Allahın Kəlamını cəsarətlə bəyan edin
«Get, xalqım İsrailə peyğəmbərlik et» (AMOS 7:15).
1, 2. Amos kim idi və Müqəddəs Kitabda onun haqqında hansı mə’lumat var?
BİR DƏFƏ təbliğdə Yehovanın xidmətçisinin üstünə qışqıraraq, kahin dedi: «Səsini kəs! Buradan rədd ol!» Allahın xidmətçisi nə etdi? Qorxdumu, yoxsa Allahın kəlamını cəsarətlə bəyan etməyə davam etdi? Cavabı öyrənmək mümkündür, çünki həmin xidmətçi başına gələn hadisəni onun öz adını daşıyan Müqəddəs Yazıların «Amos» adlı kitabında qələmə almışdır. Kahinlə olan bu görüş barədə geniş surətdə danışmazdan əvvəl, gəlin bir az Amosun özü haqqında öyrənək.
2 Amos kim olub? O nə vaxt və harada yaşamışdı? Bu sualların cavabını Amos 1:1 ayəsində oxuyuruq: «Bu, Teqoalı bir sürü sahibi olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə» yaşayırdı. Amos Yəhuda padşahlığında yaşayırdı. Onun doğma şəhəri Yerusəlimdən 16 kilometr cənubda yerləşən Teqoal idi. O, b. e. ə. doqquzuncu əsrin sonunda — Yəhudada Uzziyanın, onqəbiləli İsrail padşahlığında isə II Yerovamın padşahlıq etdiyi dövrdə yaşamışdır. Amos çoban idi. Bundan əlavə, «Amos» kitabının 7-ci fəslinin14-cü ayəsindən görünür ki, Amos yalnız çoban deyildi, həmçinin «fir’on ənciri ağaclarını» yetişdirməklə məşğul idi. Deməli, o həm də mövsüm işçisi idi. O, fir’on ənciri ağaclarının meyvələrini çərtirdi. Bunu meyvələrin tez yetişməsi üçün edirdilər. Bu çox ağır iş idi.
«Get... peyğəmbərlik et»
3. Əgər təbliğ etməyə yararlı olmadığımızı düşünürüksə, Amosun nümunəsi bizə necə kömək edir?
3 Amos açıqca deyir: «Mən peyğəmbər deyildim, peyğəmbər oğlu da deyildim» (Amos 7:14, KM). Amosun atası peyğəmbər deyildi, elə Amos özü də xüsusi bir təhsil almamışdı. Lakin Yehova Öz niyyətini həyata keçirmək üçün bütün Yəhuda padşahlığından məhz Amosu seçdi. O zaman Allah nə güclü padşaha, nə bilikli kahinə, nə də varlı rəisə üstünlük verdi. Bu bizi çox ruhlandırır. Ola bilsin, bizim də yüksək vəzifəmiz və yaxşı təhsilimiz yoxdur. Lakin bundan ötrü Allahın sözünü təbliğ etməməli olduğumuzu düşünməyə dəyərmi? Əlbəttə ki, yox! Yehova Onun xəbərini təbliğ etmək üçün bizə lazımi köməyi verməyə qadirdir. Bu, hətta təbliğ etməyin çətin olduğu yerlərə də aiddir. Məsələn, Amosla əlaqədar Yehova elə də etmişdir, buna görə də, Allahın sözünü cəsarətlə bəyan etmək istəyənlərin hamısı üçün bu cəsur peyğəmbərin nümunəsini nəzərdən keçirmək faydalı olardı.
4. İsraildə peyğəmbər kimi xidmət etmək tapşırığı nəyə görə Amos üçün çətin idi?
4 Yehova Amosa dedi: «Get, xalqım İsrailə peyğəmbərlik et» (Amos 7:15). Bu çətin tapşırıq idi. İsrailin onqəbiləli padşahlığında sülh və təhlükəsizlik hökm sürürdü. İnsanlar maddi cəhətdən firavan yaşayırdılar. Çoxlarının adi gildən deyil, bahalı «yonulmuş daşdan» tikilmiş qışlaq və yaylaq evləri vardı. Bə’ziləri fil sümüyü ilə bəzədilmiş ev əşyalarına malik idilər və «gözəl üzümlüklər»in şərabını içirdilər (Amos 3:15; 5:11). Buna görə də, çox insanlarda e’tinasızlıq yaranmışdı. Bəli, vaxtilə Amosun xidmət etdiyi ərazi, hərdən bizim təbliğ etdiyimiz əraziyə çox oxşayır.
5. Bə’zi israillilər hansı qanunsuzluqlarla məşğul olurdular?
5 Sözsüz ki, israillilərin maddi cəhətdən firavan yaşamasında pis bir şey yox idi. Lakin bə’zi israillilər var-dövləti əyri yollarla əldə edirdilər. Varlı tacirlər, hakimlər və kahinlər əlbir olaraq ‘yoxsullara zülm edir’, «möhtacları» sıxışdırırdılar (Amos 4:1). Gəlin xəyalən həmin dövrə qayıdaq və bu insanların hansı işlərlə məşğul olduğunu müşahidə edək.
Allahın qanunu pozulur
6. İsrailli tacirlər başqalarının hesabına necə varlanırdılar?
6 Əvvəlcə gəlin bazar meydanına yollanaq. Vicdansız tacirlər orada ölçünü azaldır, qiyməti isə qaldırırlar, hətta buğdanın tör-töküntüsünü də taxıl əvəzi satırlar (Amos 8:5, 6). Bəli, satıcılar alıcılara çox şeydə kələk gəlirlər: onlar çəkidə aldadır, qiymətləri qaldırır və pis mal satırlar. Tacirlər kasıbları talan edir və onlar özlərini qul kimi satmalı olurlar. Tacirlər onları «bir cüt çarığa» satın alırlar (Amos 8:6). Bir anlığa təsəvvür edin! Bu acgöz tacirlər elə hesab edirlər ki, onların israilli qardaşları heç bir cüt çarığa belə dəymirlər! Bu kasıblar üçün necə də alçaldıcı idi! Üstəlik onlar Allahın Qanunu biabırçı şəkildə pozurdular! Lakin eyni zamanda bu tacirlər şənbə haqqındakı qanuna riayət edirlər (Amos 8:5). Bəli, onlar imana malikdirlər, lakin onların imanları yalnız səthidir.
7. İsrail tacirləri Allahın Qanununu cəzasız olaraq necə poza bilirlər?
7 Axı necə olur ki, bu tacirlər Allahın «qonşunu özün kimi sev» Qanununu cəzasız olaraq poza bilirlər? (Levililər 19:18). Bu onlara ona görə müyəssər olur ki, Qanuna riayət olunub-olunmadığına nəzarət etməli olan hakimlər də onlarla əlbirdirlər. Hakimlər məhkəmə işlərinə baxılan şəhər darvazalarının yanında ‘rüşvət alır, möhtacların haqqını tapdalayırlar’. Möhtac olan insanları müdafiə etmək əvəzinə, hakimlər rüşvət alıb, onların haqqını tapdalayırlar (Amos 5:10, 12). Gördüyümüz kimi, hakimlər də Allahın Qanununu yerinə yetirmirlər.
8. Ədəbsiz kahinlər nəyə göz yumurlar?
8 Bəs İsraildəki kahinlər nə ilə məşğuldurlar? Bunu ayırd etmək üçün, indi başqa yerə yollanırıq. Görürük ki, kahinlər «özlərinin Allahının mə’bədində» necə də dəhşətli günahlara yol verirlər! Amosun vasitəsilə Allah dedi: «Ata və oğul eyni qızla yatıb müqəddəs adımı ləkələyir» (Amos 2:7, 8). Təsəvvür et! İsrailli atalar və oğullar mə’bəddə fahişəliklə məşğul olan eyni qadınlarla əxlaqsızlıq edirlər. Ədəbsiz kahinlər isə belə əxlaqsızlığa göz yumurlar! (Levililər 19:29; Qanunun təkrarı 5:18; 23:17).
9, 10. İsraillilər Allahın hansı əmrlərini pozmaqda günahkar idilər və bunun bizim günlərlə hansı oxşarlığı var?
9 Daha sonra Yehova başqa günahlara diqqət yetirərək deyir: «Hər qurbangahın yanında girov götürdükləri paltarın üzərində yatır, özlərinin Allahının mə’bədində onlar cərimə üçün gətirilən şərabı içir» (Amos 2:8). Kahinlər və ümumiyyətlə xalq, girov götürülmüş paltarı axşama kimi qaytarmağın lazım olduğu yazılmış Çıxış 22:26, 27 ayələrindəki qanunu pozurlar. Bunun əvəzinə, onlar bu paltarı yalançı tanrıların mə’bədlərində olan bayram ziyafətləri zamanı döşək kimi istifadə edirlər. Və kasıblardan talan etdikləri pula şərab alıb, ziyafətlərdə yalançı tanrıların şərəfinə içirlər. Gör onlar təmiz ibadətdən nə qədər uzaq düşüblər!
10 İsraillilər Qanunda yazılmış iki ən böyük əmri — Yehovanı sevmək və qonşunu sevmək əmrini vicdansızcasına pozurdular. Buna görə də Yehova, onların xainliklərini mühakimə etmək üçün Amosu göndərdi. Bu gün bütün dünya, Xristian ölkələrini də daxil etməklə, qədim İsrail kimi korlanıb. Bə’zi insanlar cah-calal içində yaşasalar da, çoxları yoxsulluq içindədirlər, üstəlik də vicdansız ticarət rəhbərlərinin, siyasətçilərin və yalan dinlərin ruhanilərinin əxlaqsız davranışlarını görüb, mə’nəvi cəhətdən əzab çəkirlər. Lakin Yehova iztirab çəkən və Onu axtaran insanlara e’tinasız deyil. Bu səbəbdən, Allah Öz müasir xidmətçilərinə Amosun yerinə yetirdiyi işə bənzər bir işi — Onun sözünü cəsarətlə təbliğ etmək tapşırığını verib.
11. Amosun nümunəsindən nə öyrənə bilərik?
11 Amosun nümunəsi bizim üçün çox dəyərlidir, belə ki, xidmətimiz bu peyğəmbərin xidmətinə çox bənzəyir. Onun nümunəsi bizə üç sahəni göstərir: 1) biz hansı xəbəri bəyan etməliyik, 2) onu necə bəyan etməliyik və 3) düşmənlər bizim təbliğ işimizi nəyə görə dayandıra bilməyəcəklər. Gəlin bu sualların hər birini ayrılıqda nəzərdən keçirək.
Amosu nədə təqlid edə bilərik?
12, 13. Yehova israillilərdən narazı olduğunu necə göstərdi və xalq buna öz münasibətini necə göstərdi?
12 Yehovanın Şahidləri kimi, bizim məsihçi xidmətimizin mərkəzində Padşahlıq haqqında təbliğ etmək və şagirdlər hazırlamaq işi durur (Matta 28:19, 20; Mark 13:10). Amma eyni zamanda, Amos Yehovanın hökmlərini bəyan etdiyi kimi, biz də insanların diqqətini Allahın xəbərdarlıqlarına yönəldirik. Məsələn, Amos 4:6-11 ayələrindən görünür ki, Yehova İsraildən narazı olduğu haqda onları dəfələrlə xəbərdar etmişdi. O, bu xalqa ‘çörək qıtlığı vermiş’, ‘onlardan yağışı kəsmiş’, ‘əkinlərinə səmum yeli və kif göndərmiş’ və onları vəba xəstəliyinə düçar etmişdi. Bütün bunlar israilliləri tövbə etməyə təşviq etdimi? «Lakin yenə Mənim tərəfimə dönmədiniz» deyə, Allah e’lan etdi. İsraillilər hər dəfə Yehovadan üz döndərirdilər.
13 Yehova inadkar israilliləri cəzalandırdı. Lakin O bunu, yalnız onlar peyğəmbərin xəbərdarlığını eşidəndən sonra etdi. Yehova Özü bəyan etdi: «Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir» (Amos 3:7). Yehova Nuha yer üzünə Tufan göndərəcəyi haqqında deyib, insanları xəbərdar etməsini tapşırdığı kimi, eləcə də sonuncu xəbərdarlığı insanlara çatdırmağı Amosa tapşırdı. Təəssüf ki, İsrail Allahın xəbərini rədd etdi və düzgün addımlar atmadı.
14. Müasir günlərimiz Amosun yaşadığı dövrlə nədə oxşardır?
14 Əlbəttə ki, müasir günlərimizin Amosun günləri ilə oxşarlığının çox olduğu ilə razıyıq. İsa Məsih axır günlərdə çoxsaylı bədbəxtliklərin baş verəcəyini peyğəmbərlik etmişdir. O, həmçinin əvvəlcədən demişdir ki, xoş xəbər bütün dünyada təbliğ olunacaqdır (Matta 24:3-14). Amosun günlərində olduğu kimi, bu gün də insanların əksəriyyəti nə vaxtın əlamətinə, nə də Padşahlıq haqqındakı xəbərə diqqət yetirirlər. Bu cür insanları inadkar israillilərin aqibəti gözləyir. Yehova onları xəbərdar etmişdi: «Allahınızı qarşılamağa hazır olun» (Amos 4:12). İsraillilər, Allah Öz hökmünü həyata keçirərək Aşşur ordusunun onların torpaqlarını zəbt etməsinə yol verdiyi zaman Onunla qarşılaşdılar. Allaha tabe olmayan müasir dünya isə Onunla Har-Megidonda qarşılaşacaq (Vəhy 16:14, 16). Hələlik isə nə qədər ki, Yehova səbr edir, biz mümkün qədər daha çox insanları: «Rəbbə tərəf dönün ki, sağ qalasınız!» deyə, xəbərdar etməyə çalışırıq (Amos 5:6).
Amos kimi müqavimətlərlə qarşılaşırıq
15-17. a) Amasya kim idi və Amosun təbliğinə necə münasibət göstərdi? b) Amasya Amosa qarşı hansı ittihamları irəli sürdü?
15 Biz Amosu yalnız nə deməkdə deyil, həmçinin necə deməkdə də təqlid edə bilərik. Bu, başlanğıcda xatırlanan həmin kahinlə qarşılaşdığımız 7-ci fəsildən görünür. Bu, «Bet-El kahini Amasya» idi (Amos 7:10). Bet-El şəhəri İsrailin dönüklüyünün, yə’ni buzova ibadətin mərkəzi idi. Beləliklə, Amasya onqəbiləli padşahlığın dövlət dininin kahini idi. O, Amosun cəsarətli təbliğinə necə münasibət göstərdi?
16 Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və səltənətin mə’bədidir» (Amos 7:12, 13). Bununla Amasya sanki deyirdi: «Çıx get evinə! Bizim öz dinimiz var!» Bu kahin həm də hakimiyyət adamlarını Amosun fəaliyyətinə qadağa qoymağa təhrik edirdi. Padşah II Yarovama Amasya dedi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır» (Amos 7:10). Beləliklə, Amasya peyğəmbəri üsyançılıqda ittiham edirdi! O, padşaha dedi: «Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən əsir aparılacaq”» (Amos 7:11).
17 Amasya cəmi bir neçə söz desə də, o, üç yalan iddianı irəli sürdü. O dedi: «Amos belə deyir». Lakin Amos heç zaman peyğəmbərliyin ona məxsus olduğunu iddia etmirdi. Əksinə o, həmişə qeyd edirdi: «Rəbb [Yehova] belə deyir» (Amos 1:3). Peyğəmbər həmçinin: «Yarovam qılıncdan keçirilib öləcək» deməkdə ittiham olunurdu. Lakin Amos 7:9 ayəsinə əsasən, peyğəmbərlik belə səslənirdi: «[Mən, Yehova] Yarovamın nəslinə qarşı qılıncla çıxacağam». Yehova Yarovamın «nəslinə» qarşı hökm çıxardı. Daha sonra Amasya Amosu: «İsrail xalqı öz torpağından hökmən əsir aparılacaq» deməkdə günahlandırdı. Lakin Amos Allaha dönən hər bir israillinin xeyir-dua alacağı haqda da peyğəmbərlik edirdi. Aydın görünür ki, Amasya faktları təhrif edərək, Amosun təbliğ fəaliyyətinə rəsmi surətdə qadağa qoyulmasına çalışırdı.
18. Amasyanın davranışı ilə bu gün ruhanilərin davranışı arasında hansı oxşarlıqlar var?
18 Amasyanın davranışı ilə bu gün Yehovanın xalqının düşmənlərinin davranışı arasında oxşarlıq görürükmü? Necə ki, Amasya Amosu susmağa məcbur etməyə çalışırdı, eləcə də indi bə’zi kahinlər, kilsədə yüksək ruhani vəzifələr tutan şəxslər və patriarxlar Yehovanın xidmətçilərinin təbliğ fəaliyyətinə mane olmağa çalışırlar. Amasya yalandan Amosu üsyançılıqda ittiham edirdi. Bu gün də bə’zi din rəhbərləri Yehovanın Şahidlərini milli təhlükəsizlik üçün təhlükə yaratmaqda yalan yerə ittiham edirlər. Və Amasya Amosun fəaliyyətinə qadağa qoymaq üçün padşaha müraciət etdiyi kimi, eləcə də ruhanilər Yehovanın Şahidlərini tə’qib etməkdə kömək üçün öz həmfikirləri olan siyasətçilərə müraciət edirlər.
Düşmənlər bizim təbliğ işimizi dayandıra bilməzlər
19, 20. Amos Amasya tərəfindən göstərilən müqavimətə necə yanaşırdı?
19 Amos Amasya tərəfindən göstərilən müqavimətə necə yanaşırdı? Əvvəlcə o, kahinə onun sözlərini xatırladır: «İsrailə qarşı peyğəmbərlik etmə... deyirsən». Sonra isə Allahın bu cəsarətli peyğəmbəri tərəddüd etmədən, Amasyanın həqiqətən də xoşuna gəlməyən sözləri onun üzünə dedi (Amos 7:16, 17). Amos qorxuya düşmədi. Bizim üçün necə də gözəl nümunədir! Hətta müasir amasyaların dəhşətli tə’qiblər yaratdıqları yerlərdə belə, biz Allaha tabe olmağa son qoymayacağıq və Allahın sözünü təbliğ etməyə davam edəcəyik. Biz Amos kimi: «Rəbb [Yehova] belə deyir» deyərək bəyan etməyə davam edirik. Bizim təbliğ işimizi dayandırmaq heç vaxt düşmənlərə müvəffəq olmayacaq, çünki «Rəbbin [Yehovanın] əli» bizimlədir (Həvarilərin işləri 11:19-21).
20 Bəli, Amasya onun hədə-qorxusunun əbəs olacağını bilməliyidi. Axı Amos heç kimin onu susmağa məcbur edə bilməyəcəyinin səbəbini hələ əvvəlcədən izah etmişdi. Bu bizim müzakirə edəcəyimiz üçüncü amildir. Amos 3:3-8 ayələrinə əsasən, peyğəmbər bir sıra sual və nümunələrin köməyi ilə hər bir nəticənin səbəbi olduğunu göstərmişdi. Sonra əlavə etmişdi: «Şir nə’rə çəkəndə kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə kim peyğəmbərlik etməz?» Başqa sözlərlə desək, Amos dinləyicilərinə dedi: «Necə ki, siz nə’rə çəkən şirdən qorxmaya bilməzsiniz, eləcə də mən əgər bunu Yehova tapşırıbsa, Allahın sözünü təbliğ etməyə bilmərəm». Amos cəsarətlə danışırdı, çünki buna onu təşviq edən Allaha məqbul qorxu, yə’ni Yehovanın qarşısında duyduğu dərin ehtiram hissi idi.
21. Allahın xoş xəbəri təbliğ etmək tapşırığına necə münasibət göstəririk?
21 Yehova bizə də təbliğ etməyi həvalə edib. Biz buna necə yanaşırıq? Biz, Amos və İsanın ilk davamçıları kimi, Yehovanın köməyi ilə Onun sözünü cəsarətlə bəyan edirik (Həvarilərin işləri 4:23-31). Nə düşmənlərin qızışdırdıqları tə’qiblər, nə də təbliğ etdiyimiz kəslərin e’tinasızlığı bizi susmağa məcbur edə bilməz. Yehovanın Şahidləri Amos kimi sə’y göstərərək bütün dünyada bundan sonra da xoş xəbəri cəsarətlə danışmağa təşviq hissi duyurlar. Biz Yehovanın yaxınlaşan hökmü ilə əlaqədar insanları xəbərdar etmək məs’uliyyətini dərk edirik. Bəs bu hökm nədən ibarətdir? Bu sualın cavabını növbəti məqalədə tapacağıq.
Siz necə cavab verərdiniz?
• Amos hansı şəraitlərdə Allahın tapşırığını yerinə yetirirdi?
• Amos kimi biz nəyi təbliğ etməliyik?
• Təbliğ işində biz hansı əhval-ruhiyyə ilə iştirak etməliyik?
• Nə üçün düşmənlər bizim təbliğ işimizi dayandıra bilməzlər?
[8-ci səhifədəki şəkil]
Allah Öz işini yerinə yetirməyi «fir’on ənciri ağaclarını» yetişdirən Amosa tapşırmışdı.
[11-ci səhifədəki şəkillər]
Xoş xəbəri Amos kimi cəsarətlə bəyan edirsənmi?