Kədərli olanlara təsəlli verin
“Rəbb məni məsh etdi... bütün yaslılara təsəlli üçün” (İŞAYA 61:1, 2).
1, 2. Biz kimlərə təsəlli verməliyik və nəyə görə?
HƏQİQİ təsəlli Allahı olan Yehova bizi öyrədir ki, bəlaya düşən kəslərə mərhəmət göstərək. O, bizi “kədərli olanlara” (YD) və ümumiyyətlə bütün yaslılara təsəlli verməyə öyrədir (1 Saloniklilərə 5:14). Ehtiyac duyulan zaman həmimanlılarımıza təsəlli veririk. Bundan savayı başqa insanlara da, hətta əvvəllər bizə heç məhəbbət göstərməyən kəslərə də məhəbbət bəsləyirik (Matta 5:43-48; Qalatiyalılara 6:10).
2 İsa Məsih belə bir peyğəmbərlik oxudu və onu özünə aid etdi: “Rəbb Yehovanın Ruhu üzərimdədir; çünki təvazökarlara müjdəni və’z etmək üçün Rəbb məni məsh etdi; ürəyi qırıq olanları sarımaq üçün... bütün yaslılara təsəlli üçün” (İşaya 61:1, 2; Luka 4:16-19). Müasir dövrdə yaşayan məsh edilmiş məsihçilər artıq çoxdan e’tiraf edirlər ki, həmin tapşırıq onlara da aiddir, “başqa qoyunlar” isə bu işdə onlara sevinclə qoşulurlar (Yəhya 10:16).
3. “Allah fəlakətlərə nə üçün yol verir?” — deyə soruşan insanlara biz necə kömək edə bilərik?
3 Bir bədbəxtlik baş verəndə ürəyi qırıq insanlar çox vaxt soruşurlar: “Allah fəlakətlərə nə üçün yol verir?” Müqəddəs Kitab bu suala aydın cavab verir. Ancaq Müqəddəs Kitabı tədqiq etməyən insanların bu cavabı tam anlamaları üçün bir qədər vaxt tələb oluna bilər. Bu sahədə Yehovanın Şahidləri tərəfindən çap edilən nəşrlər kömək ola biləra. Lakin bə’zi insanlar başlanğıcda Müqəddəs Kitabın İşaya 61:1, 2 ayələrinə bənzər ayələri görməkdən təsəlli tapırlar, çünki oradakı sözlər Allahın insanlara təsəlli vermək istədiyini göstərir.
4. Polşada bir Şahid bacımız mə’yus olan məktəbli qıza necə təsəlli verə bildi və bu hadisə başqalarına təsəlli verməkdə sizə necə kömək edər?
4 Yaşlılar kimi, gənclər də təsəlliyə ehtiyac duyurlar. Polşada bir gənc qız, məsləhət almaq üçün mə’yus halda tanışına müraciət etdi. Onun tanışı — Yehovanın Şahidi — nəzakətlə məsələnin nə yerdə olduğunu öyrənəndə mə’lum oldu ki, həmin qıza belə suallar və şübhələr rahatlıq vermir: “Nəyə görə bu qədər çox pislik var? İnsanlar nə üçün iztirab çəkirlər? Mənim bacım nəyə görə iflic xəstəliyindən əzab çəkir? Nə üçün mənim ürəyim xəstədir? Kilsədə deyirlər ki, Allah belə istəyir. Əgər bu belədirsə, mən artıq Ona inanmayacağam!” Şahid bacımız ürəyində Yehovaya dua etdikdən sonra dedi: “Məndən bunu soruşmağına şadam. Sənə kömək etməyə çalışaram”. Bacımız söylədi ki, özü də uşaqlıqda şübhələrdən əzab çəkmiş və Yehovanın Şahidləri ona kömək etmişlər. O izah etdi: “Mən öyrəndim ki, Allah insanlara iztirab vermir. O, insanları sevir, onların yaxşılığını istəyir və tezliklə yer üzündə böyük dəyişikliklər edəcəkdir. Xəstəliklər, qocalıqla bağlı problemlər və ölüm yox olacaq, itaətkar insanlar isə burada — yer üzündə əbədi yaşayacaqlar”. Bacımız həmin gənc qıza Vəhy 21:3, 4; Eyub 33:25; İşaya 35:5-7 və 65:21-25 ayələrini göstərdi. Xeyli söhbət etdikdən sonra qız böyük yüngüllük hissi ilə dedi: “İndi bilirəm ki, həyatımın mə’nası var. Olarmı yanınıza bir də gəlim?” Şahid onunla Müqəddəs Kitabı həftədə iki dəfə öyrənməyə başladı.
Allahın verdiyi təsəlli ilə
5. Şəfqət göstərərək əsl təsəllini necə verə bilərik?
5 Başqalarına təsəlli vermək istədikdə şəfqət göstərmək çox münasibdir. Kədərli olan adamı sözlərimizlə və səs tonumuzla əmin etməyə çalışırıq ki, onun vəziyyəti ilə doğrudan da maraqlanırıq. Buna mə’nasız sözləri təkrar etməklə nail olmaq mümkün deyil. Müqəddəs Kitab bizə deyir ki, “təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə” ümidimiz ola bilər (Romalılara 15:4). Bunu nəzərə alaraq, yeri gələndə həmin adama Allahın Padşahlığının nə olduğunu izah edə və bu Padşahlığın indiki problemləri necə həll edəcəyini Müqəddəs Kitab əsasında göstərə bilərik. Sonra isə, Müqəddəs Kitabdakı və’dlərin e’tibara layiq olduğuna dair dəlillər gətirə bilərdik. Bununla da təsəlli vermiş olarıq.
6. İnsanların Müqəddəs Yazılardakı təsəllidən tam faydalana bilməsi üçün, onlara nəyi anlamaqda kömək etmək lazımdır?
6 Verdiyimiz təsəllidən insanların tam faydalana bilməsi üçün onlar həqiqi Allahı tanımalı, Onun xüsusiyyətlərini bilməli, həmçinin Allahın və’dlərinin e’tibara layiq olduğunu dərk etməlidirlər. Əgər hal-hazırda Yehovanın xidmətçisi olmayan adama təsəlli vermək istəyiriksə, ona bunları izah etməyimiz yaxşı olardı: 1) Müqəddəs Kitabın verdiyi təsəlli həqiqi Allah olan Yehovadandır. 2) Yehova — Qadirdir, göyün və yerin Yaradanıdır. O, məhəbbət Allahıdır, mərhəmət və həqiqət mənbəyidir. 3) Əgər Allaha, Onun Kəlamından dəqiq bilik alaraq yaxınlaşırıqsa, çətinliklərin öhdəsindən gəlmək üçün qüvvə əldə edə bilərik. 4) Müqəddəs Kitabda, müxtəlif şəxslərin qarşılaşdıqları konkret sınaqlara dair ayələr var.
7. a) Allahın verdiyi təsəllinin ‘Məsih tərəfindən çoxaldığını’ qeyd etməklə nəyə nail olmaq mümkündür? b) Davranışının xoşagəlməz olduğunu dərk edən adama siz necə təsəlli verə bilərdiniz?
7 Bə’ziləri Müqəddəs Kitab haqqında mə’lumatı olan kədərli insanlara 2 Korinflilərə 1:3-7 ayələrini oxuyaraq təsəlli vermişlər. Bu zaman onlar “təsəllimiz də Məsih tərəfindən çoxaldılır” (İ–93) ifadəsini vurğulamışlar. Bu ayələr Müqəddəs Kitabın təsəlli mənbəyi olduğunu və ona daha çox diqqət yetirmək lazım gəldiyini anlamaqda insana kömək edə bilər. Həmin ayə, ehtimal ki, başqa bir vaxt söhbəti davam etdirmək üçün təməl ola bilər. Əgər bir adam başına gələn bədbəxtlikləri xoşagəlməz davranışına görə verilən cəza sanırsa, biz mühakimə etmədən ona, 1 Yəhya 2:1, 2 və Məzmur 103:11-14 ayələrində yazılan sözlərin necə təsəlli verdiyini göstərə bilərdik. Belə etməklə, doğrudan da, başqalarına Allahın verdiyi təsəlli ilə təsəlli verə biləcəyik.
Zorakılıq və ya yoxsulluq üzündən həyatları puç olanlar
8, 9. Zorakılıqdan iztirab çəkən insanlara münasib tərzdə necə təsəlli vermək olardı?
8 Cinayətkarlığın və müharibələrin törətdiyi zorakılıqdan milyonlarla insanlar iztirab çəkirlər. Biz onlara necə təsəlli verə bilərik?
9 Məsihçilər elə davranmağa çalışırlar ki, sözdə və əməldə bu dünyada baş verən toqquşmalarda heç kimin tərəfini tutmasınlar (Yəhya 17:16). Amma onlar Müqəddəs Kitabın münasib ayələri vasitəsilə izah edirlər ki, indiki amansız vəziyyətlər əbədi olaraq davam etməyəcəkdir. Məsihçilər, Yehovanın zorakılığı sevən adamlara qarşı münasibətini göstərərək Məzmur 11:5 ayəsini oxuya bilərlər, yaxud da Məzmur 37:1-4 ayələrinin köməyilə izah edə bilərlər ki, Allah bizi başqalarından qisas almağa yox, Ona güvənməyə təşviq edir. Məzmur 72:12-14 ayələri, Böyük Süleymanın, yə’ni hazırda səmavi Padşah kimi hökmranlıq edən İsa Məsihin zorakılıqdan iztirab çəkən təqsirsiz insanlara necə münasibət bəslədiyini göstərir.
10. Abzasda gətirilən ayələr, müharibə yaşamış kəslərə necə təsəlli verə bilər?
10 Bə’zi ərazilərdə döyüşən dəstələr hakimiyyət uğrunda mübarizəyə son qoymur, insanlar isə bir-birinin ardınca baş verən hərbi toqquşmalara tab gətirməli olurlar. Bu insanlar müharibəni və onun törətdiyi fəlakətləri həyatın ayrılmaz hissəsi sanırlar. Onlar vəziyyətin yaxşılaşmasında yeganə ümidi yolunu başqa ölkəyə qaçmaqda görürlər. Lakin onların əksəriyyəti buna nail ola bilməmiş, qaçmağa cəhd edənlərin bir çoxu isə həyatlarını itirmişlər. Bununla belə, başqa ölkəyə köçməyə müvəffəq olanlar çox vaxt aşkar edirlər ki, sadəcə olaraq bir problemdən yaxa qurtarmış, başqası ilə qarşılaşmışlar. Məzmur 146:3-6 ayələri vasitəsilə belə insanların, mühacirət etməkdənsə daha e’tibarlı bir şeyə ümid əldə etmələrinə kömək etmək olar. Matta 24:3, 7, 14 və ya 2 Timoteyə 3:1-5 ayələrində yazılmış peyğəmbərliklər kömək edə bilər ki, onlar vəziyyəti daha aydın şəkildə görsünlər və mə’ruz qaldıqları çətinliklərin mə’nasını, yə’ni köhnə dünya sisteminin sonunda yaşadığımızı dərk etsinlər. Məzmur 46:1-3, 8, 9 və İşaya 2:2-4 kimi ayələr isə, sülh içində gələcəyə ümidin doğrudan da mövcud olduğunu anlamaqda onlara kömək edə bilər.
11. Qərbi Afrikada bir qadına Müqəddəs Yazıların hansı ayələri təsəlli oldu və nəyə görə?
11 Qərbi Afrikada uzunsürən müharibə zamanı bir qadın güllə yağışı altında öz evini tərk etdi. Onun həyatı qorxu, qüssə və ürəksıxıcı mə’yusluqla dolu idi. Sonra, bu qadının ailəsi başqa ölkədə yaşayanda, əri onların nikah şəhadətnamələrini yandırmaq və hamilə arvadını on yaşlı oğlu ilə birlikdə evdən qovmaq, özü isə keşiş olmaq qərarına gəldi. Bu qadına Filipililərə 4:6, 7 və Məzmur 55:22 ayələrini göstərib, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarından Müqəddəs Kitaba əsaslanan fikirləri bölüşdükdə, o, nəhayət ki, təsəlli və həyatının mə’nasını tapdı.
12. a) İqtisadi çətinliklərə mə’ruz qalan kəslərə Müqəddəs Kitab hansı təsəllini verir? b) Asiyada bir Şahid alıcı qadına necə kömək etdi?
12 İqtisadiyyatın iflasa uğraması milyonlarla insanın həyatını bərbad hala salır. Hərdən buna müharibə və ya onun nəticələri də səbəb olur. Bə’zən dövlətin səhv siyasəti, həmçinin mə’murlar tərəfindən yol verilən tamahkarlıq və ləyaqətsizlik üzündən insanlar əmlaklarından məhrum olur və ya qənaət etdikləri pulları itirirlər. Başqaları isə həmişə ərzaq qıtlığı içində yaşamışlar. Belə insanlara, Allahın Ona güvənənlərə kömək edəcəyinə zəmanət verməsini və insanların öz zəhmətlərinin səmərəsindən istifadə edəcəkləri ədalətli dünya quracağı və’dini bilmələri təsəlli olacaq (Məzmur 146:6, 7; İşaya 65:17, 21-23; 2 Peter 3:13). Asiyada bir Şahid, mağazada alıcı qadının ölkədəki iqtisadi vəziyyətdən gileyləndiyini eşitdikdə, dövlətlərində baş verən hadisələrin ümumdünya şəraitin səciyyəvi əlaməti olduğunu izah etdi. Matta 24:3-14 və Məzmur 37:9-11 ayələrinin müzakirəsi, müntəzəm Müqəddəs Kitab öyrənməsi başlamağa səbəb oldu.
13. a) Boş və’dlərlə aldadılan insanlara Müqəddəs Kitabın vasitəsilə necə kömək edə bilərik? b) Pis şərait içində yaşadıqları üçün Allahın mövcud olmadığını düşünən insanlarla mülahizə yürütməyə necə cəhd etmək olar?
13 Əgər insanlar çox illər ərzində iztirab çəkmiş və ya dəfələrlə boş və’dlərlə aldadılmışlarsa, “ruhdan düşdükləri üçün” (YD) Musanı dinləməyən israillilər kimi davrana bilərlər (Çıxış 6:9). Bu cür insanların diqqətini, gündəlik çətinliklərin öhdəsindən nailiyyətlə gəlməkdə və bir çoxlarının həyatını korlayan gərəksiz problemlərdən qaçınmaqda Müqəddəs Kitabın necə kömək edə bildiyinə yönəltmək faydalı olardı (1 Timoteyə 4:8b). Bə’ziləri pis şərait içində yaşadıqlarından, Allahın mövcud olmadığını və ya onların qeydinə qalmadığını düşünməyə meyllidirlər. Biz, Müqəddəs Yazıların münasib ayələri üzrə mülahizə yürüdərkən onların anlamasına kömək edə bilərik ki, Allah kömək təqdim edir, amma bu köməyi yalnız az adamlar qəbul edirlər (İşaya 48:17, 18).
Tufan və ya zəlzələdən sonra
14, 15. Bədbəxtlik nəticəsində kədərli olanlara Yehovanın Şahidləri necə qayğı göstərirdilər?
14 Tufan, zəlzələ, yanğın və ya partlayış nəticəsində də bədbəxtlik üz verə bilər. Bu cür bədbəxtlik insanların çoxuna kədər gətirir. Sağ qalanlara təsəlli vermək üçün nə etmək olar?
15 İnsanlar kimə isə lazım olduqlarını bilməyə ehtiyac duyurlar. Bir ölkədə baş verən terror aktından sonra çoxları güclü sarsıntı keçirmişlər. İnsanların bir çoxu əzizlərini, ailə başçılarını, dostlarını, işlərini, həmçinin onların fikrincə, malik olduqları təhlükəsizlik hissini itirmişlər. Yehovanın Şahidləri qonşuluqda yaşayan insanlara baş çəkir, onların ağır itkilərinə kədərləndiklərini bildirir və Müqəddəs Kitabdakı sözlərlə təsəlli verirdilər. Belə qayğıya görə çoxları dərin minnətdarlıq etmişlər.
16. Salvadorda baş verən təbii fəlakətdən sonra nəyə görə Şahidlərin təbliğ xidmətləri çox effektli oldu?
16 Salvadorda 2001-ci ildə güclü zəlzələdən sonra gələn böyük torpaq sürüşmələri çox insanların ölümünə səbəb oldu. Ölənlər arasında bir bacımızın 25 yaşlı oğlu və oğlunun nişanlısının iki bacısı da vardı. Ölən gəncin anası və nişanlısı, bu fəlakətdən tez sonra birlikdə təbliğ xidmətinə getdilər. Çoxları onlara deyirdilər ki, ölənləri Allah öz yanına aparıb və bu bədbəxtlik Onun iradəsilə olub. Şahidlər Süleymanın məsəlləri 10:22 ayəsinə istinad edib, cavab verirdilər ki, Allah bizim iztirab çəkməyimizi istəmir. Onlar Romalılara 5:12 ayəsini oxuyaraq izah edirdilər ki, insanlar Allahın iradəsilə yox, günahın ucbatından ölürlər. Onlar həmçinin Məzmur 34:18, Məzmur 37:29, İşaya 25:8 və Vəhy 21:3, 4 ayələrindəki təsəlliverici sözləri də göstərirdilər. Xüsusilə də bu qadınlar da baş verən fəlakətdə əzizlərini itirdikləri üçün insanlar onları həvəslə dinləyirdilər və bir çox Müqəddəs Kitab öyrənməsi başlandı.
17. Fəlakət zamanı biz hansı köməyi göstərə bilərik?
17 Bir fəlakət baş verdikdə, fiziki cəhətdən tə’cili köməyə ehtiyacı olan insanlara rast gələ bilərik. Məsələn, həkim çağırmaq, kimi isə xəstəxanaya aparmaq və ya qida və sığınacaqla tə’min etmək üçün mümkün olan hər işi görmək lazım gələ bilər. 1998-ci ildə İtaliyada olan belə fəlakət zamanı, bir jurnalistin qeyd etdiyi kimi, Yehovanın Şahidləri “praktiki iş görür, əzab çəkənlərin hansı dinə məxsus olduqlarını aydınlaşdırmadan, onlara kömək əllərini uzadırdılar”. Axır günlərə dair qabaqcadan deyilmiş hadisələr bə’zi ölkələrdə böyük iztirablara səbəb olur. Bu ölkələrdə Yehovanın Şahidləri insanların diqqətini Müqəddəs Kitab peyğəmbərliklərinə yönəldir və onlara, Allahın Padşahlığının bəşəriyyətə əsl təhlükəsizlik gətirəcəyinə dair Müqəddəs Kitabda yazılan zəmanət sözləri ilə təsəlli verirlər (Süleymanın məsəlləri 1:33; Mika 4:4).
Ailə üzvlərindən biri öləndə
18-20. Ailə üzvlərindən biri ölən kəslərə təsəlli vermək üçün siz nə deyər və ya nə edərdiniz?
18 Hər gün milyonlarla insanlar əzizlərini itirdikləri üçün kədər içində olurlar. Sən bu cür insanlara, təbliğ xidmətində və ya gündəlik işlərlə məşğul olarkən rast gələ bilərsən. Təsəlli vermək üçün onlara nə deyə və ya nə edə bilərsən?
19 İnsan qəm-qüssə içindədirmi? Evə kədərli qohumlarmı yığılıb? Yəqin çox söz demək istərdin, amma belə hallarda bəsirətli olmaq vacibdir (Vaiz 3:1, 7). Ehtimal ki, başsağlığı vermək, Müqəddəs Kitaba əsaslanan münasib nəşr (broşüra, jurnal və ya traktat) saxlamaq, bir neçə gündən sonra isə yenidən gəlmək və sonrakı köməkliyi göstərməyin mümkün olub-olmadığını öyrənmək yerində olardı. Əlverişli məqam yetişdikdə, Müqəddəs Kitabdan bə’zi təsəlliverici fikirlərlə bölüşməyi təklif et. Bunun rahatlıq və şəfaverici tə’siri ola bilər (Süleymanın məsəlləri 16:24; 25:11). Əlbəttə ki, İsanın etdiyi kimi, sən ölənləri həyata qaytara bilməzsən. Lakin indi səhv təsəvvürləri təkzib etməyə cəhd göstərməyin vaxtı olmadığını nəzərə alaraq, sən onlara ölənlərin vəziyyəti haqda Müqəddəs Kitabda deyilənləri söyləyə bilərsən (Məzmur 146:4; Vaiz 9:5, 10; Hezekiel 18:4). Kədərli adama ölülərin dirilməsinə dair Müqəddəs Kitab və’dlərini birgə oxumağı təklif edə bilərsən (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15). Misal üçün, Müqəddəs Kitabdan dirilmə haqqında hər hansı bir əhvalatı danışaraq, oxuduğunuz ayələrin mə’nasını izah edə bilərsən (Luka 8:49-56; Yəhya 11:39-44). Bundan başqa, belə ümid verən məhəbbətli Allahın xüsusiyyətlərinə də diqqət yönəlt (Eyub 14:14, 15; Yəhya 3:16). Bu tə’limlərin sənə necə fayda gətirdiyini və onlara nəyə görə e’tibar etdiyini söylə.
20 Kədərli insanı Padşahlıq Zalına də’vət etsən, onun həqiqətən də yaxınlarını sevən və bir-birlərini necə inkişaf etdirməyi və ruhlandırmağı bacaran adamlarla tanış olmasına kömək edə bilərsən. Bu, İsveçdə bir qadının bütün həyatı boyu axtardığı şey olmuşdur (Yəhya 13:35; 1 Saloniklilərə 5:11).
21, 22. a) Bir kimsəyə təsəlli vermək istəyiriksə bizdən nə tələb olunur? b) Müqəddəs Kitabla artıq yaxşı tanış olan kəslərə necə təsəlli vermək olar?
21 Elə olurmu ki, kədərli adama — istər həmimanlına, istərsə də başqa bir kəsə — təsəlli vermək istəyirsən, amma nə deyəcəyini və ya nə edəcəyini bilmirsən? Müqəddəs Kitabda çox vaxt “təsəlli” kimi tərcümə edilən yunan sözü hərfi mə’nada “yanında olmaq xahişini” bildirir. Buna görə də, əsl təsəlliverici olmaq kədərli kəslərin yanında olmaq deməkdir (Süleymanın məsəlləri 17:17).
22 Bəs, əgər təsəlli vermək istədiyin adam artıq Müqəddəs Kitabın ölüm, fidiyə və dirilmə haqqında olan tə’limlərini bilirsə, onda necə? Eyni e’tiqada şərik olan bir dostun yanında olması da təsəlli verə bilər. Əgər kədərli adam danışmaq istəyirsə, diqqətli dinləyici ol. Düşünmə ki, durmadan danışmalısan. Əgər Müqəddəs Kitabdan ayələr oxuyursunuzsa, onları, hər ikinizi möhkəmləndirən Allahın sözü kimi müzakirə et. Yehovanın və’dlərinin e’tibarlı olduğuna dair hər ikinizin malik olduğunuz möhkəm əminliyi ifadə et. Allahın mərhəmətini təqlid edərək və Onun Kəlamından dəyərli həqiqətləri bölüşərək, kədərli insanların “hər cür təsəlli verən” Yehova Allahdan təsəlli və güc almasına kömək edə bilərsən (2 Korinflilərə 1:3).
[Haşiyə]
a “Əbədi həyata aparan bilik” kitabının 8-ci fəslinə; bir çox dillərə tərcümə edilmiş “Müqəddəs Yazılar əsasında mülahizə” kitabının 393-400, 427-431-ci səhifələrinə, “Qayğıkeş Yaradan mövcuddurmu?” kitabının 10-cu fəslinə; həmçinin “Allah həqiqətən də bizim qeydimizə qalırmı?” broşürasına baxın.
Necə cavab verərdiniz?
• İnsanların bir çoxu fəlakətlərin hamısında kimi təqsirkar görür və biz onlara necə kömək edə bilərik?
• Müqəddəs Kitabın verdiyi təsəlli insanların ürəyinə yol tapsın deyə, biz nə edə bilərdik?
• Ərazinizdə yaşayanların çoxuna hansı vəziyyətlər kədər gətirir və siz onlara necə təsəlli verə bilərsiniz?
[32-ci səhifədəki şəkillər]
Fəlakətlər zamanı əsl təsəlli xəbəri.
[İcazə ilə]
Refugee camp: UN PHOTO 186811/J. Isaac