Müqəddəs Kitabı nəyə görə öyrənmək lazımdır?
BİLL gənc, sağlam, təhsilli və maddi tə’minatlı olsa da, məmnunluq hiss etmirdi. Həyatı mə’nasız keçirdi və bu ona çox sıxıntı gətirirdi. Bill həyatın mə’nasını axtararaq çoxlu dinlərə müraciət etdi, ancaq axtardığını tapmadı. 1991-ci ildə Yeqovanın Şahidlərindən biri ona bir kitab verdi. Bu kitabda həyatın mə’nası barədə Müqəddəs Kitabın nöqteyi-nəzəri izah olunurdu. Bill, Müqəddəs Kitabı öyrənməyə razı oldu və bu öyrənmə zamanı həm onu narahat edən, həm də digər suallar müzakirə edilirdi.
Bill xatırlayır: “Birinci məşğələ başa çatdı. Hər dəfə Müqəddəs Kitaba müraciət etdiyimiz üçün anladım ki, axtardığımı tapmışam. Müqəddəs Kitabın köməyilə müzakirə edilən suallar çox maraqlı idi. Həmin məşğələdən sonra maşınımı dağlara doğru sürdüm və maşından çıxıb sevincimdən ucadan qışqırdım. Axır ki, məni narahat edən sualların cavabını tapmağa başladım!”
Əlbəttə, Müqəddəs Kitab həqiqətini tapanların hamısı sevincdən hərfi mə’nada qışqırmır. Lakin həyat üçün vacib olan suallara cavab tapmaq, doğrudan da bir çoxlarına böyük sevinc gətirir. İnsanlar özlərini, İsanın danışdığı məsəldəki tarlada gizlədilmiş dəfinəni tapan adam kimi hiss edirlər. İsa dedi: “[Həmin adam] sevinclə gedib bütün varını satıb, o tarlanı satın aldı” (Matta 13:44).
Həyatın mə’nasını aydınlaşdıran açar
Billi narahat edən əsas sual bu idi: Həyatın mə’nası nədədir? Bu sirri tapmaq üçün filosoflar, alimlər və ilahiyyatçılar min illərlə çalışmışlar. İnsanlar bu mövzunun tədqiqinə saysız-hesabsız kitablar həsr etmişlər. Amma onların bütün cəhdləri müvəffəqiyyətsiz olub və çoxları belə qərara gəliblər ki, bu sualın cavabı yoxdur. Lakin cavab var! Bu cavab çox geniş olsa da çətin deyil və Müqəddəs Kitabda izah olunur. Xoşbəxt, dolğun həyatın mə’nasını aydınlaşdıran açar, Yaradanımız və səmavi Atamız Yeqova ilə yaxın qarşılıqlı münasibətə malik olmaqdan ibarətdir. Bu cür münasibəti necə inkişaf etdirmək olar?
Allahla qarşılıqlı münasibət inkişaf etdirməkdə, sanki bir ziddiyyət var: Allaha yaxınlaşanlar Ondan həm qorxur, həm də eyni zamanda Onu sevirlər. Gəlin, Müqəddəs Yazılarda bu fikri təsdiqləyən iki ayəni nəzərdən keçirək. Qədim zamanlarda müdrikliyilə şöhrət tapan Süleyman padşah, insan həyatının mə’nasının nədən ibarət olduğunu dərindən tədqiq etmiş və öz axtarışının nəticəsini Müqəddəs Yazıların “Vaiz” kitabında yazmışdır. O, tədqiqinə yekun vuraraq, demişdir: “İşin sonu budur; hər şey eşidildi: Allahdan qorx və onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur” (Vaiz 12:13). Əsrlər sonra İsa Məsihdən soruşanda ki, Musanın qanunlarından hansı daha vacibdir, o cavab verdi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev” (Matta 22:37). Allahdan qorxmalı, həm də Onu sevməli olduğumuz sizə qəribə gəlirmi? Gəlin nəzərdən keçirək görək, qorxu və məhəbbət nə dərəcədə vacibdir və Allahla qarşılıqlı münasibəti inkişaf etdirməkdə bu iki xüsusiyyət bir-biri ilə necə bağlıdır.
“Rəbb qorxusu” nədir?
Əgər biz Allaha düzgün tərzdə xidmət etmək istəyiriksə, Onunla münasibətdə ehtiramlı qorxunu inkişaf etdirmək çox vacibdir. Müqəddəs Kitabda deyilir: “Hikmətin başlanğıcı Rəb qorxusudur” (Məzmur 111:10). Həvari Pavel yazmışdı: “Sarsılmaz Padşahlığa nail olduğumuza görə, minnətdar olaq ki, bu yolla Allaha məqbul surətdə qorxu və ixlaskarlıqla Ona xidmət edək” (İbranilərə 12:28, İ—93). Həvari Yəhyaya verilən rö’yada, göyün ortasında uçan mələk xoş xəbəri bu sözlərlə e’lan edirdi: “Allahdan qorxun! Ona izzət verin!” (Vəhy 14:6, 7).
Həyatın mə’nasını aşkar edən Allaha qarşı duyulan qorxu, insanları sarsıdan qorxudan fərqlidir. Belə qorxu insanı, misal üçün ona qəddar, təhlükəli cinayətkar hücum edən zaman bürüyə bilər. Amma Allahdan qorxmaq, yə’ni “Rəbb qorxusu” ehtiramlı qorxudur və Yaradana dərin hörmət hissi ilə doludur. Bu həmçinin Allahı narazı salmaq qorxusudur, çünki O, itaətsiz adamları cəzalandırmağa ixtiyarı və səlahiyyəti olan Qadir və Ali Hakimdir.
“Rəbb qorxusu” məhəbbətlə sıx bağlıdır
Lakin Yeqova istəmir ki, insanlar yalnız Onun qüvvəsi və qüdrəti qarşısında ehtiramlı qorxu hissi duyduqları üçün Ona xidmət etsinlər. Yeqova, hər şeydən əvvəl, məhəbbət Allahıdır. Həvari Pavel: “Allah məhəbbətdir” deməyə təşviq olmuşdur (1 Yəhya 4:8). Yeqova Allah bəşəriyyətə qarşı məhəbbətlə davranır və insanların da Onu sevmələrini istəyir. Bəs məhəbbətlə ehtiramlı qorxunu necə uyğunlaşdırmaq olar? Əslində bu iki xüsusiyyət bir-birilə sıx bağlıdır. Məzmurçu yazmışdı: “Rəbbin sirri ondan qorxanlarındır” (Məzmur 25:14).
Güclü və hikmətli atanın uşaqda oyatdığı hörmət və qorxu hissini təsəvvür edin. Buna baxmayaraq, uşaq atasının məhəbbətinə qarşılıqlı cavab verəcək. O, atasına e’tibar edəcək və rəhbərlik üçün ona müraciət edib, bu rəhbərliyin ona fayda gətirəcəyinə əmin olacaqdır. Bunun kimi, əgər biz Yeqovanı sevir və Ondan qorxuruqsa, Onun göstərişlərinə riayət edəcəyik, bu da bizə fayda verəcəkdir. Yeqova israillilər haqqında dedi: “Kaş ki, onlarda belə bir ürək olaydı, ta ki, özlərinə və əbədiyyən oğullarına yaxşılıq olsun deyə məndən qorxsunlar və daima əmrlərimin hamısını tutsunlar!” (Təsniyə 5:29).
Allaha məqbul qorxu kölə halına salmır, əksinə, azad edir, kədər deyil, sevinc gətirir. İsa Məsih haqqında İşaya belə peyğəmbərlik etmişdir: “Onun zövqü Rəbb qorxusunda olacaq” (İşaya 11:3). Məzmurçu oxuyurdu: “Rəbdən qorxan, onun əmrlərindən böyük zövq alan nə bəxtiyardır!” (Məzmur 112:1).
Şübhəsiz ki, Allahı tanımadığımız bir halda Onu sevib, Ondan qorxa bilmərik. Elə buna görə də, Müqəddəs Kitabı öyrənmək vacibdir. Bu cür öyrənmə, Allahın şəxsiyyətini tanımağa və Onun göstərişlərinə riayət etməyin müdriklik olduğunu anlamağa kömək edir. Biz Allaha nə qədər çox yaxınlaşırıqsa, Onun iradəsini yerinə yetirmək və əmrlərinə tabe olmaq istəyimiz bir o qədər də artır, çünki bunun bizə fayda gətirəcəyini bilirik (1 Yəhya 5:3).
Düzgün həyat yolunda olduğumuza əmin olmaq böyük xoşbəxtlikdir. Məqalənin əvvəlində xatırlanan Bill buna nail ola bildi. O, bu yaxınlarda dedi: “Müqəddəs Kitabı öyrənməyə başladığım gündən sonrakı doqquz il ərzində Yeqova ilə olan münasibətim möhkəmləndi. Sevincimin ilk coşğunluğu həyatda dolğunluq və xoşbəxtlik hissilə əvəz olundu. Hər şeyə müsbət nəzərlə baxmağa çalışıram. Məqsədsiz kef-səfa axtarmaq əvəzinə, hər gün faydalı fəaliyyətlə məşğulam. Yeqova mənim üçün real şəxsiyyətə çevrildi və bilirəm ki, O, səmimiyyətlə qeydimə qalır”.
Növbəti məqalələrdə, Yeqova haqqında olan biliyin, onu həyatda tətbiq edən insanlara necə sevinc və fayda gətirdiyini müzakirə edəcəyik.
[5-ci səhifədəki şərh]
Yeqovaya yaxınlaşmaq, Ou sevmək və Ondan qorxmaq mə’nasını daşıyır.
[6-cı səhifədəki şəkil]
İsa Məsih Yeqovaya duyduğu qorxudan sevinirdi.