“İman gətirməyənlər arasında müsbət həyat sürün”
“Hamıya hörmət edin. Qardaşlığı sevin” (1 PETER 2:17).
1, 2. a) Bir qəzet müxbiri Yehovanın Şahidləri haqqında hansı fikri söylədi? b) Nə üçün Yehovanın Şahidləri həmişə yüksək davranış normalarına riayət etməyə can atırlar?
BİR neçə il bundan qabaq Amarillo şəhərinin (ABŞ, Texas ştatı) bir qəzet müxbiri müxtəlif kilsələri ziyarət etmiş və apardığı tədqiqatların nəticələri haqda yazmışdı. Bir qrup insanlar ona xüsusi təəssürat bağışlamışdı. O deyirdi: “Mən üç il ərzində Yehovanın Şahidləri tərəfindən Amarillo Şəhər Mərkəzində keçirilən illik konqreslərdə iştirak etmişəm. Bir dəfə də olsun, Şahidlər arasında siqaret çəkən, pivə bankası açan, yaxud ədəbsiz danışan görmədim. Hələ indiyədək bu qədər təmiz, bu qədər tərbiyəli, sadə geyimli və xoşqəlbli insanlara rast gəlməmişdim”. Yehovanın Şahidləri haqqında tez-tez bu cür fikirlər yazırlar. Nəyə görə Şahidlərin imanına şərik olmayan insanlar onları belə tez-tez tə’rifləyirlər?
2 Adətən Allahın xidmətçilərini onların nümunəvi davranışlarına görə tə’rifləyirlər. Dünyada davranış normaları pozulsa da, Yehovanın Şahidləri yüksək əxlaq normalarına riayət etməyi özlərinə borc və ibadətlərinin bir hissəsi hesab edirlər. Onlar bilirlər ki, onların hərəkətləri Yehova və iman qardaşları haqqında başqalarının fikrinə tə’sir göstərir və müsbət davranışları təbliğ etdikləri həqiqətə qarşı insanlarda xoş münasibət yaradır (Yəhya 15:8; Titusa 2:7, 8). Buna görə də, gəlin müsbət davranışımızla Yehovanın və Onun Şahidlərinin təmiz adını necə qoruyacağımızı və bunu etməklə hansı faydaları əldə edəcəyimizi nəzərdən keçirək.
Ailədə
3. Məsihçi ailələrini nədən qorumaq lazımdır?
3 Ailədəki davranışımız barədə düşünək. “Yeni İnkvizitorlar: Din azadlığı və dini paxıllıq” kitabının müəllifləri Qerhard Bezir və Ervin Şoyx yazırlar: “[Yehovanın Şahidlərinin] fikrincə ailəni xüsusilə qorumaq lazımdır” (“Die Neuen Inquisitoren: Religionsfreiheit und Glaubensneid”). Doğru qeyd edilmişdir. Həqiqətən də, indi ailəni çox təhlükələrdən qorumaq lazımdır. Bu gün “valideynlərinə itaət etməyən” uşaqlar, “şəfqətsiz” və “nəfsini saxlamayan” böyüklər var (2 Timoteyə 3:2, 3). İndiki ailələrdə ər-arvad zorakılığa əl atır, valideynlər övladlarını hər mə’nada təhqir və təcavüz edir və ya onların qeydinə qalmırlar, uşaqlar isə valideynlərinə qulaq asmır, narkotik maddələr qəbul edir, əxlaqsızlıqla məşğul olur, ya da evdən qaçırlar. Bütün bunlar, yaşadığımız dünyanın zərərli ruhunun göstərdiyi tə’sirin nəticəsidir (Efeslilərə 2:1, 2). Ailələrimizi bu ruhdan qorumalıyıq. Necə? Yehovanın ailə üzvləri üçün verdiyi öyüd və rəhbərliyə riayət etməklə.
4. Məsihçi ailəsinin üzvləri bir-birlərinin qarşısında hansı məs’uliyyətləri daşıyırlar?
4 Məsihçi olan ər-arvadlar başa düşürlər ki, emosional, ruhani və fiziki cəhətdən onlar bir-birlərinin qarşısında məs’uliyyət daşıyırlar (1 Korinflilərə 7:3-5; Efeslilərə 5:21-23; 1 Peter 3:7). Məsihçi valideynləri övladlarına qarşı ciddi məs’uliyyət daşıyırlar (Süleymanın məsəlləri 22:6; 2 Korinflilərə 12:14; Efeslilərə 6:4). Məsihçi ailəsində böyüyən uşaqlar isə böyüdükcə başa düşürlər ki, onların da öz məs’uliyyətləri var (Süleymanın məsəlləri 1:8, 9; 23:22; Efeslilərə 6:1; 1 Timoteyə 5:3, 4, 8). Ailədəki məs’uliyyətləri yerinə yetirməkdə sə’y, qətiyyət, həmçinin məhəbbət və fədakarlıq ruhu tələb olunur. Lakin ailə üzvləri Allahın verdiyi məs’uliyyətləri nə qədər vicdanla yerinə yetirsələr, bir o qədər də bir-birləri və yığıncaq üçün xeyir-duadırlar. Ən başlıcası isə odur ki, onlar ailənin Banisi olan Yehova Allahı izzətləndirəcəklər (Təkvin 1:27, 28; Efeslilərə 3:15).
Məsihçi qardaşlığı
5. Məsihçi qardaşlarımızla ünsiyyətdə olmaq, bizə nə kimi xeyir-dualar gətirir?
5 Bir məsihçi kimi bizim həm yığıncaqda, həm də ‘dünyadakı qardaşlığı’ təşkil edən həmimanlılarımız qarşısında da məs’uliyyətimiz var (1 Peter 5:9). Yığıncaqla olan münasibətimiz ruhani sağlamlığımız üçün olduqca vacibdir. Həmimanlılarımızla görüşərək onlarla ünsiyyətdən qüvvə əldə edir, həmçinin “sadiq və ağıllı qul”un təqdim etdiyi bəsləyici ruhani qidanı qəbul edirik (Matta 24:45-47). Problemlərimiz varsa, Müqəddəs Kitab prinsiplərinə əsaslanan sağlam məsləhət üçün qardaşlarımıza müraciət edə bilərik (Süleymanın məsəlləri 17:17; Vaiz 4:9; Yaqub 5:13-18). Ehtiyac içindəyiksə, qardaşlarımız bizi tərk etməzlər. Allahın təşkilatının bir hissəsi olmaq necə də böyük xeyir-duadır!
6. Pavel başqa məsihçilərin qarşısında məs’uliyyət daşıdığımızı necə göstərdi?
6 Lakin biz yığıncağa yalnız almaq üçün deyil, həmçinin vermək üçün də gəlirik. Axı, İsa demişdir: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). Verməyə hazır olmağın vacibliyini həvari Pavel vurğulamışdır: “İqrar etdiyimiz ümidi tərəddüd etmədən möhkəm tutaq; zira və’di verən Allaha yaxınlaşaq. Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək” (İbranilərə 10:23-25).
7, 8. Yığıncaq üzvlərinə və başqa ölkələrdə yaşayan məsihçilərə səxavətlə verməyə hazır olduğumuzu necə göstəririk?
7 Biz yığıncaq görüşlərində şərhlər verərək, yaxud proqramda başqa cür iştirak edərək ‘ümidimizi iqrar etmiş’ oluruq. Sözsüz ki, bununla qardaşlarımızı ruhlandırırıq. Yığıncaqdan əvvəl və sonra ünsiyyət etməyimizlə də onları ruhlandırırıq. Zəiflərə yardım etmək, mə’yus və xəstə olanlara təsəlli vermək üçün, bu, çox münasib vaxtdır (1 Saloniklilərə 5:14). Səmimi məsihçilər bu sahədə vermək cəhətdən səxavətlidirlər, buna görə də görüşlərimizə ilk dəfə gələnlərin çoxuna aramızda gördükləri məhəbbət xoş təəssürat bağışlayır (Məzmur 37:21; Yəhya 15:12; 1 Korinflilərə 14:25).
8 Lakin məhəbbətimiz yalnız öz yığıncağımızla məhdudlaşmır. Bu məhəbbət dünyadakı bütün qardaşlarımızı əhatə edir. Məsələn, Padşahlıq Zalları Fonduna ianə etmək üçün hər Zalda qoyulmuş qutular buna şəhadətdir. Bizim Padşahlıq Zalı, ola bilsin, yaxşı vəziyyətdədir, lakin bilirik ki, minlərlə bacı-qardaşlarımızın görüş üçün münasib yerləri yoxdur. Padşahlıq Zalları Fonduna ianə etməklə, şəxsən tanımasaq da həmin qardaşlara məhəbbət göstərmiş oluruq.
9. Yehovanın Şahidlərinin bir-birlərini sevdiklərinin əsas səbəbi nədir?
9 Nə üçün Yehovanın Şahidləri bir-birlərini sevirlər? Çünki bunu İsa buyurub (Yəhya 15:17). Və onlar arasındakı məhəbbət onu göstərir ki, həm ayrı-ayrı insanlara, həm də ümumilikdə bütün qardaşlığa Allahın müqəddəs ruhu tə’sir edir. Məhəbbət “ruhun səmərəsi”nin bir hissəsidir (Qalatiyalılara 5:22, 23). Yehovanın Şahidləri ‘bir çoxlarının sevgisi soyuduğu’ dünyada yaşasalar da, Müqəddəs Kitabı öyrəndikləri, məsihçi görüşlərində iştirak etdikləri və daima Allaha dua etdiklərinə görə sevmək onlar üçün təbiidir (Matta 24:12).
Yaşadığımız dünya
10. Yaşadığımız dünyada hansı məs’uliyyəti daşıyırıq?
10 Pavelin “iqrar etdiyimiz ümid” kəlməsi bizə daha bir məs’uliyyəti xatırladır. Bu “iqrar” hələ iman qardaşımız olmayanlara xoş xəbəri təbliğ etməkdən ibarətdir (Matta 24:14; 28:19, 20; Romalılara 10:9, 10, 13-15). Təbliğ etmək də vermək deməkdir. Çünki təbliğ işi vaxt, qüvvə, hazırlıq, tə’lim və maddi imkan tələb edir. Pavel bunu da yazırdı: “Mən yunanlara və yunan olmayanlara, müdriklərə və cahillərə borcluyam. Beləliklə, mən Romada yaşayan sizlərə də var gücümlə Müjdəni təbliğ etməyə hazıram” (Romalılara 1:14, 15). Biz Pavelin nümunəsini təqlid etməli və bu “borcu” verməkdə səxavətli olmalıyıq.
11. Yaşadığımız dünyaya münasibətdə Müqəddəs Kitabın hansı iki prinsipini rəhbər tutur, lakin nəyi e’tiraf edirik?
11 Həmimanlımız olmayan kəslər qarşısında daha hansısa məs’uliyyət daşıyırıqmı? Əlbəttə. ‘Bütün dünyanın şəririn hakimiyyəti altında‘ olduğunu, sözsüz ki, dərk edirik (1 Yəhya 5:19). İsanın öz şagirdləri haqqında dediklərindən xəbərdarıq: “Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər”. Bununla belə bu dünyada yaşayır, yaşayışımızı tə’min edir və onun təqdim etdiyi xidmətlərdən istifadə edirik (Yəhya 17:11, 15, 16). Deməli, yaşadığımız dünyada bə’zi məs’uliyyətlərimiz var. Bunlar hansılardır? Bu suala həvari Pavel cavab vermişdi. O, Yerusəlimin məhv edilməsindən bir az əvvəl, Kiçik Asiyada yaşayan məsihçilərə məktub yazmışdı. Bu məktubun bir parçası yaşadığımız dünyaya qarşı tarazlığı qorumağımıza kömək edir.
12. Məsihçilər hansı mə’nada “qəriblər və gəlmələr” kimidirlər və buna görə də onlar nədən qaçınmalıdırlar?
12 Əvvəlcə Peter belə dedi: “Sevimlilərim, sizdən xahiş edirəm ki, cana qarşı döyüşən cismani ehtiraslardan qəriblər və gəlmələr kimi uzaqlaşın” (1 Peter 2:11). İsanın həqiqi davamçıları ruhani mə’nada “qəriblər və gəlmələr” kimidirlər, onların həyatı əbədi həyata olan ümid ətrafında dövr edir. Bu, ruhla məsh edilmişlər üçün göydə, “başqa qoyunlar” üçün isə gələcəkdə yer üzü cənnətdə yaşamaq ümiddir (Yəhya 10:16; Filipililərə 3:20, 21; İbranilərə 11:13; Vəhy 7:9, 14-17). Bəs cismani ehtiraslar nədir? Cismani ehtiraslara varlı olmaq istəyi, cəmiyyətdə yüksək vəzifəyə çatmaq arzusu, əxlaqsız cismani ehtiraslar, həmçinin “həsəd” və “tamahkarlıq” daxildir (Koloslulara 3:5; 1 Timoteyə 6:4, 9; 1 Yəhya 2:15, 16).
13. Cismani ehtiraslar hansı mə’nada “cana qarşı döyüşür”?
13 Bu cür ehtiraslar həqiqətən də ‘canımıza qarşı döyüşür’. Onlar Allahla olan münasibətimizi zəiflədir, deməli, ümidimizi (‘canımızı’, yə’ni həyatımızı) təhlükə altına qoyur. Məsələn, əgər biz əxlaqsız bir şeyə maraq inkişaf etdiririksə, ‘bədənlərimizi diri, müqəddəs, Allaha məqbul qurban kimi’ təqdim edə biləcəyikmi? Var-dövlət yığmaq tələsinə düşəriksə, “əvvəlcə Onun [Allahın] Padşahlığını” axtara biləcəyikmi? (Romalılara 12:1, 2; Matta 6:33, İ–93; 1 Timoteyə 6:17-19). Ən yaxşısı Musanın nümunəsini təqlid edərək, bu dünyanın aldadıcı tələlərini rədd etmək və Yehovaya xidməti həyatımızda birinci yerə qoymaqdır (Matta 6:19, 20; İbranilərə 11:24-26). Bu, yaşadığımız dünyada tarazlığa nail olmaq üçün vacib amildir.
“Müsbət həyat sürün”
14. Biz məsihçilər nəyə görə müsbət həyat sürməyə çalışırıq?
14 Başqa bir həyati vacib prinsip Peterin növbəti sözlərindən görünür: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12). Məsihçilər kimi biz nümunəvi olmağa çalışırıq. Məktəbdə çalışqan şagirdlərik. İş yerində, müdiriyyətin hərəkəti zənnimizcə ağlasığmaz görünsə də, biz sə’ylə çalışır və dürüst davranırıq. Fərqli dini baxışlara malik olan ailədə Yehovanın Şahidi olan ər, yaxud arvad Allahın prinsiplərinə riayət etmək üçün xüsusi sə’y göstərir. Bu həmişə asan deyil, lakin bilirik ki, müsbət həyat sürməyimiz Yehovanı sevindirir və Şahid olmayan kəslərə çox vaxt gözəl təəssürat bağışlayır (1 Peter 2:18-20; 3:1).
15. Yehovanın Şahidlərinin yüksək əxlaqlı davranışlarının geniş surətdə e’tiraf edildiyini haradan bilirik?
15 Yehovanın Şahidlərinin əksəriyyətinin yüksək davranış normalarına riayət etmələri, illər ərzində onlar haqqında yazılan mə’lumatlardan görünür. Misal üçün, İtaliyada çap olunan “İl Tempo” qəzetində deyilirdi: “İş yoldaşları Yehovanın Şahidlərinin dürüst işçilər olduğunu söyləyirlər; e’tiqadlarına o dərəcədə əmindirlər ki, hansısa fikirlərə aludə olmuş kimi görünsələr də, onların riayət etdikləri yüksək əxlaq normaları hörmətə layiqdir”. Argentinanın Buenos-Ayres şəhərində çıxan “Herald” qəzetində deyilirdi: “Budur, artıq uzun illərdir ki, Yehovanın Şahidləri əməksevər, sağlam düşüncəli, qənaətcil və Allahdan qorxan vətəndaşlar olduqlarını əməldə göstərirlər”. Din üzrə rus mütəxəssisi Serqey İvanenko yazmışdır: “Yehovanın Şahidləri bütün dünyada qanuna dəqiq tabe olmaları, xüsusilə də vergiləri son dərəcə dəqiqliklə ödəmələri ilə tanınırlar”. Zimbabvedə Yehovanın Şahidlərinin vilayət konqresinin keçirildiyi müəssənin müdiri belə demişdir: “Mən, Şahidlərin kağızları yerdən qaldırdıqlarını, ayaqyollarını necə təmizlədiklərini görmüşəm. Sizdən sonra ərazi əvvəlkindən daha təmiz hala düşür. Gəncləriniz tərbiyəlidir. Kaş ki, bütün dünya Yehovanın Şahidləri ilə dolu olaydı”.
Allaha məqbul tabelik
16. Dünyəvi hakimiyyətlərə necə yanaşırıq və nəyə görə?
16 Peter, həmçinin bizim dünyəvi hakimlərlə münasibətimiz haqqında da danışır. O deyir: “Rəbb naminə hər cür bəşəri müəssisəyə, istər ali hakim olduğuna görə hökmdara, istərsə də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tə’rifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. Çünki Allahın iradəsi budur ki, yaxşılıq edib, ağılsız adamların cahilliyini susdurasınız” (1 Peter 2:13-15). Biz nizam-intizamı tə’min edən hökumətin verdiyi faydalara görə minnətdarıq və Peterin dediyi kimi, hökumətin qanunlarına tabe olur, vergiləri ödəyirik. Hökumətə qanunu pozanları cəzalandırmağa Allah tərəfindən səlahiyyət verildiyini e’tiraf edirik, lakin dünyəvi hakimiyyətlərə ilk növbədə “Rəbb naminə” tabe oluruq. Bu Allahın iradəsidir. Bundan əlavə, əgər biz qanunu pozduğumuza görə cəzalandırılsaq, Yehovanın adına ləkə gətirmiş olarıq (Romalılara 13:1, 4-7; Titusa 3:1; 1 Peter 3:17).
17. “Ağılsız adamlar” bizə qarşı çıxdıqda nəyə əmin ola bilərik?
17 Əfsuslar olsun ki, hakimiyyətdə olan bə’zi “ağılsız adamlar” bizləri tə’qib edir, yaxud başqa yollarla bizə qarşı çıxırlar, məsələn, bizim haqqımızda yalan yayan qruplar təşkil edirlər. Lakin Yehovaya məqbul olan zamanda onların yalanları üzə çıxacaq və “cahilliyi” andıran danışıqları susdurulacaqdır. Məsihçi davranışımız sayəsində tutduğumuz mövqe kimin haqlı olduğunu göstərir. Elə bu səbəbdən hakimiyyətin dürüst nümayəndələri çox vaxt bizi yaxşı işlərimizə görə tə’rifləyirlər (Romalılara 13:3; Titusa 2:7, 8).
Allahın qulları
18. Bir məsihçi kimi hansı sahələrdə azadlığımızdan sui-istifadə etməkdən qaçınmalıyıq?
18 Peter xəbərdarlıq edir: “Azadlar kimi davranın və azadlığınızdan pislik üçün pərdə kimi deyil, Allahın qulları kimi istifadə edin” (1 Peter 2:16; Qalatiyalılara 5:13). Bu gün Müqəddəs Kitabın həqiqətlərini bilmək bizi yalan dini tə’limlərdən azad edir (Yəhya 8:32). Bundan başqa, bizə iradə azadlığı verilib və biz seçmək imkanına malikik. Lakin biz azadlığımızdan sui-istifadə etmirik. Biz dostları, geyim-keçimi, əyləncəni, hətta yeyib-içməyi seçərkən İsanın həqiqi davamçılarının öz istəklərinə görə yaşamadıqlarını və onların Allahın qulu olduqlarını unutmuruq. Biz, cismani istəklərimizin, yaxud bu dünyanın keçici dəbinə qul olmağı deyil, Yehovaya xidmət etməyi seçmişik (Qalatiyalılara 5:24; 2 Timoteyə 2:22; Titusa 2:11, 12).
19-21. a) Dünyəvi hakimiyyətlərin nümayəndələrinə necə yanaşırıq? b) Bə’ziləri “qardaşlığı” sevdiklərini necə göstərirlər? c) Hər şeydən vacib olan məs’uliyyət hansıdır?
19 Daha sonra Peter deyir: “Hamıya hörmət edin. Qardaşlığı sevin, Allahdan qorxun, hökmdara hörmət edin” (1 Peter 2:17). Yehova Allah insanlara yüksək rütbələrdə çalışmağa yol verdiyi üçün, biz bu insanlara lazımi hörmətlə yanaşırıq. Biz, onlar üçün hətta dua edirik ki, Allaha sədaqətimizi qoruyaraq, xidmətimizi sülh içində davam etdirməyə imkan versinlər (1 Timoteyə 2:1-4). Eyni zamanda da biz “qardaşlığı” sevirik. Biz qardaşlarımızın zərərinə deyil, hər zaman xeyrinə çalışırıq.
20 Məsələn, Afrika ölkələrinin birində etnik ədavətin hökm sürdüyü bir zamanda Yehovanın Şahidlərinin davranışı ümumi fonda seçilirdi. Bir İsveçrə qəzetində deyilirdi: “1995-ci ildə “Afrikalıların Haqqları” təşkilatı... sübut etdi ki, baş vermiş həmin [toqquşmalarda] Yehovanın Şahidlərindən savayı bütün kilsələr iştirak etmişdir” (“Reformierte Presse”). Dünya həmin faciəvi hadisədən xəbər tutanda, Yehovanın Avropadakı Şahidləri dərhal həmin ölkədə yaşayan qardaşlarına və hadisədən zərər çəkən başqa insanlara qida məhsulları və dərmanlar göndərdilər (Qalatiyalılara 6:10). Onlar Süleymanın məsəlləri 3:27 ayəsində yazılan sözlərə riayət etdilər: “Yaxşılığa haqqı olan adamlara, əlindən gəldiyi qədər yaxşılığı əsirgəmə”.
21 Lakin üzərimizdə dünyəvi hakimlərə hörmət etməkdən və hətta qardaşlığı sevməkdən də vacib bir məs’uliyyət var. Söhbət nədən gedir? Peter demişdir: “Allahdan qorxun”. Yehovanın qarşısında olan borcumuz, hər hansı insana olan borcdan daha çoxdur. Nəyə görə? Və biz Allahın və dünyəvi hakimiyyətlərin qarşısında olan məs’uliyyətimizi necə tarazlaşdıra bilərik? Bu sualların cavabını növbəti məqalədə tapa bilərik.
Xatırlayırsınızmı?
• Məsihçilərin ailədə nə kimi məs’uliyyətləri var?
• Verməyə hazır olduğumuzu yığıncaqda necə göstərə bilərik?
• Yaşadığımız dünyada hansı məs’uliyyəti daşıyırıq?
• Bizim yüksək əxlaqlı davranışımız hansı səmərələri gətirir?
[19-cu səhifədəki şəkil]
Məsihçi ailəsi necə böyük sevinc mənbəyi ola bilər?
[20-ci səhifədəki şəkillər]
Nəyə görə Yehovanın Şahidləri bir-birlərini sevirlər?
[20-ci səhifədəki şəkillər]
Şəxsən tanımadığımız qardaşlara məhəbbət göstərə bilərikmi?