Yehovanın Kəlamı canlıdır
«Rut» kitabından diqqətəlayiq fikirlər
BİR-BİRİNƏ sadiq olan iki qadının həyəcan doğuran həyat tarixçəsi... Yehova Allaha səmimi minnətdarlıq və Onun quruluşuna güclü iman haqqında hekayə... Yehovanın Məsihin nəsil şəcərəsini qorumaq üçün göstərdiyi dərin marağı əks etdirən əhvalat... Ailə sevincinin və kədərinin həyəcanlandırıcı təsviri... «Rut» kitabında bütün bunlar və bir çox başqa şeylər haqqında bəhs edilir.
«Rut» kitabı İsraildə «hakimlərin hökm etdiyi» təxminən 11 illik vaxtı əhatə edir (Rut 1:1). Burada təsvir olunan hadisələr, ehtimal ki, hakimlər dövrünün başlanğıcında baş vermişdir. Bu ondan bəllidir ki, həmin hadisələrin iştirakçılarından biri olan torpaq sahibi Boaz, Yeşuanın dövründə yaşamış Raxavın oğlu idi (Yeşua 2:1, 2; Rut 2:1; Matta 1:5). Ehtimal ki, bu hadisə b. e. ə. 1090-cı ildə Şamuel peyğəmbər tərəfindən qələmə alınmışdır. «Rut» kitabı, Müqəddəs Yazılarda israilli olmayan qadının adını daşıyan yeganə kitabdır. Orada nəql edilən hadisələr «canlı və tə’sirli»dir (İbranilərə 4:12).
«HARA GETSƏN, ORA GEDƏCƏYƏM»
Rut və Naomi Bet-Lexemə gələrkən diqqət mərkəzinə düşürlər. Onları görən qadınlar soruşur: «Bu, Naomi deyilmi?». O cavab verir: «Mənə Naomi deməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı» (Rut 1:19-21).
İsraildə aclıq dövrü başlananda, Naominin ailəsi Bet-Lexemdən Moav torpağına köçmüşdü. Naomi o mə’nada «dolu» çıxmışdı ki, onun əri və iki oğlu vardı. Lakin Moava köçdükdən bir müddət sonra əri Elimelek vəfat edir. Sonra iki oğlu Moavlı qadınlarla, Orpa və Rut ilə evlənir. Təxminən on il keçdikdən sonra, onun oğulları uşaqları olmadan ölürlər. Naomi kimi Orpa və Rut da dul qalırlar. Naomi Yəhuda torpağına qayıtmaq qərarına gələndə, gəlinləri də onunla birlikdə gedirlər. Yol boyu Naomi onları Moav torpağına qayıtmağa və öz xalqı arasında özlərinə ər tapmağa inandırmağa çalışır. Orpa susaraq razılaşır. Rut isə deyir: «Hara getsən, ora gedəcəyəm, harada qalsan, orada qalacağam; xalqın xalqım olacaq, Allahın Allahım» (Rut 1:16).
Dul qalmış bu iki qadın Bet-Lexemə arpa biçininin başlanğıcında gəlirlər. Allahın qanununun verdiyi imkandan istifadə edərək, Rut zəmidə başaq yığmağa başlayır. Sonradan mə’lum olur ki, bu zəmi Elimelekin qohumu olan Boaz adlı yaşlı ibraniyə məxsusdur. Rut Boazın lütfünü qazanır və onun zəmisində «arpa və buğda biçinləri qurtarana qədər» başaq yığmağa davam edir (Rut 2:23).
Müqəddəs Kitab suallarına cavablar:
1:8 — Nəyə görə Naomi gəlinlərinə atanızın evinə deyil, «ananızın evinə qayıdın» dedi? O vaxt Orpanın atasının sağ olub-olmadığı mə’lum deyil. Rutun atası isə sağ idi (Rut 2:11). Bununla belə, Naomi ana evindən bəhs edir, ehtimal ki, o, bunun onlara ana hərarətini və nəvazişini xatırladacağını düşünürdü. Bu, həmçinin onlara təsəlli verməli və sevimli qayınanaları ilə ayrılığa tab gətirmələrinə kömək etməli idi. Həm də Naominin sözləri, Orpa və Rutun anasının Naomidən fərqli olaraq bolluq içində yaşadığını göstərə bilər.
1:13, 21 — Həqiqətənmi Allah Naominin həyatını acı etmiş və başına müsibət gətirmişdi? Xeyr. Naomi də Allahı heç nədə günahlandırmırdı. Lakin baş verənlərin üzərində düşünərək, o belə bir nəticəyə gəlmişdi ki, Allah ona qarşı çıxıb. Onun ümidləri puça çıxmışdı, buna görə də acı hisslər yaşayırdı. Bundan əlavə, həmin dövrdə bətnin bəhrəsi Allahın xeyir-duası, sonsuzluq isə lə’nət sayılırdı. Nəvəsiz qalan və iki oğlunu dəfn edən Naomi, Yehovanın onu ‘ittiham etdiyini’, yə’ni alçaltdığını düşünməklə özünə bəraət qazandırırdı.
2:12 — Rutun Yehovadan aldığı «bol mükafat» nə idi? Rutun oğlu oldu və o, tarixin ən vacib nəsil şəcərəsində — İsa Məsihin nəsil şəcərəsində, yer tutmaq mükafatına layiq görüldü (Rut 4:13-17; Matta 1:5, 16).
Bizim üçün ibrət dərsləri:
1:8; 2:20. Başına gələn fəlakətlərə baxmayaraq, Naomi Yehovanın sevgi dolu xeyirxahlığına olan əminliyini qoruyub saxladı. Biz də bu cür davranmalıyıq, xüsusilə də ciddi sınaqlarla qarşılaşdığımız zaman.
1:9. Ev — ailə üzvlərinin sadəcə yemək yedikləri və yatdıqları yer olmamalıdır. Onların rahatlıq və təsəlli tapa biləcəkləri dinc bir yer olmalıdır.
1:14-16. Orpa «öz xalqının və allahlarının yanına qayıtdı», Rut isə bunu etmədi. O, vətənindəki rahat və dinc həyatdan imtina edərək, Yehovaya sadiq qaldı. Allaha sadiq məhəbbət inkişaf etdirməyimiz və fədakarlıq ruhu göstərməyimiz, xudbin arzularımızın tə’sirinə düşməməyə və «həlak olmaq üçün geri çəkilənlərdən» olmamağa kömək edəcək (İbranilərə 10:39).
2:2. Rut, kasıbların və qəriblərin rifahı üçün nəzərdə tutulan — zəmidə qalan başaqları yığmaq tədbirindən istifadə etmək istədi. O, həlim insan idi. Ehtiyacı olan məsihçi həmimanlılarının məhəbbətlə təklif etdiyi və ya dövlət tərəfindən təqdim olunan yardımdan təkəbbürlə imtina etməməlidir.
2:7. Məhsul toplamaq haqqına malik olsa da, Rut bunu etmədən əvvəl icazə istədi (Levililər 19:9, 10). Bu onun təvazökar insan olduğunu göstərirdi. Təvazökarlığa meyl salmaq müdriklikdir, çünki «məzlumlar [təvazökarlar] ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (Sefanya 2:3; Məzmur 37:11).
2:11. Rut Naomi üçün qohumdan da yaxın idi. O, əsl dost idi (Süleymanın məsəlləri 17:17). Onların dostluğu — məhəbbət, sədaqət, şəfqət, xeyirxahlıq və fədakarlıq kimi keyfiyyətlərə əsaslandığı üçün möhkəm idi. Daha vacibi isə o idi ki, onlar ruhani insanlar idi, Yehovaya xidmət etmək və Ona xidmət edənlərin arasında olmaq istəyirdilər. Bizim də Yehovaya sədaqətlə xidmət edən insanlarla möhkəm dostluq inkişaf etdirmək imkanımız var.
2:15-17. Hətta Boaz Rutun işini yüngülləşdirdikdən sonra da, o, «axşama qədər zəmidə başaq yığdı». Bundan görünür ki, o, zəhmətsevər qadın idi. Məsihçilər də sə’yli işçilər kimi tanınmalıdırlar.
2:19-22. Naomi ilə Rut axşamlar söhbət etməkdən məmnunluq duyurdular: daha yaşlı olan Naomi Rutun işləri ilə maraqlanırdı və hər ikisi öz fikirlərini və hisslərini açıqca ifadə edirdilər. Məgər məsihçi ailələrində də belə olmalı deyilmi?
2:22, 23. Yaqubun qızı Dinadan fərqli olaraq, Rut Yehovaya xidmət edənlərlə dostluq edirdi. Bizim üçün necə də gözəl nümunədir! (Yaradılış 34:1, 2; 1 Korinflilərə 15:33).
NAOMİ «DOLU» OLUR
Naominin uşaq doğmaq vaxtı ötüb. Buna görə də Naomi Ruta, öz mərhum ərinin qohumu ilə evlənərək, onun üçün varis doğmağın üsulunu izah edir. Rut Naominin məsləhətinə riayət edərək, Boazdan yaxın qohumluq vəzifəsini yerinə yetirməsini xahiş edir. Boaz bu xahişi yerinə yetirməyə hazırdır. Lakin bu hüquqa malik olan daha yaxın qohum var və əvvəlcə onun fikrini öyrənmək lazımdır.
Boaz vaxt itirmədən bu işi həll edir. Səhəri gün Bet-Lexemin on ağsaqqalını toplayaraq, həmin qohumundan öz vəzifəsini yerinə yetirmək istəyib-istəmədiyini soruşur. Həmin adam imtina edir. Buna görə də qohumluq vəzifəsini Boaz yerinə yetirir və Rutla evlənir. Onların Oved adında oğulları doğulur və o, Davud padşahın babası olur. İndi Bet-Lexemli qadınlar Naomiyə deyirlər: «Rəbbə alqış olsun... [...] Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu, sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur» (Rut 4:14, 15). Beləliklə, Bet-Lexemə «boş» dönən qadın yenidən «dolu» olur (Rut 1:21).
Müqəddəs Kitab suallarına cavablar:
3:11 — Nəyə görə Rut «xeyirxah qadın» adını qazanmışdı? İnsanları «saç hörmə», «qızıl taxma və təmtəraqla geyinmə kimi zahiri şeylər» heyran etmirdi. Onların xoşuna gələn Rutun «gizli olan daxili varlığı» — həlim və sakit ruhu, sadiqliyi və məhəbbəti, təvazökarlığı və mülayimliyi, sə’yi və fədakarlıq ruhu göstərməsi idi. Rut kimi ada malik olmaq istəyən, Allahdan qorxan hər qadın, bu kimi keyfiyyətləri inkişaf etdirmək üçün sə’ylə çalışmalıdır (1 Peter 3:3, 4; Süleymanın məsəlləri 31:28-31).
3:14 — Nəyə görə Rut və Boaz ala-qaranlıqdan durdular? Onlar hər hansı əxlaqsız hərəkətə yol verdikləri və nəyi isə gizlətməyə çalışdıqları üçün belə etməmişdilər. Rutun həmin gecəki hərəkətində, görünür, heç bir qeyri-adilik yox idi: öz mərhum ərinin yaxın qohumuna ərə getmək hüququndan istifadə etmək istəyən qadınlar belə edirdilər. Rut Naominin dediyi kimi davrandı. Üstəlik, Boazın cavabı, Rutun hərəkətində qəbahətli heç bir şeyin olmadığını aydın göstərir (Rut 3:2-13). Rutla Boaz dedi-qodulara yol vermək istəmədikləri üçün tezdən durmuşdular.
3:15 — Boazın Ruta altı ölçü arpa verməsində diqqətəlayiq olan nə idi? Ehtimal ki, bu, altı iş günündən sonra istirahət gününün gəldiyi kimi, Rutun da istirahət gününün yaxın olduğunu göstərirdi. Boaz qayğı göstərəcəkdi ki, Rut öz əri evində ‘rahatlıq tapsın’ (Rut 1:9; 3:1). Həmçinin altı ölçü arpa, Rutun başında apara biləcəyi ölçünü göstərə bilərdi. Bə’zi mənbələrə əsasən, altı ölçü 44 litrə bərabər idi.
3:16 — Orijinal ibrani mətninə əsasən, Naomi Rutdan nəyə görə «Sən kimsən, qızım?» deyə soruşdu? Məgər o, gəlinini tanımadı? Ehtimal ki, bu belədir, çünki Rut qayıdanda, hələ qaranlıq idi. Yada ki, Naomi bu sualı verməklə qohumunun Rutla evlənməyə razı olub-olmadığını aydınlaşdırmaq istəyirdi.
4:6 — Qəyyumluq vəzifəsini yerinə yetirərkən yaxın qohumun öz irsi necə «dağıla» bilərdi? Əgər kim isə yoxsullaşır və öz mülkünü satırdısa, mülkü geri almaq üçün pulu onun qohumu ödəməli idi. Qiyməti, Azadlıq ilinə qədər qalan ilin sayına görə müəyyən edirdilər (Levililər 25:25-27). Buna görə də qəyyum öz mülkünün müəyyən qismini itirirdi. Bundan əlavə, əgər Rutun oğlu olsaydı, onda satın alınmış tarlanı qəyyumun indiki yaxın qohumlarından kimsə yox, Rutun oğlu miras alırdı.
Bizim üçün ibrət dərsləri:
3:12; 4:1-6. Boaz Yehovanın qayda-qanunlarına dəqiq riayət edirdi. Bəs biz teokratik qaydalara əməl edirikmi? (1 Korinflilərə 14:40).
3:18. Naomi Boaza e’tibar edirdi. Məgər sadiq bacı və qardaşlara biz də bu cür e’tibar etməli deyilikmi? Rut Naominin mərhum ərinin qohumuna, hətta heç tanımadığı, Müqəddəs Kitabda adı belə çəkilməyən bir adama ərə getməyə hazır idi (Rut 4:1). Nəyə görə? Çünki Allahın quruluşuna əmin idi. Biz də bu cür əminliyə malikikmi? Məsələn, əgər biz həyat yoldaşı axtarırıqsa, «Rəbbə bağlı» olan kəslə ailə qurmaq məsləhətinə qulaq asırıqmı? (1 Korinflilərə 7:39).
4:13-16. Moavlı olmasına və əvvəllər Kemoş allahına ibadət etməsinə baxmayaraq, Rut böyük şərəfə layiq görüldü! Bu vəziyyət növbəti prinsipi əyani olaraq göstərir: «Beləliklə, hər şey, arzu edən, yaxud sə’y göstərən insandan deyil, ancaq mərhəmət edən Allahdan asılıdır» (Romalılara 9:16).
ALLAH «ÖZ VAXTINDA SİZİ UCALTSIN»
«Rut» kitabı Yehovanın Öz sadiq xidmətçilərinin rifahı üçün davranan, xeyirxah və sevən Allah olduğunu çox gözəl göstərir (2 Salnamələr 16:9). Rutun aldığı xeyir-dualar üzərində düşünmək, Allaha e’tibar etməyin nə qədər dəyərli olduğunu və ‘Onu axtaranlara mükafat verdiyinə’ şübhə etməməyin vacib olduğunu başa düşməyə kömək edir (İbranilərə 11:6).
Rut, Naomi və Boaz Yehovanın quruluşuna tam e’tibar edirdilər və bu onlara böyük xeyir-dualar gətirdi. «Bilirik ki, Allah, Onu sevənlərlə, Onun muradına görə də’vət olunanlarla bərabər hər vəziyyətdə yaxşılıq üçün fəaldır» (Romalılara 8:28). Gəlin həvari Peterin sözlərinə diqqət yetirək: «Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın. Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur» (1 Peter 5:6, 7).
[30-cu səhifədəki şəkil]
Rutun Naomini nə üçün tərk etmədiyini bilirsinizmi?
[31-ci səhifədəki şəkil]
Nəyə görə Rut «xeyirxah qadın» adını qazanmışdı?
[32-ci səhifədəki şəkil]
Rutun Yehovadan aldığı «bol mükafat» nə idi?