Axır günlərdə məsihçi bitərəfliyi
“Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər” (YƏHYA 17:16).
1, 2. İsa davamçılarının dünya ilə münasibətləri haqqında nə dedi və onun sözləri əsasında hansı suallar ortaya çıxır?
İSA kamil insan həyatının son gecəsində, şagirdlərinin önündə xeyli dua etdi. Bu duada o, hər bir məsihçinin həyatına aid olan bir məsələyə toxundu. İsa öz davamçılarını nəzərdə tutaraq dedi: “Mən onlara Sənin sözünü verdim və dünya onlara nifrət eylədi; çünki Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər. Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər” (Yəhya 17:14-16).
2 İsa davamçılarının dünyadan olmadığını iki dəfə qeyd etdi. Bundan əlavə, onların dünyadan ayrılmaları onlara qarşı gərgin münasibətə səbəb olmalıydı, yə’ni dünya onlara nifrət etməli idi. Lakin bu məsihçiləri sarsıtmalı deyildi, çünki Yehova onları qoruyacaqdı (Süleymanın məsəlləri 18:10; Matta 24:9, 13). İsanın sözlərinin əsasında növbəti suallar yarana bilər: Nəyə görə İsanın həqiqi davamçıları dünyadan deyillər? Dünyadan olmamaq nə deməkdir? Əgər dünya məsihçilərə nifrət edirsə, bəs onlar dünyaya necə yanaşmalıdırlar? Xüsusilə də, onlar bu dünyanın hakimiyyətlərinə necə yanaşırlar? Bu suallara Müqəddəs Yazılardan verilən cavablar vacibdir, çünki onların hər birimizə aidiyyatı var.
“Biz Allahdanıq”
3. a) Bizi dünyadan ayıran nədir? b) Nə şəhadət edir ki, “bütün dünya... şəririn hakimiyyəti altındadır”?
3 Dünyadan olmamağımızın səbəblərindən biri Yehova ilə olan sıx münasibətlərimizdir. Həvari Yəhya yazırdı: “Bilirik ki, biz Allahdanıq, bütün dünya isə şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Yəhyanın bu dünya haqqında dedikləri tamamilə doğrudur. Bu gün hər tərəfdə yayılmış müharibələr, cinayətkarlıq, zülmkarlıq, mə’yusluq, vicdansızlıq və əxlaqsızlıq Allahın deyil, Şeytanın tə’sirinə şəhadət edir (Yəhya 12:31; 2 Korinflilərə 4:4; Efeslilərə 6:12). Yehovanın Şahidi olan bir insan, bu pis əməllərdə nə iştirak edəcək, nə də onlardan razı qalacaqdır, bu isə o deməkdir ki, həmin adam bu dünyadan deyil (Romalılara 12:2; 13:12-14; 1 Korinflilərə 6:9-11; 1 Yəhya 3:10-12).
4. Yehovaya məxsus olduğumuzu necə göstəririk?
4 Yəhya dünyadan fərqli olaraq, məsihçilərin “Allahdan” olduqlarını söylədi. Özünü Yehovaya həsr edənlərin hər biri Ona məxsusdur. Həvari Pavel demişdir: “Yaşayırıqsa, Rəbb üçün yaşayırıq; ölürüksə, Rəbb üçün ölürük. Buna görə, yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik” (Romalılara 14:8; Məzmur 116:15). Yehovaya məxsus olduğumuz üçün, Ona xüsusi sədaqət göstəririk (Çıxış 20:4-6). Deməli, İsanın həqiqi davamçısı həyatını hansısa dünyəvi işə həsr etmir. Və dövlət rəmzlərinə hörmət etsə də, o, nə ürəyində, nə də əməllərində onlara baş əymir. O, idman ulduzlarına, yaxud başqa müasir bütlərə də sitayiş etmir. Əlbəttə ki, İsanın həqiqi davamçısı, başqalarının şəxsi iradələrinə görə hərəkət etmək haqqlarına hörmət etməklə yanaşı, yalnız və yalnız Yaradana ibadət edir (Matta 4:10; Vəhy 19:10). Bu, onu dünyadan ayıran daha bir amildir.
“Mənim Padşahlığım bu dünyadan deyildir”
5, 6. Allahın Padşahlığına tabe olmağımız bizi bu dünyadan necə ayırır?
5 Məsihçiləri bu dünyadan ayıran səbəblərdən biri, İsa Məsihin davamçıları və Allahın Padşahlığının vətəndaşları olmalarıdır. Ponti Pilat İsanı sorğu-suala tutarkən, o dedi: “Mənim Padşahlığım bu dünyadan deyildir; əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, nökərlərim çalışardılar ki, mən yəhudilərin əlinə verilməyim; fəqət indi Mənim Padşahlığım buradan deyildir” (Yəhya 18:36, İ–93). Padşahlığın sayəsində Yehovanın adı izzətlənəcək, hakimiyyətinə bəraət qazandırılacaq və Onun iradəsi göydə olduğu kimi yer üzündə də yerinə yetəcəkdi (Matta 6:9, 10). İsa xidməti boyunca Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmiş və demişdir ki, onun davamçıları dünyanın sonuna qədər bu xəbəri təbliğ edəcəklər (Matta 4:23; 24:14). Vəhy 11:15 (İ–93) ayəsindəki bu peyğəmbərlik sözləri 1914-cü ildə həyata keçdi: “Dünyanın padşahlığı Rəbbimizin və Onun Məsihinin Padşahlığı oldu; və O, əbədi olaraq şahlıq edəcəkdir”. Çox tezliklə bu səmavi Padşahlıq bəşəriyyət üzərində yeganə hakimiyyət olacaqdır (Daniel 2:44). Gün gələcək ki, bu dünyanın rəhbərləri də Padşahlığın səlahiyyətini e’tiraf etmək məcburiyyətində qalacaqlar (Məzmur 2:6-12).
6 Beləliklə, bu gün İsanın həqiqi davamçıları Allahın Padşahlığının vətəndaşlarıdırlar və onlar İsanın “əvvəlcə Onun [Allahın] Padşahlığını... axtarın” çağırışına riayət edirlər (Matta 6:33, İ–93). Bu, onların yaşadıqları dövlətə qarşı sədaqətsiz olduqlarını bildirmir, lakin onlar ruhani mə’nada dünyadan ayrılmışlar. Birinci əsrdə olduğu kimi, bu gün də məsihçilərin əsas işləri ondan ibarətdir ki, “Allahın Padşahlığını ciddi şəkildə” bəyan etsinlər (Həvarilərin işləri 28:23). Heç bir insan hakimiyyətinin Allah tərəfindən həvalə olunmuş bu tapşırığa mane olmağa haqqı yoxdur.
7. İsanın həqiqi davamçıları bitərəfliyi nəyə görə qoruyurlar və onlar bunu necə büruzə verirlər?
7 Yehovaya məxsus olan, həmçinin İsanın davamçıları və Allahın Padşahlığının vətəndaşları olan bir xalq kimi, Yehovanın Şahidləri XX və XXI əsrlərin vətəndaş və dövlətlərarası çəkişmələrində bitərəfliyi qorumuş və qorumaqdadırlar. Onlar heç kimin tərəfini tutmur, döyüşmək üçün əllərinə silah götürmür və hər hansı dünyəvi hərəkatın, yaxud ideyanın təbliğatında iştirak etmirlər. Onların rəfedilməz görünən müqavimətlər qarşısında təzahür etdirdikləri valehedici imanları olduqca diqqətə layiqdir. Onlar 1934-cü ildə nasist Almaniyasının rəhbərləri qarşısında deyilən prinsipə riayət edirlər: “Biz siyasətə qarışmırıq, ancaq bütünlüklə Padşahı Məsih olan Allahın padşahlığına bağlıyıq. Kimə isə zərər vurmaq niyyətində deyilik. Biz sülh içində yaşamağı arzu edir və imkan daxilində hamıya yaxşılıq etməyə çalışırıq”.
Məsihin səfirləri və elçiləri
8, 9. Hansı mə’nada Yehovanın Şahidləri bu gün səfirlər və elçilər kimi xidmət edirlər və bu onların dünya xalqları ilə olan münasibətlərinə necə tə’sir edir?
8 Pavel özü və məsh edilmiş həmimanlıları haqqında “Məsihin səfirləri, sanki Allah onların vasitəsilə insanlara müraciət edir” kimi danışırdı (2 Korinflilərə 5:20; Efeslilərə 6:19). 1914-cü ildən e’tibarən ruhla məsh edilmiş məsihçiləri haqlı olaraq Allahın Padşahlığının səfirləri adlandırmaq olar və onlar bu Padşahlığın “oğullarıdır”lar (Matta 13:38; Filipililərə 3:20; Vəhy 5:9, 10). Bundan əlavə, Yehova yer üzündə yaşamaq ümidinə malik olan ‘böyük bir izdihamı’, “başqa qoyunları” xalqlar arasından toplayıb ki, onlar səfirlik işində məsh edilmiş oğullara kömək etsinlər (Vəhy 7:9; Yəhya 10:16). Bu “başqa qoyunları” Allahın Padşahlığının “elçiləri” adlandırmaq olar.
9 Səfir və onun tabeliyində olanlar göndərildikləri ölkənin işlərinə müdaxilə etmirlər. Bunun kimi məsihçilər də dünya xalqlarının siyasi işlərinə qarşı bitərəfliyi qoruyurlar. Onlar hər hansı milli, irqi, ictimai, yaxud iqtisadi maraqları güdən qruplara tərəf və yaxud qarşı çıxmırlar (Həvarilərin işləri 10:34, 35). Əksinə, onlar ‘hamıya yaxşılıq edirlər’ (Qalatiyalılara 6:10). Yehovanın Şahidlərinin bitərəf olduqlarına görə, onların milli toqquşmalar zəminində düşmənin maraqlarına xidmət etdiklərini iddia edib, söylədikləri xəbəri heç kim rədd edə bilməz.
Məhəbbətdən tanınırlar
10. Məhəbbət məsihçi üçün nə dərəcədə vacibdir?
10 Məsihçilərin bu dünyanın işlərində bitərəfliyi qorumalarının daha bir səbəbi, həmimanlıları ilə olan münasibətləridir. İsa davamçılarına demişdir: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35). Qardaşlıq məhəbbəti məsihçiləri fərqləndirən başlıca amildir (1 Yəhya 3:14). Məsihçinin Yehovaya və İsaya olan məhəbbəti qardaşlıq məhəbbəti ilə sıx bağlıdır, buna görə də məsihçi həmimanlıları ilə çox yaxın münasibətdə olur. Məsihçinin məhəbbəti yalnız öz yığıncağının üzvləri ilə məhdudlaşmır. Onun məhəbbəti ‘dünyadakı qardaşlarını’ da əhatə edir (1 Peter 5:9).
11. Yehovanın Şahidlərinin bir-birlərinə olan sevgisi onların davranışlarına necə tə’sir göstərir?
11 Bu gün Yehovanın Şahidləri qardaşlıq məhəbbətini İşaya 2:4 ayəsində yazılmış sözləri yerinə yetirməklə göstərirlər: “Qılınclarını kotan dəmirləri və mizraqlarını bağça bıçaqları edəcəklər; millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər”. Yehovanın tə’lim etdiyi məsihçilər həm Allahla, həm də bir-birləri ilə sülh içindədirlər (İşaya 54:13). Onlar Allahı və qardaşlarını sevdikləri üçün, əllərinə silah alıb həmimanlılarına qarşı, yaxud ümumiyyətlə başqa ölkədə yaşayan insanlara qarşı döyüşməyi ağlasığmaz hesab edirlər. Onların arasında hökm sürən sülh və birlik ibadətlərinin mühüm bir hissəsidir. Bu, onlarda doğrudan da Allahın ruhunun olduğunu göstərir (Məzmur 133:1; Mika 2:12; Matta 22:37-39; Koloslulara 3:14). Məsihçilər ‘Rəbbin gözlərinin salehlərə’ yönəldiyini bilərək ‘sülhü arayır və onun ardınca qaçırlar‘ (Məzmur 34:14, 15).
Məsihçilərin dünyaya baxışı
12. Yehovanın dünyadakı insanlara qarşı hansı münasibətini Yehovanın Şahidləri təqlid etməyə çalışırlar və necə?
12 Yehova artıq dünyaya qarşı hökm sürsə də, hələlik insanları ayrı-ayrılıqda mühakimə etməyib. Vaxtı gəldikdə O, bunu İsanın vasitəsilə edəcəkdir (Məzmur 67:3, 4; Matta 25:31-46; 2 Peter 3:10). Bu arada isə O, bəşəriyyətə olan böyük məhəbbətini göstərir. Allah, hətta vahid Oğlunu da qurban verdi ki, hər kəsin əbədi həyata nail olmaq imkanı olsun (Yəhya 3:16). Yehovanın bizim xilasımız üçün etdiklərini başqalarına danışaraq, bir məsihçi kimi, biz Onun məhəbbətini təqlid etmiş oluruq və adətən üzləşdiyimiz kəskin e’tirazlar bizi bu işdən saxlamır.
13. Bu dünyanın hakimiyyətinə necə yanaşmalıyıq?
13 Bəs bu dünyanın hökmdarlarına necə yanaşmalıyıq? Bu suala Pavel növbəti sözlərlə cavab vermişdir: “Hər adam öz üzərində olan hakimlərə tabe olsun; çünki Allah tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur” (Romalılara 13:1, 2). İnsanlar, Qadir Allahın izn verməsinin sayəsində (bir-birləri ilə müqayisədə yüksək və ya aşağı rütbələrə, lakin həmişə Yehovanın tabeliyində olan) rütbələrə sahibdirlər. Məsihçi dünyəvi hakimlərə tabe olur, çünki bu Yehovaya ibadətin bir hissəsidir. Bəs Allahın tələbləri ilə insan hakimiyyətlərinin tələbləri arasında ziddiyyət yaranarsa necə?
Allahın Qanunu və qeysərin qanunu
14, 15. a) Daniel itaətkarlıqla bağlı ziddiyyətdən necə qaçına bildi? b) İtaətkarlıqla bağlı toqquşmadan qaçınmaq qeyri-mümkün olan zaman üç yəhudi hansı mövqeyi tutdular?
14 Daniel və onun üç yoldaşı, insan hakimiyyətlərinə və Allahın hakimiyyətinə tarazlı şəkildə tabe olmağa dair gözəl nümunə verdilər. Bu dörd gənc yəhudi Babil əsarətində ikən, Babilin qanunlarına tabe olurdular. Az sonra onları xüsusi tə’lim üçün seçdilər. Daniel bu tə’limin hansısa sahədə Yehovanın Qanununa zidd gedə biləcəyini anlayaraq, üzərlərinə qoyulmuş nəzarətçi ilə danışdı. Bunun sayəsində dörd yəhudinin vicdanı nəzərə alınaraq dəyişikliklər edildi (Daniel 1:8-17). Yehovanın Şahidləri, lazımsız problemlərdən qaçınmaq məqsədi ilə, öz mövqelərini hakimiyyət nümayəndələrinə nəzakətlə izah etdikdə, Danielin nümunəsini təqlid etmiş olurlar.
15 Lakin bir qədər sonra elə bir vəziyyət yarandı ki, tabeçilik zəminində baş verən toqquşmalardan qaçınmaq qeyri-mümkün oldu. Babil padşahı Dura düzənliyində böyük bir büt ucaltdı və vilayət xadimlərini də daxil etməklə, bütün məs’ul şəxslərə təntənəli açılışa toplaşmağı əmr etdi. O vaxta qədər artıq Danielin üç yoldaşına Babil vilayəti üzrə işlər həvalə olunmuşdu, buna görə də həmin əmr onlara da aid idi. Açılış zamanı müəyyən bir vaxtda oraya toplaşanların hamısı büt qarşısında əyilməli idilər. Lakin yəhudilər bilirdilər ki, bu, Allahın Qanununa ziddir (Təsniyə 5:8-10). Buna görə başqaları əyilən zaman onlar əyilmədilər. Padşahın əmrinə tabe olmamaqla onlar dəhşətli ölümlə ölməyə risk edirdilər, sağ qalmaları da elə mö’cüzə sayəsində oldu. Buna baxmayaraq, Yehovaya itaətkarlığı həyatlarını təhlükəyə atmaqdan üstün tutdular (Daniel 2:49-3:29).
16, 17. Təbliğ etməyə son qoymaq əmr edildikdə həvarilər necə davrandılar və nəyə görə?
16 Birinci əsrdə İsa Məsihin həvariləri Yerusəlimdəki yəhudi rəhbərlərinin yanına gətirildilər və onlara əmr edildi ki, İsanın adından təbliğ etməyə son qoysunlar. Belə bir vəziyyətdə onlar necə davrandılar? İsa onlara, Yəhudeyanı da daxil etməklə, bütün xalqlardan şagirdlər hazırlamağı əmr etmişdi. İsa həmçinin demişdi ki, onlar həm Yerusəlimdə, həm də bütün dünyada onun şahidləri olacaqlar (Matta 28:19, 20; Həvarilərin işləri 1:8). Həvarilər bilirdilər ki, İsanın əmrlərində Allahın iradəsi izhar olunur (Yəhya 5:30; 8:28). Buna görə də onlar dedilər: “İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir” (Həvarilərin işləri 4:19, 20; 5:29).
17 Həvarilər üsyançı deyildilər (Süleymanın məsəlləri 24:21). Lakin onlar insan rəhbərləri Allahın iradəsini yerinə yetirməyi qadağan etdikdə, “insanlardan artıq, Allaha itaət” etmək lazım gəldiyini bildirərək, e’tiraz etməli olurdular. İsa “qeysərinkini qeysərə, Allahınkını Allaha” verməyi demişdi (Mark 12:17). İnsanlara itaət edərək, Allahın əmrini pozuruqsa, onda Allaha məxsus olanı insanlara vermiş oluruq. Biz isə qeysərin haqqını verir, lakin Yehovanın hakimiyyətini ən yüksək hakimiyyət hesab edirik. O, Kainatın Hökmdarı, Yaradan və hakimiyyət Mənbəyidir (Vəhy 4:11).
Möhkəm dayanırıq
18, 19. Bir çox qardaşlarımız hansı gözəl mövqeyi tutmuşlar və biz onları necə təqlid edə bilərik?
18 Hal-hazırda bir çox ölkələrin hakimiyyəti Yehovanın Şahidlərinin bitərəfliyini e’tiraf edirlər və biz bunun üçün minnətdarıq. Lakin bə’zi ölkələrdə Şahidlər hələ də ciddi müqavimətlərlə qarşılaşırlar. XX əsr boyunca bə’zi bacı-qardaşlarımız “iman uğrunda... mübarizə” apararaq, ruhani mə’nada cəsarətlə döyüşmüşlər və bu, indiyədək davam etməkdədir (1 Timoteyə 6:12).
19 Onlar kimi möhkəm durmaqda bizə nə kömək edər? Əvvəla, biz müqavimətlər olacağını unutmuruq. Müqavimətlərlə qarşılaşan zaman bu bizi sarsıtmalı, yaxud təəccübləndirməli deyil. Pavel Timoteyi xəbərdar etdi: “Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır” (2 Timoteyə 3:12; 1 Peter 4:12). Dünyaya Şeytan rəhbərlik edirsə, müqavimətlə qarşılaşmamaq mümkündürmü? (Vəhy 12:17). Nə qədər ki, sədaqətimizi qoruyuruq, bizə ‘təəccüb edən və bizi söyən’ kəslər tapılacaqdır (1 Peter 4:4).
20. Hansı qüvvətləndirici həqiqətlər bizə xatırlandı?
20 İkincisi, biz əminik ki, Yehova və Onun mələkləri bizi müdafiə edəcəklər. Elişanın dediyi kimi “bizimlə olanlar, onlarla olanlardan çoxdur” (2 Krallar 6:16; Məzmur 34:7). Ola bilsin, Yehova hansısa dəyərli məqsədi üçün müqavimətlərə bir müddət yol verir. Lakin tab gətirə bilək deyə, O, həmişə bizə lazımi qüvvə verir (İşaya 41:9, 10). Bə’ziləri həyatlarını itirmişlər, ancaq bu bizi qorxutmur. İsa demişdir: “Bədəni öldürüb canı öldürə bilməyənlərdən də qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan qorxun” (Matta 10:16-23, 28). Biz bu dünyada sadəcə ‘qəriblərik’. Və yaşadığımız müddətdə biz ‘əbədi həyata nail olmağa’, yə’ni Allahın yeni dünyasındakı əbədi həyata yetişməyə can atırıq (1 Peter 2:11; 1 Timoteyə 6:19). Əgər Allaha sadiq qalsaq, heç kim bizi bu mükafatdan məhrum edə bilməyəcəkdir.
21. Hər zaman nəyi yadda saxlamalıyıq?
21 Gəlin, Yehova Allahla olan dəyərli münasibətimizi həmişə yadda saxlayaq. Məsihin davamçıları və Padşahlığın vətəndaşları olmaq kimi gözəl imkanı qiymətləndirməyi unutmayaq. Qardaşlarımızı sidqi-ürəkdən sevək və onların bizə göstərdikləri məhəbbətə həmişə sevinək. Ən başlıcası isə, gəlin məzmurçunun sözlərinə diqqət yetirək: “Rəbbi gözlə, qüvvətli ol və ürəyin cəsarətli olsun; bəli, Rəbbi gözlə” (Məzmur 27:14; İşaya 54:17). O zaman biz, əvvəllər yaşamış saysız-hesabsız məsihçilər kimi, ümidimizə əmin olaraq möhkəm duracağıq. Bununla bərabər, məsihçi bitərəfliyini qoruyub dünyadan ayrı qalacağıq.
İzah edə bilərsinizmi?
• Yehova ilə olan münasibətimiz bizi dünyadan necə ayırır?
• Allahın Padşahlığının vətəndaşları olan bizlər bu dünyada bitərəfliyi necə qoruyuruq?
• Qardaşlarımıza olan məhəbbətimiz bizi hansı sahələrdə bitərəfliyi qorumağa və dünyadan ayrı qalmağa məs’ul edir?
[25-ci səhifədəki şəkil]
Allahın Padşahlığına tabe olmağımız dünya ilə olan münasibətimizə necə tə’sir göstərir?
[26-cı səhifədəki şəkil]
Hutu və tutsi birlikdə mehribancasına işləyirlər.
[27-ci səhifədəki şəkil]
Yəhudi və ərəb məsihçi qardaşları.
[27-ci səhifədəki şəkil]
Serb, bosniya və xorvat məsihçiləri üçün birlikdə olmaq xoşdur.
[28-ci səhifədəki şəkil]
Rəhbərlər Allahın Qanununu pozmağı əmr etdikdə biz necə davranmalıyıq?