Türkiyədən olan Yaqub qardaş və ailəsi böyük sınaqlarla üzləşib. O deyir: «Biz başa düşürdük ki, Allahın xalqı haqqında yalanlara qulaq asmaq bizi ruhdan salacaq. Buna görə də diqqətimizi gələcəyə olan ümidimizə cəmlədik və fəal şəkildə Yehovaya xidmət etdik. Beləcə, sevincimizi qoruya bildik». Əyyub kimi, biz də Yehovaya qulaq asırıq! Düşmənlərimizin yalanları ümidimizi öldürə bilməz.
ÜMİD SİZƏ GÜC VERƏCƏK
17. İbranilərə 11-ci fəsildə adı çəkilən sadiq kişi və qadınlardan nə öyrənirsiniz?
17 Əyyub peyğəmbər ağır sınaqlar zamanı cəsarətli və möhkəm qalan Yehovanın xidmətçilərindən sadəcə biridir. Həvari Bulus ibranilərə məktubunda «böyük şahidlər buludu» adlandırdığı bir çox Yehovanın xidmətçisinin adını çəkmişdi (İbr. 12:1). Onlar ağır sınaqlardan keçmişdilər, buna baxmayaraq, həyatları boyu Yehovaya sədaqətlərini qorumuşdular (İbr. 11:36—40). Görəsən, onların gördüyü işlər, göstərdikləri dözüm əbəs yerə idi? Qətiyyən yox! Onlar sağ olduqları müddətdə Yehovanın bütün vədlərinin həyata keçdiyini görməsələr də, ümidlərini həmişə Yehovaya bağlamışdılar. Onlar Yehovanın razılığını qazandıqlarına əmin olduqları üçün Onun vədlərinin yerinə yetdiyini görəcəklərinə də əmin idilər (İbr. 11:4, 5). Onların nümunəsi bizə güc verir ki, bundan sonra da ümidimizi Yehovaya bağlayaq.
18. Siz nəyə qəti qərarlısınız? (İbranilərə 11:6).
18 Yaşadığımız bu dünya get-gedə daha betər hala düşür (2 Tim. 3:13). Şeytan Allahın xalqını sınamağa hələ də davam edir. Gələcəkdə hansı çətinliklə üzləşiriksə-üzləşək, Yehovanın yolunda var gücümüzlə çalışmağa qətiyyətli olmalıyıq. Çünki biz «ümidimizi... var olan Allaha bağlamışıq» (1 Tim. 4:10). Yadda saxlayın ki, Əyyubun sonda aldığı nemətlər göstərir ki, «Yehova çox mehriban və mərhəmətlidir» (Yaq. 5:11). Gəlin biz də Yehovaya sadiq qalaq və əmin olaq ki, Yehova «Onu cidd-cəhdlə axtaranlara mükafat» verəcək. (İbranilərə 11:6 ayəsini oxuyun.)
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
a Ağır sınaqlarla üzləşmiş adamdan söz düşəndə çox vaxt ağlımıza Əyyub peyğəmbər gəlir. Onun başına gələnlərdən nə öyrənirik? Əvvəla, öyrənirik ki, Şeytan bizi zorla Yehovadan ayıra bilməz. Həmçinin Yehova başımıza gələn hər bir şeydən agahdır. Bundan əlavə, Yehova Əyyubun sınaqlarına son qoyduğu kimi, bizim də bütün əzablarımıza bir gün son qoyacaq. Sadalanan bu şeylərə bütün qəlbimizlə əminiksə, deməli, biz də ümidini Yehovaya bağlayanların sırasındayıq.
b BƏZİ İFADƏLƏRİN İZAHI. «Ümid» kimi tərcümə olunan ibrani sözü, əsasən, nəyisə «böyük həsrətlə gözləmək» mənasını verir. Bu söz həmçinin kiməsə etibar etmək, güvənmək mənasında da işlənir (Zəb. 25:2, 3; 62:5).
c Bəzi adlar şərtidir.
d ŞƏKLİN İZAHI. Əyyubla arvadının başına faciə gəlib: onların övladları həlak olub.
e ŞƏKLİN İZAHI. Əyyub sınaqlara axıra qədər dözdü. O, arvadı ilə birlikdə Yehovanın onlara verdiyi nemətlər üzərində düşünür.